Məhkəmə qərarları › İş №2-2(103)-648/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-648/2025

04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-648/2025 04.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin tutulması” (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9 və X10) tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X11 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-931/2025 saylı qətnaməsindən cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. “Nissan Note” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobil LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən “avtomobil nəqliyyat vasitələrinin tam sığortası” haqqında xx.xx.2023-cü il tarixli KSK********** nömrəli sığorta şəhadətnaməsi əsasında 12500 manat sığorta məbləği, 553,75 manat sığorta haqqı, 100 manat azadolma məbləği, 89,29% qismən sığorta şərti ilə könüllü qaydada sığortalanmış, sığorta predmeti qismində “Nissan Note” markalı, 2014-cü il buraxılışı, E12231545 ban nömrəli, **-AN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi çıxış etmişdir.

2. Sığorta müqaviləsinin xx.xx.2023-cü il tarixdə qüvvəyə minməsi, xx.xx.2025-ci il tarixdə qüvvədən düşməsi razılaşdırılmışdır.

3. xx.xx.2023-cü il tarixli maliyyə lizinqi müqaviləsi əsasında “Nissan Note” markalı, 2014-cü il buraxılışı, E12231545 ban nömrəli, 77AN981 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X7 lizinqə verilmiş, lizinq ödənişlərinin müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək razılaşdırılmışdır.

4. “Nissan Note” markalı, 2014-cü il buraxılışı, E12231545 ban nömrəli, 77AN981 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi üçün iddiaçı tərəfindən X5 etibarnamə verilmişdir.

5. 19 iyul 2024-cü il tarixdə, saat təxminən 20:30 radələrində X9 idarə etdiyi “Nissan Note” markalı **-AN-*** dövlət qeydiyyat nömrəli avtomobillə Xətai rayonu, Sarayevo küçəsindən sağ istiqamətdə M.Rüstəmov küçəsinə dönərək Neapol küçəsi istiqamətində yolun sağdan 2-ci hərəkət zolağı ilə saatda 50 km surətlə hərəkətdə olarkən qarşıda tıxacda dayanmış X3 idarə etdiyi “Hyundai Grandeur” markalı **-LJ-*** dövlət qeydiyyat nömrəli avtomobilin arxa sol hissəsi ilə və əks istiqamətdə hərəkətdə olan X8 idarə etdiyi “Hyundai Elantra” markalı **-LT-*** dövlət qeydiyyat nömrəli avtomobilin sol hissəsi ilə toqquşmuşdur.

6. “Kia Motors” servisinin qüsur aktına əsasən, 1210 manat ehtiyat hissələri, 670 manat işçilik olmaqla nəqliyyat vasitəsinə 1880 manat zərər dəymişdir.

7. LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən "xxxx" ASC-ya ünvanlanan xx.xx.2024-cü il tarixli GS/04-112/24 nömrəli bildirişlə sığorta ödənişinin ödənilməsindən imtina edilərək göstərilmişdir ki, xx.xx.2023-cü il tarixli KSK********** saylı “avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” üzrə müqavilədə sığortalanmış nəqliyyat vasitəsini idarə edən sürücülər siyahısında barələrində məlumatlar (ad, soyad, ata adı) qeyd edilmədiyindən sığorta ödənişinin həyata keçirilməsi üçün hüquqi əsaslar mövcud deyildir.

Birinci instansiya məhkəməsindəki icraat:

8. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əmlaka dəymiş zərər görə 1880 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 38,8 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, X6 ilə 12 sentyabr 2023-cü il tarixdə bağlanmış lizinq obyektinin alqı-satqı müqaviləsi əsasında sonuncunun mülkiyyətində olan “Nissan Note” minik markalı, tünd albalı metallik rəngli avtomobil X7 lizinqə verilməsi məqsədilə iddiaçı tərəfdən əldə edilmişdir. Bundan sonra iddiaçı ilə cavabdeh arasında “avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” üzrə 07 aprel 2023- cü il tarixli KSK********** saylı sığorta şəhadətnaməsi (müqaviləsi) imzalanmış və sığortalı iddiaçının mülkiyyətində (sahibliyində) olan “Nissan Note” markalı, 77AN981 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq kasko növü üzrə sığorta təminatı almışdır. 19 iyul 2024cü il tarixdə saat 20:30 radələrində “Nissan Note” markalı, 77AN981 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhərinin Xətai rayonunda Sarayevo küçəsindən M.Rüstəmov küçəsinə dönərək Neapol küçəsi istiqamətində hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə avtomobilə ciddi maddi ziyan dəymişdir. Belə ki, "Kia Motors" tərəfindən tərtib edilmiş qüsur aktına əsasən yol nəqliyyat qəzasına uğramış “Nissan Note” markalı, 77AN981 dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan 1880 manat məbləğində müəyyən edilmişdir. İddiaçı tərəfindən dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh tərəfindən “Nissan Note” markalı, 77AN981 dövlət nömrə nişanlı avtomobilə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı heç bir tədbir görülməmiş, habelə 30 sentyabr 2024-cü il tarixli “sığorta ödənişinin ödənilməsindən imtina barədə” bildirişində sığorta ödənişinin ödənilməsindən imtina edilmişdir. Halbuki nəqliyyat vasitəsinin mülkiyyətçisi, sığortalı iddiaçı faydalanan şəxs kimi 07 aprel 2023-cü il tarixli sığorta şəhadətnaməsi (müqaviləsi) üzrə sığorta təminatı almışdır. Deməli, cavabdeh tərəfin sığorta ödənişini ödəməkdən imtina etməsi tam əsassız və qanunsuz olmuşdur. Cavabdehə pretenziya qaydasında müraciət edilərək, mübahisənin məhkəməyədək həll edilməsi təklif edilmiş, lakin bunun hər hansı bir formada nəticəsi olmamışdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinin və sığorta münasibətlərini tənzimləyən digər normativ hüquqi aktların tələblərindən də göründüyü kimi, “Nissan Note” minik markalı, tünd albalı metallik rəngli, 77AN981 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi sığortalı iddiaçı faydalanan şəxsdir və baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sözügedən avtomobilə dəymiş ziyana görə 07 aprel 2023-cü il tarixli “avtomobil nəqliyyat vasitələrinin tam sığortası” haqqında KSK********** saylı sığorta müqaviləsinə əsasən mülkiyyətçiyə sığorta ödənişi həyata keçirilməlidir. Yəni avtomobilin mülkiyyətçisi, sığortalı iddiaçı mövcud qanunvericiliyin təsbit etdiyi imperativ müddəalara əsasən sığorta ödənişini tələb etməkdə haqlıdır və yuxarıda sadalanan normalar əsasında həmin məbləğ mülkiyyətçiyə (faydalanan şəxsə) ödənilməlidir

10. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 922, 927, 933 və s. maddələri göstərilmişdir.

11. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya yazılı etiraz təqdim edərək, iddiaçı "xxxx" ASC-nin cavabdeh LPO Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin tutulması” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir.

12. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus “Nissan Note” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobil hazırda cavabdeh tərəfindən “avtomobil nəqliyyat vasitələrinin tam sığortası” haqqında xx.xx.2023-cü il tarixli, KSK********** nömrəli sığorta şəhadətnaməsi əsasında könüllü qaydada sığortalanmışdır. 19 iyul 2024-cü il tarixdə, saat 20:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsindən M. Rüstəmov küçəsinə döngüdə, Neapol küçəsi istiqamətində hərəkətdə olarkən yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə iddiaçıya məxsus “Nissan Note” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. İddiaçı tərəfindən cavabdehə daxil olmuş müraciət əsasında aparılmış araşdırma nəticəsində cavabdehin iddiaçı qarşısında heç bir öhdəliyi yaranmadığı məlum olmuş və iddiaçıya sığorta ödənişindən imtinaya dair bildiriş ünvanlanmışdır. Belə ki, iddiaçı və cavabdeh arasında sığorta müqaviləsinin bağlanması ilə əlaqədar iddiaçıya təqdim edilmiş sığorta şəhadətnaməsində sığortalanmış avtomobili idarə etməyə səlahiyyətli şəxs qismində yalnız Hüseynov Əlimirzə Rəfail oğlunun qeyd edilməsinə baxmayaraq, hadisə ilə əlaqədar toplanmış sənədlər əsasında aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sığortalanmış avtomobil iddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsi əsasında X10 və digərlərinin istifadəsinə verilmiş, hadisənin baş verdiyi zaman avtomobil X4 istifadəsində olmuşdur. Həmçinin iddiaçının təqdim etdiyi alqı-satqı müqaviləsində də görünür ki, iddiaçı sığortalanmış avtomobili sığortaçıya məlumat vermədən de fakto özgəninkiləşdirmişdir. Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısı polis polkovnik-leytenantı Teymur Ağamirovun qəbul etdiyi xx.xx.2024-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, xx.xx.2024-ci il tarixdə saat təxminən 20:30 radələrində baş vermiş yol nəqliyyat hadisəsində iştirak edən “Nissan Note” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 olmuşdur. Həmçinin iddiaçının iddia ərizəsinə əlavə etdiyi xx.xx.2023-cü il tarixli lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən “Nissan Note” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobil X10 lizinqə verilməsi məqsədilə iddiaçı tərəfindən əldə edilmişdir. Göründüyü kimi, iddiaçı qeyd olunan avtomobilin üçüncü şəxsə satışını həyata keçirib, avtomobili üçüncü şəxsə təqdim etməsinə baxmayaraq, bu barədə Şirkətə məlumat verməmişdir. Bu hal qanunvericiliyin və cavabdehin “Avtonəqliyyat vasitələrinin tam sığortası” Qaydalarının tələblərinə ziddir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-20 №-li qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 5.3-cü bəndinə əsasən, sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir.

13. Cavabdehin iddiaya yazılı etirazında maddi hüquqi əsas kimi Mülki Məcəllənin 912, 922, 935.1.8-ci maddələrinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-20 №-li qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”na istinad edilmişdir.

14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X10 və X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb olunmuşlar.

15. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-931/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən sığorta ödənişi olaraq 1578,7 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir.

16. Məhkəmə gəldiyi nəticənin əsası kimi göstərmişdir ki, nəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinin 1880 manat təşkil etməsi işin mübahisəsiz halını təşkil edir. İddiaçı 19 iyul 2024-cü il tarixli hadisə nəticəsində **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üçün 1880 manat sığorta ödənişini tələb edir. Cavabdeh iddiaya etiraz edərək nəqliyyat vasitəsini yalnız Hüseynov Əlimirzə Rəfail oğlu idarə edərsə, sığorta təminatı verildiyini, hadisə zamanı avtomobilin X9 tərəfindən idarə edildiyini bildirir və iddianın rədd edilməsini xahiş edir. Məhkəmə istinad etdiyi hüquq normalarına əsasən qeyd etmişdir ki, hazırda tərəflər arasında 19 iyul 2024-cü il tarixli hadisənin xx.xx.2023-cü il tarixli KSK********** nömrəli sığorta şəhadətnaməsinə əsasən sığorta hadisəsi hesab olunub-olunmaması barədə mübahisə vardır. xx.xx.2023-cü il tarixli KSK********** nömrəli sığorta şəhadətnaməsinin “sığortalı” bölməsindən görünüb ki, sığortalı qismində "xxxx" MMC, faydalanan şəxs qismində "xxxx" MMC, sürücü qismində Hüseynov Əlimirzə Rəfail oğlu göstərilmişdir. Məhkəmə qeyd etmişdir ki, adıçəkilən şəhadətnamədən sığorta hadisəsinin nəqliyyat vasitəsinin məhz Hüseynov Əlimirzə Rəfail oğlu tərəfindən idarə edilməsi ilə şərtləndirildiyi barədə nəticəyə gəlmək mümkün deyil. Lakin cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-20 №-li qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”na istinad edərək sığorta ödənişindən imtina etmişdir. Əvvəla, həmin Qaydaların 1.1-ci bəndindən də göründüyü kimi, Qaydalar “Fiziki şəxslərə təqdim edilən müəyyən könüllü sığorta növləri üzrə vahid sığorta qaydaları haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-ci il 22 aprel tarixli 398 nömrəli Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 16.5-ci maddəsinə uyğun olaraq, avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə fiziki şəxslərə təqdim edilən könüllü sığorta növünün aparılmasının əsaslandığı, bütün sığortaçılar üçün məcburi olan qayda və şərtləri müəyyən edir. Belə aydın olur ki, həmin Qaydalar bilavasitə fiziki şəxslərə təqdim edilən könüllü sığorta növünün qayda və şərtləri müəyyən edir. Halbuki hazırkı iş üzrə sığorta müqaviləsinin tərəfi hüquqi şəxsdir, başqa sözlə, könüllü sığorta fiziki şəxsə deyil, hüquqi şəxsə təqdim edilmişdir. Bu səbəbdən həmin Qaydalara cavabdehin əsaslanması doğru olmamışdır. Digər tərəfdən, Qaydaların 5.3-cü bəndinə əsasən, sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir. Göründüyü kimi, Qaydalara əsasən (1) sürücü sığorta olunan kimi göstərilməli və (2) yalnız onun avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilməlidir. Halbuki hətta həmin Qaydalar hazırkı işin hallarına şamil edilsə belə, Hüseynov Əlimirzə Rəfail oğlu sığorta olunan qismində göstərilməmiş (1), sığorta hadisə yalnız onunla şərtləşdirilməmişdir (2). Əksinə, adıçəkilən sığorta şəhadətnaməsinə əlavə olan “Şərtlər və istisnalar”da bilavasitə göstərilmişdir ki, yaşı 22-dən və sürücülük təcrübəsi 1 ildən az olan sürücülər üçün ikiqat məbləğində şərtsiz azadolma tətbiq olunur. Lakin cavabdehin bildirdiyi kimi, sığorta hadisəsi yalnız Hüseynov Əlimirzə Rəfail oğlunun idarəetməsi ilə şərtləşdirilsə idi, sürücünün yaş və təcrübəsi ilə bağlı ikiqat şərtsiz azadolma məbləğinin müəyyən edilməsinə ehtiyac qalmazdı. Belə ki, hazırkı iş üzrə öz sığorta risklərini sürücünün yaşıvə təcrübəsi əsasında müəyyən etdiyini iddia edən cavabdehdə həmin sürücünün yaşı və təcrübəsi barədə məlumat olduğundan göstərilən tənzimlənməyə də zərurət olmazdı. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin sığorta ödənişinin edilməsindən imtinası qanunsuz olmuşdur. Məhkəmə sığorta ödənişinin məbləğinə münasibətdə isə göstərib ki, xx.xx.2023- cü il tarixli KSK********** nömrəli sığorta şəhadətnaməsində sığorta təminatı qismən – 89,29%, azadolma məbləği 100 manat müəyyən edilmişdir. Sığorta hadisəsi nəticəsində qismən sığortalanmış əmlakın tam məhv olması halında sığorta məbləği bütünlüklə ödənildikdə, sığorta predmetinin qalıqlarına olan hüquq sığortaçıya sığorta ödənişi məbləğinin sığorta dəyərinə olan nisbətində keçir. Hazırda nəqliyyat vasitəsinə 1880 manat zərər dəydiyi cavabdeh tərəfindən mübahisələndirilmədiyindən və azadolma məbləği 100 manat şərtləşdirildiyindən məhkəmə bu qənaətə gəlib ki, sığorta ödənişi qismən sığorta şərtinə müvafiq olaraq 1578,7 (1880 manat*89,29%/100% – 100 manat) manat müəyyən edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, sığorta ödənişi olaraq 1578,7 manat məbləğində pul cavabdeh LPO Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. b) Məhkəmə xərcləri ilə bağlı İddiaçı ödənilmiş 38,80 manat dövlət rüsumunun da cavabdehlərdən tutulmasını xahiş edib. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 38,8 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iddia tələbinin qismən edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edib ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33 manat məbləğində pul cavabdeh LPO Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 883.1, 884.1, 888.1, 888.3, 896, 922.1, 925.1, 935.1.8-ci maddələrinə istinadla əsaslandırmışdır.

18. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçıdan apellyatorun xeyrinə tutulmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 3.1-ci bəndində qeyd olunur ki, bu Qaydalar fiziki şəxslərin sahibliyində olan avtomobillərin tam sığortası növü üzrə müvafiq sığorta siniflərini əhatə edir. Göründüyü kimi qaydaların tətbiqi üçün mülkiyyət yox, sahiblik hüququ əsas götürülür. Ümumiyyətlə sığorta bazarında heç bir sığortaçı fiziki və hüquqi şəxslərin bu sığorta növündə qaydalarını fərqləndirilmir, vahid qaydalardan istifadə edir. Qeyd olunan imtina əsası və vəzifə öhdəlikləri isə bütün sığortaçıların sığorta qaydalarında öz əksini tapan ümumi qəbul olunmuş müddəalardır. Onu da qeyd etmək lazımdır ki, sığorta şəhadətnaməsində müvafiq şəhadətnamənin göstərilən Qaydalar əsasında bağlandığı aşkar surətdə əks etdirilmişdir. Odur ki, məhkəmə işin hallarını tam və obyektiv araşdırmamış və şirkətin mənafelərinə toxunan qanunazidd və əsassız qətnamə çıxarmışdır. Mülki Məcəllənin 912.1-ci maddəsinə əsasən Sığortalı bu Məcəllənin 911.2-ci maddəsinə uyğun olaraq bildirilmiş hallarla bağlı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan bütün dəyişikliklər barədə sığortaçıya və ya sığortaçının adından çıxış edən sığorta vasitəçisinə məlumat verməlidir. Lakin, iddiaçı Şirkətə məlumat vermədən avtomobili üçüncü şəxsin istifadəsinə vermiş, bununla da qeyd olunan normanın tələblərini pozmuşdur. AR Maliyyə Nazirliyinin xx.xx.2014-cüil tarixli, Q- 20 saylı Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 9.2.5-ci bəndinə əsasən, sığorta müqaviləsi bağlandıqdan sonra həmin müqavilənin qüvvədə olduğu müddət ərzində sığorta riskinin dəyişməsinə təsir göstərə bilən hallar barədə bildiyi və ya bilməli olduğu tarixdən 5 iş günü müddətində bu barədə sığortaçıya yazılı məlumat vermək sığortalının vəzifəsidir. Həmin Qaydaların 7.2-ci bəndinə əsasən, sığortaçı sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta ri skinin artmasına səbəb olan dəyişikliklər barədə məlumat aldıqda sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsini, o cümlədən sığorta haqqının artırılmasını tələb edə, yaxud müqaviləyə xitam verə bilər. Həmin Qaydaların 17.1.1.2-ci bəndinə əsasən təmir və ya xidmət olunma məqsədilə texniki xidmət müəssisəsinin və ya yuyulmaq üçün avtoyuyucunun sərəncamında olduğu hallar istisna olmaqla, avtomobilin bu Qaydalara və sığorta müqaviləsinə görə sürücü hesab edilməyən şəxs tərəfindən idarə olunmasına sığorta təminatı verilmir. Göründüyü kimi Qaydalarda müqavilə üzrə sürücü olmayan şəxsin sığortalı avtomobili idarə etməsi halında dəyən zərər birbaşa imtina əsası kimi çıxış edir. Qeyd olunanlara əsasən maddi hüquq normalarının tələbləri pozulmuş, qeyd olunan faktlar birinci instansiya məhkəməsinin diqqətinə çatdırılmış, lakin məhkəmə qeyd olunan hallara hüquqi qiymət verməmişdir. asən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

20.Apellyasiya şikayətinə yazılı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

21. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz etdi, şikayətin dəlillərini əsassız hesab etdi.

22. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş lakin ərizə ilə müraciət edərək iclasın təxirə salınmasını xahiş edib. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

23. Mülki Məcəllənin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -883.1-ci maddəsində sığorta müqaviləsinin anlayışı açıqlanaraq göstərilir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. -884.2-ci maddəsinə görə, sığorta və ya təkrarsığorta müqaviləsinin tərəfi olan, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə malik olan şəxslər sığorta münasibətlərinin subyektləridir. Bu Məcəllənin 884.3 və 884.4-cü maddələri sığortaçını və sığortalını sığorta müqaviləsinin tərəfi kimi göstərmişdir. -896.1-ci maddəsinə görə əmlakın sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir, bir şərtlə ki, qismən sığorta barədə müddəa sığorta müqaviləsində əks edilmiş olsun. -922.1-ci maddəsinə görə sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. -922.2-ci maddəsinə görə sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. -926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. -935.1-ci maddəsinə görə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: -935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi.

24. AR Maliyyə Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiq edilmiş xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 2.0.7.-ci bəndinə əsasən sürücü –sığortalanmış avtomobili idarə etməsi halında baş verən sığorta hadisələrinə sığorta təminatı verilən fiziki şəxs, bu Qaydaların 5.3-cü bəndində nəzərdə tutulmuş halda isə sığorta müqaviləsində sığorta olunan qismində göstərilən şəxslərin siyahısına daxil edilən fiziki şəxs 5.3-cü bəndinə əsasən sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, bu Qaydaların 5.3-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir. 5.4.-cü bəndinə əsasən sığorta müqaviləsində fiziki şəxs olan sığortalı sığorta olunan sürücülərin siyahısında göstərilmədikdə də onun sığorta olunan qismində tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. 17.1.1.2-ci bəndinə əsasən sığorta müqaviləsində başqa cür nəzərdə tutulmursa, təmir və ya xidmət olunma məqsədilə texniki xidmət müəssisəsinin və ya yuyulmaq üçün avtoyuyucunun sərəncamında olduğu hallar istisna olmaqla, avtomobilin bu Qaydalara və sığorta müqaviləsinə görə sürücü hesab edilməyən şəxs tərəfindən idarə olunarsa sığorta təminatı verilmir.

25. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin və apellyasiya şikayətinə dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı (sığortalı) ilə cavabdeh (sığortaçı) arasında bağlanmış 07 aprel 2023- cü il tarixli KSK********** saylı sığorta müqaviləsinə (şəhadətnaməsinə) əsasən iddiaçının mülkiyyətində olan “Nissan Note” markalı, 77AN981 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək avtomobil nəqliyyatı vasitələrinin tam sığortası növü üzrə sığortalanmışdır. Sığorta şəhadətnaməsində sürücü qrafasında Əlimirzə Hüseynov Rəfail oğlunun adı qeyd edilmişdir. Həmin şəhadətnamənin qüvvədə olduğu müddətdə - 19 iyul 2024-cü il tarixdə saat 20:30 radələrində X4 idarə etdiyi “Nissan Note” markalı, 77AN981 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhərinin Xətai rayonunda Sarayevo küçəsindən M.Rüstəmov küçəsinə dönərək Neapol küçəsi istiqamətində hərəkətdə olarkən digər avtomobillərlə toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan dəymişdir. Hazırda iddiaçı sığortalanmış avtomobilə dəymiş zərərə görə sığorta ödənişinin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh isə yol-nəqliyyat hadisəsi baş verərkən avtomobilin sığorta şəhadətnaməsində səlahiyyətləndirilmiş sürücü kimi göstərilməyən şəxs tərəfindən idarə olunmasına, yəni sözügedən hadisənin sığorta hadisəsi hesab edilməməsinə istinad etməklə iddianın rədd edilməsini tələb edir.

31. Göründüyü kimi məhkəmə tərəfindən müəyyən edilməli olan mübahisəli hal baş vermiş yol-nəqliyyat hadisəsinin sığorta haqqında qanunvericiliyin, sığorta qaydalarının və müqavilənin tələbləri baxımından sığorta hadisəsi hesab edilib-edilməməsidir.

32. Bununla bağlı kollegiya əvvəla qeyd edir ki, cavabdeh sığorta şəhadətnaməsində adı qeyd edilməmiş sürücü tərəfindən avtomobilin idarə olunması ilə bağlı risklərin sığorta şəhadətnaməsinə əsasən sığortalanmaması barədə dəlillərinə əsas olaraq AR Maliyyə Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 17.1.1.2-ci bəndinə istinad etmişdir. Halbuki adından da göründüyü kimi həmin qaydalar hüquqi şəxslərlə bağlanmış sığorta müqavilələrinə şamil edilmir.

33. İş materiallarından isə görünür ki, mübahisəli sığorta şəhadətnaməsi sığortalı qismində "xxxx" ASC ilə bağlanmış, eyni zamanda şəhadətnamədə faydalanan şəxs qismində də "xxxx" ASC-nin adı qeyd edilmişdir. Odur ki, hazırkı müqavilənin fiziki şəxsə təqdim edilən sığorta müqaviləsi kimi qiymətləndirilməsi üçün əsas yoxdur.

34. O da vurğulanmalıdır ki, cavabdeh AR Dövlət Sığorta Kommersiya şirkətinin hüquqi şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə könüllü sığorta qaydaları mövcud deyildir.

35. Bu halda yuxarıda göstərilən qaydaların analogiya üzrə hüquqi şəxslərə təqdim edilən müqavilələrə tətbiq edilməsinin mümkün olmasını ehtimal etsək belə qeyd edilməlidir ki, yuxarıda göstərilən qaydaların 17.1.1.2-ci və 5.3-cü bəndləri sistemli şəkildə şərh edildikdə aydın olur ki, həmin qaydalara əsasən nəqliyyat vasitəsinin sürücü kimi qeyd edilməyən şəxs tərəfindən idarə olunması ilə bağlı risklər avtomobil nəqliyyatı vasitələrinin tam sığorta müqaviləsi ilə yalnız o zaman sığortalanmamış hesab edilir ki, sığorta şəhadətnamədə yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallarda sığorta təminatının verilməsi nəzərdə tutulmuş olsun. Hazırkı halda isə sığorta şəhadətnaməsində yalnız sürücü (sığorta olunan) kimi qeyd edilmiş şəxslərin avtomobilin idarə etməsi ilə bağlı sığorta təminatının verildiyi xüsusi qeyd edilməmişdir.

36. Odur ki, hazırkı halda sığorta şəhadətnaməsinin şərtlərinə əsasən avtonəqliyyat hadisəsi sığorta təminatına daxil edildiyini və mübahisəli yol-nəqliyyat hadisəsinin sığorta hadisəsi sayılmasını istisna edən hər hansı bir halın mövcudluğun müəyyən edilmədiyini nəzərə alaraq kollegiya birinci instansiya məhkəməsi ilə razılaşır ki, hazırkı cavabdehin sığorta ödənişinin verilməsindən imtinası əsassız olmuşdur.

37. Cavabdehdən tutulmalı olan sığorta ödənişinin məbləğinə gəldikdə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, avtomobilə dəymiş zərərin 1880 manat təşkil etməsi işin mübahisəsiz halını təşkil etdiyindən, sığorta şəhadətnaməsi ilə sığorta təminatı qismən – 89,29% məbləğində olduğundan azadolma məbləği 100 manat təşkil etdiyindən və sığorta hadisəsinin baş verməsində sığortalanmış avtomobilin sürücü təqsirli olduğundan sığorta ödənişi 1578,7 manat (1880 manatx89,29%-100 manat) məbləğində müəyyən edilməlidir.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

39. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

40. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tuaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-931/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar