Məhkəmə qərarları › İş №2-2(103)-636/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-636/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-636/2025 13.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi, iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2538/2025 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış xx.xx.2024cü il tarixli, 2024.08.017D nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə, satıcı satır, alıcı isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilən tərkibdə və qiymətdə malları satıcıdan alır və malın müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir. Həmin müqavilənin: 2.1-ci bəndinə görə, bu müqavilə üzrə malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müqaviləyə əlavələrlə müəyyən edilir. 2.2-ci bəndinə görə, ödəniş iş icrasına başlandığı gündən hər 15 (on beş) gündən bir edilir. Ay ərzində təqdim edilmiş mallar üçün ay sonunda yekun qarşılıqlı hesablaşma aktı tərtib edilir.

2. xx.xx.2024-cü il tarixli, 2024.08.017D nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2024cü il tarixli, 1 nömrəli əlavədə müqavilə üzrə təhvil veriləcək malın adı, vahidi, çatdırılma yeri və qiyməti razılaşdırılmışdır.

3. Tərəflərin möhür və imzaları ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli üzləşmə aktına görə Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixə İddiaçı MMC-yə borcu ƏDV daxil 157.547,4 manat təşkil edir.

4. Tərəflərin möhür və imzaları ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli üzləşmə aktına görə Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixə İddiaçı MMC-yə borcu ƏDV daxil 157.792,86 manat təşkil edir.

5. Tərəflərin möhür və imzaları ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli “xx.xx.2024cü il tarixli alqı-satqı müqaviləsi №2024.08.18D saylı müqaviləyə əsasən mal-materialın təhvil-təslimi barədə borcların üzləşməsi” aktına görə xx.xx.2024-cü il-xx.xx.2024-cü il tarixlərini əhatə edən dövr ərzində İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 7970,90 manat məbləğində mal təhvil verilmişdir.

6. Tərəflərin möhür və imzaları ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli “xx.xx.2024cü il tarixli alqı-satqı müqaviləsi №2024.08.17D saylı müqaviləyə əsasən mal materialın təhvil-təslimi barədə borcların üzləşməsi” aktına görə xx.xx.2024-cü il-xx.xx.2024-cü il tarixlərini əhatə edən dövr ərzində İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 149576,52 manat məbləğində mal təhvil verilmişdir.

7. Tərəflərin möhür və imzaları ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli “xx.xx.2024cü il tarixli 2024.08.18D saylı müqaviləyə əsasən mal materialın təhvil-təslimi” aktına görə 2024-cü ilin sentyabr ayı üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 245,44 manat məbləğində mal təhvil verilmişdir.

8. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli MT2408 10396067 nömrəli 1840,8 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 10542839 nömrəli 51907,02 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 10766716 nömrəli 245,44 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 11007622 nömrəli 631,3 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 11007845 nömrəli 3005,46 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 11133656 nömrəli 2247,9 manat məbləğində, xx.xx.2024- cü il tarixli MT2408 11309945 nömrəli 97669,5027 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 11070246 nömrəli 245,44 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur.

9. İddiaçı MMC-yə məxsus hesabdan çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixdə 39000 manat və xx.xx.2024-cü il tarixdə 11000 manat vəsait ödənilmişdir.

10. İddiaçı MMC-yə məxsus ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixdə 9000 manat məbləğində ödəniş edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

11. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 98792,87 manat məbləğində əsas borcun, bir illik 7% miqdarında, yəni 6915,51 manat faiz borcunun və ödənilmiş 395,71 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli alqı-satqı müqavilələrinə əsasən iddiaçı cavabdehə müxtəlif növ beton/tikinti məhsullarının satılması öhdəliyini öz üzərinə götürmüşdür və iddia ərizəsinə əlavə edilən üzləşdirmə aktından görünür ki, cavabdeh tərəfindən alınan beton/tikinti məhsulların ümumi dəyəri 157792,86 manat təşkil etmişdir. Cavabdeh tərəfindən qeyd edilən borcdan 58999,99 manatı ödənilmişdir, lakin 98792,87 manatı borc olaraq qalmışdır. Cavabdeh tərəfindən borcun ödənilməsi barədə heç bir könüllü hərəkət edilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət edilmişdir.

13. İddia tələbinin maddi hüquqi əsası kimi AR Konstitusiyasının 29-cu maddəsi, AR Mülki Məcəlləsinin 164.1, 165.1, 157.2, 152.1, 139.3, 739.1, 385.1, 443.1, 449.2, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələri göstərilmişdir.

14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2538/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 98792,87 manat əsas borc, 386,38 manat dövlət rüsumu, ümumilikdə 99179,25 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İddia ərizəsi verilərkən ödənilmiş 9,33 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında alqısatqı müqaviləsi bağlanmış, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 157792,87 manat məbləğində mal təhvil verilmiş, cavabdeh tərəfindən bunun müqabilində 59000 manat ödəniş edilmiş, qalıq 98792,87 manat borc ödənilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, cavabdehdən 98792,87 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə bank uçot dərəcəsi nəzərə alınmaqla hesablanmış 6915,51 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 386,38 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 9,33 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1, 567, 598.1, 598.2, 600.1, 600.4-cü, Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarına, məhkəmə xərcləri hissəsində AR MPM-in 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

17. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilə bitdikdən sonra və müqavilə müddəti artırılmadıqdan sonra iddiaçının cavabdehə nə verməsi anlaşılmır və məhkəmənin qüvvəsini itirmiş müqaviləyə istinad etməsi yolverilməzdir. İddiaçı hansısa məhsulu verməsi ehtimal edilsə də, həmin məhsulun təhvil haqda sənədləri təqdim etməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

20. İddiaçının qanuni təmsilçisi məhkəmə iclasında apellyasiya şikayətini qəbul etmədiyini bildirdi, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

21. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

22. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

23. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

24. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli Qərarında sərgilənən hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

Apellyasiya baxışının hədləri:

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş və həmin qətnamə iddianın təmin edilmiş hissəsində cavabdeh tərəfindən mübahisələndirilmişdir. Odur ki, qətnamənin əsaslığı iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Belə ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2024-cü il tarixli, 2024.08.017D nömrəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda iddiaçı həmin müqavilə üzrə cavabdehə 157792,87 manat mal verdiyini, lakin cavabdehin həmin malların müqabilində yalnız 59000 manat məbləğində pul ödədiyini əsas göstərərək 98792,87 məbləğində borcun ödənilməsini tələb edir.

30. Göründüyü kimi hazırkı halda iddia tələbinin qanuni əsaslarını Mülki Məcəllənin 567 və 598.1-ci maddələri təşkil edir.

31. Kollegiya qeyd edir ki, iddiaçının cavabdehə ƏDV daxil 157792,87 manat məbləğində malların təqdim etməsi və cavabdehin iddiaçıya həmin mallara dair borcun olması faktı tərəflərin təsdiq etdikləri üzləşmə aktları, eləcə də həmin mallara dair iddiaçı tərəfindən cavabdehə göndərilmiş, cavabdeh tərəfindən düzəliş üçün qaytarılmamış elektron qaimələrlə və həmin qaimələr üzrə cavabdeh tərəfindən edilmiş qismən ödənişlərlə öz təsdiqini tapır.

32. Malların təqdim edilməsinə dair təhvil-təslim aktlarının məhkəməyə təqdim edilməməsi barədə cavabdehin arqumentlərinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh mübahisəli müqavilə üzrə iddia olunan məbləğdə mallar təqdim edilmədiyi halda 157792,87 manat məbləğində borcuna dair üzləşmə aktlarını təsdiq etmələrinin, eləcə də təqdim edilmiş mallara dair göndərilmiş elektron qaimələrə etiraz etməmələrinin səbəblərini ağlabatan şəkildə izah etməmiş, eləcə də apellyasiya şikayətində sözügedən üzləşmə aktların mötəbərliyini şübhə altına alan hər hansı bir hala istinad etməmişdir. Odur ki, kollegiya hesab edir ki, cavabdehin istinad edilən dəlilləri özünümüdafiə xarakteri daşıyır.

33. Mallar təqdim edilərkən alqı-satqı müqaviləsinin qüvvədə olmaması barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, mübahisəli müqavilə xx.xx.2021-cü il tarixdə 1 il müddətinə (avtomatik prolonqasiya şərti ilə) bağlanmış və sonuncu üzləşmə aktı xx.xx.2024-cü il tarixində tərtib edilmişdir. Odur ki, malların müqavilənin qüvvədə olduğu müddətdə verilməməsi barədə dəlillər də əsassızdır.

34. Belə olan halda məhkəmə kollegiyası alqı-satqı münasibətlərində satıcı olann iddiaçı tərəfindən alıcı olan cavabdehə ƏDV daxil 157792,87 manat mal verilməsi faktının işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapdığını, cavabdehin isə həmin malların müqabilində yalnız 59000 manat məbləğində pul ödədiyini nəzərə alaraq hesab edir ki, alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 98792,87 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

35. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2538/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar