Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-643/2024 09.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinovdan və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2975/2024 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Dövlət Müəssisəsinin dövlət büdcəsinə olan 508.141,26 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəçi bildirir ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Dövlət Müəssisəsinin (VÖEN: **********) dövlət büdcəsinə 508141,26 manat məbləğində (o cümlədən vergilər üzrə 320351,94 manat, faizlər üzrə 187655,76 manat, maliyyə sanksiyası üzrə 133,56 manat) borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********904300 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.
3. Maraqlı şəxs ərizəyə etiraz edir və bildirir ki, dövlətin hüquqi şəxsə külli miqdarda borcu vardır, qeyd olunan borc məbləği ödənildiyi təqdirdə tələb olunan vergi borcu ödəniləcəkdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2975/2024 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir.
5. Maraqlı şəxs apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir.
APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apelyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs rəhbəri olduğu "xxxx" Dövlət Müəssisəsinin yuxarı təşkilatı Bakı şəhər İcra Hakimiyyəti, tabeçiliyi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir. İdarənin əsas fəaliyyət növü lift və eskalatorların quraşdırılmasından ibarətdir. "xxxx" Dövlət Müəssisəsi hüquqi şəxs deyildir. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə sərbəst balansa, cari və ya digər hesablara malik olan hüquqi şəxsin digər ayrıca bölməsinin (idarəsinin) uçota alınaraq ona vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməsi idarənin müstəqil hüquqi şəxs kimi çıxış etməsi anlamına gəlmir. Bakı şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilmiş məlumatlardan görünür ki, “Lifttəmir” İstahsalat Birliyi Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan təşkilatdır. "xxxx" Dövlət Müəssisəsi isə “Lifttəmir” İstahsalat Birliyinin strukturuna aid olan qurumlardan biridir. Eyni zamanda, "xxxx" Dövlət Müəssisəsi xx.xx.1994-cü il tarixli nizamnaməsindən görünür ki, "xxxx" Dövlət Müəssisəsi “Lifttəmir” İstahsalat Birliyinin nəzdində yaradılmışdır. İdarə “Lifttəmir” İstahsalat Birliyinin xx.xx.1994-cü il tarixli əmrinə əsasən yaradılmışdır. Qeyd edilmiş nizamnamə “Lifttəmir” İstahsalat Birliyi tərəfindən təsdiq edilmişdir. Odur ki, qanunda İdarənin rəhbərinin deyil, məhz hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırması imkanı nəzərdə tutulduğundan Maraqlı şəxs məsuliyyət daşıya bilməz.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil Piverdi oğlu apellyasiya şikayətini müdafiə etdi.
9. Ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.
11. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ
12. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir.
14. Belə ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsi və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinin tələblərinə görə vergi ödəyicisinin vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması imkanı nəzərdə tutulmuşdur.
15. Həmin maddələrin dispozisiya şərtlərindən də görünür ki, vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə yalnız hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququ məhdudlaşdırıla bilər.
16. Bu baxımdan, kollegiya qeyd edir ki, vergi ödəyicisi hər hansı müəssisə və ya idarə olduğu halda, vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə həmin müəssisə və ya idarənin rəhbərinin deyil, onun tabe olduğu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququ məhdudlaşdırıla bilər.
17. Hazırkı işdə isə maraqlı şəxs hüquqi şəxsin icra orqanın rəhbəri deyil,
18. Belə ki, "xxxx" Dövlət Müəssisəsinin nizamnaməsindən görünür ki, "xxxx" Dövlət Müəssisəsi “Lifttəmir” İstahsalat Birliyinin nəzdində xx.xx.1994-cü il tarixli əmrə əsasən yaradılmışdır. İdarə öz fəaliyyətini mövcüd nizamnamə əsasında həyata keçirir. Həmin nizamnamə “Lifttəmir” İstahsalat Birliyi tərəfindən təsdiq edilmiş, nizamnamədə "xxxx" Dövlət Müəssisəsinin hüquqi şəxs olması qeyd edilməmiş və idarə kimi funksiyaları və hüquqları müəyyən edilmişdir.
19. Ərizəçi tərəfindən təqdim edilmiş hüquqi şəxs haqqında məlumatda isə qeyd edilmişdir ki, "xxxx" Dövlət Müəssisəsinin yuxarı təşkilatı “Lifttəmir” İstahsalat Birliyi, tabeçiliyi Bakı şəhər İcra Hakimiyyətidir.
20. Qeyd olunanlara əsasən müəyyən edilir ki, "xxxx" Dövlət Müəssisəsi hüquqi şəxs deyil, “Lifttəmir” İstahsalat Birliyinin idarəsidir.
21. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsi və Mülki Prosessual Məcəllənin 355- 5.1-ci maddəsinin tələblərinə görə idarənin rəhbərinin deyil, məhz hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırması imkanı nəzərdə tutulduğundan, Maraqlı şəxs isə idarənin rəhbəri olduğundan ona münasibətdə ərizə təmin edilə bilməz.
22. Bu baxımdan kollegiya hesab edir ki, ərizə təmin edilməməlidir.
23. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə ərizə rədd edilməlidir.
24. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2975/2024 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "xxxx" Dövlət Müəssisəsinin dövlət büdcəsinə olan 508.141,26 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Ziya Şirinov
Vüsalə Baxışova