Məhkəmə qərarları › İş №2-2(103)-630/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-630/2020

10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-630/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2635/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı MMC və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış QSZS 61/0816 saylı, xx.xx.2016-cı il tarixli; QSZS 85/1016 saylı, xx.xx.2016-cı il tarixli; QSZS 99/1116 saylı, xx.xx.2016-cı il tarixli; QSZS 125/1216 saylı, xx.xx.2016-cı il tarixli; QSZS 63/0517 saylı, xx.xx.2017-ci il tarixli; QSZS 115/0718 saylı, xx.xx.2018-ci il tarixli və QSZS 152/0918 saylı, xx.xx.2018-ci il tarixli alqı-satqı müqavilələrinin ləğv edilməsi və iddia ərizəsinə əlavə olunmuş siyahıda göstərilmiş nəqliyyat vasitələrinin (avtomobillərin, texnikaların və s.) Cavabdeh MMC tərəfindən İddiaçı MMCyə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, siyahısı göstərilmiş, müxtəlif növdə olan nəqliyyat vasitələrinin (avtomobillərin, texnikaların və s.) üzərinə həbs qoyulması, həmin nəqliyyat vasitələrindən istifadənin Cavabdeh MMC-yə və digər şəxslərə qadağan edilməklə, sözügedən nəqliyyat vasitələrinin məcburi saxlanc meydançasına yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-2635/2020 saylı qərardadı ilə ərizə rədd edilmişdir. İddiaçı MMC həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)- 2635/2020 saylı qərardadı ləğv edilmiş, iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə ərizə qismən təmin edilərək, Cavabdeh MMC-yə məxsus cəmi 171 ədəd nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. İddiaçı MMC və Cavabdeh MMC həmin qərardaddan ayrı-ayrılıqda şikayətlər vermişlər və Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il və xx xxxxxxx 2020-ci il tarixli qərardadları ilə şikayətlər təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil təmsil etdiyi şəxsin şikayətini müdafiə etdi və əks tərəfin şikayətinə etiraz etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayət təmin edilməməli, cavabdehin şikayəti isə təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. Hazırkı işdə isə iddiaçı tərəfindən verilmiş iddianın təmini tədbiri barədə ərizə təmin edilə bilməz. Belə ki, ərizədə göstərilən nəqliyyat vasitələrinin məhz cavabdehin mülkiyyətində olmasını təsdiq edən sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir. Cavabdehin şikayətində də qeyd olunmuşdur ki, iddia ərizəsində göstərilən nəqliyyat vasitələrinin əksəriyyəti üçüncü şəxslərə məxsusdur. Mülki Prosessual Məcəllənin 158.1.1-ci maddəsinin mənasına görə isə iddianın təmin etmək tədbiri kimi yalnız cavabdehə məxsus əmlak üzərinə həbs qoyulması mümkündür. Həmçinin Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddələrinin tətbiq edilməsi və ərizədə göstərilən nəqliyyat vasitələrindən istifadənin qadağan edilməsi də mümkün deyildir. Çünki həmin nəqliyyat vasitələri mübahisə predmeti olsa da, onların kimin mülkiyyətində olması məlum olmadığına görə həmin hissədə ərizənin təmin edilməsi işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquqlarının pozulması ilə nəticələnə bilər. Bundan başqa məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin surətlərindən görünür ki, üzərinə həbs qoyulması tələb olunan nəqliyyat vasitələrindən 35 ədədi iddiaçının iddia ərizəsində istinad etdiyi İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış QSZS 61/0816 saylı xx.xx.2016-cı il tarixli, QSZS 85/1016 saylı xx.xx.2016-cı il tarixli, QSZS 99/1116 saylı xx.xx.2016-cı il tarixli, QSZS 125/1216 saylı xx.xx.2016-cı il tarixli, QSZS 63/0517 saylı xx.xx.2017-ci il tarixli, QSZS 115/0718 saylı xx.xx.2018-ci il tarixli və QSZS 152/0918 saylı xx.xx.2018-ci il tarixli alqı-satqı müqavilələri əsasında deyil, müxtəlif tarixlərdə Azərbaycan Respublikası DİN-nin BDYPİ-də bağanmış müqavilələr əsasında cavabdehin mülkiyyətinə keçmişdir. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, iddiaçının şikayəti təmin edilməməli, cavabdehin şikayəti isə təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı qismən, yəni iddianın təmin etmə tədbiri barədə ərizənin qismən təmin edilməsi hissəsində ləğv edilməli, yuxarıda göstərilən əsaslara görə həmin hissədə ərizə təmin edilməməli, qalan hissədə isə qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2635/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı iddianın təmin etmə tədbiri barədə ərizənin qismən təmin edilməsi və adları həmin qərardadda göstərilən cəmi 171 ədəd nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması hissəsində ləğv edilsin. Həmin nəqliyyat vasitələrinin üzərinə həbsin qoyulması hissəsində ərizə təmin edilməsin. Qalan hissədə qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar