Məhkəmə qərarları › İş №2-2(103)-641/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-641/2024

12.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-641/2024 12.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə öhdəliyin icra edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 və üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-100/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı hər biri 1 manat olmaqla 10 paydan ibarət olub 100% pay İddiaçı məxsus olmuşdur.

2. Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, 241 ünvanında 2.41305 ha torpaq sahəsi və üzərində yerləşən 27714,8 kv.m qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olmuşdur.

3. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində olan nizamnamə kapitalındakı 100% pul və əmlak şəklində olan təsis payını, yəni nizamnamə kapitalındakı payını və payına uyğun əmlak hissəsini toplam müqavilə qiyməti 13.000.000 manat müəyyən edilməklə notarial qaydada xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə bağlanmış alqı-satqı müqavilələri və müqavilələrə 1 saylı əlavə sazişlərə əsasən Cavabdeh satmış, sonuncu ümumilikdə 9.200.000 manat iddiaçıya ödəniş etmişdir.

4. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təşkilati-hüquqi formasını və adını dəyişmiş və "xxxx" Mənzil-Tikinti Kooperativi kimi fəaliyyət göstərməyə davam etmişdir.

5. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olmuş Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, 241 ünvanında yerləşən torpaq sahəsində "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən yaşayış binaları inşa olunmuşdur. Birinci instansiya məhkəməsindəki icraat

2 İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, 241 ünvanında yerləşən yaşayış binasından ümumi sahəsi 6333 kv.m olan mənzillərin İddiaçı təqdim edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 3 İddiaçı bildirir ki, 19 mart 2020-ci il tarixli 1 saylı Əlavə Sazişin müqavilə şərtlərinə əsasən cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, 241 ünvanda yerləşən yaşayış binasından ümumilikdə 6333 kv.m həcmində mənzilləri layihənin baş planı təsdiq edildikdən sonra iddiaçıya təqdim etməli idi. Yaşayış binalarına dair layihənin baş planı təsdiq edilərək binalar inşa edilsə də, cavabdeh həmin həcmdə mənzilləri iddiaçıya təqdim etməmişdir. 4 Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı “baş planın təsdiq edilməsi zamanı” ilə “baş plan təsdiq edildikdən sonra” anlayışlarını düzgün təfsir etməyərək müqavilədə “baş plan təsdiq edildikdən sonra” qeyd edilməsinə baxmayaraq, baş plan təsdiq edilən zaman, həmin anda və yaxud dərhal qalıq ödənişin alıcıya ödənilməsini tələb edir, müqavilənin öhdəlik və şərtlərinə zidd olaraq baş planın təsdiq edilməsi anına önəm verir. Halbuki qeyd olunan layihə COVİD-19 pandemiya şəraiti səbəbindən xx.xx.2021-ci il tarixdən başlamışdır və bütün müştərilər ilə 36 ay müddətinə müqavilələr bağlanmışdır və 2024-cü ilin sonunadək mənzillərin təqdim edilməsinə dair müştərilər qarşısında satış öhdəlikləri vardır. Cavabdeh hər hansı bir gecikmə olmadan öhdəliklərinin icrasını vaxtında tamamlayacaqdır. Bu barədə iddiaçıya xx.xx.2023-cü il tarixində bildiriş göndərilmiş, mənzillərin dövlət qurumları ilə 2024-cü ilin sonlarında gözlənilən təhvil-təslimi və danışıqlar zamanı qalıq 3.800.000 manat ödənişin pul şəklində ödənilməsinin mümkünlüyü nəzərə alınaraq iddiaçıya xx.xx.2023-cü il tarixli bildiriş üzrə 3.800.000 manat qalıq ödənişin xx.xx.2024-cü il tarixdə 1.000.000 manat, xx.xx.2024-cü il tarixdə 1.000.000 manat, xx.xx.2024-cü il tarixdə 1.000.000 manat, xx.xx.2024-cü il tarixdə 800.000 manat olmaqla ödənilməsi təklif edilmiş, qeyd olunan tarixlərdə iddiaçıya ödəniş edilməzsə, “Avant” yaşayış kompleksindən 3.800.000 manat dəyərə uyğun orta bazar dəyərində mənzil və qeyri-yaşayış sahələrinin proporsional nisbətdə (50% mənzil və 50% qeyriyaşayış sahələsi) iddiaçıya təqdim ediləcəyi bildirilmişdir. Tərəflər "xxxx" MMC-nin təsis paylarını ümumilikdə 13.000.000 manata alqı-satqı etməklə toplam müqavilə dəyərini 13.000.000 manat müəyyən etmiş, müqavilə rəsmiləşdirilən tarixdə cavabdeh iddiaçıya 9.200.000 manat pul şəklində ödəniş etmiş, qalıq 3.800.000 manatın isə baş plan təsdiq edildikdən sonra əmlak şəklində ödənilməsini razılaşdırmışlar. İddia ərizəsində müqavilənin düzgün təfsir olunmaması onunla təsdiqlənir ki, 13.000.000 manat müqavilə dəyərinə hər hansı bir istinad olmadan müqavilə üzrə 6333 kv.m mənzilin təqdim edilməsi şərti mübahisələndirilmişdir. Qeyd olunan müqavilənin qalıq dəyərinin 3.800.000 manat əmlak şəklində təqdim edilməsi razılaşdırılsa da, pul şəklində ödənişə ekvivalentliyini təmin etmək üçün müqavilənin predmetinə köməkçi bənddə qalıq ödənişin pul şəklində 3.800.000 manatdan az olmaması məqsədilə xx.xx.2020-ci il tarixdə müqavilənin bağlanması anında real görünən tikintinin 1 kv.m-nə görə 600 manat ümumi xərcləri nəzərə alınmaqla 6333 kv.m həcmində mənzillərin şərti olaraq təqdim edilməsi müqavilədə qeyd edilmişdir. Müqavilə bağlanan zaman həmin ərazi üzrə mənzillərin 1 kv.m-nin perspektiv satış qiyməti 1800 manat qiymətləndirilmişdir. Müqavilə üzrə 6333 kv.m həcmində mənzillərin İddiaçı verilməsi şərtidir, hərfi məna daşıyır. Müqavilənin 13.000.000 manat ümumi dəyərinin müəyyən edilməsi bu iradə ifadəsinin həqiqi mənasını bir daha təsdiq edir. Qeyd olunan şərtin mahiyyəti qalıq 3.800.000 manat məbləğin iddiaçıya ödənilməsidir. Müqavilənin bütün bəndləri nəzərə alınaraq tam şərtləri ilə təfsir edildiyi zaman başa düşülür ki, müqavilənin o zaman nəzərdə tutulan tikinti xərcləri 1 kv.m üçün 600 manat olmuş, perspektiv mənzillərin satışı 1800 manat nəzərdə tutulmuşdur və 600 manatdan yuxarı hissənin tam bərabər şəkildə bölüşdürüləcəyi şərti isə 1200 manatın tam yarısı, yəni hər bir kv.m 600 manat olmaqla (iddiaçı 6333 kv.m mənzil həcmini qeyd etməklə) qalıq 3.800.000 manat məbləği təşkil etmişdir. Bu da müqavilə şərtləri üzrə İddiaçı mütləq 6333 kv.m mənzil həcminin təqdim edilməsi anlamına gəlmir. Şərti olaraq qeyd edilmiş 6333 kv.m-ə görə 600 manat tikinti xərcləri cavabdehə aid olduğu üçün iddiaçı tikinti xərcləri olan 600 manatı nəzərə alır, ona görə müqavilə şərtlərində satış zamanı satışdan daxil olan məbləğin 1 kv.m-nə görə 600 manatdan yuxarı hissəsinin tərəflər arasında tam bərabər şəkildə bölüşdürülməsi öz təsbitini tapmışdır. Qeyd olunan 6333 kv.m mənzil həcminin satışı da cavabdehə aid satış ofisində həyata keçirildiyi üçün müqavilə şərtləri üzrə iddiaçıya 6333 kv.m mənzil həcminin təqdim edilməsi öhdəliyi yoxdur. 5 Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-100/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. 6 Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri 7 Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə şərtlərində 6333 kv.m hərfi məna daşıyır. Tərəflərin iradə ifadəsinin həqiqi mənası isə müqavilə üzrə qalıq 3.800.000 manat qalıq pulun Cavabdeh tərəfindən İddiaçı ödənilməsidir. Müqavilənin 13.000.000 manat ümumi dəyərinin müəyyən edilməsi də bu iradə ifadəsinin həqiqi mənasını bir daha təsdiq edir. Cavabdeh isə qalıq 3.800.000 manat pul vəsaitlərinin ödənilməsi öhdəliyini qəbul etdiyi kimi həmin məbləğin hansı tarixlərdə ödəniş ediləcəyini də İddiaçı bildirmişdir. Göründüyü kiçi, xx.xx.2020-ci il tarixində 3M-962 saylı təsis payın alqı-satqı müqaviləsinə 1 saylı əlavə saziş iddiaçı tərəfindən yanlış təfsir olunmuşdur. İddiaçının 6.600.000 manat birtərəfli qaydada yazdığı pul tələbi cavabdeh tərəfindən qəbul edilməməsi məhkəmə tərəfindən nəzərə alınmamış, həmçinin cavabdehin də 3.800.000 manat qalıq borcun 2024-cü ilin son aylarında pul şəklində ödənişinə dair təklifi də nəzərə alınmamışdır. Eyni zamanda bütün qeyd olunan əlavə yazışma və danışıqlardan və tərəflərin qarşılıqlı münasibətlərindən də aydındır ki, tərəflərin arasında alqı-satqı münasibətləri olmuşdur. Tam fərqli hər hansı digər münasibətlərin olmasını iddiaçı sübuta yetirə bilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 8 Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. 9 Üçüncü şəxs "xxxx" MTK tərəfindən iddiaya dair etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" MTK pay qoyuluşu əsasında koopertivin 5 üzvünün payçı olması əsasında təsis edilsı də, hazırda kooperativin 80 nəfərdən yuxarı üzvü mövcuddur. Belə olan halda Cavabdeh şəxsi öhdəlikləri üzrə "xxxx" MTK üzvlərinin pay qoyuluşu əsasında Bakı şəhəri, A.M.Şərifzadə küçəsi, 241-ci sahəsində tikintisi həyata keçirilmiş inşalar üzrə mənzillərin digər şəxsə verilməsi bütün payçıların nizamnamədə təsbit edilmiş hüquqlarının pozulmasına əsas verir. Belə ki, istənilən kooperativin üzvü kooperativin gələcək əmlakı barədə özü müstəqil qərar verə bilməz. Kooperativin əmlakı yalnız onun üzvləri arasında kooperativin üzlərinin ümumi yığıncağın qərarı əsasında verilməsi mümkündür. Buna baxmayaraq, kooperativin üzvü Cavabdeh nizamnamənin 7.3-cü bəndində ümumi yığıncağın müstəsna səlahiyyətinə aid hesab edilən məsələ barəsində özü qərar verməklə, "xxxx" MTK-nın üzvü olsa da, ümumi yığıncağın ona hansı mənzillərin verilməsi barədə qərarı olmadan 19 mart 2020-ci il tarixli 1 saylı Əlavə sazişlə borc öhdəliyinin icrası əvəzi olaraq İddiaçı verilməsi barədə razılığa gəlmişdir. Həmçinin, "xxxx" MTK ilə İddiaçı arasında tikintisi kooperativ tərəfindən icra edildikdən sonra ona həmin binada hansısa mənzillərin verilməsinə dair bir razılaşma yoxdur. Eyni zamanda iş materiallarında kooperativin üzvü olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış sazişin icrası məqsədi ilə sonuncuya 6333 kv.m həcmində mənzillərin verilməsi barədə kooperativin üzvlərinin ümumi yığıncağının qərarı yoxdur.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları 10 Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi, üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

11 Mülki Məcəllənin 110.1-ci maddəsinə əsasən kooperativin mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə müvafiq surətdə onun üzvlərinin paylarına bölünür. Kooperativin əmlakı (vəsaitləri) onun əsas fondlarından, dövriyyə vəsaitindən və balansında göstərilən digər maddi dəyərlərdən ibarətdir. Kooperativin əmlakının formalaşdırılması mənbələri onun öz vəsaiti və cəlb edilmiş vəsait ola bilər. Kooperativin öz vəsaitini onun nizamnaməsində nəzərdə tutulmuş əmlak pay haqları, sahibkarlıq fəaliyyətindən, öz vəsaitlərinin banklarda və digər kredit təşkilatlarında, qiymətli kağızlarda yerləşdirilməsindən daxil olan gəlirlər, kreditlər, fiziki və hüquqi şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırır. Kooperativ tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada cəlb edilən vəsaitin həcmi kooperativin ümumi vəsaitlərinin (əmlakının) 50 faizindən çox olmamalıdır. Kooperativin əmlakı onun xüsusi mülkiyyətindədir. Kooperativin üzvü onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün kooperativə verə bilər. Kooperativ ittifaqı onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün onun üzvü olan kooperativə verə və ittifaqın nizamnaməsində müəyyənləşdirilmiş digər məqsədlər üçün istifadə edə bilər. 12 Həmin Məcəllənin 111.3 və 111.3.3-cü maddələrinə əsasən kooperativ üzvlərini qəbul etmək və çıxarmaq kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. 13 Həmin Məcəllənin 111.5-ci maddəsinə əsasən ümumi yığıncaqda qərarlar qəbul edilərkən kooperativ üzvünün bir səsi vardır. 14 Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 15 Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 16 Həmin Məcəllənin 352-ci maddəsinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. 17 Həmin Məcəllənin 391-ci maddəsinə əsasən tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə etibarsızdır, amma müqavilənin gələcək əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna təşkil edir. 18 Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ 19 Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 20 Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. 21 Belə ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində olan nizamnamə kapitalındakı 100% pul və əmlak şəklində olan təsis payını, yəni nizamnamə kapitalındakı payını və payına uyğun əmlak hissəsini toplam müqavilə qiyməti 13.000.000 manat müəyyən edilməklə notarial qaydada xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə bağlanmış alqı-satqı müqavilələri və müqavilələrə 1 saylı əlavə sazişlərə əsasən Cavabdeh satması və sonuncunun ümumilikdə 9.200.000 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi işin mübahisəsiz hallarıdır. 22 Tərəflər arasında olan mübahisə yerdə qalan 3.800.000 manat məblğində pul vəsaitinin ödənilməsi üsulu ilə bağlıdır. 23 Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 3M-251 saylı alqı-satqı müqaviləsinə xx.xx.2021-ci il tarixli 1 saylı Əlavə Sazişin 1.1-ci bəndində qeyd edilmişdir ki, əmlak şəklində 3.800.000 manat məblğində qalıq ödəniş aşağıdakı qaydada İkinci tərəf (cavabdeh) Birinci tərəfin (iddiaçının) xeyrinə təmin edəcəkdir: - layihə üzrə inşa olunacaq hər bir mənzilin 1 kv.m üzrə ümumi xərci 600 manat nəzərə alınmaqla, ümumilikdə 6333 kv.m həcmində mənzillər layihənin baş planı təsdiq edildikdən sonra proporsional qaydada X4 Tərəfə təqdim edəcəkdir. Birinci Tərəf təqdim edilmiş həmin mənzillərin satışı zamanı satışdan daxil olan məbləğin 1 kv.m görə 600 manatdan yuxarı hissəsini isə tərəflər öz aralarında tam bərabər şəkildə bölüşdürəcəklər. Satışın tərəflər arasında qeyd olunan şərtlərini Birinci Tərəf pozduqda, yəni ofisi xaricində satışı həyata keçirdikdə, İkinci Tərəf ilə qarşılıqlı razılaşdırma olmadan satış edildikdə və ya hər hansı bir şəkildə maneə törətdikdə, o zaman İkinci Tərəf müvafiq qaydada təqdim edilmiş mənzillərin miqdarını azaltmaq hüququna malikdir. 24 İddiaçı da müqavilənin həmin şərtinə əsaslanaraq, Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, 241 ünvanında yerləşən yaşayış binasından ümumi sahəsi 6333 kv.m olan mənzillərin ona təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələb irəli sürmüşdür. 25 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. 26 Bu baxımdan, kollegiya qeyd edir ki, ilk olaraq tərəflər arasında bağlanmış müqavilənin və onun şərtlərinin etibarlı olub-olmamasına qiymət verilməlidir. 27 Bununla bağlı kollegiya qeyd edir ki, mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. 28 Mülki Məcəllənin 337.1-ci maddəsində isə müəyyən edilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 29 İşin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 3M-251 saylı alqı-satqı müqaviləsinə xx.xx.2021-ci il tarixli 1 saylı Əlavə Sazişin 1.1-ci bəndində müyyən edilən 3.800.000 manat məblğində qalıq ödənişin əmlak şəklində (ümumilikdə 6333 kv.m həcmində mənzillər təqdim edilməklə) təmin edilməsi barədə müqavilə şərti etibarsız şərtdir. 30 Belə ki, işin mübahisəsiz hallarına görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təşkilati-hüquqi formasını və adını dəyişmiş və "xxxx" Mənzil-Tikinti Kooperativi kimi fəaliyyət göstərməyə davam etmiş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olmuş Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, 241 ünvanında yerləşən torpaq sahəsində "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən yaşayış binaları inşa olunmuşdur. 31 Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələbləri nəzərə alınaraq kollegiya qeyd edir ki, qeyd edilən hallar "xxxx" Mənzil-Tikinti Kooperativinin nizamnaməsi və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Tİ-56/22 №-li Obyektin Tikintisinə İcazə ilə təsdiq olunur. 32 Beləliklə, müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 3M-251 saylı alqı-satqı müqaviləsinə xx.xx.2021-ci il tarixli 1 saylı Əlavə Sazişin 1.1-ci bəndində qeyd edilən ümumilikdə 6333 kv.m həcmində mənzillər cavabdehə deyil, onun payçılarından biri olduğu "xxxx" MTK tərəfindən inşa edilən mənzillərdir. 33 Mülki Məcəllənin 110.1-ci maddəsində və "xxxx" MTK-nın Nizamnaməsinin 12.1-ci bəndində isə müəyyən edilmişdir ki, kooperativin əmlakı onun xüsusi mülkiyyətindədir. 34 Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilənin qeyd edilən şərti mülki qanunvericiliyə əsasən əqdin etibarlı olması üçün zəruri olan “əqdin subyekt tərkibinə aid edilən şərt”ə cavab vermir. Çünki "xxxx" MMC-yə məxsus olmuş Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, 241 ünvanında yerləşən torpaq sahəsində inşa edilən yaşayış binalarındakı mənzillər cavabdehə deyil, "xxxx" MTK-ya məxsus olduğuna görə, MTK-nın payçılarından biri olan Cavabdeh öz adından bağladığı müqavilədə həmin mənzillərə dair sərəncam vermək səlahiyyəti olmamışdır. 35 Bundan əlavə, mənzil tikinti kooperativi tərəfindən inşa olunmuş mənzilin hər hansı şəxs tərəfindən əldə olunması həmin şəxsin kooperativin üzvlüyün qəbul edilməsi yolu ilə həyata keçirilir. 36 Mülki Məcəllənin 111.3, 111.3.3-cü maddələrində və "xxxx" MTK-nın nizamnaməsinin 7.3-cü bəndində isə müəyyən edilmişdir ki, kooperativ üzvlərini qəbul etmək və çıxarmaq kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. 37 "xxxx" MTK-nın nizamnaməsinin 7.3-cü bəndində əlavə olaraq müəyyən edilmişdir ki, kooperativ üzvləri arasında mənzil bölüşdürmək kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. 38 Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin qeyd edilən şərti "xxxx" MTK-nın mülki qanunvericilik və nizamnamə ilə müəyyən edilən korporativ qaydalarına da ziddir. 39 "xxxx" MTK da tərəflər arasında bağlanmış müqavilənin qeyd edilən şərtinə etiraz edir, müqavilənin həmin şərtinin kooperativin nizamnamə ilə müəyyən edilən qaydalarına zidd olduğunu və hazırda 80 nəfərdən artıq olan kooperativ üzvlərinin hüquqlarının pozulduğunu bildirir. 40 İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş çıxarışa əsasən Cavabdeh "xxxx" MTK-nın nizamnamə kapitalında 80 % paya malik olması barədə iddiaçı tərəfin dəlillərinə dair kollegiya qeyd edir ki, həmin payın mövcüd olması cavbdehin öz adından bağladığı müqavilədə kooperativə məxsus əmlak barəsində sərəncam vermək səlahiyyətində olması anlamına gəlmir. 41 Belə ki, Mülki Məcəllənin 111.5-ci maddəsinə əsasən ümumi yığıncaqda qərarlar qəbul edilərkən kooperativ üzvünün bir səsi vardır. 42 Göründüyü kimi kooperativ üzvünün pay haqqının miqdarından asılı olmayaraq ümumi yığıncaqda qərarlar qəbul edilərkən hər bir kooperativ üzvünün bir səsi vardır. 43 Eyni zamanda, "xxxx" MTK-nın nizamnaməsinin 4.4-cü bəndindən görünür ki, kooperativin ilkin pay fondu 1.000.100 manat müəyyən edilmiş, pay fondunda kooperativ üzvlərinin hər bir payının nominal dəyəri 10.001 manat olmaqla, mütləq pay haqqı 1.000.100 manatdan ibarətdir. Cavabdeh nizamnamə kapitalındakı pay haqqı 800.080 manat (800.000 manat əmlak şəklində, 80 manat pul şəklində), 80 pay haqqı, 80 % təşkil edir. 44 Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Tİ-56/22 №-li Obyektin Tikintisinə İcazədən isə müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, 241 ünvanında yerləşən torpaq sahəsində "xxxx" MTK tərəfindən ümumilkdə sahəsi 55.319,56 kv.metrdən ibarət 5 yaşayış binası inşa edilmişdir. 45 Qeyd olunanlardan müəyyən edilir ki, "xxxx" MTK-nın ilkin pay fondu 1.000.100 manat müəyyən edilmiş, Cavabdeh nizamnamə kapitalındakı ilkin pay fondunda 800.080 manatdan ibarət 80 % pay haqqının 800.000 manatı pul şəklində deyil, əmlak şəklində olmuş və "xxxx" MTK tərəfindən ümumilkdə sahəsi 55.319,56 kv.metrdən ibarət 5 yaşayış binası inşa edilmişdir. 46 Göründüyü kimi "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binalarının faktiki olaraq Cavabdeh məxsus pul vəsaiti hesabına inşa edilməsi barədə nəticəyə gəlmək üçün əsaslar mövcüd deyil. Belə olan halda isə tərəflər arasında bağlanmış müqavilənin qeyd edilən şərtinin "xxxx" MTK-nın mülki qanunvericilik və nizamnamə ilə müəyyən edilən korporativ qaydalarına zidd olması şübhə doğurmur. 47 "xxxx" MTK-nın "xxxx" MMC-nin yenidən təşkil edilməsi yolu ilə yaradılması və sonuncunun hüquqi varisi olması ilə bağlı iddiaçı tərəfin dəlillərinə dair kollegiya qeyd edir ki, həmin dəlillər özü-özlüyündə əsassız olmaqla mübahisənin həllinə təsir etmir. Çünki bu hallar nə tərəflər arasında bağlanmış müqavilənin qeyd edilən şərtinin əqdin etibarlı olması üçün zəruri olan “əqdin subyekt tərkibinə aid edilən şərt”inin pozulmasını, nə də "xxxx" MTK-nın mülki qanunvericilik və nizamnamə ilə müəyyən edilən korporativ qaydalarına zidd olmasını aradan qaldırmır. 48 Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələri və müqavilələrə 1 saylı əlavə sazişlərin predmetinin "xxxx" MMC-nin nizamnamə kapitalındakı 100% pul və əmlak şəklində olan təsis payı təşkil etdiyin görə həmin payı əldə edən Cavabdeh iradə ifadəsinin faktiki olaraq "xxxx" MMC-nin iradə ifadəsi olması və sonradan həmin MMC-nin yenidən təşkil edilməsi nəticəsində "xxxx" MTK-nın yaradılması və sonuncunun hüquqi varis kimi həmin müqavilələrdən irəli gələn öhdəliklərinin olması qəbul edilsə belə, müqavilənin qeyd edilən şərti etibarsızdır. 49 Çünki işin mübahisəsiz halı ondan ibarətdir ki, xx.xx.2020-ci il tarixli 3M-251 saylı alqısatqı müqaviləsinə xx.xx.2021-ci il tarixli 1 saylı Əlavə Saziş bağlanılan zaman Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, 241 ünvanında yerləşən torpaq sahəsində hər hansı yaşayış binası inşa edilməmiş və cavabdeh özünə və ya "xxxx" MMC-yə məxsus olan əmlakı barədə deyil, gələcək əmlakının bir hissəsinin iddiaçıya verməsi barədə müqavilə bağlamışdır. 50 Mülki Məcəllənin 391-ci maddəsində isə təsbit edilmişdir ki, tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə etibarsızdır, amma müqavilənin gələcək əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna təşkil edir. 51 Göründüyü kimi xx.xx.2020-ci il tarixli 3M-251 saylı alqı-satqı müqaviləsinə xx.xx.2021-ci il tarixli 1 saylı Əlavə Sazişin faktiki olaraq "xxxx" MMC-nin adından bağlanması qəbul edilsə belə müqavilənin həmin şərti etibarsızdır. 52 Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2020ci il tarixli 3M-251 saylı alqı-satqı müqaviləsinə 1 saylı Əlavə Sazişin 1.1-ci bəndində müyyən edilən 3.800.000 manat məblğində qalıq ödənişin əmlak şəklində (ümumilikdə 6333 kv.m həcmində mənzillər təqdim edilməklə) təmin edilməsi barədə müqavilə şərti etibarsız olduğuna görə iddia özü-özlüyündə əsassızdır. Ona görə də, iddiaya dair cavabdehin dəlilləri araşdırılmadan iddia rədd edilməlidir. 53 Belə ki, Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 54 Eyni zamanda, kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin qeyd edilən şərtinin etibarsız olması onun qalan hissələrinin, yəni bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur. 55 Çünki tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin qeyd edilən şərti daxil edilmədən də müqavilə bağlana bilərdi. 56 Mülki Məcəllənin 352-ci maddəsində isə təsbit edilmişdir ki, əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. 57 Bu baxımdan, kollegiya izah edir ki, iddiaçı tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 3.800.000 manat məblğində pul vəsaitinin ödənilməsini tələb etmək hüququna malikdir. 58 Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir. Məhkəmə xərcləri isə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə iddiaçıya aid edilməlidir. 59 Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-100/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia rədd edilsin. İddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş 1342,98 manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirninov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar