Məhkəmə qərarları › İş №2-2(103)-648/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-648/2022

27.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-648/2022 27.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, cavabdeh Nümayəndə Çilingər oğlunun iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh Nümayəndə Cilingər oğluna qarşı “borcun ödənilməsi” tələbinə dair 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(81)-1013/2019 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin cavabdeh Nümayəndə Cilingər oğluna qarşı “borcun ödənilməsi” tələbinədair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Nümayəndə Cilingər oğlundan "xxxx" MMC-nin xeyrinə 1163,32 AZN (min yüz altmış üç manat, otuz iki qəpik) əsas borc), 1382,02 AZN (min üç yüz səksən iki manat, iki qəpik)borcun gecikdirilməsinə görə hesablanan dəbbə pulunun və 30 AZN (otuz manat) ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Nümayəndə Cilingər oğlu arasında 20 avqust 2017-ci il tarixdə “Məhsulların alqı-satqı” müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq "xxxx" MMC istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkiləri Nümayəndə Cilingər oğlu satmışdır. Cavabdeh həmin malların əvəzində müəyyənləşdirilmiş pul məbləğini "xxxx" MMC müəssəsinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə görə, nisyə alğı-satqı zamanı alıcı faktura üzrə qəbul etdiyi malın dəyərinin fakturada göstərilən son ödəmə tarixinə qədər satıcıya ödənilməsini təmin etməlidir. "xxxx" MMC tərəfindən Nümayəndə Cilingər oğluna xx.xx.2017 və xx.xx.2017-ci il tarixli 3 ədəd müxtəlif nömrəli fakturalar əsasında müxtəlif növ sərinləşdirici spirtsiz içkiləri nisyə qaydada satmışdır. Həmin qaimə-fakturada satılan malların dəyərinin ödənilməsi üçün son ödəmə tarixi xx.xx.2017-ci il müəyyən edilmişdir. Nümayəndə Cilingər oğlunun "xxxx" MMC-yə 1163,32 AZN məbləğində ödənilməmiş borc qalığı qalmışdır. Tərəflər arasında bağlanan müqavilənin 6.1-ci bəndində qeyd olunmuşdur ki, bu müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər birbirinə vurduğu zərərə görə mülki hüquqi məsuliyyət daşıyırlar. Belə ki, müqavilənin 6.3-cü bəndinə əsasən Alıcı məhsulların faktura dəyərini və tara dəyərinin bu müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılmasını gecikdirdikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmamış taranın dəyərinin 0,1 (sıfır tam onda bir) % miqdarında, gecikdirilən günlərin sayı 30 (otuz) gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirlən gün üçün 0,2 (sıfır tam onda iki) % miqdarında dəbbə pulu ödəməlidir. Cavabdehin borcun ödənilməsini xx.xx.2017-ci il il tarixdən gecikdirdiyini nəzərə alınsa, hazırkı iddia ərizəsinin tərtib edildiyi 09 iyul 2018-ci il tarixinə gecikdirilmiş günlərin sayı 594 təqvim günüdür. Beləliklə, müqavilənin 6.3-cü bəndinə əsasən, cavabdehin müqavilə üzə ödəməli olduğu dəbbə pulu (1163,32 x 0,2 : 100) x 594= 1382,02 AZN (min üç yüz səksən iki manat, iki qəpik) təşkil edir. Həmin müqavilənin 7.4-cü bəndinə əsasən, bu müqavilədən irəli gələn öhdəlik vaxtında və lazımi qaydada icra edilmədikdə Satıcı bu müqavilədən irəli gələn öhdəliyin icrasının təmin edilməsinin üsulları hesabına öz tələblərini ödəməyə haqlıdır. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikaı Mülki Məcəlləsinin 430, 442, 445.1, 448.1, 448.2-ci maddələrinə istinad edilmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(81)- 1013/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək "xxxx" MMC ilə Nümayəndə Cilingər oğlu arasında bağlanmış 20 avqust 2016-cı il tarixli «Məhsulların alqı-satqısı haqqında” müqaviləsinə əsasən yaranmış 1163,32 AZN (bir min yüz altmış üç manat, 32 qəpik) məbləğində əsas borc, 58,17 (əlli səkkiz manat 17 qəpik) manat borcun gecikdirilməsinə görə hesablanan dəbbə pulu və 30 (otuz) AZN ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdeh Nümayəndə Cilingər oğlundan tutularaq iddiaçı "xxxx" MMC-nə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinine-2-2(81)-1013/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin qəbul edilməsi zamanı ciddi prosessual pozuntulara yol verildiyindən ləğv olunmalıdır. Belə ki, məhkəmə icraatı zamanı cavabdeh kimi iştirakı təmin edilməmiş və məhkəmə qətnaməsi onun iştirakı və xəbəri olmadan qəbul edilmişdir. Qətnamədən görünür ki, məhkəməyə iddiaçı tərəfindən heç bir sübut təqdim olunmamış və məhkəmə heç bir araşdırma aparmadan qətnamə qəbul etmişdir. İşə apellyasiya qaydasında baxılması sonuncu dəfə xx.xx.2022-ci il tarixə təyin edilmiş, iddiaçıya məhkəmə iclasının vaxtı barədə məlumatı verilsə də, iclaslarda səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməməsini xahiş etmiş və izahatında göstərmişdir ki, vergi ödəyicisi kimi 2016-cı ildə fəaliyyəti bərpa edilmiş, 2016-cı ilin dekabr ayında ləğv edilmişdir. Yalnız dekabr ayınadək iddiaçıdan mal götürmüş və dəyərini ödəmişdir. 2017-ci ildə firmanı bağlayıb Azərbaycan Respublikasından getmiş, bundan sonra iddiaçıdan mal götürməmişdir. Buna görə də qətnamə ləğv edilərək iddia rədd edilməlidir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(81)-1013/2019 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir. İşin sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür görünür ki, "xxxx" MMC ilə fərdi sahibkar Nümayəndə Cilingər oğlu arasında xx.xx.2016-cı il tarixdə “məhsulların alqı-satqı haqqında” müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən "xxxx" MMC tərəfindən istehsal edilmiş müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri alıcıya satmaqla onun mülkiyyətinə verməyi, alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 12 ay müddətinə bağlanmış, müqavilədə nəzərdə tutulmuşdur ki, müddətin qurtarmasına ən azı bir ay qalmış tərəflərdən birinin digərinə müqaviləyə xitam verilməsi ilə bağlı yazılı müraciəti olmazsa müqavilə eyni müddət üçün uzadılmış hesab edilir. İddiaçı iddia edir ki, qeyd edilən alqı-satqı müqaviləsi üzrə cavabdehə nisyə satılmış malların dəyərindən 1163,32 manat ödənilməmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, qeyd edilən borc məbləği xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il tarixli qaimə fakturalar üzrə yaranmışdır. Borcun ödənilməsi üçün cavabdehə pretenziya göndərilmiş, borc ödənilmədiyindən iddiaçı xx.xx.2019-cu il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiaalrından görünür ki, cavabdehin ünvanı üzrə məhkəmə tərəfindən bildirişlər göndərilmiş, lakin həmin bildirişlər qeyd edilən ünvanda yaşamadığına dair poçt qeydi ilə məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilməsi üçün məhkəmə tərəfindən prosessual qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüldüyündən və cavabdeh Azərbaycan Respublikasında yaşamadığına görə məhkəmə prosesi barədə xəbərsiz olduğundan məhkəmə tərəfindən çəkişmə prinsipinin pozulduğuna dair apellyasiya şikayətində qeyd edilənlər əsassızdır. Lakin məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə razılaşır ki, iddiaçı iddia tələbinin əsaslı olduğuna dair kifayət qədər mötəbər sübutlar təqdim edə bilməmişdir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 570.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Mülki Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 433.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. Həmin Məcəllənin 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Hazırkı halda cavabdehdən alqı-satqı müqaviləsi üzrə malın dəyəri tələb olunduğundan və cavabdeh dəyəri tələb edilən malın ona təqdim edildiyini qəbul etmədiyindən malların həqiqətən cavabdehə və ya onun göstərdiyi şəxsə təhvil verildiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il tarixli qaimə fakturaların heç birində “təhvil aldım” qrafasında cavabdehin adı qeyd edilməmişdir. xx.xx.2017-ci il tarixli qaimə fakturada malı alan şəxsin adı ümumiyyətlə qeyd edilməmiş, xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli qaimə fakturalarda isə “təhvil alan”ın “Rabil” adlı şəxs olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən məhkəmə təqdim edilmiş Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarənin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək cavabdeh vergi ödəyicisi kimi uçotda olmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, cavabdeh xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasından Ukrayna Respublikasına getmişdir. Təqdim edilmiş sübutlara əsasən müəyyən olunur ki, cavabdeh 2017-ci ilin iyun və iyul aylarında sahibkarlıq fəalyyəti ilə məşğul olmamış və ümumiyyətlə Azərbaycan respublikasında olmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehə həmin dövrdə sahibkarlıq fəaliyyəti ilə əlaqədar mal təqdim edilməsi mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(81)- 1013/2019 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(81)- 1013/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar