Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-64/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1211/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3924,15 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumunun “xxxx” MMCdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-1211/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin dəyişdirilməsi və qət hissəsində 3924,15 manatın iddiaçının təqdim edəcək elektron qaimə-fakturası əsasında ödənilməsini əks etdirməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya yalnız ƏDV məbləği ödənilməmişdir. Bu fakt birinci instansiya məhkəməsinin qətnaməsində də öz əksini tapmış, lakin qətnamənin qət hissəsində bununla bağlı qeyd aparılmamış və yalnız cavabdehdən 3924,15 manatın tutulması qət edilmişdir. Halbuki həmin məbləğ Vergilər Məcəlləsinin 153-cü maddəsinə əsasən yalnız təqdim edilmiş EQF əsasında iddiaçının depozit hesabına ödənilməlidir. Belə olan halda məhkəmə iddiaçı tərəfindən elektron qaimə-faktura təqdim edilməklə qeyd olunan məbləğin cavabdehdən tutulmasını qeyd etməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən mübahisəsiz qaydada müəyyən olunur ki, “Performance Center Co” MMC ilə “Retro Holding” MMC arasında 02 may 2018-ci il tarixli avtomobil satışı üzrə C-009-B-PCC-18 nömrəli müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı 1 ədəd 2018-ci il istehsal olan “Chevrolet Niva” markalı nəqliyyat vasitəsini ƏDV daxil olmaqla 25725 manata cavabdehə satmışdır. Həmin müqavilə üzrə 21800,85 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən ödənilsə də, 3924,15 manat məbləğində ƏDV bu günə qədər ödənilməmişdir. İddiaçı həmin məbləğin ödənilməsini tələb edir. Cavabdeh iddianı etiraf edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 52.2, 52.5, 191.1, 191.3, 220.4-cü maddələrindən müəyyən olunur ki, iddia tələbinin etiraf edilməsi cavabdehin hüququdur. Cavabdeh bu hüquqdan istifadə etdikdə, yəni iddia tələbini etiraf etdikdə isə məhkəmə iki məsələni araşdırılmalıdır - birincisi bunun qanuna zidd olub-olmaması, ikincisi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozub-pozmaması. Yalnız bu hallar və ya onlardan hər hansı biri müəyyən olunduqda məhkəmə iddianın etiraf edilməsini qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır. Digər hallarda isə cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən təsdiq edilir, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır və qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hazırkı işdə də cavabdeh tərəfindən iddianın etiraf etməsinin qəbul edilməməsi üçün heç bir əsas yoxdur. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddianın etiraf edilməsini qəbul etmiş və iddia tələblərini təmin etmişdir. Apellyasiya şikayətində qeyd olunan dəlillərə dair kollegiya qeyd edir ki, 3924,15 manat pul vəsaitinin hansı qaydada iddiaçıya ödənilməsi qətnamənin icra mərhələsində həll olunan məsələlərə aiddir. Ona görə də, həmin dəlillərin mübahisənin həllinə hər hansı təsiri yoxdur. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1211/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-64/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-64/2021
26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver