Məhkəmə qərarları › İş №2-2(103)-650/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-650/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-650/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2258/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 05.05.2021-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, CavabdehMMC-dən İddiaçı MMC-nin xeyrinə 11 nömrəli, 06.01.2020-ci il tarixli müqavilə üzrə yaranmış 30811,58 (otuz min səkkiz yüz on bir manat əlli səkkiz qəpik) manat əsas borcun, müqavilə öhdəliklərinin pozulmasına görə hesablanmış 7945,73 (yeddi min doqquz yüz qırx beş manat yetmiş üç qəpik) manat cərimə borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı MMC iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-yə məxsus “Toyota Prado” markalı, 2012-ci il buraxılışlı (mühərrik: 5L6198716; Ban:JTEBD9FJ9CK009284), ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobil; “Kio Rio” markalı, 2013-cü il buraxılışlı (Mühərrik: G4FADS60313; BAN: KNADN412BE6333789), ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobil və “Toyota Hilux” markalı, 2013-cü il buraxılışlı (Mühərrik:2KDU394771; BAN: MROFR22G1D0705810), ** PX *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması və həmin avtomobillərin özgəninkiləşdirilməsinin cavabdehə və hər hansı üçüncü şəxsə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 05.05.2021-ci il tarixli e-2-2(113)-2258/2021 saylı qərardadı ilə ərizə təmin edilmişdir. Cavabdeh MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 08.05.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 şikayəti müdafiə etdi, iddiaçının nümayəndəsi X3 və iddiaçının nümayəndəsi və vəkili Vəkil1 isə şikayətə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1-ci maddəsinə görə iddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq (158.1.1). Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. Hazırkı mübahisənin predmetini nəzərə alaraq kollegiya hesab edir ki, işə mahiyyəti üzrə baxılana kimi cavabdehə məxsus nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması və onların özgəninkiləşdirilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə iddianın təmini tədbiri seçilməlidir. Belə ki, iddia tələbi yüksək məbləğin, yəni 38757,31 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasından ibarətdir və iddia təmin olunduğu təqdirdə həmin məbləğin könüllü ödənilməyəcəyi qənaətinə gəlmək üçün kifayət qədər əsaslar vardır. Belə olan halda isə həmin məbləğin tutulması üzərinə həbs qoyulmuş nəqliyyat vasitələrinə yönəldilməklə qətnamənin icrasında yarana biləcək çətinliklər aradan qaldırıla bilər. Ona görə də, ərizə əsaslıdır və birinci instansiya məhkəməsi düzgün olaraq ərizənin təmin edilməsi nəticəsinə gəlmişdir. Cavabdehin dəlilləri isə əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə iclasında cavabdeh tərəfindən 10000 manat məbləğində ödəniş edilməsi ilə yanaşı müəyyən olundu ki, cavabdehə məxsus “Toyota Prado” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil artıq özgəninkiləşdirilmişdir. Göründüyü kimi iddianın təmini tədbiri kimi yalnız “Kio Rio” markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobil və “Toyota Hilux” markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobil çıxış edir. Həmin avtomobillərin cavabdehin özü tərəfindən bildirilən bazar qiymətlərini (14000 və 35000 manat), iddia tələbini və icra zamanı keçirilən hərracların əsasən likvid qiymətlər əsasında həyata keçirildiyini nəzərə alaraq kollegiya hesab edir ki, həmin avtomobillərin hər hansı biri üzərindən həbsin götürülməsi üçün əsaslar mövcud deyil. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı, şikayətdə göstərilən dəlillər onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2258/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 05.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar