Məhkəmə qərarları › İş №2-2(103)-643/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-643/2022

29.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-643/2022 29.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3237/2021 nömrəli iş üzrə 09 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli 06 nömrəli müqavilə üzrə öhdəliyin icra edilməməsi ilə bağlı 116.992 manatın, öhdəliyin icrasının gecikdirilməsinə və ona məxsus pul vəsaitini əsassız olaraq 7 il 6 ay saxladığına görə illik 5% olmaqla 44.452,4 manatın, 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 116.992 manat əsas borc üzrə, əsas borca illik 5% hesablanmaqla 43.872 manat, cəmi 160.864 manat məbləğdə pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğdə pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamənin əsaslarına görə, “İşin araşdırılmış hallarından da, göründüyü kimi borcun 116.992 manat olması cavabdeh tərəfindən üzləşmə akttları ilə etiraf olunduğundan qeyd edilən hissədə iddia əsaslıdır və təmin edilməlidir. İddianın digər hissəsi olan illik 5 faiz hesablanmaqla 44452,4 manat pulun tutulması ilə bağlı aşağıdakılar qeyd edilməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Bu baxımdan məhkəmə hesab edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən cavabdehin pul öhdəliyinin icrasını gecikdirdiyi və eyni zamanda iddiaçının daha böyük məbləği tələb etmək üçün digər əsaslar olmadığından gecikdirilmiş vaxt üçün illik beş faiz həddində iddia qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz hallarından da göründüyü kimi, müqavilənin predmeti olan iş sifarişçi tərəfindən 14 noyabr 2013-cü il tarixdə qəbul edilmiş və həmin tarixdən də İddiaçı MMC-yə borcun ödənilməsi öhdəliyi yaranmışdır. Göründüyü kimi müqavilə üzrə borcun ödənilməsi 7 il 6 ay (14 noyabr 2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək) müddətinə gecikdirilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cavabdehdən gecikdirilmiş 7 il 6 ay vaxt üçün illik beş faiz pul tutulmalıdır. Həmin məbləğ isə 43.872 manat (116.992 x 5% = 5849,6; 7 il üçün 40.947,2 + 6 ay üçün 2924,8 = 43.872) təşkil edir. Ona görə də qeyd edilən hissədə iddia qismən təmin edilməlidir.” Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmənin istinad etdiyi Plenum Qərarında iddia müddətinin kəsilməsinə səbəb olah hallar içərisində də üzləşmə aktı göstərilməmişdir. Məhkəmənin həmin qərara əsaslanmasını əsassız hesab edir. Məhkəmənin istinad etdiyi Konstitusiya Məhkəməsinin Plenum qərarında borclunun kreditora hər hansı bir borcun etirafı barədə məktubu haqqında göstəriş yoxdur. Əgər olsa belə cavabdeh tərəfindən kreditora borcun ödənilməsi barədə məktub göndərilməmişdir. Azərbaycan Respublikasının Konstitusiya məhkəməsinin və digər məhkəmələrinin formalaşdırdığı hüquqi mövqeyə görə üzləşmə aktı iddia müddətinin kəsilməsinə səbəb olmur. Buna baxmayaraq məhkəmə bir cümlə ilə hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında tərtib edilmiş üzləşmə aktı iddia müddətinin kəsilməsinə səbəb olmuş və nəticədə nəinki aktlarda göstərilən məbləğ, həmçinin faiz borcu da ödənilməlidir. İddiaçının 2013-cü ildə tarixdə imzalanmış işlərin təhvil aktından keçən 8 ildə yalnız bir xx.xx.2021-ci il tarixli Qarşılıqlı borcların üzləşdirilməsi aktını təqdim etməklə iddia müddətinin kəsilməsi qənaətinə gəlməsi əsassızdır. Belə ki, həmin aktda cavabdeh tərəfindən hər hansı vaxta pulun ödənilməsi öhdəliyi götürülməmişdir. Göstərilən akt Konstitusiya Məhkəməsinin və apellyasiya məhkəmələrinin də qeyd etdiyi kimi iddia müddətinin kəsilməsi üçün əsas deyil. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-1170/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia rədd edilmişdir. Həmin qətnamə ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)- 127/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayəti qəbul etməyib, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. İlk olaraq, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, “43. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin tələbləri baxımından mülki hüquq subyekti olan fiziki şəxslərlə müqayisədə hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən müvafiq rekvizitlərə malikdirlər. Hazırki halda, bşin məhkəmələr tərəfindən müəyyən edilmiş, mübahisələndirilən hallarına görə iddiaçının 2013-cü il 20 aprel tarixli müqavilə üzrə iddia etdiyi 116.992 manat məbləğində borca dair 2015-2021-ci illərdə, hər iki tərəfin rəhbərlərinin və baş mühasibləri tərəfindən imzalanmış, möhürlə təsdiq olunmuş üzləşmə aktları tərtib edilmişdir (bax yuxarıda § 4). ...

45. Müqavilədən yaranmış borcun mövcudluğuna dair üzləşmə aktlarının tərtib edilməsinin, müqavilə tələbləri üzrə iddia müddətinin axımını kəsib-kəsməməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ««Xəyal» kəndli fermer təsərrüfatının başçısı Ə.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə dair İşlər üzrə Məhkəmə Kollegiyasının 08 yanvar 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 2005-ci il 01 fevral tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən «…birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş işin faktiki hallarından görünür ki, 1995-1996-cı illərdə bağlanmış kontraktasiya müqavilələri üzrə "xxxx" ASC-nin «Xəyal» KFT qarşısında yaranmış borcu həmçinin 23 dekabr 1999-cu il tarixdə tərəflər arasında tərtib olunmuş üzləşmə aktında da etiraf olunmuşdur. Belə olan halda aydındır ki, tərəflər arasındakı hüquq münasibətləri həmin andan təzələnmişdir».

46. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 2 aprel tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 28 noyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən, «…mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi və borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi; əsas borc üzrə faizin köçürülməsi; kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər).

47. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia olunan borcun hər iki tərəfin möührəlri və səlahiyyətli şəxslərinin imzaları təsdiq edilmiş üzləşmə aktlarının tərtib edilməsini borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər kimi qiymətləndirməməklə, həm MPM-nin 80, 81, 88-ci maddələrinin, MM-in 380-ci maddəsinin tələblərinə əməl etməmiş, həm də gəlinən nəticə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2005-ci il 01 fevral və 2018-ci il 28 noyabr tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelərə uyğun olmamışdır. Odur ki, işin yeni apellyasiya baxışı zamanı sübutların qiymətləndirilməsinə dair prosessual qanunvericiliiyin tələblərinə əməl edilməli, işin müəyyən olunmuş hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməlidir.” MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında şərh edilən göstərişlərin icrası bağlı sonrakı xüsusatları qeyd edir.

İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, tərəflər arasında xx.xx.2013-cü il tarixdə 06 nömrəli podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, icraçı (iddiaçı) Naftalan şəhərində “Qonaq evi”ni inşa edib, sifarişçiyə (cavabdehə) təhvil verməyi öz üzərinə götürmüşdür. Layihənin ümumi dəyəri 143.650 manatdır. Cavabdeh müqavilə üzrə cəmi 26.658 manat ödəniş etmiş, qalan 116.992 manat ödənilməmiş qalmışdır. Qeyd edilən layihə sifarişçiyə xx.xx.2013-cü il tarixli aktla təhvil verilmişdir. İşin digər müəyyən olunmuş halları isə ondan ibarətdir ki, tərəflərin imzaladığı və möhürlə təsdiq etdiyi xx.xx.2014-cü il tarixli Qarşılıqlı borcların üzləşdirilməsi aktı ilə cavabdeh iddiaçıya xx.xx.2014-cü il tarixə 169.507 manat borcunun olduğunu, xx.xx.2014cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktı ilə xx.xx.2014-cü il tarixə 139.507 manat borcunun olduğunu, xx.xx.2015-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktı ilə xx.xx.2015-ci il tarixə 116.992 manat borcunun olduğunu, xx.xx.2015-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktı ilə xx.xx.2015-ci il tarixə 116.992 manat borcunun olduğunu, xx.xx.2016-cı il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktı ilə xx.xx.2016-cı il tarixə 116.992 manat borcunun olduğunu, xx.xx.2016-cı il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktı ilə xx.xx.2016-cı il tarixə 116.992 manat borcunun olduğunu, xx.xx.2017-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktı ilə xx.xx.2017-ci il tarixə 116.992 manat borcunun olduğunu, yanvar, 2018-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktı ilə xx.xx.2018-ci il tarixə 116.992 manat borcunun olduğunu və xx.xx.2021-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktı ilə xx.xx.2021-ci il tarixə 116.992 manat borcunun olduğunu etiraf etmişdir. Cavabdeh xx.xx.2006-cı il tarixdə 0106-P201-45150 nömrə ilə dövlət qeydiyyatına alınmışdır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir; Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır; Maddə 769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından və Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeyə uyğun qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında olan podrat-hüquq münasibətləri müqavilə əsasında yarandığına və onların öhdəlikləri də müqavilədən irəli gəldiyinə görə hazırkı iddia tələbinə Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən olunmuş 3 illik iddia müddəti tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli və xx.xx.2008-ci il tarixli qərarlarında iddia müddətləri ilə bağlı ifadə edilmiş hüquqi mövqelərə görə, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Qanunda iddia müddətinin axımının başlanması anının xüsusi tənzimlənməsi, onun dayandırılması və kəsilməsinin məhdud dairəsinin müəyyən edilməsi məhz subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Baxılan işdə iddia müddətinin tətbiqinə dair nəticə cavabdehin ondan tələb olunan borcun ödənilməsindən heç vaxt imtina etməməsi, əksinə, hər il həmin borcun mövcudluğunun və ödəniləcəyinin təsdiqi kimi tərəflər arasında qarşılıqlı üzləşmə aktlarının tərtib edilməsi səbəbindən iddia müddətinin axımının kəsilməsi ilə bağlıdır ki, bu hala tətbiq olunmalı norma Mülki Məcəllənin 380-ci maddəsidir. Həmin maddədə iddia müddətinin axımının kəsilməsinin iki əsası nəzərdə tutulur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi və borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Normanın mənasına görə iddia müddətinin axımının kəsilməsi onu nəzərdə tutur ki, iddia müddəti hesablanmağa başlamışdır, müddətin axımı davam edir və müddət hələ bitməmişdir, iddia müddətinin axımının kəsilməsinə əsas verən hərəkətlər iddia müddətinin axımının davam etdiyi dövrdə baş verməlidir. Nəzərə alınsa ki, mülki hüquq subyekti olan fiziki şəxslərlə müqayisədə hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla, öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən müvafiq rekvizitlərə malikdirlər. Hazırkı halda, işin müəyyən edilmiş hallarına görə 116.992 manat məbləğdə borca dair 2014-2021-ci illərdə, hər iki tərəfin rəhbərləri və baş mühasibləri tərəfindən imzalanmış, möhürlə təsdiq olunmuş üzləşmə aktları tərtib edilmişdir. Müqavilədən yaranmış borcun mövcudluğuna dair üzləşmə aktlarının tərtib edilməsinin müqavilə tələbləri üzrə iddia müddətinin axımını kəsib-kəsməməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “”Xəyal” kəndli fermer təsərrüfatının başçısı Ə.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə dair İşlər üzrə Məhkəmə Kollegiyasının 08 yanvar 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2005-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən “… birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş işin faktiki hallarından görünür ki, 1995-1996-cı illərdə bağlanmış kontraktasiya müqavilələri üzrə "xxxx" ASC-nin “Xəyal” KFT qarşısında yaranmış borcu həmçinin xx.xx.1999-cu il tarixdə tərəflər arasında tərtib olunmuş üzləşmə aktında da etiraf olunmuşdur. Belə olan halda aydındır ki, tərəflər arasındakı hüquq münasibətləri həmin andan təzələnmişdir”. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2018-ci il tarixli Qərarında göstərilmişdir ki, “Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.” Beləliklə də, podrat müqaviləsinə əsasən razılaşdırılmış muzdun ödənilməsi ilə bağlı götürdüyü öhdəliyi pozaraq, vaxtında icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (sifarişçi) müqavilə üzrə iddiaçıya (podratçıya) olan borcunu ödəməlidir. Çünki, ilki xx.xx.2014, sonuncusu isə xx.xx.2021-ci il tarixli olan qarşılıqlı borcların üzləşdirilməsi aktları Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli Qərarında şərhini verdiyi borcun etiraf olunması halıdır, həmin aktlarla 3 illik iddia müddəti kəsilmiş və yenidən başlamış, iddia isə xx.xx.2021-ci il tarixdə verilmişdir. Bu mənada, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri razılaşmır. Belə ki, cavabdeh tərəfindən iddiaçıya borcun ödənilməsi barədə ayrıca məktub göndərilməsə də və üzləşmə aktlarında cavabdeh tərəfindən hər hansı vaxta pulun ödənilməsi öhdəliyi götürülməsə də, Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli Qərarında istinad olunan məktub və teleqram borclunun yazılı qaydada borcu etiraf etməsini göstərən digər hərəkətlərində ifadə olunmuş mühüm halları, o cümlədən üzləşmə aktlarını da əhatə edir.

MPM-in: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı qismən təmin etməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuşdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3237/2021 nömrəli iş üzrə 09 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR Vidadi Məmmədov Elnur Həsənov Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar