Məhkəmə qərarları › İş №2-2(103)-640/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-640/2024

16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-640/2024 16.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı cavabdehlər Cavabdeh4 və Cavabdeh3 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1134/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı MMC ilə Cavabdeh4 arasında 22 iyun 2021-ci il tarixli 2101/0750 saylı lizinq müqaviləsi bağlanmışdır.

2. Həmin müqaviləyə əsasən, İddiaçı MMC Cavabdeh4 ərizəsinə əsasən onun tərəfindən seçilmiş, təsviri bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə №1-də göstərilən və ümumi dəyəri 44.000 manat olan 1 ədəd **-JY-*** dövlət qeydiyyat nişanlı “DAF FTXF” markalı yük yəhərli dartıcı və **-ZF-*** dövlət qeydiyyat nişanlı “KRONE” tentli furqonu mülkiyyətinə keçirərək, Cavabdeh4 müvəqqəti sahiblik və istifadəsinə verməyi, lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür.

3. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən lizinq obyektinin təhvil-təslimi bu müqavilənin 1 saylı Əlavəsi olan təhvil-təslim aktı ilə rəsmiləşdirilir.

4. Həmin müqavilənin 7.9-cu bəndinə əsasən lizinq alan müqavilə ilə müəyyən edilmiş bütün ödənişləri ödədikdən sonra onun bu müqavilə üzrə öhdəlikləri icra edilmiş sayılır.

5. Həmin müqavilənin 15.1-ci bəndinə əsasən bu müqavilə üzrə lizinqin ümumi müddəti bitdikdən sonra müqavilə üzrə, habelə hesablanmış penya və cərimələrin ödənilməsi üzrə öhdəliklərin yerinə yetirilməsi şərti ilə, lizinq alan lizinq obyektini öz mülkiyyətinə əldə edə bilər.

6. Həmin müqaviləyə aid 2 saylı Əlavəyə əsasən lizinq məbləği 30.800 manat, cəmi lizinq ödənişlərinin məbləği 46.476 manat müəyyən edilmişdir.

7. Həmin lizinq müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin təminatı olaraq İddiaçı MMC ilə Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixli, 2101/0750/ZM-01 saylı zaminlik müqaviləsi bağlanmışdır. Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı MMC cavabdehlər Cavabdeh4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin mülkiyyətində olan **-JY-*** dövlət qeydiyyat nişanlı “DAF FTXF” markalı yük yəhərli dartıcı və 99- ZF-283 dövlət qeydiyyat nişanlı “KRONE” tentli furqonunun Cavabdeh4 qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçı MMC-yə qaytarılması, Cavabdeh4 və X1 İddiaçı MMCnin xeyrinə 22 iyun 2021-ci il tarixli 2101/0750 saylı Lizinq müaviləsinə əsasən xx.xx.2023-ci il tarixə iddiaçıya iddia qaldırılan günə 18.658 manat vaxtı keçmiş əsas lizinq borcu, 5.246 manat vaxtı keçmiş faiz borcu, 8.949 manat hesablanmış penya olmaqla, cəmi 32.853 manat borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 212 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı bildirir ki, Cavabdeh4 22 iyun 2021-ci il tarixli 2101/0750 saylı lizinq müqaviləsinə əsasən 36 ay müddətinə illik 29% faiz olmaqla mütəmadi olaraq hər ay 1.290,70 manat ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, lizinq obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərini pozmuşdur.

10. Cavabdehlər birinci istansiya məhkəməsində iştirak etməmişlər.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1134/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 18.658 manat, mükafat borcu üzrə 3.228 manat, cərimə borcu üzrə 950 manat olmaqla, cəmi 22.836 manat məbləğində pul Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçınə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli Qərarlarındakı hüquqi mövqeyə görə lizinq verən həm verilmiş lizinq məbləğini, lizinq məbləğinə uyğun hesablanmış faiz və dəbbə pulunu tələb etməkdə, həm də lizinq obyektini geri qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda, məhkəmə lizinq məbləğini, lizinq məbləğinə uyğun hesablanmış faiz və dəbbə pulunu təmin edirsə, həm də mövcüd mülki qanunvericiliyə, Ali və Konstitusiya Məhkəmələrinin Plenumlarının Qərarlarına əsasən lLizinq obyektinidə iddiaçıya geri qaytarılmasını da təmin etməlidir. Eyni zamanda məhkəmə hesablanmış faiz və dəbbə pulunu dair hissədə də iddianı tam təmin etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdi.

16. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

18. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

19. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

20. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

21. Həmin Məcəllənin 748-10.1-ci maddəsinin tələblərinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.

22. Həmin Məcəllənin 748-11.1 və 748-11.1.4-cü maddələrinə əsasən lizinq verənin mükafatının məbləği lizinq ödənişlərinin ümumi məbləğinə daxildir.

23. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın təmin edilməmiş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

26. Belə ki, lizinq müqaviləsi üzrə mükafat borcunun tutulması tələblərinin qanuni əsasını Mülki Məcəllənin 747-1-ci maddəsi təşkil edir.

27. Tərəflər arasında bağlanmış müqaviləyə aid 2 saylı əlavədən müəyyən edilir ki, lizinq alan tərəfindən xx.xx.2023-cü il tarixədək ödənilməli olan cəmi mükafat borcu 15.046 manat təşkil edir.

28. İş materiallarında olan maliyyə arayışından görünür ki, lizinq alan tərəfindən müqavilə üzrə ödənilmiş mükafat məbləğləri 11.818 manat təşkil edir.

29. Göründüyü kimi, xx.xx.2023-cü il tarixədək ödəməli olan mükafat borcu 15.046 manat təşkil etdiyindən və lizinq alan tərəfindən 11.818 manat ödəniş edildiyindən cavabdehin qeyd edilən tarixə ödənilməmiş 3.228 (15.046-11.818) manat mükafat borcu qalmışdır.

30. Kollegiya qeyd edir ki, kredit müqavilələrindən fərqli olaraq lizinq müqaviləsi üzrə ödənişlər sabit məbləğdən ibarətdir və ödənişlərin vaxtında aparılıbaparılmamasından asılı deyil. Yəni ödənişlərin gecikdirilməsi cəmi ödənilməli olan məbləğin artmasına səbəb olmur (dəbbə pulu istisna olmaqla).

31. Bu baxımdan, kollegiya hesab edir ki, iddiaçı tərəfindən 3228 manat mükafat borcundan əlavə 2018 manat (5246-3228=2018) məbləğində mükafat borcunun tələb edilməsi əsaslı deyil.

32. Cərimə borcunun tutulması tələblərinə dair qeyd edilir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir.

33. Tərəflər arasında bağlanmış bağlanmış lizinq müqaviləsinin 10.1-ci bəndində də nəzərdə tutulmuşdur ki, lizinq alan müqavilə ilə müəyyən edilmiş müddətdə (7-ci maddəyə əsasən) ödənişləri həyata keçirməlidir. Müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, Lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş əsas borc məbləğinin 0,5% məbləğində cərimə pulunun ödənilməsini tələb edir, Lizinq alan isə onu ödəməyi öhdəsinə götürür.

34. Bununla yanaşı, Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

35. İşin hallarını, yəni cavabdeh tərəfindən aparılmış ödənişlərin məbləğini və tarixlərini, iddiaçının məhkəməyə müraciət etdiyi tarixi, birinci instansiya məhkəməsinin müəyyən etdiyi cərimə məbləğinin (950 manat) əsas borcun 5 % civarında olduğunu və bununla bağlı məhkəmə təcrübəsini nəzərə alaraq kollegiya hesab edir ki, cərimə pulunun tutulması barədə tələblərin təmin edilməyən hissəsində məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır.

36. Eyni zamanda, lizinq obyektinin geri qaytarılması barədə tələblərin təmin edilməməsi barədə nəticə də düzgündür.

37. Belə ki, həmin tələblərin qanuni əsasını Mülki Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddələri təşkil edir.

38. Lakin iddiaçı həmin maddələrə uyğun olaraq lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etməklə cari borcu deyil, lizinq alan tərəfindən həm bütün lizinq ödənişlərinin ödənilməsini, həm də lizinq obyektlərinin geri qaytarılmasını tələb edir.

39. Halbuki, tərəflər arasında bağlanmış müqavilənin 15.1-ci bəndinə əsasən bu müqavilə üzrə lizinqin ümumi müddəti bitdikdən sonra müqavilə üzrə, habelə hesablanmış penya və cərimələrin ödənilməsi üzrə öhdəliklərin yerinə yetirilməsi şərti ilə, lizinq alan lizinq obyektini öz mülkiyyətinə əldə edə bilər.

40. Hazırki qətnamə ilə də müqavilə üzrə ödənilməli olan bütün ödənişlərin lizinq alandan tutulması qət edilmişdir.

41. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 12 yanvar tarixli Qərarına əsasən Lizinq münasibətlərinin inkişaf etdirilməsinin əsas məqsədi lizinq alanın maliyyə durumunun yaxşılaşdırılması, sahibkarlığın təşviq edilməsi, kənd təsərrüfatı mallarının istehsalçılarının maddi və texniki bazasının möhkəmləndirilməsi və yenilənməsi, sahibkarlığı maliyyələşdirmə vasitəsi kimi lizinqdən geniş istifadə edilməsinin həvəsləndirilməsi, ümumilikdə ölkədə rifahın yaxşılaşdırılması və sairdir.

42. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 28 dekabr 2020-ci il tarixli qərarına əsasən Lizinq alan üçün lizinqin cəlbediciliyi məhz lizinq obyektindən gəlir əldə etməklə lizinqin sonunda həmin obyektin onun mülkiyyətinə keçməsi ola bilər və tərəflərin iradə ifadələrinə uyğun olaraq həmin şərt müqavilədə göstərilə bilər. Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlb ediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sonda lizinq alana satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır.

43. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının lizinq müqaviləsi üzrə əsas lizinq məbləğini tam tələb etməklə yanaşı, lizinq obyektlərinin də geri qaytarılmasının tələb etməsi həm qanunun mahiyyətinə uyğun deyil, həm də yuxarıda qeyd edilmiş məqsədlərə nail olmağa maneçilik törədir.

44. Ona görə də, həmin tələblər rədd edilməlidir. Əks yanaşma lizinq verənin əsassız varlanmasına səbəb ola bilər. Çünki belə olan halda lizinq verən həm bütün lizinq ödənişlərini əldə edir, həm də lizinq obyekti onun mülkiyyətində qalmış olur. Eyni zamanda, nəzərə alınmalıdır ki, lizinq obyektlərinin əldə edilərək iddiaçının mülkiyyətinə keçməsi üçün lizinq alan tərəfindən 13200 manat məbləğində avans da ödənilmişdir.

45. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

46. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1134/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar