Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-639/2024 16.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-227/2024 saylı qətnaməsindən Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. ünvan 1 ünvanında yerləşən üç mərtəbəli binanın yarımzirzəmisində 125,5 kv.m qeyri-yaşayış sahəsi Nümayəndə2 mülkiyyətindədir.
2. Həmin qeyri-yaşayış sahəsinə dair iddiaçı ilə sığortalı Maraqlı şəxs MMC arasında daşınmaz əmlakın icbari sığortası müqaviləsi (şəhadətnaməsi) bağlanmış və həmin əmlak xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sığortalanmışdır.
3. 05.05.2021-ci il tarixdə Maraqlı şəxs MMC-yə məxsus çap mərkəzində subasma hadisəsi baş vermiş, kanalizasiya borusunun tutulması nəticəsində obyektə ziyan dəymişdir.
4. 09.03.2022-ci il tarixli sığorta aktına əsasən Nümayəndə2 (Maraqlı şəxs MMC) sığorta hadisəsi – su basma nəticəsində dəymiş zərərin məbləği 1900 manat müəyyən edilmişdir.
5. 28.03.2022-ci il tarixdə iddiaçı tərəfindən Nümayəndə2 1700 manat məbləğində sığorta ödənişi verilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1700 manat pul vəsaitinin və 60 manat mediasiya xərci məbləğinin, ümumilikdə 1760 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı hesab edir ki, ödənilmiş 1700 manat məbləğində pul vəsaiti qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehlərən iddiaçının xeyrinə tutulmalıdır.
8. Cavabdeh1 ASC iddiaya etiraz edir və bildirir ki, iddiaçı "xxxx" ASC iddia ərizəsində ünvan daxilində baş vermiş su basma hadisəsi ilə bağlı sığorta ödənişlərini cavabdeh "xxxx" ASC-dən tələb etmişdir. Qeyd olunan su basma hadisələri ilə bağlı ümumi məlumat versə də, həmin hadisələrin "xxxx" ASC ilə bağlılığına dair heç bir sübut təqdim etməmişdir. Qeyd olunan su basma hadisələri sözügedən ünvanların daxilində baş verdiyindən həmin su xətləri istehlakçının balans mənsubiyyətinə aid edilir. Bu səbəbdən Cəmiyyət istehlakçının mülkiyyətində yerləşən su xətlərin baş vermiş hər hansı su basma hadisəsinə görə məsuliyyət daşımır. "xxxx" ASC yalnız balansında olan su təchizatı və kanalizasiya qurğularına xidmət göstərir və onlara görə məsuliyyət daşıyır. Ona görə də hesab edir ki, istehlakçının mülkiyyətində yerləşən su xətlərinə nəzarəti özü həyata keçirdiyindən bununla bağlı yaranan problemlərə görə cavabdehlik ona məxsusdur.
9. Cavabdeh Bakı şəhəri Cavabdeh2 də iddiaya etiraz edir və bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetin 21 dekabr 2012-ci il tarixli, 345a Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyul tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”na əsasən və su təchizatı, kanalizasiya şəbəkəsi və qurğularının idarə edilməsi məqsədi ilə Nazirlik, Komitə, şəhər, rayon icra hakimiyyəti orqanları və digər aidiyyəti dövlət təşkilatlarının balansında olan xarici su təchizatı və kanalizasiya şəbəkə gurğuları və həmin təşkilatların mənzil fondunda olan çoxmənzilli yaşayış binalarının daxili su təchizatı və kanalizasiya sistemləri Cavabdeh1 balansına verilmişdir. Beləliklə, su sayğacına qədər su axıdılması hadisəsi baş veribsə Cavabdeh1 ASC cavabdehdir, su sayğacından sonra su axıdılması hadisəsi baş veribsə mənzilin və ya qeyri-yaşayış sahəsinin mülkiyyətçisi cavabdehdir. Həmçinin, Rayon İcra Hakimiyyətinin balansında yaşayış sahəsi və digər təyinatlı tikililər yoxdur. Azərbaycan Respublikasının Prezdentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”nin 1.6-cı bəndinin 2-ci hissəsinə əsasən rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının yanında olan orqanların və tabeliyində olan hüquqi şəxslərin müvafiq şəhər rayonunun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) ikili tabelikdədir - onlar həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabedirlər.
10. Sonradan iddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilmiş və 1700 manat pul vəsaitinin və 60 manat mediasiya xərcinin Cavabdeh1 ASC-dən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-227/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
12. Cavabdeh1 ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2.1, 2.1.1-ci maddələrin tələbindən göründüyü kimiCavabdeh1 ASC yalnız balansında olan su təchizatı və kanalizasiya qurğularına xidmət göstərir və onlara görə məsuliyyət daşıyır. Ona görə də, istehlakçının mülkiyyətində yerləşən su xətlərinə nəzarəti özü həyata keçirdiyindən bununla bağlı yaranan problemlərə görə cavabdehlik ona məxsusdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz etdi.
16. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir
TƏTBİQ EDİLƏN HÜQUQ
17. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
18. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
19. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
20. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
21. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
22. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
23. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
24. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
25. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2.1, 2.1.1-ci bəndlərinə görə su təchizatı və kanalizasiya müəssisəsi (STKM) balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək vəzifəsini daşıyır. 27.Həmin Qaydaların 1.2.8-ci bəndinə görə balans mənsubiyyəti sərhədi – STKM tərəfindən suyun istehlakçıya çatdırılma məntəqəsində STKM və istehlakçı arasında müqavilə ilə su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
30. Belə ki, Mülki Məcəllənin 936.1, 936.2, 936.5-ci maddələrindən müəyyən edilir ki, sığortaçının subroqasiya hüququ sığortalıya zərərvuran şəxs və ya zərərin vurulmasına görə məsuliyyət daşıyan şəxsə qarşı yaranır.
31. Mülki Məcəllənin 21.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinin mənasına görə isə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
32. Eyni zamanda, Mülki Məcəllənin 1097.3-cü maddəsində zərərvuranın təqsirsiz məsuliyyəti müəyyən edilmişdir. Lakin həmin madənin tələblərinə görə obyektiv surətdə hüquqa zidd əməl üçün məsuliyyət qanunla müəyyən edilməlidir.
33. Beləliklə, hazırki iddianın əsaslı hesab edilməsi üçün müəyyən edilməlidir ki, sığorta hadisəsi cavabdehin qanunsuz və təqsirli hərəkətləri nəticəsində baş vermiş və ya həmin hadisənin baş verməsinə görə cavabdeh qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
34. İddiaçı tərəfindən həmin hadisənin cavabdehin qanunsuz və təqsirli hərəkətlərinə görə baş verməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.
35. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, baş vermiş subasma hadisəsinə görə cavabdeh obyektiv surətdə hüquqa zidd əməl üçün məsuliyyət daşıyır.
36. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2.1, 2.1.1-ci bəndlərində müəyyən edilmişdir ki, su təchizatı və kanalizasiya müəssisəsi (STKM) balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək vəzifəsini daşıyır. 37.Həmin Qaydaların 1.2.8-ci bəndində isə göstərilmişdir ki, balans mənsubiyyəti sərhədi – STKM tərəfindən suyun istehlakçıya çatdırılma məntəqəsində STKM və istehlakçı arasında müqavilə ilə su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsidir. 38.Bu baxımdan kollegiya qeyd edir ki, baş vermiş hadisənin mənbəyi və bundan asılı olaraq məsuliyyətin kimin üzərində olması halı müəyyən edilməlidir. 39.Bakı şəhər Nəsimi RİH 48 saylı MKİS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən Ə.Quliyev küçəsi, ev 133 ünvanının yarımzirzəmisində yerləşən Nümayəndə2 məxsus qeyri-yaşayış sahəsinə binanın həyətində olan ümumi kanalizasiya xəttinin tutulması nəticəsində çirkab suları torpağa axmış və əmlakın daxilində sular yığılmışdır. Bu səbəbdən istinad divara, divar örtüklərinə, döşəmə üzərində olan laminat örtüklərə maddi ziyan dəymişdir.
40. Beləliklə, qeyd olunan atayışa əsasən müəyyən edilir ki, ünvan 2 ünvanının yarımzirzəmisində yerləşən Nümayəndə2 məxsus qeyri-yaşayış sahəsinə zərərin dəyməsinə səbəb həmin binanın həyətində olan ümumi kanalizasiya xəttinin tutulması olmuşdur.
41. Azərbaycan Respublikası Nazirlər Kabinetin 21 dekabr 2012-ci il tarixli, 345a Sərəncamında isə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2007ci il 6 iyul tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”na əsasən və su təchizatı, kanalizasiya şəbəkəsi və qurğularının idarə edilməsi məqsədi ilə Nazirlik, Komitə, şəhər, rayon icra hakimiyyəti orqanları və digər aidiyyəti dövlət təşkilatlarının balansında olan xarici su təchizatı və kanalizasiya şəbəkə gurğuları və həmin təşkilatların mənzil fondunda olan çoxmənzilli yaşayış binalarının daxili su təchizatı və kanalizasiya sistemləri Cavabdeh1 balansına verilmişdir.
42. Göründüyü kimi binanın həyətində olan ümumi kanalizasiya xətti cavabdehin balansındadır. Belə olan halda isə, o həmin xətlərin salamatlığına, lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsinə məsuliyyət daşıyır.
43. Bu baxımdan, kollegiya hesab edir ki, baş vermiş subasma hadisəsinə görə cavabdeh obyektiv surətdə hüquqa zidd əməl üçün məsuliyyət daşıdığına görə, iddiaçı Mülki Məcəllənin 936.1. 936.2. 936.5-ci maddələrinə əsasən həmin hadisə nəticəsində sığortalıya ödədiyi 1700 manat məbləğində sığorta ödənişini subroqasiya qaydasında cavabdehdən tələb etməkdə haqlıdır.
44. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda qeyd edilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
45. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
46. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-227/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov