Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-637/2023 02.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, X1 və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1441/2023 saylı, 26 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı cavabdehə ümumilikdə 16027,67 ABŞ dolları məbləğində şifahi alqı-satqı müqaviləsinə əsasən kənd təsərrüfatlı təyinatlı gübrə və dərman preparatlarının təhvil verildiyini, təhvil verilmiş mallarının dəyərinin bir qisminin ödənildiyini, hazırda cavabdehin iddiaçıya 12505,12 ABŞ dolları məbləğində borcunun olmasını qeyd edir, cavabdeh isə iddiaçının hüquqi şəxs, cavabdehin isə fərdi sahibkar olduğunu, onlar arasında müqavilənin iddiaçının hüquqi şəxs olması səbəbindən şifahi bağlana bilmədiyini, bundan əlavə, iddiaçı tərəfindən cavabdehə vergi qanunvericiliyinin tələblərinə əsasən təhvil verilmiş mallarla bağlı hər hansı elektron qaimə təqdim edilmədiyini, üzləşmə aktının isə müqavilə hesab edilə və cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyinin yaranma əsası kimi çıxış edə bilmədiyini, iddia əsaslı olsa belə qanunla müəyyən edilmiş 3 illik iddia müddəti ötürüldüyünü bildirir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı MMC Cavabdeh qarşı qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 12.505,12 ABŞ dolları məbləğində pulun və 3.517,02 ABŞ dolları məbləğində faizlərin ödəniş gününə manat məzənnəsi ilə tutulması, habelə mediasiya sessiyası üçün ödənilmiş 200 manat məbləğində rüsumun və vəkilin hüquqi yardımına görə ödənilmiş 350 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırkı iddia tələbi üzrə tərəflər arasında mülki mübahisə icraatı olmuş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-2690/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən, yəni 11.395,87 ABŞ dolları məbləğində təmin edilmişdir. Lakin cavabdeh, VÖEN-i (fərdi sahibkarlıq fəaliyyəti) olduğu, bu səbəbdən də mübahisəyə kommersiya icraatında baxılamalı olması motivi ilə həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli 2(103)-3296/2022 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək Səbail Rayon Məhkəməsinin yuxarıda göstərilən qətnaməsinin ləğv edilməsi və işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddianın mahiyyəti ondan ibarətdir ki, cavabdeh (alıcı) 2017-2018-ci illər ərzində iddiaçıdan (satıcı) nisyə alqı-satqı müaviləsi əsasında xx.xx.2017-ci il tarixli 296 nömrəli, xx.xx.2017-ci il tarixli 441 nömrəli və xx.xx.2017-ci il tarixli 541 nömrəli qaimələrlə ümumilikdə 16.027,67 ABŞ dolları məbləğində kənd təsərrüfatı təyinatlı gübrə və dərman preparatları götürmüş, həmin məbləğin 3.522,55 ABŞ dolları hissəsini ödəmiş, 12.505,12 ABŞ dolları hissəsini isə ödəməmişdir (16.027,67 - 3.522,55 = 12.505,12). Tərəflər, yəni iddiaçının rəsmisi (satış meneceri) Vüqar Ağazadə ilə cavabdeh arasında hələ 18 aprel 2018-ci il tarixdə tərtib edilərək imzalanmış üzləşmə aktında cavabdeh, 31 mart 2018-ci il tarixinə İddiaçı MMC-yə 14.731 (on dörd min yeddi yüz otuz bir) ABŞ dolları verməli olduğunu (faizsiz borcu 13.614,37 ABŞ dolları) etiraf etmişdir. Bundan sonra ötən müddət ərzində, yəni 2018-ci ildə cavabdeh yalnız qismən - 1.109,25 ABŞ dolları ödəniş edərək ödəməli olduğu məbləği 12.505,12 ABŞ dollarına endirmişdir (13.614,37- 1.109,25=12.505,12). Lakin bundan sonra cavabdeh heç bir ödəniş etmədiyindən onunla dövri olaraq danışıqlar aparılmış və həmin danışıqlar zamanı o, pulu ödəyəcəyinə dəfələrlə vəd versə də heç bir ödəniş etməmişdir. Pulun ödənilməsi üçün cavabdehə xx.xx.2021-ci il tarixdə xəbərnaməli təklif (pretenziya) məktubu göndərilmiş, lakin cavabdeh həmin məktubu alsa da borcunu ödəməmişdir.
4. Cavabdeh iddiaya qarşı yazılı etiraz verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh fərdi sahibkar, iddiaçı hüquqi şəxsdir, onlar arasında yazılı alqı-satqı müqaviləsi imzalanmalı, vergi qanunvericiliyinin tələblərinə əsasən iddiaçı tərəfindən cavabdehə elektron qaimələr təqdim edilməli idi. İddiaçının təqdim etdiyi “X5” adlanan qaimələrin isə cavabdehə ümumiyyətlə aidiyyatı yoxdur. Üzləşmə aktı müqavilə hesab edilə bilməz. Belə olan halda iddiaçının nisyə alqısatqı müqaviləsinə istinad etməsi əsassızdır. Fərz edilsə ki, iddia əsaslıdır, belə olan halda isə qanunla müəyyən edilmiş 3 illik iddia müddəti ötürülmüşdür.
5. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1441/2023 saylı, 26 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
6. İddiaçı MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, iddiaçı cavabdehin son, yəni xx.xx.2018-ci il tarixli ödənişindən sonra üç il keçməmiş məhkəməyə müraciət etmişdir ki, bu fakt iddia müddətinin ötürülmədiyinə dəlalət edir. Lakin məhkəmə heç bir tutarlı əsas olmadan həmin ödənişi nəzərə almamış, iddiaçı tərəfindən üç illik iddia müddətinin ötürüldüyü nəticəsinə gəlmişdir. İş materiallarından görünür ki, cavabdeh 18 aprel 2018-ci il tarixdə tərtib edilmiş üzləşmə aktını imzalamış və bundan təxminən 6 (altı) ay sonra, yəni xx.xx.2018-ci il tarixdə, 13.614,37 ABŞ dolları məbləğində olan ümumi borcundan 1.109,25 ABŞdolları ödəniş edərək borcu 12.505,12 ABŞ dollarına (13.614,37-1.109,25=12.505,12) endirmiş, bununla da xx.xx.2018-ci il tarixdən etibarən başlayan iddia müddətinin axımı kəsilmişdir. Və nəticədə iddia müdətinin axımı son ödənişin edildiyi tarixdən, yəni xx.xx.2018-ci il tarixdən yenidən başlanmışdır. Lakin məhkəmə tamamilə əsassız olaraq həmin ödənişi cavabdehin borcu etiraf etməsi hərəkəti kimi nəzərə almamış, iddia müddətinin başlanmasını xx.xx.2018-ci il tarixdən yox, xx.xx.2018-ci il tarixdən hesab etmişdir. Məhkəmənin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Lakin məhkəmə formal mülahizə əsasında, yəni xx.xx.2018-ci il tarixli kassa mədaxil orderində yazılmış “X5” sözlərinə istinad edərək həmin əlaqəli sübutu nəzərə almamışdır. Hansı ki, iddiaçı ilə cavabdeh arasındakı dövriyyəni əks etdirən sənəddə də “X5” sözləri mövcuddur və borcun məbləği ilkin olaraq həmin sənəddə bilavasitə əks olunmuşdur. Həmin normaya əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfliyə tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə göstərilən normanın da tələbini pozmuş, “X5” sözləri yazıldığına görə xx.xx.2018-ci il tarixli kassa mədaxil orderinə qərəzli qiymət vermiş, həmin sənədi sübut hesab etməmişdir. Hansı ki, həmin sözlər iş üzrə sübut növündə qəbul edilən və tərəflər arasındakı münasibətləri müəyən edən digər sənədlərdə də öz əksini tapmışdır. Digər tərəfdən, məhkəmə hazırki və digər işlər üzrə cavabdehləri onların işlətdikləri istixanaların yerləşmə yerinə (ərazisinə) görə adlandırıldığı (yəni “X5”, “Ceyhun Zirə”, “Şamo Zirə” “Elşən Zirə”, “Nizami Zirə” və s.) barədə izahatımıza əhəmiyyət verməmiş və onu nəzərə almamışdır. Hansı ki, həmin izahatımız Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə əsasən sübut növüdür.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
12. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən qanuna görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur.
13. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
15. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən tələb, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa (icraata) qəbul edilir.
16. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə vəziyyətdə iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
17. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
18. İddia müddətləri müvafiq tərəfin iddia qaldırması üçün nəzərdə tutulan vaxt məhdudiyyətini müəyyən edir. İddia qaldırması üçün ağlabatan müddətlərin tətbiq edilməsi və iddia qaldırmanın prosessual şərtlərinin müəyyən edilməsi hüquqi müəyyənlik prinsipini və qərarların qətiliyini təmin etməklə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə şərait yarada və potensial cavabdehləri zaman keçdiyinə görə təkzib edilməsi çətin olan biləcək köhnə iddialardan qoruya bilər (AİHM, “MPP Qolub Ukraynaya qarşı iş üzrə xx.xx.2005-ci il tarixli qərarı).
19. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
20. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
21. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır.
22. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
23. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
25. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
26. Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir.
27. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.
30. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2690/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehdən 11395,87 ABŞ dolları məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3296/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2690/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilməklə işin baxılması üçün aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
31. Cavabdeh Bakı şəhəri Səbail Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli yazılı ərizəsində göstərmişdir ki, xx.xx.2018-ci il tarixli üzləşmə aktında iddiaçıya olan borcunu təsdiq etmiş, həmin vaxtlarda iş icraçısı vəzifəsində işləmiş, Mübariz Mədətovun işlərini icra etmişdir. Həmin vaxtlarda iddiaçıdan külli miqdarda gübrə alınaraq dəyəri ödənilmişdir. Bütün borcları da M.Mədətovun göstərişinə əsasən o, ödəmişdir. Daha sonra o, üzləşmə aktını imzalamış, daha sonra bu borclar barədə Mübariz Mədətovdan soruşduqda ona iddiaçıya hər hansı borcun olmaması bildirilmişdir. Həmin borcu kimsə mənimsəyib ödəməyibsə, bu məsələdən xəbəri yoxdur. Ona borcla bağlı heç vaxt tələb irəli sürülməmiş, yalnız 2021-ci ildə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edilmişdir. Bu illər ərzində borc tələb edilsə idi, inandırıcı olardı. Bu işin dəqiq araşdırmasını xahiş edir.
32. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, İddiaçı MMC-də satış meneceri vəzifəsində çalışır. Cavabdehi təxmini 2015-2016-cı ildən tanıyır. Münasibəti qərəzli deyildir. Cavabdeh təxminən 3 ilə yaxın onların alıcıları olmuşdur. Cavabdehlə yazılı müqavilənin bağlanılıb-bağlanılmaması dəqiq yadında deyildir. Cavabdehə malları özləri onun bildirdiyi ünvana təhvil verirdilər. Zirə- Pirallahı arasında “Damba” adlı əraziyə (istilikxanaya) mallar təhvil verilmişdir. Mallar bilavasitə cavabdehə təhvil verilmişdir. Lakin malların konkret neçə partiya təhvil verildiyi, hansı tarixlərdə təhvil verildiyini xatırlamır. Malların təhvil verilməsi, onların dəyərinin ödənilməsi rəsmiləşdirilməmiş, mütəmadi olaraq cavabdehlə üzləşmə aktları tərtib edilmişdir. Borclar barədə bir neçə dəfə üzləşmə aktları imzalanmış, hazırda onlarda qalan nüsxə materiallara əlavə edilmiş sonuncu üzləşmə aktıdır. Məhsulların dəyəri mallar təhvil veriləndən sonra onların mühasibatlığına ödənilir. Pul ödəniləndə müştərinin borcundan silinir və həmin məbləğ borcların qarşılıqlı üzləşdirilməsi aktında əks olunur. Cavabdeh tərəfindən mütəmadi ödənişlər olurdu. Borcun ödənilməsini bu illər ərzində cavabdehdən şifadi qaydada (telefon ilə) tələb etmişlər. Dövriyyə ancaq borcların qarşılıqlı üzləşdirilməsi aktı ilə rəsmiləşdirilirdi. Cavabdehə ilk dəfə malların nə vaxt təhvil verilməsinə dair dəqiq məlumatı yoxdur. Ölkədə baş vermiş məlum devolvasiyadan sonra iddiaçı ödənişləri manatla deyil, ABŞ dolları ilə tələb etməyə başlamışdır.
33. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2018-ci il tarixli üzləşmə aktı ilə cavabdeh iddiaçıya 31 mart 2018-ci il tarixə 14731 ABŞ dolları məbləğində borcunun olduğunu imzası ilə təsdiq etmiş, həmin aktın cavabdeh tərəfindən imzalandığı məhkəmə iclaslarında cavabdehin nümayəndəsi tərəfindən də təsdiq edilmiş, cavabdeh göstərilən mübahisəyə daha əvvəl Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılarkən yazdığı ərizəsində də bu faktı etiraf etmişdir.
34. Göründüyü kimi, cavabdehin iddiaçıya borclu olması və cavabdehin həmin pul vəsaitini qaytarmaq öhdəliyinin yaranması yazılı şəkildə tərtib olunaraq imzalanmış üzləşmə aktı ilə təsdiq olunur.
35. Hazırkı iş üzrə iddia tələbi 12505,12 ABŞ dolları məbləğində əsas borcun və 3517,02 ABŞ dolları faiz borcunun tələb edilməsi hissəsində əsaslı olsa da, iddianın verilməsi üçün qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş üç illik iddia müddəti buraxılmışdır.
36. Belə ki, tərəflər arasında tərtib olunmuş 18 aprel 2018-ci il tarixli üzləşmə aktına əsasən, cavabdeh 31 mart 2018-ci il tarixə iddiaçıya 14731 ABŞ dolları məbləğində borcunun olduğunu təsdiq etmişdir. İddiaçı cavabdehə qarşı hazırkı iddia ilə xx.xx.2021- ci il tarixə qədər məhkəməyə müraciət edə bilərdi. Lakin, iddiaçı hazırkı iddia ilə xx.xx.2021ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə, xx.xx.2023-cü il tarixdə isə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir.
37. İddiaçının cavabdehin son, yəni xx.xx.2018-ci il tarixli ödənişindən sonra üç il keçməmiş məhkəməyə müraciət edildiyini, bu faktın iddia müddətinin ötürülmədiyinə dəlalət etməsinə dair dəlilinə münasibətdə kollegiya qeyd edir ki, 123 saylı, xx.xx.2018-ci il tarixli mədaxil orderində ödənişin edilməsi əsası göstərilməmiş, habelə, həmin orderdə ödənişin təyinatı hissəsində “X5” sözləri qeyd olunsa, şəxsin hazırkı cavabdeh olmasını, həmin ödənişin məhz cavabdeh tərəfindən edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
38. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin iddia müddətinin ötməsi əsası ilə rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
39. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
40. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
41. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1441/2023 saylı, 26 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Fərrux Qasımov