Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-645/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-577/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 02.03.2021-ci il tarixli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən alqı-satqı müqaviləsinə əsasən yaranmış 115600 manat borcun, qaytarılmış borca görə 3 il müddətində 115600 manatın bank faizi olaraq illik 5% olmaqla borcludan borcdan əlavə 14340 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 02.03.2021-ci il tarixli e-2-2(113)-577/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh X5 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə üzrə borcun yaranmasına səbəb cavabdehin qeyd edilən müqavilə üzrə aldığı pul məbləği hesabına həmin obyektin alınması ilə əlaqədar borcunun ödəməsidir. Sonradan ölkədə baş vermiş pandemiya şəraitində obyektin işlədilməsi mümkün olmamış, lakin məhkəmə bu halın cavabdehin iradəsindən kənar hal kimi qiymətləndirməmişdir. Bundan əlavə, məhkəmə faiz borcunu əsas borc məbləğinə mütənasib surətdə azaltmalı olsa da, kifayət qədər qanunsuz hesablanmış faiz borcunu tam olaraq təmin etmişdir. Məhkəmə cavabdehdən tutulmalı olan faiz borcunun düzgün müəyyən edilməsi üçün ekspertiza təyin etməli olsa da, bunu etməmişdir. Bundan əlavə satıcı qismində çıxış edən iddiaçı əşyanın alıcıya çatdırılması öhdəliyini tam icra etməmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında 12 noyabr 2017ci il tarixli AS/3521 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı İddiaçı MMC müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavəsində qeyd olunan modelinə, miqdara və xüsusiyyətlərinə uyğun ümumi dəyəri 115600 manat olan avadanlığını alıcı X3 mülkiyyətinə verməyi, sonuncu isə avadanlığı qəbul edib əvəzində dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri icra etməmiş və 115600 manat məbləğində vəsaiti və həmin vəsaiti vaxtında qaytarmadığına görə 3 il müddətində illik 5% olmaqla hesablanmış 14340 manat faiz borcunu ödəməmişdir. Cavabdeh birinci instansiya məhkəməsində iddianı qismən etiraf edərək, bildirmişdir ki, əsas borc 115600 manat məbləği tam şəkildə etiraf edir, faiz hissədə olan 17340 manat olan hissəni qarşılıqlı şəkildə razılaşma olduğundan, yəni 3000 manat ödəniş etmiş və həmin məbləğin faizdən çıxılması razılaşdırılmışdır. Apellyasiya şikayətində isə cavabdeh iddiaya etiraz edir və öz etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış və həmin Məcəllənin 598.2-ci maddəsinə uyğun olaraq əşyanın dəyərinin hissə-hissə ödənilməsi razılaşdırılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların dəyərini satıcıya tam ödəməyi vəzifəsini yerinə yetirməmişdir (cavabdeh həmin halları birinci instansiya məhkəməsində etiraf etmişdir). Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən 115600 manat məbləğində borcun ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də, həmin hissədə iddia tam əsaslıdır. Həmçinin kollegiya hesab edir ki, əsas borca illik 5 faizlə hesablanmış faiz borcunun tutulması barədə tələblər qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 3.2.1-ci bəndinə əsasən hazırki müqavilə imzalandıqdan sonra alıcı malların ödənişini 31 noyabr 2019-cu ilə qədər ödəməlidir. Göründüyü kimi müqavilə şərtlərinə uyğun olaraq cavabdeh ödənişləri 31 noyabr 2019-cu ilə qədər həyata keçirməli olduğu halda etməmişdir. Həmin tarixdən hazırki iddianın qaldırıldığı 27.11.2020-ci il tarixə kimi 1 il müddətində gecikdirmiş faiz borcunun məbləğ isə 5780 manat təşkil edir (115600 x 5% = 5780). Bununla belə işin mübahisəsiz halıdır ki, hazırki iddia qaldırıldıqdan sonra cavabdeh tərəfindən faiz borcuna 3000 manat ödəniş həyata keçirilmiş və buna görə də, iddiaçı iddia tələbinin faiz borcuna nisbətdə həmin həcmdə azaltmışdır. Bu baxımdan kollegiya hesab edir ki, həmin məbləğ də 1 illik faiz borcundan çıxılmalı və gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 2780 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir (5780 – 3000 = 2780 manat). Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış və həmin hissədə iddianı tam təmin edərək səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin (faiz borcuna aid hissə istisna olmaqla) dəlilləri isə əsassızdır. Belə ki, birinci instansiya məhkəməsində cavabdeh malların təhvil verildiyini və əsas borcu mübahisələndirmədiyi halda, apellyasiya şikayətində bu halları mübahisələndirmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsində təsbit olunmuşdur ki, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh isə qeyd olunan prosessual normanın tələblərinə riayət etməmişdir. Ona görə də, məhkəmə kollegiyasının gəldiyi nəticə yalnız birinci instansiya məhkəməsində tərəflərin istinad etdiyi faktlara və sübutlara əsaslanmışdır. Faiz borcunun məbləğinin müəyyən edilməsi üçün isə xüsusi bilik tələb olunmur və sadə riyazi hesablama aparılmaqla həmin məbləğin müəyyən edilməsi mümkündür. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddianın tam təmin edilməsi və faiz borcunun tutulması hissəsində ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə həmin hissədə iddia qismən təmin edilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmaldır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-577/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 02.03.2021-ci il tarixli qətnaməsi qismən, yəni iddianın tam təmin edilməsi və 14340 manat faiz borcunun tutulması hissəsində ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh X1 2780 manat faiz borcu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə həmin iddia təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-645/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-645/2021
29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver