Məhkəmə qərarları › İş №2-2(103)-646/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-646/2023

15.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-646/2023 15.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “pul” tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-518/2023 saylı, 30 mart 2023-cü il tarixli qətnaməsindən ilk iddia tələbi üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı MMC ilə Cavabdeh arasında 27 noyabr 2019-cu il tarixli, 038/2019 nömrəli məhsulların nisyə alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünə məxsus 30000 manat dəyərində müxtəlif çeşiddli məhsulları 3 ay müddətinə ödəmək şərti ilə Cavabdeh satmışdır.

2. İddiaçı Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyini və İddiaçı MMC-yə olan borcunun 9254,31 (doqquz min iki yüz əlli dörd manat otuz bir qəpik) manat hissəsini bu günədək ödəmədiyini bildirir.

3. Cavabdeh isə bağlanan xx.xx.2019-cu il tarixli, 038/2019 saylı müqavilənin yalan əqd olduğunu, başqa əqdi pərdələmək məqsədi ilə bağlandığını, etibarsız hesab edilməli olduğunu bildirir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı İddiaçı (İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müqavilə üzrə ödənilməmiş 9254,31 (doqquz min iki yüz əlli dörd manat otuz bir qəpik) manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 100 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 12,54 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2019-cu il tarixli, 038/2019 saylı müqavilənin 1-ci bəndinə əsasən İddiaçı MMC cavabdehə ümumi dəyəri 30000 (otuz min) manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə müqavilənin 2-ci bəndinə əsasən həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən malların dəyərini pul şəklində 3 (üç) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh İddiaçı MMC-nin rəhbərliyinə yazdığı xx.xx.2019-cu il tarixli ərizədə borcunu etiraf etmiş və 3 ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 9254,31 (doqquz min iki yüz əlli dörd manat otuz bir qəpik) manat hissəsini bu günədək ödəməmişdir. İddiaçı mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlə aralarında yaranmış mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün Azərbaycan Respublikasının Mediasiya Şurasına müraciət etmiş, təyin edilmiş mediator vasitəsilə cavabdehlə aralarında yaranmış mübahisənin həlli mümkün olmamışdır. Buna görə də, mediator “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2021-ci il tarixli arayış vermişdir. Mediasiya xərci olan 100 manat məbləğində pul iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir.

6. Eyni zamanda Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 038/2019 saylı müqavilənin etibarsız hesab edilməsi, iddia ərizəsi üçün ödənilən 100 manat dövlət rüsumunun İddiaçı MMC-dən tutularaq Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC-nin iddiasını əsassız hesab edir. Çünki aralarında bağlanan xx.xx.2019-cu il tarixli, 038/2019 saylı müqavilə yalan əqddir, başqa əqdi pərdələmək məqsədi ilə bağlanmışdır və bu səbəbdən də İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. Tərəflər arasında xx.xx.2018-ci il tarixli, xxxxxxx000201 saylı əmək müqaviləsi bağlanmış və əmək haqqı 400 manat olmaqla, Cavabdeh satış üzrə nümayəndə vəzifəsinə işə götürülmüşdür. İddiaçı MMC-də Cavabdeh vəzifə üzrə öhdəliyi mağazalara gedərək, sifarişləri götürmək, həmin sifarişləri mərkəzi sistemə qeyd etmək olmuşdur. Bundan sonra isə həmin sifarişlərdə qeyd edilən məhsullar sürücülər vasitəsilə marketlərə göndərilirdi. Həmçinin İddiaçı MMC-də belə bir qayda da var idi ki, sifarişdə göstərilən - yəni mağazalara çatdırılmalı olan məhsullara dair satış üzrə nümayəndələr ilə müqavilə bağlanılırdı, yəni həmin məhsullara görə satış üzrə nümayəndə məsuliyyət daşıyır. Bu müqavilənin bağlanılması bütün satış üzrə nümayəndələr üçün məcburi şərt idi. Cavabdeh da İddiaçı MMC-nin şirkət daxili şərtinə əməl edərək, İddiaçı MMC-dən götürülüb sifariş üzrə mağazalara çatdırılmalı olan məhsullar barədə xx.xx.2019-cu il tarixli müqavilə bağlamalı olmuşdur. İddiaçı MMC-də işlədiyi müddət ərzində Cavabdeh işi ancaq sifarişləri mağazadan götürmək olmuşdur. Malların mağazalara çatdırılmasını isə o etmirdi. Cavabdeh xx.xx.2020-ci il tarixdə işdən çıxdı və əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə qüvvədən düşmüş hesab edildi. Cavabdeh bir müddət əvvəl bilmişdir ki, İddiaçı MMC ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərə nəzər salanda müəyyən etmişdir ki, iddia ərizəsində həqiqətə uyğun olmayan hallar qeyd edilmiş, xx.xx.2019-cu il tarixli, 038/2019 saylı müqavilə bağlanan zaman Cavabdeh İddiaçı MMC-də satış üzrə nümayəndə işlədiyi, aralarında əmək müqaviləsinin olması, müqavilədə qeyd edilən malların Cavabdeh deyil, mağazalara satılan mallar olması qeyd edilməmişdir. Həmin iddiadan belə görünür ki, güya Cavabdeh İddiaçı MMC-dən nisyə mal almış və onların dəyərini tam ödəməmişdir. Əslində isə Cavabdeh heç vaxt İddiaçı MMC-dən nisyə alqı-satqı müqaviləsi ilə mal almamışdır. Cavabdeh sadəcə öz vəzifə öhdəliklərini yerinə yetirərək müqavilədə qeyd edilən malların sifarişini mağazalardan götürərək mərkəzi sistemə qeyd etmişdir. Həmin məhsullar da sürücülər vasitəsilə mağazalara çatdırılmışdır. Cavabdeh həmin məhsullar üzərində heç bir səlahiyyəti olmamışdır. Cavabdeh ilə İddiaçı MMC arasında “tam maddi məsuliyyət” haqqında müqavilə bağlanmalı olduğu halda İddiaçı MMC öz maddi maraqlarını düşünərək, hüquqi savadsızlığından və etibarından istifadə edib, Cavabdeh tam maddi məsuliyyət barədə şərtləri izah edərək, onunla “məhsulların nisyə alqı-satqısı” müqaviləsi bağlamışdır. Bu səbəbdən də xx.xx.2019-cu il tarixli, 038/2019 saylı müqavilə etibarsız müqavilə hesab edilməlidir.

8. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-518/2023 saylı, 30 mart 2023-cü il tarixli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, ilkin iddia üzrə Cavabdeh 9254,31 manat (doqquz min iki yüz əlli dörd manat otuz bir qəpik) məbləğində borc, 100 (yüz) manat mediasiya xərci və ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 12,54 manat (on iki manat əlli dörd qəpik) olmaqla, cəmi 9366,85 manat (doqquz min üç yüz altmış altı manat səksən beş qəpik) məbləğində pulun ilkin iddia üzrə İddiaçı xeyrinə tutulması, qarşılıqlı iddianın təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir.

9. İlk iddia tələbi üzrə Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-518/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında ilk iddia tələbi üzrə iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

13. İlk iddia tələbi üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq ilk iddia tələbi üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

17. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

18. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 442ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

21. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır.

22. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

23. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarında qeyd olunur ki, hər hansı əqdin (o cümlədən alqı-satqı etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

24. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

25. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

27. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

28. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia tələbi əsaslı, qarşılıqlı iddia tələbi əsassızdır.

31. İddiaçı MMC ilə Cavabdeh arasında 27 noyabr 2019-cu il tarixli, 038/2019 nömrəli məhsulların nisyə alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünə məxsus 30000 manat dəyərində müxtəlif çeşiddli məhsulları 3 ay müddətinə ödəmək şərti ilə Cavabdeh satmışdır.

32. xx.xx.2019-cu il tarixli Təhvil-təslim aktından görünür ki, 27 noyabr 2019-cu il tarixli, 038/2019 nömrəli məhsulların nisyə alqı-satqısı barədə müqaviləyə əsasən aktda adları göstərilən 30000 manat dəyərində məhsullar satıcı – İddiaçı MMC tərəfindən alıcı – Cavabdeh təhvil verilmiş, alıcı tərəfindən isə öz növbəsində təhvil alınmışdır. Akt hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir.

33. Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış ərizədə qeyd edilmişdir ki, onun, yəni Cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış 27 noyabr 2019-cu il tarixli, 038/2019 nömrəli məhsulların nisyə alqı-satqısı barədə müqaviləyə əsasən İddiaçı MMCyə 30000 (otuz min) manat borcu yaranmışdır. İddiaçı MMC-yə olan borcunu etiraf edir və 3 (üç) aya qədər tam şəkildə ödəməyi öhdəsinə götürür. Üzərinə düşən öhdəliyi vaxtında icra etmədiyi halda qanunla məsuliyyət daşımağa razı olduğunu və ərizəni heç bir təsir olmadan özü yazdığını qeyd etmiş, yazılanları imzası ilə təsdiq etmişdir.

34. ƏİA/3 seriyalı, 811870 nömrəli, 10 mart 2020-ci il tarixli mədaxil qəbzinin kötüyündən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 6500 (altı min beş yüz) manat məbləğində ödəniş edilmişdir.

35. ƏİA/3 seriyalı, 811878 nömrəli, 25 iyun 2020-ci il tarixli mədaxil qəbzinin kötüyündən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 7245 (yeddi min iki yüz qırx beş) manat məbləğində ödəniş edilmişdir.

36. ƏİA/3 seriyalı, 811881 nömrəli, 21 iyul 2020-ci il tarixli mədaxil qəbzinin kötüyündən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 7000,70 manat məbləğində ödəniş edilmişdir.

37. İşin hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuş, ilkin iddia üzrə iddiaçı həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etmişdir. Lakin ilkin iddia üzrə cavabdeh müqavilənin şərtlərini pozmuş, öhdəliklərini icra etməmişdir.

38. İlkin iddia tələbi üzrə cavabdeh tərəfindən 9254,31 manat məbləğin ödənilməsi, müqavilə üzrə öhdəliyin icra olunması halına dair heç bir sübut təqdim edilməmişdir.

39. Belə olan halda isə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini təmin etməkdə haqlı olmuşdur.

40. Qarşılıqlı iddiaçı tərəfindən tələbin və etirazın əsası kimi istinad edilən hallara dair heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Nəticə etibarilə qeyd edilən alqı-satqı müqaviləsinin görünüş üçün bağlanması, uydurma əqd olması halının müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, hər hansı əqdin yalnız görünüş üçün bağlanması əslində ona uyğun nəticələr yaratmaq niyyətinin olmaması halını özündə ehtiva edir. İndiki halda isə tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqaviləsi və həmin müqaviləyə əsasən müqavilənin predmeti olan müvafiq məhsulların cavabdeh tərəfindən təhvil alınmasına dair təhvil-təslim aktı mövcuddur, hansı ki həmin aktda cavabdehin qeyd olunan məhsulları təhvil aldığı qeyd olunmuş və bu akta cavabdeh şəxsən özü imza etmişdir. Lakin qarşılıqlı iddiaçı qeyd olunan məhsulları təhvil almadığını, müqavilənin görünüş üçün bağlandığını, əslində belə bir münasibət olmadığını bildirilsə də, qeyd olunan halı təsdiq edən, habelə təhvil-təslim aktını təkzib edən heç bir mötəbər sübutu təqdim etməmişdir.

41. Nəticə etibarilə indiki halda tərəflər arasında bağlanmış müvafiq müqavilənin uydurma əqd olması halının müəyyən edilməsi mümkün olmamışdır. Halbuki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etmək öhdəliyi daşıyır. İndiki halda da qarşılıqlı iddia tələbinin əsası kimi istinad edilən halları sübut etmək öhdəliyi də məhz qarşılıqlı iddiaçının üzərinə düşür. Lakin qarşılıqlı iddiaçı tərəfindən qeyd edilən halların müəyyən edilməsinə dair heç bir mötəbər sübut təqdim edilməmişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqvailəsinin mülki qanunvericiliklə müəyyən edilmiş hər hansı şərtin (subyekt tərkibi, forma, məzmun, iradə ifadəsinə dair şərtlərin) pozulması ilə bağlanması halı müəyyən edilməmişdir.

42. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında əmək münasibətlərinin mövcudluğu, onlar arasında olan nisyə alqı-satqı müqaviləsindən irəli gələn münasibətin formal olaraq yaranması kimi qiymətləndirilməsinə əsas vermir.

43. Qeyd olunan hallara əsasən birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini rədd etməkdə haqlı olmuşdur.

44. Birinci instansiya məhkəməsi, iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında müqavilə 27 noyabr 2019-cu il tarixdə bağlanmış və həmin müqavilənin 3-cü bəndinə əsasən müqavilə üzrə icra müddəti 3 ay müəyyən edilmişdir. İlkin iddia üzrə iddiaçı tərəfindən məhkəməyə hazırkı tələblə bağlı xx.xx.2022-cil tarixdə müraciət edilmişdir. Bundan başqa, xx.xx.2020-ci il tarixdə iddiaçının hesabına ödəniş edilmişdir. Qeyd olunanlara əsasən, hazırkı iş üzrə iddia müddəti ötürülməmişdir.

45. Kollegiya həmçinin bildirir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, işin hallarına əsasən cavabdeh öz könüllü iradəsi əsasında iddiaçı ilə nisyə alqı-satqı müqaviləsi bağlamış, aldığı malların dəyərinin bir hissəsini ödəməklə müqavilənin şərtlərini qəbul etmiş, lakin sonradan öhdəliyini tam icra etməmişdir.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 17 iyul 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə və 199-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinin tələbinə uyğun olaraq, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194-cü maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmədiyindən, işəgötürən həmin Məcəllənin 203-cü maddəsi və 205-ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş qaydada ziyanın ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət edə bilər.

47. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin 199-cu maddəsi ilə işçinin işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı hallar dəqiq göstərilmişdir. Bu baxımdan, məsələ əmək qanunvericiliyi ilə tam tənzimləndiyindən, Mülki Məcəllənin 2.3-cü maddəsinin tələbləri baxımından işçinin işəgötürənə vurduğu ziyan həmin Məcəllənin 882-ci maddəsi ilə nəzərdə tutulan mülki müqavilə ilə rəsmiləşdirilə bilməz. O da qeyd edilməlidir ki, Əmək Məcəlləsinin qeyd edilən 199-cu maddəsi ilə nəzərdə tutulan məhdud hallar sırasında yalnız bir növ müqavilənin - tam maddi məsuliyyət götürülməsi barədə müqavilənin bağlanması göstərilmişdir. Bu növ müqavilənin bağlanması qaydaları isə Əmək Məcəlləsinin 200-cü maddəsi ilə müəyyən edilmişdir. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.

48. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən ilk iddia tələbi üzrə cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

49. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, ilk iddia tələbi üzrə cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

50. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:

İlk iddia tələbi üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-518/2023 saylı, 30 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar