Məhkəmə qərarları › İş №2-2(103)-646/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-646/2025

22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-646/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı ilkin, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının İddiaçı MMC -yə qarşı qarşılıqlı iddia tələblərinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: yükdaşıma xidmətlərinin göstərilməsi müqaviləsi, daşıyıcının daşımanı gecikdirməsi, dəbbə pulu ilə bağlı razılaşma, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “borcun ödənilməsi” barədə ilkin, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının İddiaçı MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 17 mart 2025-ci il tarixli qətnaməsindən Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı MMC (daşıyıcı) ilə Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı (sifarişçi) arasında xx.xx.2024-cü il tarixdə “Yük daşınmasına dair” müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən, sifarişçinin tapşırığı ile daşıyıcı müxtəlif növ yüklərin daşınmasının həyata keçirilməsini və/və ya təşkil edilməsini, sifarişçi isə daşımanın müqabilində daşıyıcıya müvafiq sifarişdə nəzərdə tutulmuş daşımanın dəyərini ödəməyi öhdələrinə götürmüşlər.

2. Müqavilənin 1.2-ci bəndinə əsasən, daşıyıcı bəyan və təsdiq edir ki, onun tələb olunan daşımanın həyata keçirilməsi üçün müvafiq təcrübəsi, yüksək dərəcəli peşəkar heyəti və bütün digər lazımi vasitələri vardır; 1.3-cü bəndinə əsasən, daşımanın yerinə yetirilməsi vaxtı daşıyıcı texniki təhlükəsizlik qaydalarına və ekoloji normalara riayət etməlidir ve fiziki şəxslərin sağlamlığı və həyatı, ətraf mühit, hökumət orqanları, hüquqi şəxslər üçün yarana biləcək zərər üzrə riski öz üzərinə götürür; 1.4-cü bəndinə əsasən, daşıyıcı daşımanı qüsursuz və üçüncü şəxslərin iddialarından azad həyata keçirir.

3. Müqavilənin 2.1-ci bəndində daşıyıcının aşağıdakı hüquqları sadalanmışdır: 2.1.1. sifarişçidən və ya sifarişçinin qeyd etdiyi şəxsdən yükü müşayiət edəcək zəruri sənədləri tələb etmək; 2.1.2. Sifarişçidən və ya sifarişçinin qeyd etdiyi şəxsdən yükün düzgün qablaşdırılmasını tələb etmək; 2.1.3. Sifarişçidən daşıma haqqını tələb etmək.

4. Müqavilənin 2.2-ci bəndində sifarişçinin aşağıdakı hüquqları sadalanmışdır: 2.2.1. daşıyıcıdan təyinat yerinə çatdırılmış yükü təhvil almaq; 2.2.2. Yükün daşınması zamanı daşıyıcıdan zəruri məlumatlan tələb etmək; 2.2.3. Qanunvericilik ve müqavilə ilə nəzərdə tutulmuş digər hüquqlar.

5. Müqavilənin 3.1-ci bəndində daşıyıcının aşağıdakı öhdəlikləri sadalanmışdır: 3.1.1. Tərəflər arasında imzalanmış sifariş üzrə daşımanı tətbiq edilən qanunvericiliyə uyğun olaraq göstərmək; 3.1.2. Yükü müvafiq sifarişdə nəzərdə tutulmuş müddətdə təyinat yerinə çatdırmaq; 3.1.3. sifarişçiyə ya sifarişçinin qeyd etdiyi şəxs tərəfindən verilən sənəd və məlumatlarda aşkar edilmiş çatışmazlıqlar haqqında sifarişçini xəbərdar etmək və yükün çatdırılmasına olan maneələr və yükün təyinat yerinə çatdırılması barədə sifarişçiyə dərhal məlumat vermək,

6. Müqavilənin 3.2-ci bəndində sifarişçinin aşağıdakı öhdəlikləri sadalanmışdır: 3.2.1. yükün daşınması zamanı təyinat məntəqəsinin dəyişməsi barədə daşıyıcıya göstəriş vermək, bu zaman tərəflər arasında razılaşdırılmış əlavə xərcləri ödəmək; 3.2.2. Yükün daşınmasına görə daşıyıcıya daşınma haqqını bu müqavilə ilə müəyyən olunmuş vaxt ərzində ödəmək; 3.2.3. daşıyıcını yükü müşayiət edəcək lazımı sənədlərlə təmin etmək.

7. Müqavilənin 4.1-ci bəndinə əsasən yükün daşıyıcıya təhvili üç tərtib olunmuş qaimə (nəqliyyat növündən asılı olaraq) ilə rəsmiləşdirilir; 4.5-ci bəndinə əsasən qrup halında yüklərin daşınması CMR sənədində qeyd edilmiş gömrük məntəqəsinədəkdir. Sifarişçi yükün boşaldılma ünvanına çatdılırmasını tələb edirsə, bu barədə öncədən sifariş verilərkən daşıyıcıya bildirməlidir; 4.6-cı bəndinə əsasən, əgər yük bayram və ya qeyri-iş günlərində çatdırılmışsa, daşıyıcı sifarişçiyə iş günləri başladıqdan etibarən 72 saat müddət verir. Yük iş günlərində çatdırılmışsa, 72 saatdan sonrakı qeyri-iş günləri üçün də gecikdirməyə görə də cərimə ödəyir. Cərimə məbləği hər gecikdirilmiş gün üçün Avropadan daşınan yüklər üçün 150 (bir yüz əlli) EUR, digər bütün ölkələrdən daşınan yüklər üçün isə 100 (bir yüz) USD təşkil edir.

8. Müqavilənin 4.7-ci bəndinə əsasən, konteynerin dəmiryolu ilə daşınması zamanı, konteyner dəmiryolu stansiyasından maşınlara yüklənərək təyin olunan adresə çatdırıldıqdan sonra 3 saat ərzində sifarişçi tərəfindən boşaldılmalıdır, əks təqdirdə maşının gözlədiyi hər saat üçün əlavə 20 (iyirmi) USD cərimə tətbiq olunacaqdır.

9. Müqavilənin 5.1-ci bəndinə əsasən, daşımaya görə sifarişçi tərəfindən daşıyıcıya ödənilməli olan daşınma haqqı tərəflər arasında müqavilənin tələblərinə uyğun olaraq rəsmiləşdirilən sifarişdə müəyyən edilir. Tərəflər arasında yazılı razılıq olmadıqda daşınma haqqına bu müqavilənin 2-ci bəndində qeyd olunan xərclər və cərimələrdən başqa heç bir əlavə və ya dəyişiklik edilə bilməz.

10. Müqavilənin 6.1-ci bəndinə əsasən, sifarişçi müvafiq sifariş üzrə ödənişi yükün boşaldılacağı ölkədə təyinat gömrük terminalına daxil olduqdan və daşıyıcı tərəfindən hesab-faktura təqdim edildikdən 30 iş günü ərzində daşıyıcının hesablaşma hesabına ödəniş həyata keçirir. Ödənişlər gecikdirilərsə, hesaba daxil olmazsa və ya həyata keçirilməzsə daşıyıcı yükün təhvil verilməmə hüququnu özündə saxlayır, ödənişin gecikdirilmiş hər günü üçün gecikdirilmış məbləğin 0,5%-i qədər əlavə ödəniş hesablanacaq.

11. Müqavilənin 6.4-cü bəndinə əsasən, daşıyıcı müvafiq ay ərzində icra olunmuş sifariş üzrə təhvil-təslim aktlarını, yük-nəqliyyat qaimələrini, hesab və/və ya digər sənədlərini ən gec növbəti ayın 5-nə qədər sifarişçiyə təqdim etməlidir. Daşıyıcı sənədlərdə təhvil verilmə tarixini qoymalıdır. Həmin sənədlərin əsl nüsxələri sonradan təqdim edilmək şərti ilə, elektron poçt vasitəsi ilə skan olunmuş surətləri göndərilə bilər. Daşıyıcı hazırkı bənddə qeyd olunan şərtlərə riayət etmədikdə sifarişçi ödənişlərin gecikdirməsinə görə heç bir məsuliyyət daşımır.

12. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli fakturada yükgöndərən olaraq adı çəkilən filial tərəfindən “Artekon Polska (Polşa)” şirkətinə göndərilən mallar sadalanmış, daşıyıcı şirkət qismində İddiaçı MMC göstərilmişdir.

13. Sözügedən fakturada sadalanan malların bir növü də 1 ədədinin qiyməti 7 Avro, ümumi qiyməti 3528 Avro olan 504 ədəd “Seramik qızdırıcı element topu”dur (istifadə olunan).

14. Yük daşınması ilə bağlı tərtib olunmuş CMR-ə görə, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının göndərdiyi yükün daşıyıcısı İddiaçı MMC-dir.

15. Yük daşınması ilə bağlı tərtib olunmuş CMR-ə görə, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının göndərdiyi yükün digər daşıyıcısı Türkiyə Respubılikasının hüquqi şəxsi olan "xxxx" Anonim Şirkətidir.

16. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının təmsilçisi olan Eren Gündoğan tərəfindən Polşaya göndərilən yüklə bağlı mailto:yesilkag%d0%94%c2%b1t@artekon.com.trElektron ünvan 1 ünvanına xx.xx.2024-cü il tarixdə göndərilmiş e-maildə göstərilmişdir ki, “yükün gömrük işləri bitdi, ... CMR Türkiyədə dəyişəcək (yük bu maşınla Türkiyəyə gələcək, Türkiyədə maşın dəyişəcək, yükü başqa maşına yükləyib Polşaya aparacaqlar). T1, AT.R Türkiyədə hazırlanacaq və Yavuz bəy paylaşacaqdır. ...Yük təxminən 20 günə Polşada olacaqdır. Yük maşını (Tır) bu gecə Bakıdan yola düşəcəkdir”.

17. İddiaçı MMC-nin təmsilçisi (baş direktoru) olan Yavuz Gültekin tərəfindən Zeynəb Vurğun adlı şəxsə (yazışmaların məzmunundan bu şəxsin İddiaçı MMC tərəfindən daşımanın həvalə edildiyi "xxxx" şirkətinin təmsilçisi olduğu aydın olur) ünvanlanmış xx.xx.2024-cü il tarixli e-maildə soruşulmuşdur ki, “...bu gecikmənin səbəbi nədir? Biz sizə 15 gündür yükü təhvil vermişik, amma yük hələ müştəriyə təhvil verilməyib, çox acınacaqlı vəziyyətdəyik, xahiş edirəm ən qısa müddətdə yükləri təhvil verək”.

18. Tərəflərin nümayəndələri arasında, o cümlədən Zeynəb Vurğun adlı şəxslə aparılmış çoxsaylı e-mail yazışmalarının məzmunundan aydın olur ki, yükün Polşaya çatdırılması gecikdirilmiş, buna səbəb kimi yükü aparan "xxxx" şirkətinə məxsus avtomobildə daşınan (yükgöndərənə aid olmayan) başqa bir mala görə avtomobilin Bolqarıstan sərhəddində saxlanıldığı və avtomobilin oradan 8 gündən sonra çıxarıla bilindiyi göstərilmişdir.

19. İddiaçı MMC tərəfindən daşınmaya qəbul edilmiş sözügedən mallar xx.xx.2024-cü il tarixində təyinat yerinə (Polşa Respublikasına) çatdırılmışdır.

20. İddiaçı MMC-nə aid “Elektron ünvan 2 adresindən Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına xx.xx.2024-cü il tarixdə göndərilmiş e-maildə göstərilmişdir ki, “Eren bey, salam. Yük çatdırıldı, zəhmət olmazsa bu həftə ərzində ödənişi edərdiniz”.

21. 04.11.2024-cü il tarixli MT**********62 saylı e-qaimə İddiaçı MMC tərəfindən 4630 manat məbləğində xidmət göstərilməsi ilə bağlı tərtib edilmiş, qaimədə yüklənmə yerinin Bakı, təslim yerinin Polşa, yükün çəkisinin 3520,66 kq, daşıyıcı avtomobillərin dövlət nömrə nişanlarının 34 DFS 148/34 BPL 344 olduğu göstərilmişdir.

22. xx.xx.2024-cü il tarixli xx/xx/2024 saylı proformada, alıcı "xxxx" MMC tərəfindən Seramik qızdırıcı element 60 V G22-4, seramik qızdırıcı element topu 30 V G17-2, seramik qızıdırıcı element topu 30 V G13-03P, seramik qızıdırıcı element topu 30 V Rope, polad lenti 16mm 28 kg və polad lent kilidi 100 ədəd satın alındığı və cəmi ödənişin 3970,44 Avro olduğu qeyd olunmuşdur.

23. Həmin proforma ilə bağlı e-mail yazışmalarından aydın olur ki, göndərilən yükün vəziyyəti ilə bağlı tam məlumat alına bilinmədiyi üçün "xxxx" MMC tərəfindən 11 avqust 2024-cü il tarixində Polşa Respublikasındakı bir şirkətdən qiymət təklifi alınmış, daşımada problem yaşanacağı təqdirdə malların hansı qiymətə alına biləcəyi və hansı vaxt ərzində təhvil veriləcəyi öyrənilmək istənilmiş, 12 avqust 2024-cü il tarixində Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbəri İddiaçı MMC-nin təmsilçisi ilə telefonla danışaraq malların çatdırılma vəziyyətini öyrənməyə çalışmış, ona məlumat veriləcəyi bildirilsə də sonradan məlumat verilməmiş, bu səbəblə 13 avqust 2024-cü il tarixində "xxxx" MMC sözügedən mallar üçün 3970,44 Avro ödəniş edərək malların təhvil verilməsini gözləməyə başlamışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

24. İddiaçı MMC (ilkin iddiaçı) Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına (ilkin iddia üzrə cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 4630 manat daşıma xərcinin, 2000 manat vəkilə ödənilmiş xidmət haqqının və dövlət rüsumu olan 87 manatın ilkin iddia üzrə cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

25. İlkin iddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, onunla Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında xx.xx.2024-cü il tarixdə yük daşınmasına dair müqavilə bağlanmış, müqavilənin şərtinə əsasən o (daşıyıcı), ilkin cavabdehin (sifarişçinin) tapşırığı ilə müxtəlif növ yüklərin daşınmasını həyata keçirməyi və ya təşkil edilməsini, sifarişçi isə daşımanın müqabilində daşıyıcıya müvafiq sifarişdə nəzərdə tutulmuş daşımanın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Müqavilənin 3.2.2-cı bəndinə əsasən sifarişçi yükün daşınmasına görə daşıyıcıya daşınma haqqını müqavilə ilə müəyyən olunmuş vaxtda ödəməyi öhdəsinə götürmüşdür; 6.1-ci bəndinə əsasən “sifarişçi müvafiq sifariş üzrə ödənişi yükün boşaldılacağı ölkədə təyinat gömrük terminalına daxil olduqdan və daşıyıcı tərəfindən hesab-faktura təqdim edildikdən sonra dərhal daşıyıcının hesablaşma hesabına ödəniş həyata keçirir. Ödənişlər gecikdirilərsə, hesaba daxil olmazsa və ya həyata keçirilməzsə daşıyıcı yükün təhvil verilməmə hüququnu özündə saxlayır. Ödənişin gecikdirilmiş hər günü üçün gecikdirilmiş məbləğin 0,5%-i qədər əlavə ödəniş hesablanacaq”. Müqavilə üzrə ilkin cavabdehə tərəfindən yük daşıma xidməti göstərilmiş, xidmətin dəyəri 4630 manat müəyyən edilmiş, bu barədə ilkin cavabdehə elektron qaimə göndərilmiş, qaimə təsdiq olunmuşdur. Hazırda ilkin cavabdehin ümumi borcu 4630 manat təşkil edir, cavabdeh isə borcu ödəməkdən boyun qaçırır. Həmçinin iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün və məhkəmədə pozulmuş hüquqlarının müdafiəsilə bağlı 2000 manat vəkil xidmət haqqı, 87 manat dövlət rüsumu ödəmişdir.

26. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı isə İddiaçı MMCnə qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilkin iddianın rədd olunması, 3970,44 Avro dəymiş zərərin, gecikdirilmiş 20 gün üçün cərimə qismində 2000 ABŞ dollarının, hüquqi yardıma görə ödənilmiş 1400 manatın və 126 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-dən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

27. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, tərəflər arşında xx.xx.2024-cü il tarixdə bağlanmış 457 saylı “X4” üzrə İddiaçı MMC öhdəliklərini lazımınca yerinə yetirməmiş, bunun nəticəsində Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına xeyli miqdarda maddi ziyan vurulmuşdur. İddiaçı MMC Polşa Respublikasına 15 gün ərzində çatdırmalı olduğu yükləri 35 gündən gec müddətə çatdırmış, bunun nəticəsində qarşılıqlı iddia üzrə iddiaçı məcbur qalaraq Polşa Respublikasında görəcəyi işlər üçün 3970,44 Avro dəyərində mal-material almışdır. Halbuki, İddiaçı MMC vaxtında mal-materialı təyin olunmuş ünvana çatdırsa idi, həmin mal-materialın alınmasına zərurət yaranmayacaqdı. Tərəflər arşında xx.xx.2024-cü il tarixdə bağlanmış 457 saylı “X4”nin 3.1.2-ci bəndində qeyd olunmuşdur ki, yükü nəzərdə tutulmuş müddətdə təyinat yerinə çatdırmaq daşıyıcının öhdəliyidir. Bundan başqa həmin müqavilənin 4.6-cı bəndinə əsasən gecikmələrə görə cərimə məbləği hər gecikdirilmiş günə görə, Avropadan daşınan yüklər üçün 150 avro, digər bütün ölkələrdən daşman mallar üçün 100 ABŞ dolları təşkil edir. Belə olduğu halda gecikdirilmiş 20 günün hər bir günü üçün 100 ABŞ dolları cərimə ödəmək İddiaçı MMC-nin borcudur. Nəticə etibarilə Mülki Məcəllənin və xx.xx.2024-cü il tarixdə bağlanmış 457 saylı “X4”nin tələblərinə əsasən İddiaçı MMC onun təqsirindən alınmış mallara görə 3970,44 Avro dəymiş zərəri, gecikdirilmiş 20 gün üçün cərimə qismində 2000 ABŞ dollarını, hüquqi yardıma görə ödənilmiş 1400 manatı ödəməyə borcludur. Qeyd olunan məsələrlə bağlı dəfələrlə ilkin iddiaçının nümayəndələri ilə söhbət aparılmış, amma ilkin iddiaçı öz öhdəliklərini yerinə yetirməkdən yayınaraq və bunların qarşısını alacağını düşünərək məhkəməyə əsassız olaraq müraciət etmişdir.

28. Tərəflərin məhkəmə iclasında iştirak edən nümayəndələri (vəkilləri) ilkin və qarşılıqlı iddia ərizələrinin məzmunlarına uyğun izahatlar verərək müvafiq qətnamə çıxarılmasını xahiş etmişlər.

29. Məhkəmənin şahid qismində dindirdiyi Eren Gundogan ifadəsində göstərmişdir ki, Cavabdeh şirkətinin burdakı təmsilçisidir, şirkətin rəsmi işlərinə - kadr işləri, gömrük və s. işlərinə baxır, rəsmi işçi deyil. Şirkətin rəhbəri qohumudur və onun burdakı bütün işlərini etibarnamə əsasında o görür. İddiaçı şirkətlə 2-3 ildir ki, işgüzar münasibətlər vardır. Bütün danışıqlar ilkin iddiaçının Şirzad adlı nümayəndəsi ilə aparılmışdır. İşləri burda zəif olduğu üçün 15 iyun 2024-cü il tarixində Şirzad bəylə görüşüb burdakı malları Polşaya göndərmək istədiyi barədə danışmış, xidmət haqqını, müddətləri razılaşdırmışlar. Yük 10-15 gün müddətində 2500 avro qarşılığında Polşaya çatdırılmalı idi. Telefon danışıqları, vatsap yazışmaları aparılmışdır. 30 iyulda yük Azərbaycandan çıxmış, onlar təxminən 10 avqust, yəni 10-12 gündən sonra yükün Polşaya çatacağını düşünmüşlər. Lakin yük 04 sentyabr tarixində, yəni 35-40 gün sonra Polşaya çatmışdır. Başa düşəndə ki, yük gecikir və yükün harda olmasını aydınlaşdırmaq üçün onlar şirkət sahibləri, Şirzad bəy, Yavuz bəy, Məmməd bəylə görüşlər təşkil etmişlər. Sonradan öyrənmişlər ki, mal Türkiyəyə çatdırılmış və orada başqa şirkətə təhvil verilmişdir. Bundan sonra yük Polşa Respublikası tərəfə çıxarılmış, Çexiya və ya Bolqarıstan tərəfində yenə də sıxıntı olmuş, yükü təkrar endirib başqa Tıra yükləmişlər və yük Polşaya getmişdir. Lakin orada da müəyyən problemlər yarandığı, Tır birbaşa onların anbarına gedə bilmədiyi üçün yük bir daha başqa Tıra yüklənib anbara göndərilmişdir. Bütün bunlarla bağlı səs yazıları, vatsap, rəsmi e-mail yazışmaları vardır. Bütün yazışmalarda yükün gecikdiyini İddiaçı şirkəti qəbul edir. Mal gəlmədiyi üçün işləri dayanmış, lakin narazılıq olmasın deyə işçilərin pulunu ödəmişlər. İşlər dayanmasın deyə məcbur qalaraq Polşa Respublikasında gördükləri işlər üçün 4000 avroluq malmaterial almış və işlərini davam etdirmişlər. 35-40 gün sonra mallar onlara təhvil verilmiş, ilkin iddiaçı pulun ödənilməsini tələb etmiş, onlar da bildirmişlər ki, malın gec çatdırılmasına görə onlara da ziyan dəymişdir, buna görə ödəniş etməkdən imtina etmişlər. Daha sonra ilkin iddiaçı iddia ilə məhkəməyə müraciət etmişdir. Mallar cavabdehə təxminən 28-29 iyul tarixində verilmiş, 30 iyulda mal Azərbaycandan çıxmış, 13-14 avqustda Polşa Respublikasına çatdırılmalı olduğu halda, 4 sentyabrda çatdırılmışdır. Malın həmin tarixdə təhvil alınmasını təsdiq edən möhürlü SMR-lər vardır.

30. Birinci instansiya məhkəməsinin 17 mart 2025-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialından 4630 manat borc məbləğinin, vəkil xərcinin əvəzi olaraq 500 manatın, dövlət rüsumunun əvəzi olaraq 87 manatın tutulub İddiaçı MMC-yə ödənilməsi, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddiaçının özünə aid edilməsi qət olunmuşdur.

31. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

31.1. İş materiallarından və ilkin iddia üzrə cavabdeh tərəfin izahatından müəyyən olunur ki, daşıma xərci 4630 manat olan xidmət iddiaçı tərəfindən göstərilmişdir, daşınan mallar cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh bildirir ki, daşıma şərtləşdirilmiş müddətdə edilmədiyi, yük gec təhvil verildiyi və bunun nəticəsində ona maddi zərər dəydiyi üçün həmin daşıma xərci ödənilmir. 31.2. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, müqavilədə daşımanın hansı müddətdə həyata keçirilməsi müəyyən edilməmişdir. Lakin cavabdeh tərəfindən təqdim edilən mail-yazışmasından müəyyən olunur ki, müəyyən edilmiş müddətdə deyil, yük daha gec vaxtda çatdırılmışdır cavabdehə. Yenə də, daşıma xidmətinin həyata keçirilməsi işin mübahisəsiz halıdır. 31.3. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla - elektron qaimələr, qaimədə göstərilən xidmətin (gec də olsa) icra edilməsinə və həmin qaimələr üzrə ödənişin olmamasına dair cavabdeh tərəfin etirafı ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 4630 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur. 31.4. Qarşılıqlı iddia tələbinə dair məhkəmə aşağıdakı məqamları qeyd etməyi zəruri hesab edir. 31.5. Qarşılıqlı iddia üzrə iddiaçı ona dəymiş zərərin 3970,44 Avro olduğunu və buna əsas kimi ilkin iddiaçının müəyyən edilən vaxta daşımanı həyata keçirmədiyini, bunun nəticəsində yeni mal sifarişi verildiyini əsas kimi göstərmiş və buna dair məhkəməyə yeni alınan malların siyahısını, ödənişini və mail-yazışmasını təqdim etmişdir. 31.6. Məhkəmə ilkin olaraq qarşılıqlı iddiaçının məhkəməyə təqdim etdiyi yeni alınan malların siyahısı ilə bağlı qeyd edir ki, adıçəkilən 3970,44 avro dəyərində olan məhsulların məhz ilkin iddia üzrə iddiaçı şirkət tərəfindən daşınan mallarla eynilik təşkil etməsi işin halları ilə müəyyən edilmir, məhkəmə prosesi zamanı da qarşılıqlı iddia üzrə iddiaçı tərəfdən də sübuta yetirilməmişdir. Başqa sözlə, qarşılıqlı iddiaçı bildirir ki, iddiaçının onlara çatdırmalı olan malları vaxtında çatdırmadığı üçün məcbur olub eyni malları yenidən alıblar və nəticədə iddiaçıya zərər dəyib. Lakin daşınmalı olan və gec çatdırılan malların və 3970 avro dəyərində alınan malların eynilik təşkil etməsi sübuta yetirilmədi. 31.7. Qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə təqdim edilən e-mail yazışmalarından da göründüyü kimi mailto:yesilkag%d0%94%c2%b1t@artekon.com.trElektron ünvan 1 ünvanına 30 iyul tarixində mesaj göndərilmiş, nəqliyyat vasitəsinin həmin gecə yola düşəcəyi və yükün təxminən 20 gün ərzində Polşaya çatacağı qeyd edilmişdir. Lakin malların alınmasına dair siyahıda isə alış tarixi xx.xx.2024-cü il kimi qeyd olunmuşdur. Yəni qeyd olunan müddət yekunlaşmadan malların alışı həyata keçirilmişdir. 31.8. Bundan əlavə malın alıcısi qismində "xxxx" MMC qeyd olunmuş və həmin malların məhz qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən alınması və buna dair ödənişin də onun tərəfindən ödənilməsi sübuta yetirilməmişdir. 31.9. Daşımanın gecikdirilməsinə görə 2000 ABŞ dolları cərimənin tutulması ilə bağlı məhkəmə qeyd edir ki, mail yazışmasından daşımanın gecikdirilməsi halları müəyyən edilsə də, tərəflər arasında bağlanmış müqvilədə gecikməyə görə sifarişçi tərəfindən icraçıya cərimənin və ya hər-hansı başqa məsuliyyət tədbirinin tətbiq edilməsinə dair hüququnun mövcüdluğu müəyyən edilmir. 31.10.Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 31.11. Beləliklə, hazırki mübahisədə (qarşılıqlı iddiaçının tələbinə dair) nə qanun, nə də müqavilə ilə dəbbə pulunun tətbiq edilməsinə dair şərtlər mövcüd olmadığı üçün qarşılıqlı iddia ərizəsi bu hissədə də təmin edilə bilməz. 31.12.Məhkəmə xərclərinə gəldikdə, iş materiallarından görünür ki, ilkin iddia üzrə iddiaçı tərəfindən 2000 manat vəkil xərci və 87 manat dövlət rüsumu; qarşılıqlı iddiaçı ilə 1400 manat vəkil xərci və 126 manat dövlət rüsumu ödənilmişdir. 31.13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 31.14.Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 31.15.Məhkəmə hesab edir ki, ilkin iddia əsas borc hissəsində tam təmin edildiyindən iş üzrə ödənilmiş 500 manat vəkil xərci və 87 manat dövlət rüsumu, həmçinin qarşılıqlı iddia təmin edilmədiyi üçün qarşılıqlı iddia üzrə ödənilmiş məhkəmə xərcləri ilkin iddia üzrə cavabdehə aid edilməlidir.

32. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 390.1-ci, 427.3-cü, 462-ci, 850.1-ci, 850.2-ci, 851-ci maddələrinə istinad etmişdir.

33. Həmin qətnamədən ilkin cavabdehin (Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının) nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, işin hallarına uyğun olmayan nəticəyə gəldiyini, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini irəli sürmüşdür. Şikayətdə həmçinin aşağıdakılar göstərilmişdir: “Birinci instansiya məhkəməsi işi düzgün araşdırmamış, hətta araşdırma aparmadan, nəticədə müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verməyərək, mübahisənin mahiyyətinə varmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə qətnamənin əsaslandırma hissəsində qeyd etmişdir ki; 1. Malların 20 gün ərzində çatdırılması barədə razılıq olmamışdır. İş materialları ilə tanış olduqda görəcəksiniz ki, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndələri tərəfindən İddiaçı MMC-yə mail göndərilmiş, həmin maildə konkret olaraq malların gömrükdən çıxması, malların 20 gün ərzində çatdırılması və daşınma xərci qeyd olunmuşdur. Həmin maildə bütün şərtlər konkret olaraq yazılmış və İddiaçı MMC tərəfindən etiraz edilmədən qəbul olunmuşdur. Əgər İddiaçı MMC malları 20 gün ərzində çatdıracaqlarını qəbul etmirsə, nə üçün həmin maildə yazılmış digər şərtlərə əməl etməyi tələb edir. Bu onu göstərir ki, göndərilən mallar yola düşməmişdən öncə şərtlər razılaşdırılmış və tərəflər buna etiraz etməmişlər. "Gültekin Logistics” MMC-nin təsisçiləri sonradan yazdıqları maillərdə malların çatdırılmasını gecikdirdiklərini etiraf edərək tezliklə problemin aradan qaldırılacağını da bildirirlər. 2. Məhkəmə qeyd edir ki, “qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə təqdim edilən email yazışmalardan da göründüyü kimi Elektron ünvan 1 30 iyul tarixində mesaj göndərilmiş, nəqliyyat vsaitəsinin həmin gecə yola düşəcəyi və yükün təxminən 20 gün ərzində Polşaya çatacağı qeyd edilmişdir. Lakin malların alınmasına dair siyahıda isə alış tarixi xx.xx.2024-cü il kimi qeyd olunmuşdur. Yəni qeyd olunan müddət yekunlaşmadan malların alışı həyata keçirilmişdir”. Nəzərinizə çatdırırıq ki, məhkəmə iş materialları ilə diqqətli tanış olsa idi görəcəkdi ki, malların alışı xx.xx.2024-cü il tarixdə yox, xx.xx.2025-ci il tarixidir. Yəni ki, artıq tərəf MMC-nin nümayəndələri ilə danışıqlardan əmin olur ki, mallar vaxtında çatdırılmayacaq, buna görə də xx.xx.2025-ci il tarixdə Polşada malları alır, ödənişini edir, bununla bağlı sənədlərin tərcümə olunmuş variantını da məhkəməyə təqdim edir. Əlavə olaraq bildiririk ki, xx.xx.2025-ci il tarixdə İddiaçı MMC-nin nümayəndəsi mail yazaraq malların Polşaya çatdığını bildirmişdir. Yəni ki, göndərilmiş mallar 20 gün ərzində yox, 47 gündən sonra çatdırmışdır. Əgər İddiaçı MMC malları 19-20 avqust tarixlərdə Polşaya çatdırmış olsa idi, o zaman məhkəmə bu yanaşmasında haqlı olardı. Məhkəmənin bu yanaşması əsassızdır, qanunsuzdur. 3. Məhkəmə qeyd edir ki, “Daşınmalı olan və gec çatdırılan malların və 3970 avro dəyərində alınan malların eynilik təşkil etməsi sübuta yetirilmədi”. Nəzərinizə çatdırırıq ki, məhkəməyə təqdim olunmuş Polşaya göndərilmiş malların siyahısına məhkəmə diqqətlə baxsa idi, görəcəkdi ki, həmin siyahının 23-cü bəndində qeyd olunan mallarla Polşadan alınmış mallar eynilik təşkil edir. Məhkəməyə təqdim olunmuş hər iki sənəddə malların adı açıq-aşkar göstərilmişdir və eynilik təşkil edirlər. Məhkəməsinin bu yanaşması da qanunsuz və əsassızdır. Ümid edirik ki, bütün yuxaırda qeyd olunan hallar Apellyasiya Məhkəməsində tam, hərtərəfli, obyektiv araşdırılaraq, işdə olan prosessual və maddi pozuntulara düzgün qiymət verilərək ilkin iddia tələbinin rədd olunması və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul ediləcəkdir”.

Apellyasiya şikayətinə qarşı etiraz

34. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

35. Cavabdeh şirkətinin məhkəmə iclaslarında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, İddiaçı MMC-nin nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

36. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

37. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

38. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

39. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

40. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

41. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

42. Maddə 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır.

43. Maddə 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir.

44. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

45. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.

46. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.

47. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

48. Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.

49. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

50. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

51. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

52. Maddə 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz.

53. Maddə 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.

54. Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

55. Maddə 463.2. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur.

56. Maddə 850.1. X4nə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

57. Maddə 851. Yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir.

58. Maddə 854.1. X4 və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə aşağıdakıları təsdiq edir: 854.1.1. yük göndərən ilə daşıyıcı arasında müqavilə; 854.1.2. bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması; 854.1.3. yük alan tərəfindən yükün qəbul edilməsi; 854.1.4. müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeyd-şərtlər; 854.1.5. yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ; 854.1.6. daşıyıcının yükə girov hüququ.

59. Maddə 854.2. Qaimənin üç orijinalında yük göndərənin və daşıyıcının imzaları və ya ştempelləri olmalıdır. Qaimənin birinci nüsxəsi yük göndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir, üçüncü nüsxəsi isə daşıyıcıya verir.

60. Maddə 854.3. Qaimədə aşağıdakı məlumatlar göstərilməlidir: 854.3.1. bu Məcəllənin 853-cü maddəsində göstərilən məlumatlar; 854.3.2. qaimənin tərtib edildiyi yer və tarix; 854.3.3. yük göndərənin adı və ünvanı; 854.3.4. daşıyıcının adı və ünvanı; 854.3.5. yükləmənin yeri və tarixi; 854.3.6. yük yerlərinin adı və nömrələri; 854.3.7. daşımanın qiyməti (yük daşınması üçün haqq, əlavə xərclər); 854.3.8. zərurət olduqda daşımanın şərtləri barəsində yük göndərənin xüsusi göstərişləri.

61. Maddə 854.4. Zərurət olduqda qaimədə aşağıdakı əlavə məlumatlar da göstərilə bilər: 854.4.1. yükün boşaldılıb başqa nəqliyyat vasitələrinə yüklənməsinin qadağan edilməsi; 854.4.2. yük göndərənin öz hesabına qəbul etdiyi və ya yükü alana avansını verdiyi xərclər; 854.4.3. yük alanın daşıyıcıya ödədiyi dəyər (yükə əlavə edilmiş, yük təhvil verilərkən icra olunmalı ödənişin məbləği); 854.4.4. yükün dəyəri; 854.4.5. yük göndərənin sığorta barəsində təlimatı; 854.4.6. yükün daşınması üçün şərtləşdirilmiş müddətlər; 854.4.7. daşıyıcıya yüklə birlikdə verilmiş sənədlərin siyahısı.

62. Maddə 854.5. Yük göndərən qaimədəki məlumatların dəqiqliyi və tamlığı üçün daşıyıcı qarşısında məsuliyyət daşıyır.

63. Maddə 854.6. Əgər yük göndərən bu Məcəllənin 854.3.2, 854.3.4-854.3.8 və ya 854.4-cü maddələrində nəzərdə tutulan məlumatları yanlış və ya natamam vermişdirsə, bununla əlaqədar bütün zərər üçün daşıyıcı qarşısında məsuliyyət daşıyır.

64. Maddə 854.7. Qaimənin tərtib edilmədiyi, yaxud yanlış və ya natamam tərtib edildiyi, yaxud itirildiyi halda da X4 qüvvədə olur. Müqavilənin iştirakçıları yük daşınması haqqında şərtləşdirdikləri müqavilənin mövcudluğunu və məzmununu sübuta yarayan hər bir vasitə ilə sübut edə bilərlər.

65. Maddə 857. Daşıyıcı yükün çatdırılma yerinə gəlməsi barədə yük alana dərhal bildiriş verməlidir.

66. Maddə 859.1. Yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır.

67. Maddə 859.2. Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır.

68. Maddə 859.3. Əgər daşıyıcı yükün itirilməsinin və ya məhvinin aşağıdakılar nəticəsində baş verdiyini sübuta yetirərsə, bu Məcəllənin 859.1-859.2-ci maddələrində nəzərdə tutulan məsuliyyət tətbiq edilmir: 859.3.1. risk məlum olsa da, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı; 859.3.2. yük göndərənin və ya yük alanın təqsiri və ya göstərişi; 859.3.3. daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar.

69. Maddə 859.4. Daşıyıcı daşımanı tamamilə və ya qismən başqa daşıyıcının vasitəsilə həyata keçirdiyi halda da məsuliyyət daşıyır. Onun daşıma üçün yükü verdiyi daşıyıcıya qarşı reqres hüququ saxlanılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

70. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

71. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

72. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

73. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

74. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır

75. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

76. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

77. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

78. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

79. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

80. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin ilkin iddianın qismən təmin, qarşılıqlı iddianın rədd olunması ilə bağlı hissələrinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq ilkin iddiaçı qətnamədən şikayət verməmiş, ilkin cavabdehin nümayəndəsi isə qətnamənin qeyd olunan hissələrini mübahisələndirmişdir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

81. Kollegiya ilkin iddia tələbi ilə bağlı (mübahisələndirilən hissədə) birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və həmin hissə üzrə əlavə əsaslandırma aparmağa zərurət görmür; belə ki, tərəflər arasında “Yük daşınmasına dair” müqavilənin bağlandığı, İddiaçı MMC-nin (daşıyıcı) Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının (sifarişçi) tapşırığı ile yüklərin daşınmasının həyata keçirilməsini və/və ya təşkil edilməsini, sifarişçinin isə daşımanın müqabilində daşıyıcıya müvafiq sifarişdə nəzərdə tutulmuş daşımanın dəyərini ödəməyi öhdələrinə götürdükləri, daşıyıcı tərəfindən yükün təyinat yerinə çatdırıldığı, daşıyıcının hazırkı məhkəmə mübahisəsi üzrə vəkilə pul vəsaiti ödədiyi işin mübahisə olunmayan hallarıdır (§ 1-12, 19, 20, 21) – belə olan halda isə məhkəmə, daşınma xərci olaraq razılaşdırılmış pul məbləğini, mütənasib hesab etdiyi vəkil xərcini və dövlət rüsumunu sifarişçidən daşıyıcının xeyrinə tutmaqda haqlı olmuşdur.

82. Bununla belə kollegiya, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbi üzrə gəldiyi nəticəni əsassız sayır və hesab edir ki, məhkəmə, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş, müvafiq tələblə bağlı gəldiyi nəticə işin hallarına uyğun olmamışdır.

83. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

84. Qeyd olunmalıdır ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.

85. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).

86. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbi üzrə iddianın qanuni əsasının müəyyən edilməsi üçün işin faktiki halları və tərəflər arasında bağlanmış müqavilənin şərtləri təhlil olunmalıdır (§ 40, 41, 42, 43).

87. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, daşıyıcı, tələb olunan daşımanın həyata keçirilməsi üçün müvafiq təcrübəsi, yüksək dərəcəli peşəkar heyəti və bütün digər lazımi vasitələri olduğunu bəyan və təsdiq etmiş, daşımanı qüsursuz və üçüncü şəxslərin iddialarından azad həyata keçirəcəyini, yükü sifarişdə nəzərdə tutulmuş müddətdə təyinat yerinə çatdıracağını, habelə yükün çatdırılmasına olan maneələr və yükün təyinat yerinə çatdırılması barədə sifarişçiyə dərhal məlumat verməyi öhdəsinə götürmüşdür (§ 2, 5).

88. Müqavilədə yükün çatdırılmalı olduğu müddət haqqında müddəa olmasa da, işin hallarından və həm tərəflərin nümayəndələrinin, həm də İddiaçı MMC-nin daşımanı həvalə etdiyi digər daşıyıcı olan "xxxx" Anonim Şirkətinin nümayəndəsinin email yazışmalarından aydın olur ki, yükün çatdırılması razılaşdırılmış müddətdə həyata keçirilməmiş, buna səbəb isə "xxxx" şirkətinə məxsus avtomobildə daşınan yükgöndərənə aid olmayan başqa bir mala görə avtomobilin Bolqarıstan sərhəddində 8 gün saxlanılması olmuşdur.

89. Sözügedən çoxsaylı e-mail yazışmalarının məzmunu yükün razılaşdırılmış müddətdən sonra çatdırıldığı (çatdırmanın gecikdirildiyi) qənaətinə gəlməyə kifayət qədər əsas verir; eyni zamanda qeyd olunmalıdır ki, əslində İddiaçı MMC də gecikdirmənin baş verdiyini hazırda yoxlanılan qətnamədən şikayət verməməklə faktiki olaraq qəbul etmişdir.

90. Belə ki, birinci instansiya məhkəməsi müvafiq nəticəyə gələrkən “müqavilədə daşımanın hansı müddətdə həyata keçirildiyini göstərilmədiyini, lakin cavabdeh tərəfindən təqdim edilən mail-yazışmasından yükün müəyyən edilmiş müddətdə deyil, daha gec vaxtda çatdırıldığının müəyyən olunduğunu” vurğulamış, İddiaçı MMC isə qətnamə ilə razılaşaraq ondan şikayət verməmişdir.

91. Belə olan halda daşıyıcı (İddiaçı MMC) çatdırmanın gecikdirilməsi ilə bağlı bütün zərər üçün məsuliyyət daşımalıdır və nəzərə alınmalıdır ki, onun, daşımanı tamamilə və ya qismən başqa daşıyıcının ("xxxx" şirkətinin) vasitəsilə həyata keçirmiş olması bu məsuliyyətin həddinə təsir göstərmir (§ 67, 69).

92. Yuxarıda qeyd olunduğu kimi (§ 13) göndərilən malların bir növü də 1 ədədinin qiyməti 7 Avro, ümumi qiyməti 3528 Avro olan 504 ədəd “Seramik qızdırıcı element topu”dur və işin hallarından görünür ki, "xxxx" MMC həmin malın çatdırılmasının gecikdirilməsi səbəbindən ümumi qiyməti 3824,07 Avro (Polşada satın alınan 146,37 Avro dəyərindəki polad lentinin (16mm 28 kg) və polad lent kilidinin (100 ədəd) göndərilən mallar arasında olduğu müəyyən edilməmişdir) olan eyni malları almaq məcburiyyətində qalmışdır.

93. Bununla belə kollegiya, yükün çatdırılmasının gecikdirilməsinə görə Polşa Respublikasından alınmış həmin mallar üçün ödənilən bütün vəsaiti sifarişçiyə dəymiş ziyan olaraq qiymətləndirmir; belə ki, birincisi, Polşada alınan mallar müvafiq layihənin icrası üçün istifadə olunmuşdur və həmin layihənin sifarişçisinin hazırkı iş üzrə sifarişçiyə (Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına və ya "xxxx" MMC-nə) hər hansı pretenziya irəli sürdüyü müəyyən olunmamışdır; digər tərəfdən isə, göndərilən yük gec də olsa, hər bir halda çatdırılmışdır və sifarişçinin sahibliyindədir, sifarişçi sözügedən mallardan gələcəkdə istifadə etmək, yaxud onları satmaq və ya Azərbaycan Respublikasına geri daşıtdırmaq imkanlarına sahibdir.

94. Bu kontekstdə, göndərilən mallarla Polşa Respublikasından alınmış malların dəyəri arasında olan 296,07 Avro fərq (3824,07 – 3528) zərər kimi qiymətləndirilə bilər və kollegiyanın qənaətinə görə məhz həmin məbləğ zərərin əvəzi qismində İddiaçı MMC-dən sifarişçinin xeyrinə tutulmalıdır.

95. Kollegiya onu da qeyd edir ki, gəlinən bu qənaət, Polşa Respublikasına daşınmış sözügedən malların Azərbaycan Respublikasına geri qaytarılması halında, yaranacaq daşıma xərcinin İddiaçı MMC-dən tələb olunması hüququnu istisna etmir.

96. Sifarişçinin “gecikdirilmiş 20 gün üçün cərimə qismində 2000 ABŞ dollarının ödənilməsi” tələbinə münasibətdə kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.6-cı bəndinin təfsiri, həmin bəndin, daşıyıcının öhdəliklərinin icrasının gecikdirilməsi halında onun sifarişçiyə dəbbə pulu ödəməli olduğu barədə razılaşmanı ehtiva etdiyi qənaətinə gəlməyə imkan vermir – hansı ki, dəbbə pulu (cərimə, penya) öhdəliyin təminatı üsullarından biri olmaqla qanun və ya müqavilə ilə müəyyənləşdirilməlidir (§ 51); bu səbəblə, yükün çatdırılmasının gecikdirilməsinə görə sifarişçiyə müqavilənin həmin bəndi əsasında dəbbə pulu ödənilməsi tələbinin təmin olunması mümkün deyildir.

97. Kollegiya sifarişçinin “hüquqi yardıma görə ödənilmiş 1400 manatın və 126 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-dən xeyrinə tutulması” tələbini də qismən əsaslı sayır; belə ki, sifarişçi iddia ərizəsini verərkən 126,40 manat dövlət rüsumu, ona hüquqi yardım göstərən vəkilə 1400 manat xidmət haqqı ödəmişdir prosessual qanunvericilik isə vəkilin göstərdiyi yardıma görə xərclərin digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini, eləcə də məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid olunduğunu təsbit edir (§ 73, 74).

98. Bu baxımdan kollegiya hesab edir ki, iddia ərizəsini verərkən ödədiyi dövlət rüsumu məbləğinin 60 manat hissəsi və ona həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyasında hüquqi yardım göstərən vəkilə ödədiyi 1400 manatın 1000 manat hissəsi İddiaçı MMC-dən alınıb qarşılıqlı iddiaçıya verilməlidir.

99. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu məbləğinin də bir hissəsi (50 manat) İddiaçı MMC-dən alınıb qarşılıqlı iddiaçıya ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir.

100. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1086/2025 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 17 mart 2025-ci il tarixli qətnaməsi qarşılıqlı iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv olunsun və həmin tələb üzrə yeni qətnamə çıxarılsın. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının İddiaçı MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” barədə qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı MMC-dən ziyanın əvəzi qismində 296,07 (iki yüz doxsan altı avro 7 sent) Avro (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə), vəkil xərcinin əvəzi olaraq 1000 (min) manat, dövlət rüsumunun əvəzi olaraq 60 (altmış) manat Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının xeyrinə tutulsun. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamə mübahisələndirilən digər hissədə, yəni Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialından 4630 manat borc məbləğinin, vəkil xərcinin əvəzi olaraq 500 manatın, dövlət rüsumunun əvəzi olaraq 87 manatın tutulub İddiaçı MMC-yə ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsi İddiaçı MMC-dən alınıb Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına ödənilsin. Qətnamənin “qarşılıqlı iddia tələbinin qalan hissədə təmin olunmaması” ilə bağlı hissəsindən Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamənin digər hissələrindən, eləcə də İddiaçı MMC tərəfindən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Təranə Mahmudova

Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar