Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-642/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: lizinq müqaviləsi, “res judicata prinsip”i) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X1 Elnur Sabir oğluna qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 04 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 06-LA/17 nömrəli soyuducu kameranın lizinqə verilməsi barədə müqavilə bağlanmışdır.
2. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, lizinq verən dəyəri 1 202 400 manat, tutumu 1500 ton olan soyuducu kamera üçün avadanlıqları quraşdıraraq dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 8 il müddətə lizinqə verir. Eyni zamanda, müqavilənin 1.2ci bəndinə görə, lizinq alan avandanlığın dəyərindən 60 120 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür.
3. Lizinq müqaviləsi və ödəniş qrafiki hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.
4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-590/2024 saylı işi üzrə 19 aprel 2024-cü il tarixli qətnaməsindən məlum olur ki, cavabdehin 31 avqsut 2023-cü il tarixə olan əsas və cərimə borcu tələb edilmiş və qətnamə ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 773 797 manat əsas borc, 25 000 manat dəbbə pulu, 400 manat mediasiya xərci, 500 manat hüquqi yardımla bağlı xərc, ümumilikdə 798 797 (yeddi yüz doxsan səkkiz min yeddi yüz doxsan yeddi) manat məbləğində pulun tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-661/2024 saylı işi üzrə 04 iyul 2024-cü il tarixli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin 19 aprel 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 27 noyabr 2017-cİ il tarixli 06-LA/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi 18 dekabr 2024-cü il tarixə hesablanmış 184 238 (bir yüz səksən dörd min iki yüz otuz səkkiz) manat gecikdirilmiş borcun və hesablanmış 47 349,17 (qırx yeddi min üç yüz qırx doqquz manat 17 qəpik) manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 (beş yüz ) manat, cəmi: 232 087,17 (iki yüz otuz iki min səksən yeddi manat 17 qəpik) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 27 noyabr 2017-ci il tarixli 06-LA/17 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) soyuducu kamera üçün avadanlıqları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə 27 noyabr 2017-ci il tarixli 06-LA/17 nömrəli müqavilə üzrə 184 238 manat gecikdirilmiş borcu və hesablanmış 47 349,17 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi, Cavabdeh nümayəndəsi Vəkil2 iş üzrə icraata xitam verilməsini xahiş etdi.
9. Birinci instansiya məhkəməsinin 04 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 27 noyabr 2017-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 184 238 (bir yüz səksən dörd min iki yüz otuz səkkiz) manat, cərimə borcu üzrə 9000 (doqquz min) manat olmaqla, cəmi 193 238 (bir yüz doxsan üç min iki yüz otuz səkkiz) manat məbləğində pul vəsaitinin, həmçinin hüquqi yardımın göstərilməsinə görə çəkilmiş xərcin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, eləcə də eləcə də dövlət rüsumunun əvəzi olaraq 483 (dörd yüz səksən üç) manat 24 (iyirmi dörd) qəpik məbləğində pul vəsaitinin cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur.
10. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
- Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış lizinq müqaviləsindən irəli gəlir. - Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun borcunu ödəmək vəzifəsi yaranmışdır. - Məhkəmə iş materiallarına əlavə olunmuş ödəniş qrafiki, maliyyə arayışı, hesabdan çıxarışı müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, cavabdehin 18 dekabr 2024-cü il tarixə 27 noyabr 2017-ci il tarixli 06-LA/17 nömrəli müqavilə üzrə 184 238 manat ödənilməmiş əsas borcu qalmışdır. - Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia etiraz edərək, iş üzrə artıq məhkəmə aktının çıxarıldığını, həmin aktın qüvvədə olduğunu, bundan başqa, cərimənin mütənasiblik prinsipinə uyğun hesablanmadığını, yüksək məbləğdə olduğunu bildirmişdir. - Məhkəmə hesab edir ki, cavabdehin etirazı əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-590/2024 nömrəli qətnaməsindən məlum olur ki, cavabdehin xx.xx.2023-cü il tarixə olan əsas və cərimə borcu tələb edilmişdir. İş materiallarına əlavə edilmiş 18 dekabr 2024-cü il tarixli maliyyə arayışından da görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən ödənilməmiş 773 797 manat əsas borc hazırki iş üzrə tələb edilən əsas borca daxil edilməmişdir. - Belə olan halda məhkəmə hesab edir ki, 27 noyabr 2017-ci il tarixli 06- LA/17 nömrəli müqavilyə əsasən əsas borc üzrə üzrə 184 238 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənməlidir. - Məhkəmə lizinq müqaviləsi üzrə dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. - Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. - Məhkəmə hesab edir ki, 27 noyabr 2017-ci il tarixli 06-LA/17 nömrəli müqaviləyə əsasən 184 238 manat əsas borca münasibətdə 9 000 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
11. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 462.1-ci, 467-ci, 747.1-ci, 748-1.12-ci, 748-1.12.4-cü maddələrinə istinad etmişdir.
12. Həmin qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, hazırkı iddia tələbinə artıq Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-590/2024 saylı işi üzrə 19 aprel 2024-cü il tarixli qətnaməsi ilə qiymət verilmiş, belə olan halda isə hazırkı mübahisəyə yenidən baxılması “res judicata” prinsipinə zidd olduğundan məhkəmə prosessual pozuntuya yol vermişdir.
Apellyasiya şikayətinə qarşı etiraz
13. İddiaçının nümayəndəsinin apellyasiya şikayətinə qarşı yazılı etirazı onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir, cavabdehin şikayətdə istinad etdiyi mübahisə ilə hazırki mübahisə eyni tərəflər arasında olsa da, ayrı dövr üzrə borclar tələb olunduğu üçün predmet və əsasları ayrıdır.
Apellyasiya baxışı, izahatlar
14. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
16. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
18. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.
24. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyasının mövqeyi
28. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
29. Cavabdehin apellyasiya şikayətinin dəlilləri, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə icraata xitam verilməsi ilə bağlıdır. Bununla bağlı kollegiya aşağıdakıları qeyd edir.
30. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun təmin edilməsində təməl konstitusion prinsip olan hüquqi müəyyənlik və onun tərkib hissəsi olan “res judicata” prinsiplərinin birgə tətbiqi onu tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın (“A.Əliyevin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 may 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 11 iyun 2019-cu il tarixli Qərarı).
31. Konstitusiya Məhkəməsinin ifadə elədiyi hüquqi mövqeyə əsasən, məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi onun bütün keyfiyyətlərini özündə əks etdirməsini ehtiva edir. Bu isə digər məsələlərlə yanaşı qərarın preyudisial qüvvə alması ilə nəticələnir (“R.Süleymanov və F.Adıgözəlovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2017-ci il tarixli qərarının AR-ının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumu 12 iyul 2018-ci il tarixli Qərarı). Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı sabitliyi təmin etməkdir. Eyni zamanda preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarı). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.
32. Bununla belə, hazırkı mübahisə üzrə yuxarıda qeyd edilən üç meyar qarşılanmır. Hazırkı mübahisə eyni tərəflər və eyni əsaslar üzrə olsa da, iddianın predmeti fərqlidir.
33. Belə ki, cavabdehin istinad etdiyi mübahisədə iddiaçı cavabdehin 31 avqsut 2023-cü il tarixə olan əsas və cərimə borcu tələb etmişdir və həmin icraat çərçivəsində həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi məhz həmin tarixə qədər olan borcla bağlı iddia tələbinə baxmışdır.
34. Hazırkı mübahisə üzrə isə iddiaçı eyni müqavilə üzrə əlavə olaraq, 184 238 manat pul vəsaitini tələb edir, bununla bağlı isə istinad olunan icraatlarda münasibət bildirilməmişdir. Belə olan halda isə iddiaçı hazırkı iddia tələbini qaldırmaqda haqlı olmuş və birinci instansiya məhkəməsinin sözügedən iddia tələbinə baxmaq hüququ olmuşdur.
35. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin olunmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıldır.
36. Kollegiya, apellyasiya şikayəti üçün ödənilən dövlət rüsumunun məbləğini tərəfin özünə aid etməyi məqsədəuyğun sayır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1485/2025 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 04 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği tərəfin özünə aid olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.