Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-631/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin (bundan sonra - iddiaçı) nümayəndəsi X1 və vəkili Vəkil, cavabdeh “xxxx” ASC-nin (bundan sonra - cavabdeh) vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçının cavabdehə qarşı sığorta ödənişi məbləğinin və dəbbə pulunun ödənilməsi tələbinə dair ilk iddia, cavabdehin iddiaçıya qarşı sığorta şəhadətnamələrinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-412/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 16.06.2020-ci il tarixli Pİ0171/20 saylı yanğın və digər əlavə risklərdən sığorta şəhadətnaməsinə və 29.06.2020ci il tarixli Pİ0192/20 saylı yanğın və digər əlavə risklərdən sığorta şəhadətnaməsinə əsasən iddiaçının fəaliyyət göstərdiyi Bakı şəhəri Nərimanov rayonu Azadlıq prospekti 132 ünvanda yerləşən “Ferrini” geyim mağazasının anbarında subasma hadisəsi nəticəsində geyim mallarına dəymiş ziyanın aradan qaldırılması məqsədilə şərtsiz azadolma məbləğini nəzərə alaraq sığorta ödənişi olan 175.400 manat məbləğdə sığorta müqaviləsində müəyyən olunmuş pul vəsaitinin, 36.483 manat məbləğdə dəbbə pulunun, həmçinin 30 manat dövlət rüsumunun, ümumilikdə 211.913 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh də iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, iddiaçının sığorta haqqı məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsini, iddiaçı ilə cavabdeh arasında 16.06.2020-ci il tarixli Pİ0171/20 saylı yanğın və digər əlavə risklərdən sığorta haqqında A000610 nömrəli və 29.06.2020-ci il tarixli Pİ0192/20 saylı yanğın və digər əlavə risklərdən sığorta haqqında A000684 nömrəli sığorta şəhadətnamələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 07.04.2021-ci il tarixli qətnaməsi ilə ilk iddia rədd edilmiş, ilk iddia verilərkən ödənilmiş 30 manat məbləğdə dövlət rüsumu iddiaçıya aid edilmiş, qarşılıqlı iddia təmin edilmiş, tərəflər arasında bağlanmış 16.06.2020-ci il tarixli Pİ0171/20 saylı yanğın və digər risklərdən sığorta şəhadətnaməsi və 29.06.2020-ci il tarixli Pİ0192/20 saylı yanğın və digər risklərdən sığorta şəhadətnaməsi etibarsız hesab edilmiş, cavabdeh tərəfindən həmin əqdlər üzrə alınmış 1.359,61 manat məbləğdə pul vəsaitinin iddiaçıya qaytarılması, qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğdə pul vəsaitinin iddiaçıdan tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, qarşılıqlı iddianın rədd, ilk iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə qətnaməsində qeyd edir ki, iddiaçı mübahisəli sığorta müqavilələri bağlanarkən əvvəl baş vermiş hadisə barədə cavabdehə məlumat verdiyini iddia etsə də, göstərilən halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu mövqeyə münasibətdə qeyd edir ki, cavabdeh qarşılıqlı iddia ərizəsi verərkən orada qeyd etmişdir ki, “əmlakın yanğın və əlavə risklərdən sığortalanması zamanı “daxili su riskinə münasibətdə sığorta təminatı binanın kommunikasiya boru xətlərinin istismar edildiyi müddətin 20 ildən artıq olmaması şərti ilə verilir” bəndi olmuşdur. Lakin məlum olmayan səbəbdən iddiaçının təkidi ilə və cavabdehin əməkdaşlarının məsuliyyətsizliyi üzündən həmin bənd sığorta müqaviləsindən xaric edilərək tərtib edilmişdir.” Göründüyü kimi, işin mübahisəsiz halıdır ki, sözügedən bənd müqavilədən çıxarılarkən iddiaçı sığorta agentinə həmin mağazada əvvəllər subasma hallarının olduğu bildirilmiş, bu səbəbdən də həmin bəndin müqavilədən çıxarılmasını xahiş etmişdir və sığorta agenti bu barədə müvafiq olaraq cavabdehin baş idarəsinə bildirmişdir. Bir neçə gündən sonra həmin bəndin müqavilədən çıxarılmasının ancaq yüksək faizdə şərtsiz azadolma müqabilində mümkün ola biləcəyi bildirilmiş, iddiaçı bununla razılaşmışdır. Bundan sonra, cavabdeh 1 saylı Qoşma əsasında sığortalanacaq malların qiymətini müəyyən edərək ümumi sığorta haqqı hesablamışdır və qismi zərərlərə dair hər bir hadisə üzrə zərər məbləğinin 5%-i, lakin 300 AZN-dən az olmamaq şərti ilə, tam məhvolma üzrə sığorta məbləğinin 5%-dən şərtsiz azadolma məbləği müəyyən etmişdir. Həmçinin, 30.04.2019-cu il tarixli sığorta şəhadətnaməsinə əsasən “xxxx” ASC tərəfindən iddiaçıya sığorta ödənişi həyata keçirildikdən sonra həmin hadisənin izləri mağazada və anbarda qalmışdır. Əgər iddiaçı həmin hadisəni gizlətmək istəsəydi mağazada və anbarda kosmetik təmir işləri apararaq həmin izləri itirmiş olardı. Buna sübut kimi yenə qarşılıqlı iddia ərizəsində göstərilənlər qeyd edilə bilər. Belə ki, qarşılıqlı iddia ərizəsində göstərilir ki, cavabdehin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və bu zaman zirzəmidə olan su borusunun keçdiyi divar xəttinin dağılmış vəziyyətdə olduğu aşkar edilmişdir. Həmin su xəttinin keçdiyi divar əvvəlki sığorta hadisəsi zamanı “xxxx” ASC-nin əməkdaşları tərəfindən dağıdılmışdır ki, su sızmasının qarşısını ala bilsinlər. Cavabdeh tərəfindən əmlaklar sığortalanarkən mağazaya və anbara bir necə dəfə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş, onlardan bəziləri e-mail vasitəsilə iddiaçıya göndərilmiş, e-mail vasitəsilə göndərilmiş fotoşəkillər məhkəməyə təqdim edilmişdir. Həmin fotoşəkillərə baxış keçirən zamanda mağazada əvvəllər subasma olduğunun izləri görünür. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 911.2-ci maddəsində məlumat vermənin formasına aydınlıq gətirilməmişdir. Maddənin tələbində göstərilir ki, sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Məhkəmə qətnaməsində “iddiaçı hadisə barədə “xxxx” ASC-yə məlumat verdiyini iddia etsə də, göstərilən halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir” qeyd edərkən iddiaçının şifahi halda vermiş olduğu məlumatı və yuxarıda göstərilənləri nəzərə almamışdır. Hazırkı işdə cavabdeh yazılı şəkildə məlumat verilməsini iddiaçıdan tələb etməmişdir və belə bir tələbin olduğu barəsində məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Bundan başqa, iddiaçı tərəfindən məlumatın verilmədiyini sübut edəcək hər hansı bir fakt olmadığını məhkəmə bilərəkdən və ya bilməyərəkdən diqqətdən qaçırmışdır. Eyni zamanda, iddiaçı tərəfindən əvvəllər subasma halının olduğu barədə cavabdehə məlumat verməsi faktı Daxili İşlər Nazirliyinin Baş istintaq və təhqiqat idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin 08.01.2021-ci il tarixli cinayət işinin başlanılmasınm rədd edilməsi barədə qərarında da öz təsdiqini tapır. Ümumiyyətlə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar, həmçinin, cavabdehin nümayəndəsinin məhkəmə prosesində verdiyi izahatlar, ibtidai istintaq orqanlarındakı ifadələrə sadə məntiqlə yanaşılsa və tədqiq edilsə açıq-aydın görünər ki, hazırkı işdə hər hansı bir aldadılmadan söhbət belə gedə bilməz. Cavabdeh yüksək sığorta haqqı almaq naminə bütün risklərə göz yummuş və iddiaçının mallarını sığorta etmişdir. Sığorta hadisəsi baş verdikdən sonra isə cavabdeh sığorta ödənişi etməmək naminə bütün yollardan istifadə etmiş və çox təəssüflər olsun ki, bu niyyətinə məhkəmədə nail ola bilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayətə uyğun izahat vermiş, cavabdehin vəkili şikayəti qəbul etməyib, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdən müəyyən edilir ki, 16.06.2020-ci il tarixli Pİ0171//20 saylı yanğın və digər əlavə risklərdən sığorta şəhadətnaməsinə əsasən Bakı şəhəri Nərimanov rayonu Azadlıq prospekti 132 ünvanda yerləşən, sığortalı iddiaçıya məxsus daşınar əmlak (mağaza və anbar daxilində saxlanılan geyim əşyaları) sığortaçı cavabdeh tərəfindən 17.06.2020-ci il tarixdən 16.06.2021-ci il tarixədək müddətdə yanğın və digər əlavə risklərdən, o cümlədən subasma hadisəsindən sığortalanmış, Şəhadətnaməyə əsasən ümumi sığorta məbləği 336.388 manat məbləğdə müəyyən edilmiş, Şəhadətnamə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş, Şəhadətnamənin tərkib və ayrılmaz hissəsi sayılan 1 saylı Qoşmaya əsasən sığorta predmeti olan 2.955 ədəd geyim mallarının siyahısı təsdiq edilmiş və həmin malların ümumi dəyəri 336.388 manat məbləğdə müəyyən edilmişdir. 29.06.2020-ci il tarixli Pİ0192/20 saylı əmlakın yanğın və digər əlavə risklərdən sığorta şəhadətnaməsinə əsasən Bakı şəhəri Nərimanov rayonu Azadlıq prospekti 132 ünvanda yerləşən, sığortalı iddiaçıya məxsus daşınar əmlak (mağaza və anbar daxilində saxlanılan geyim əşyaları) sığortaçı cavabdeh tərəfindən 30.06.2020-ci il tarixdən 29.06.2021-ci il tarixədək yanğın və digər əlavə risklərdən, o cümlədən subasma hadisəsindən sığortalanmışdır. Şəhadətnaməyə əsasən ümumi sığorta məbləği 52.072 manat məbləğdə müəyyən edilmiş, Şəhadətnamə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş, Şəhadətnamənin tərkib və ayrılmaz hissəsi sayılan 1 saylı Qoşmaya əsasən sığorta predmeti olan 866 ədəd geyim mallarının siyahısı təsdiq edilmiş və həmin malların ümumi dəyəri 52.072 manat məbləğdə müəyyən edilmişdir. 35 saylı MKİS tərəfindən tərtib edilmiş 02.09.2020-ci il tarixli akta görə Bakı şəhəri Nərimanov rayonu Azadlıq prospekti 132 ünvanda yerləşən “Ferrini” geyim dükanına baxış keçirilmiş, baxış zamanı 29.08.2020-ci il tarixdə ümumi su xəttinin partlaması, nəticədə 31 kv.m. sahəsi olan anbarda saxlanılan geyim mallarının tamamilə suya batması müəyyən edilmişdir. “xxxx” MMC tərəfindən verilmiş Daşınar əmlakın qiymətləndirilməsi barədə 20.10.2020-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, 29.08.2020-ci il tarixdə baş vermiş hadisə nəticəsində iddiaçının anbarında olan geyim mallarına dəymiş zərərin məbləği 184.632 manat məbləğdə qiymətləndirilmişdir. Müstəqil ekspert R.Əlişovun verdiyi 24.09.2020-ci il tarixli ekspert rəyi ilə subasma hadisəsi nəticəsində geyim əşyalarına dəymiş zərər 17.872 manat (kimyəvi təmizləmənin dəyəri) dəyərində qiymətləndirilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 01.10.2020-ci il tarixli məktubda iddiaçıya məxsus anbarda 29.08.2020-ci il tarixdə baş vermiş subasma hadisəsi barədə sığortaçıya məlumat verildiyi, müstəqil ekspert tərəfindən dəymiş ziyanın 17.872,47 manat məbləğdə qiymətləndirildiyi, hadisə ilə bağlı araşdırma aparıldığı bildirilmişdir. İddiaçı tərəfindən 05.10.2020-ci il tarixli pretenziya məktubu ilə cavabdehə müraciət edilərək, 184.632 manat məbləğdə pul vəsaitinin və məhkəmədə sığortalının mənafelərinin qorumaq məqsədilə çəkiləcək məhkəmə xərclərinin ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. “xxxx” ASC tərəfindən cavabdehə ünvanlanmış 02.12.2020-ci il tarixli O-A-2020- 0703 saylı məktubda qeyd olunmuşdur ki, iddiaçı ilə “xxxx” ASC arasında onun Ferrini mağazası üçün 02.06.2020 tarixdə başlayan könüllü əmlak sığortası olub. Lakin 23.06.2020-ci il tarixdə sığorta haqqı tam şəkildə sığortalıya qaytarılmaq şərti ilə bu müqaviləyə xitam verilmişdir. İddiaçı tərəfindən “xxxx” ASC-yə ünvanlanmış 02.08.2019-cu il tarixli məktubda ona məxsus daşınar əmlakın subasma nəticəsində zədələnməsini, həmçinin zərər məbləğinin 106.400 ABŞ dolları olmasını bildirmiş və 1.000 ABŞ dolları azadolma məbləği nəzərə alınaraq 105.400 ABŞ dolları məbləğdə sığorta ödənişinin bank hesablarına köçürülməsi xahiş edilmişdir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə müəyyən edilir ki, iddiaçı (sığortalı) ilə cavabdeh (sığortaçı) arasında 16.06.2020-ci il tarixli Pİ0171/20 saylı yanğın və digər əlavə risklərdən sığorta haqqında A000610 nömrəli və 29.06.2020ci il tarixli Pİ0192/20 saylı yanğın və digər əlavə risklərdən sığorta haqqında A000684 nömrəli sığorta müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən Bakı şəhəri Nərimanov rayonu Azadlıq prospekti 132 ünvanda yerləşən sığortalıya məxsus daşınar əmlak (mağaza və anbar daxilində saxlanılan geyim əşyaları) yanğından və digər əlavə risklərdən, o cümlədən subasma hadisəsindən sığortalanmışdır. 29.08.2020-ci il tarixdə həmin ünvanda yerləşən zirzəmidə subasma hadisəsi baş vermiş, nəticədə sığorta predmeti geyim əşyalarına zərər dəymişdir. Hazırda iddiaçı ilk iddia ilə hadisə nəticəsində sığorta predmetlərinə zərər vurulması ilə əlaqədar ümumilikdə 211.913 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutulmasını, cavabdeh isə qarşılıqlı iddia verərək hər iki sığorta şəhadətnaməsinin etibarsız hesab edilməsini tələb edir. Məhkəmə kollegiyası ilk iddianın hüquqi müqəddəratının qarşılıqlı iddianın həllindən bilavasitə asılı olduğunu nəzərə alaraq, əvvəlcə qarşılıqlı iddiaya münasibət bildirməyi vacib sayır. Qarşlıqlı iddianın əsaslarına görə, sığortalı iddiaçı sığorta müqavilələri bağlanarkən sığorta predmeti olan geyim əşyalarının yerləşdiyi ünvanda sığorta müqavilələri bağlanmazdan bir il əvvəl baş vermiş subasma hadisəsi barədə məlumat verməməklə sığortaçını aldatmışdır. İşin mübahisəsiz hallarındır ki, iddiaçı eyni anbar və mağazada saxlanılan geyim əşyalarını əvvəllər “xxxx” ASC-də 30.04.2019-cu il tarixli sığorta şəhadətnaməsinə əsasən yanğın və digər əlavə risklərdən sığortalamışdır. Həmin sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində, yəni 07.07.2019-cu il tarixdə baş vermiş subasma hadisəsi nəticəsində sığorta predmeti olan geyim əşyaları zədələnmiş, geyim əşyalarına dəymiş zərərin məbləği 106.400 ABŞ dolları məbləğdə qiymətləndirilmiş və dəymiş zərərin əvəzi olaraq “xxxx” ASC tərəfindən iddiaçıya sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı mübahisəli sığorta müqavilələri bağlanarkən həmin hadisə barədə cavabdehə məlumat verdiyini iddia etsə də, göstərilən halı təsdiq edən hər hansı sübutu Məhkəməyə təqdim etməmişdir. Halbuki, Mülki Məcəllənin 911.2-ci maddəsinə görə, sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Cavabdeh tərəfindən təsdiq edilmiş 19.07.2011-ci il tarixli “Əmlakın yanğın və digər əlavə risklərdən sığortasının Əsas Qaydaları”nın 6.1-ci bəndinə əsasən də, sığorta müqaviləsinin bağlanması zamanı sığortalı sığortaya cəlb olunacaq əmlak barədə ona məlum olan bütün məlumatı sığortaçıya bildirməyə borcludur. Odur ki, sığorta predmetlərinin yerləşdiyi ünvanda bir il əvvəl baş vermiş sığorta hadisəsi hesab edilən hadisə barədə məlumat sığortaçının həmin müqavilələrin bağlanmasından imtina etmək, yaxud onları məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən hal olduğu halda, sığortalı iddiaçı həmin hadisə barədə sığortaçı cavabdehə məlumat verməmiş, nəticədə sığortaçı sığorta risklərini düzgün qiymətləndirmə imkanından məhrum olmuşdur. Mülki Məcəllənin 883.1-ci maddəsində sığorta müqaviləsi üçün müəyyən olunmuş anlayışdan da aydın görünür ki, sığorta, sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən hadisənin baş verməsi əsasında ödənilməsini nəzərdə tutur. Deməli, sığorta, gələcəkdə baş verə bilməsi yalnız ehtimal olunan, qabaqcadan proqnozlaşdırıla bilən (lakin dəqiq məlum olmayan) hadisələrə görə sığorta risklərinə təminat verilməsidir. Elə həmin anlayışda məhz “risklər” sözündən istifadə olunması mümkün sığorta hadisəsinin baş vermə imkanının ehtimallar əsasında güman edilməsi ilə bağlıdır. Bu səbəbdəndir ki, uzun illər ərzində dünyada formalaşmış işgüzar təcrübədə sığorta institutuna məhz bu kontekstdən baxılır. Sığorta şirkətinin baş verəcəyi öncədən məlum olan hadisəyə görə sığorta müqaviləsi bağlamağa razılıq verməsinin təsəvvür edilməsi mümkün deyil. Əks halda, sığorta şirkətlərinin həyata keçirdikləri kommersiya fəaliyyətindən mənfəət əldə etmə imkanı olmaz. Təsadüfi deyil ki, qanun eyni məntiqi sığorta hadisəsinə münasibətdə də nümayiş etdirmişdir. Mülki Məcəllənin 922.3-ci maddəsinə görə, sığorta hadisəsi baş vermə ehtimalına və ya təsadüfilik əlamətlərinə malik olmalıdır. Yəni, sığorta hadisəsi o hadisə hesab edilir ki, onun gələcəkdə baş vermə imkanını ehtimallar əsasında proqnozlaşdırmaq mümkün olsun, belə hadisənin baş verə biləcəyi istisna edilməsin. Bu o anlama gəlir ki, baş verməsi labüd olan hadisə sığorta hadisəsi kimi qiymətləndirilə bilməz. İddiaçı razılaşma bağlanarkən baş verməsi ona məlum olan hadisə barədə cavabdehə rəsmi məlumat verməmiş (bu məlumatı gizlətmiş), bununla da Mülki Məcəllənin 911.2-ci maddəsinin tələbini pozmuş, habelə cavabdehi razılaşmanı bağlayarkən öz maraqlarını qorumaq imkanından məhrum etmişdir. Bu səbəbdən, iddiaçı həmin hadisə ilə bağlı sığorta ödənişini tələb etməkdə haqlı deyil. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Məhkəmə kollegiyası hesab edir ki, Pİ0171/20 və Pİ0192/20 nömrəli yanğın və digər risklərdən sığorta şəhadətnamələri bağlanarkən iddiaçının, aşkar edildiyi halda cavabdehin əqd bağlamayacağı hallar barəsində susduğu, bununla sonuncunu aldatdığı nəzərə alınaraq, həmin şəhadətnamələr aldadılan tərəfin - cavabdehin tələbinə əsasən etibarsız hesab edilməlidir. Bu baxımdan, birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 339.5 (əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir) və 337.5-ci (əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir) maddələrinə istinadən sığorta şəhadətnamələri üzrə alınmış 1.359,61 manat məbləğdə pul vəsaitinin iddiaçıya qaytarılması ilə bağlı gəldiyi nəticə də qanuni və əsaslı olmuşdur. Qeyd olunanlar sığorta şəhadətnamələri üzrə sığorta ödənişinin cavabdehdən tutulması tələbindən ibarət olan ilk iddianın faktiki halların müzakirəsinə lüzum duyulmadan əsassızlığına dəlalət edir. Belə ki, Mülki Məcəllənin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Pİ0171/20 və Pİ0192/20 nömrəli sığorta şəhadətnamələri etibarsız əqdlər olduğundan, həmin şəhadətnamələr üzrə tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmamışdır. Belə olan halda isə iddiaçı həmin əqdlərə əsaslanaraq sığorta ödənişinin həyata keçirilməsini cavabdehdən tələb etməkdə haqlı deyil. İşin müzakirə edilən hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası bu mənada apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və onları əsassız sayır. Belə ki, həm işin xüsusi əhəmiyyətə malik mübahisəli halı, həm də apellyasiya şikayətinin əsas dəlili iddiaçının sığorta müqavilələri bağlanarkən əvvəllər baş vermiş məlum sığorta hadisəsi barədə cavabdehə məlumat verib-verməməsi ilə bağlıdır ki, iş materiallarında bu barədə heç bir mötəbər sübut mövcud deyil, iddiaçı da göstərilən halı təsdiq edən hər hansı sübutu Məhkəməyə təqdim etməmişdir. Onun apellyasiya şikayətində istinad etdiyi faktlar isə daha çox şifahi mülahizə və ehtimal xarakterli olmaqla, Mülki Məcəllənin 911.2-ci maddəsində nəzərdə tutulan məlumat məzmununa malik olmadığından, ayrıca müzakirə edilmədən qəbul edilmir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməli (MPM-in 384.0.1-ci maddəsi), iş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilməlidir (MPM-in 119.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-412/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-631/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-631/2021
24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver