Məhkəmə qərarları › İş №2-2(103)-645/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-645/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-645/2025 13.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2189/2025 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. "xxxx" MMC (satıcı) "xxxx" MMC (alıcı) arasında xx.xx.2021-ci il tarixli xx-xx/2021 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı ərzaq və qeyri-ərzaq mallarını alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin: 2-ci bəndinə əsasən alqı-satqı obyekti olan malın adı, miqdarı və dəyəri qaiməfakturaya əsasən müəyyən olunur. 3.2.2-ci bəndinə əsasən alıcı sifariş olunan malın dəyərini satıcının təqdim etdiyi elektron qaimə-fakturanı aldıqdan sonra ilk ayı 30 gün, sonrakı aylarda isə 15 iş gün ərzində köçürmə yolu ilə həyata keçirir. 4.7-ci bəndinə əsasən alıcı çatdırılmadan sonra malları yoxlamalıdır və hər hansı bir nöqsan aşkar edilərsə bu barədə satıcıya 48 saat ərzində yazılı məlumat verməlidir.

2. xx.xx.2021-ci il tarixli xx-xx/2021 saylı müqaviləyə 2 saylı əlavə olan Qiymətlərin razılaşma protokolunda malların adı, qutu iş sayı, qutu qiyməti və qəbul olunan ədədin qiyməti göstərilmişdir. Müqavilə və müqaviləyə Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

3. EBDL seriyalı 303977 nömrəli, xx.xx.2023-cü il tarixli dəyəri 9.226,25 manat olan elektron qaimə "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə göndərilmişdir.

4. xx.xx.2024-cü il tarixli üzləşmə aktından görünür ki, "xxxx" MMC ilə "xxxx" MMC müqavilənin tərkib hissəsini təşkil edən xx.xx.2023-cü il tarixli EBDL seriyalı 303977 nömrəli elektron qaimə-fakturada qeyd olunan məhsulların həqiqətən satıcı tərəfindən alıcıya təhvil verildiyini, qarşı tərəfin təhvil aldığını, xx.xx.2024-cü il tarixə borc məbləğinin 6.226,24 manat olduğunu öz imza və möhürləri ilə təsdiq etmişlər.

Birinci instansiya məhkəməsindəki icraat:

5. İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 6.226,24 manat məbləğində əsas borc məbləğinin, 500 manat dəbbə pulunun, 83 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, 05 fevral 2021-ci il tarixində cavabdeh şirkətlə bizim aramızda mal alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə biz satıcı, Cavabdeh MMC isə alıcı qismində çıxış edir. Aramızda bağlanmış müqaviləyə əsasən razılaşdırılmış qiymət əsasında, satıcı olaraq tərəflərindən Cavabdeh MMC-yə salfet məmulatları satılmışdır. Mal Cavabdeh MMC tərəfindən qəbul edilmişdir. Mal qəbul edilərkən alıcı tərəfindən yoxlanılmış, hər hansı bir çatışmazlıq aşkar edilməmişdir. Tərəflərindən cavabdehə elektron qaimə-faktura təqdim edilmiş, həmin elektron qaiməfaktura alıcı olan cavabdeh tərəfindən təsdiq edilmişdir. Beləliklə, tərəflərindən aralarına bağlanmış müqavilənin satıcının hüquq və vəzifələrini özündə ehtiva edən tələbləri yerinə yetirilmiş, müqavilə ilə razılaşdırılmış mal tam şəkildə alıcıya təhvil verilmişdir. Alıcı aldığı malın dəyərinin bir hissəsini ödəsə də 6226.24 manat məbləğində pulu ödəməmişdir. Alıcı faktiki olaraq müqavilə üzrə nəzərdə tutulan öhdəliyi icra etməmişdir.”

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2189/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2021-ci tarixli müqaviləyə əsasən əsas borc üzrə 6.226,24 manat, cərimə borcu üzrə 300 manat, ümumilikdə 6.526, 24 manat məbləğində pulun, dövlət rüsumunun əvəzi olaraq 83 manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Qeyd edilmişdir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan "xxxx" MMC-nin üzərinə düşür. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBDL seriyalı, xx.xx.2023-cü il tarixli 303977 nömrəli dəyəri 9.226,25 manat olan elektron qaimə göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli üzləşmə aktından görünür ki, "xxxx" MMC ilə "xxxx" MMC müqavilənin tərkib hissəsini təşkil edən xx.xx.2023- cü il tarixli EBDL seriyalı 303977 nömrəli elektron qaimə-fakturada qeyd olunan məhsulların həqiqətən satıcı tərəfindən alıcıya təhvil verildiyini, qarşı tərəfin təhvil aldığını, xx.xx.2024-cü il tarixə borc məbləğinin 6.226,24 manat olduğunu öz imza və möhürləri ilə təsdiq etmişlər. Belə olan halda, Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə müvafiq olaraq mallar verilmiş və cavabdehin də, ona verilmiş olan malların dəyərini ödəmək öhdəliyi yaranmışdır. İddiaçı tərəf də, hazırda, cavabdehin 6.226,24 manat borcunun qaldığını bildirir. Cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən pulun ödənilməsinə dair sənədi işə əlavə etməmişdir. Belə olan halda, Məhkəmə hesab etmişdir ki, əsas borc üzrə 6.226,24 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə 500 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd etmişdir. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən əgər alıcı ona satıcı tərəfindən təqdim olunmuş bu müqavilənin 3cü bəndində nəzərdə tutulmuş müddətdə malın dəyərini ödəməzsə, hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0,3% miqdarında penya ödəməlidir. Qeyd olunmuşdur ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırkı işin hallarından görünmüşdür ki, cavabdehin əsas borcuna münasibətdə 300 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 567, 600.4, 462.1, 467-ci maddələrinə istinadla əsaslandırmışdır.

10. Cavabdeh "xxxx" MMC həmin qətnamədən apellyasiya şikayəti verərək şikayətin təmin edilməsini, Bakı Kommersiya məhkəməsinin e-2-2(113)-2189/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin mübahisə edilən halı isə ondan ibarətdir ki, hazırkı iddia üzrə iddiaçı olan satıcı satdığı malları lazımı miqdarda satmamışdır. Belə ki, satıcının satdığı malların tərkibində olan salfetlər lazımı miqdarda olmamış, malların sonradan yoxlanışı nəticəsində məlum olmuşdur ki, hər qutuda salfetlər eyni miqdarda olmalı olduğu halda əskik miqdarda təqdim olunmuşdur. Bu isə satıcının təqdim etdiyi malların lazımı miqdarda olmamasına səbəb olmuş və satıcı tərəfindən müqavilə üzrə öhdəlik lazımınca icra olunmamışdır. Qanuna əsasən isə bu lazımı miqdarda mallar təqdim olunmadıqda alıcı ödənişi ödəməkdən imtina edə bilər. Məhkəmə qeyd edilən halı araşdırmamış və qanunun tələbini pozan qətnamə qəbul etmişdir. Məhkəmə qətnamə qəbul edərkən əsassız olaraq dəbbə pulu hesablamış və əlavə öhdəliyin yaranmasına səbəb olmuş bununlada qeyd edilən maddi normanın tələblərini pozmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

12. Apellyasiya şikayətinə yazılı etiraz olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

13. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

14. Mülki Məcəllənin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -467-ci maddəsinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -595.1-ci maddəsinə əsasən alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. -598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

15. Mülki Prosessual Məcəllənin:

-77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamə yalnız cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslığı iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “Koral İST" MMC (satıcı) "xxxx" MMC (alıcı) arasında xx.xx.2021-ci il tarixli xx-xx/2021 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə mallar təqdim edilmiş, lakin təqdim edilmiş malların dəyərini tam şəkildə ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 6.226,24 manat məbləğində borcu yaranmışdır.

21. Cavabdeh isə iddiaya qarşı etirazını malların sonradan yoxlanışı nəticəsində qutularda salfetlərin sayının əskik olmasının aşkar edilməsi ilə əsaslandırsa da, göstərilən halı sübuta yetirə bilməmişdir. Bundan əlavə mübahisəli mallar cavabdehə 2023-cü il tarixdə təqdim edildiyi halda cavabdeh hal-hazıradək malların miqdarı ilə bağlı müqavilə şərtlərinin pozulması barədə iddiaçıya bildiriş göndərməmiş, eləcə də sözügedən mallarla bağlı göndərilmiş elektron qaiməni düzəliş üçün qaytarmamış və təqdim edilmiş malların miqdarının razılaşmaya uyğun olmaması barədə iddiaçıya başqa formada iradının bildirməmişdir, əksinə xx.xx.2024-cü ildə üzlşmə aktını imzalamaqla borcun məbləği və belə olan halda təqdim edilmiş malların miqdarı və dəyəri ilə razılaşmışdır. Odur ki, məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir.

22. Belə olan halda kollegiya belə qənaətə gəlir ki, iddiaçı Mülki Məcəllənin 598.1 və 567-ci maddələrinə əsasən cavabdehdən alqı-satq müqaviləsi üzrə təqdim edilmiş malların dəyəri olan ƏDV daxil 6.226,24 manat məbləğində pul vəsaitini tələb etməkdə haqlıdır.

23. Digər tərəfdən iddianın öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu tutulması hissəsi ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə malları ödəmək öhdəliyinin icrasının gecikdirilməsi iş materialları ilə öz təsdiqini tapdığından, alqı-satqı müqaviləsində həmin öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də məhkəmənin müəyyənləşdirdiyi dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən 300 manat məbləğində dəbbə pulunun tutulması hissəsində də qətnamə qanuni və əsaslıdır.

24. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət cavabdehə aid edilməlidir.

25. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2189/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumu cabandehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar