Məhkəmə qərarları › İş №2-2(103)-637/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-637/2022

15.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-637/2022 15.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçılar X1 və X8 vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-278/2022 nömrəli iş üzrə 14 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçıların apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçılar cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin, onun naturada əmlakının, cəmiyyət tərəfindən əldə olunmuş mənfəətin və digər gəlirlərin bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçılar ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, İş üzrə cavabdeh 2016-cı ildən, yəni təsis payının 50%-ni əldə etdikdən sonra bir dəfə də olsun iddiaçını cəmiyyətin ümumi yığıncağına çağırmamışdır və bununla iddiaçının qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən olunan hüquqlarını məhdudlaşdırmışdır. Halbuki, cəmiyyətin iştirakçılarının hər birinin ümumi yığıncaqda onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Qanunvericiliyə görə, hüquqi şəxsin bölünməsi onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilmədiyi halda, qeyd olunan məsələlərə münasibətdə təsisçilər arasında mübahisə olduğu halda, həmin məsələlər məhdud məsuliyyətli cəmiyyətin müstəsna səlahiyyətinə aid olmasına baxmayaraq, məhkəmənin qərarı ilə həyata keçirilir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçı bir neçə dəfə cavabdehə növbədənkənar ümumi yığıncağın keçirilməsi ilə əlaqədar bildiriş və pretenziya göndərmiş və həmin müraciətlərdə hazırkı iddiada qoyulan məsələlərin həll olunmasını tələb etmişdir. Həmin bildirişlərdən sonuncusu olan xx.xx.2021-ci il tarixdə X2 ərizə ilə Cavabdeh MMC-nin direktoruna müraciət edərək MMC-nin ümumi yüğıncağının növbədənkənar iclasının keçirilməsinin təmin edilməsi, iclasın gündəliyində cəmiyyən bölünməsi, onun əmlakının naturada bölünməsi, cəmiyyət tərəfindən əldə edilmiş mənfəətin və digər gəlirlərinin bölünməsi və 2017-ci il tarixdən hazırkı dövrədək cəmiyyətin fəaliyyəti ilə bağlı bütün sənədlərinin təsdiq edilmiş surətlərinin onlara verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçıların vəkili və nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdə olan, Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən xx.xx.2013-cü il tarixli **********865500 nömrəli çıxarışa əsasən, "xxxx" MMC-nin hazırkı təsisçiləri və nizamnamə kapitalında mayalarının miqdarı aşağıdakı kimidir: X3 (İran İslam Respublikası) - 18,5 pay; X15 (İran İslam Respublikası) - 5 pay; X5 (İran İslam Respublikası) - 8,5 pay; X9 (İran İslam Respublikası) - 2 pay; X10 (İran İslam Respublikası) - 3 pay; X6 (İran İslam Respublikası) - 63 pay. Cavabdeh MMC-nin xx.xx.2016-cı ildə dövlət qeydiyyatına alınmış 2-ci redaksiyada nizamnaməsinin: 1.2. Bu nizamnamə xx.xx.2011-ci il tarixdə ********** (VÖEN) qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin adının dəyişməsi ilə əlaqədar nizamnəmənin 2-ci redaksiyasıdır; 2.1. Cəmiyyətin nizamnamə kapitalı 100 manat həcmindədir və hər biri 1 (bir) manat olmaqla 100 (yüz) paydan ibarətdir; 2.2. Cəmiyyətin təsisçiləri və onların nizamnamə kapitalında payları aşağıdakı kimidir: - X13 (Azərbaycan Respublikası) - 50%, - X3 (İran İslam Respublikası) - 18,5%, - X14 (İran İslam Respublikası) - 5%, - X11 (İran İslam Respublikası) - 2%, - X5 (İran İslam Respublikası) - 8%, - X7 (İran İslam Respublikası) - 13%, - X12 (İran İslam Respublikası) - 3 %; 2.5. Ümumi Yığıncağın qərarı əsasında vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranan xalis mənfəət iştirakçılar arasında onların nizamnamə kapitalındakı paylarına mütənasib qaydada bölüşdürülür; 4.1. Cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Cəmiyyətin təsisçisi bir nəfər olduqda, o ümumi yığıncağın səlahiyyətləri təsisçi tərəfindən təkbaşına həyata keçirir; 4.2. Ümumi yığıncaq növbəti və növbədənkənar ola bilər. Növbəti ümumi yığıncaq icra orqanı tərəfindən müəyyən edilmiş müddətdə çağırılır. Hər bir təsisçi cəmiyyətin ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə (şəxsən) iştirak etmək və ya müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır; 4.3. Cəmiyyətin illik hesabatlarını və mühasibat balanslarını təsdiq etmək, mənfəəti və zərəri bölüşdürmək, cəmiyyətin yenidən təşkili və ya ləğv edilməsi haqqında qərarın qəbul edilməsi cəmiyyətin təsisçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aiddir. S.Moeinfardın Cavabdeh MMC-nin direktoruna ünvanladığı xx.xx.2021-ci il tarixli ərizə ilə sonuncu, MMC-nin ümumi yüğıncağının növbədənkənar iclasının keçirilməsinin təmin edilməsi, iclasın gündəliyində cəmiyyətin bölünməsi, onun əmlakının naturada bölünməsi, cəmiyyət tərəfindən əldə edilmiş mənfəətin və digər gəlirlərinin bölünməsi və 2017-ci il tarixdən hazırkı dövrədək cəmiyyətin fəaliyyəti ilə bağlı bütün sənədlərinin təsdiq edilmiş surətlərinin onlara verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 47.1. Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. “Banklar haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir; Maddə 47.2. Hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir; Maddə 55.1. Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər; Maddə 55.2. Qanunla müəyyənləşdirilmiş hallarda hüquqi şəxsin bölünməsi və ya tərkibindən bir və ya bir neçə hüquqi şəxsin ayrılması şəklində yenidən təşkili məhkəmənin qərarı ilə həyata keçirilir; Maddə 89. Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilmiş məlumatlardan savayı, cəmiyyətin nizamnamə kapitalının miqdarı haqqında; iştirakçılardan hər birinin payının miqdarı haqqında; onların qoyduqları mayaların tərkibi və maya qoyması qaydası haqqında, maya qoyulması üzrə öhdəlikləri pozmağa görə iştirakçıların məsuliyyətləri haqqında; cəmiyyəti idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qərarlar qəbul edilən məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir; Maddə 90-1.1. Məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər; Maddə 90-1.2. Məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir; Maddə 91.1. Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır; Maddə 91.1-1. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır; Maddə 91.1-2. Cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabatmaliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır; Maddə 91.1-3. Cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağırılır; Maddə 91.3. Məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 91.3.3. cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmır. Belə ki, iddaçıların hüquqi şəxsin bölünməsi barədə tələbi ona görə əsaslı sayıla bilməz ki, hüquqi şəxsin bölünməsi qanunvericiliyə əsasən yalnız onun təsisçilərinin qərarı ilə mümkündür. Hüquqi şəxsin məhkəmə qərarı əsasında bölünməsi isə istisna olaraq o halda mümkündür ki, qanunla müəyyənləşdirilmiş hallardan hər hansı biri mövcud olsun. Hazırkı işdə isə iddiaçılar belə bir qanuni əsasa istinad etmir. Hüquqi şəxsin əmlakının naturada bölünməsi, əldə olunmuş mənfəətin və digər gəlirlərin bölünməsi barədə tələbə münasibətdə də qeyd olunmalıdır ki, mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada mümkündür. Belə ki, həm qanunvericilik, həm də MMC-nin nizamnaməsi hüquqi şəxsin yenidən təşkili (bölünməsi) qaydasını və əsaslarını müəyyən etmişdir. Qanunvericiliyə görə yenidən təşkil (bölünmə) cəmiyyətin təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilir, cəmiyyətin yenidən təşkil edilməsinin məhkəmə qərarı əsasında həyata keçirilməsinə isə yalnız qanunda nəzərdə tutulmuş hallarda yol verilir. Cavabdeh MMC-nin nizamnaməsinə əsasən cəmiyyətin yenidən təşkili (bölünməsi) barədə qərar qəbul etmək səlahiyyətinə malik orqan müəyyənləşdirilərək yenidən təşkil məsələləri cəmiyyətin təsisçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilmişdir. Mənfəətin və digər gəlirlərin bölüşdürülməsi barədə dəlilə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, MMC-nin mənfəətinin bölüşdürülməsi Mülki Məcəllənin 90.1.3-cü maddəsinin, eləcə də MMC-nin nizamnaməsinin 4.3-cü bəndinə əsasən cəmiyyətin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edildiyindən, məhkəmə yalnız ümumi yığıncağın qərarı ilə bölüşdürülməsi artıq qərara alınmış mənfəətin bölünərək iştirakçıya ödənilməsi barədə iddianı təmin etməkdə haqlıdır. Mənfəətin iştirakçılar arasında bölüşdürülməsi barədə MMC-nin ümumi yığıncağının qərarı mövcud olmadığı hazırkı halda isə iddiaçıların mənfəətin bölünməsi tələbinə dair iddiasının məhkəmə tərəfindən təmin edilməsi üçün əsasların mövcudluğu müəyyən edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Muradov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2017-ci il tarixli Qərarında da göstərilmişdir ki, “Mülki Məcəllənin 90.1-ci maddəsinə görə, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz. Həmin Məcəllənin 90-1.1 və 90-1.2-ci maddələrinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. Bu normaların məzmunundan görünür ki, iştirakçılar arasında cəmiyyətin yalnız xalis mənfəəti bölüşdürülür. Xalis mənfəət isə cəmiyyətin təsərrüfat fəaliyyəti ilə əlaqədar bütün zəruri xərclər çıxıldıqdan sonra alınır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı nizamnamə kapitalındakı mayasına uyğun olaraq mənfəətdən pay alır. Qeyd etmək lazımdır ki, cəmiyyətin təsisçiləri cəmiyyət yaradılarkən cəmiyyətin nizamnamə kapitalına maya qoyurlar. Mülki Məcəllənin 90.4-cü maddəsinə əsasən isə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı yalnız onun tam ödənilməsindən sonra bu Məcəllədə və cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin əmlakı hesabına iştirakçıların nizamnamə kapitalındakı mayalarının dəyərinə mütənasib şəkildə artırılması və (və ya) iştirakçılar tərəfindən əlavə mayaların qoyulması vasitəsi ilə və (və ya) cəmiyyətə qəbul edilən yeni iştirakçıların mayaları hesabına artırıla bilər. ... Mülki Məcəllənin yuxarıda göstərilən normasından aydın olur ki, mənfəətin bölüşdürülməsi yalnız ümumi yığıncağın qərarı ilə həyata keçirilir. Ümumi yığıncaq mənfəətin həm tam, həm də qismən bölüşdürülməsini müəyyən edə bilər. Bu isə Məcəllənin yuxarıda göstərilən normasına görə mənfəətin bölüşdürülməsi üçün bilavasitə məhkəməyə müraciət olunmasını mümkünsüz edir.” MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə əsaslı və qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-278/2022 nömrəli iş üzrə 14 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçılar X1 və X8 apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar