Məhkəmə qərarları › İş №2-2(103)-652/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-652/2023

25.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-652/2023 25.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı subroqasiya qaydasında pul tələbinə dair Açar söz: subroqasiya hüququ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri Nümayəndə1, X2, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “subroqasiya qaydasında pul” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-70/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları 1.İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, xx.xx.2020ci il tarixdə “Term” Kompaniyasına məxsus “Term idman kompleksi” sığorta məbləği 94.000 manat, azadolma məbləği 940 manat olmaqla, Term Universitet binası sığorta məbləği 170.000 manat, azadolma məbləği 1.700 manat olmaqla xx.xx.2021-ci il tarixinədək "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmışdır. (1-ci cild, 143-144-cü səh). 20 dekabr 2020-ci il tarixində Sumqayıt şəhəri, Bakı küçəsində d1000 mm-lik kanalizasiya kollektorunda baş vermiş qəza nəticəsində “Term” idman kopmleksinin və Universitet binasının zirzəmisində subasma hadisəsi baş vermişdir.

2. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2022-ci il tarixli 217 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhəri, Bakı küçəsindən keçən D1000mm kanalizasiya xətti Cavabdeh ASC-nin balansındadır (1-ci cild, 134 səh.).

3. İş materiallarında olan Sumqayıt şəhər İcra hakimiyyəti Başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsinin xx.xx.2021-ci il tarixli 08 nömrəli məktubundan görünür ki, “Term” Kompaniyasına məxsus Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən “Term” İdman Kompleksinin və Universitet binasının yarımzirzəmisi xx.xx.2020-ci il tarixində kanalizasiya xətlərinin tutulması səbəbindən subasmaya məruz qalmış və obyektlərə zərər dəymişdir (1-ci cild 135-ci vərəq).

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC-dən 165.000 manat pul məbləğinin, 400 manat mediasiya xərci məbləğinin və 55 manat dövlət rüsumunun, ümumilikdə 165.455 manat pul vəsaitinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 20 dekabr 2020-ci il tarixində "xxxx" ASC tərəfindən daşınmaz əmlakın icbari sığorta müqaviləsi ilə sığorta təminatı almış “TERM” Kompaniyasına məxsus Sumqayıt şəhəri, 44-cü məhəllə, Bakı küçəsi-37 ünvanında yerləşən “TERM” İdman Kompleksinin və Kompaniyaya məxsus Universitet binasının tikililəri subasmaya məruz qalmışdır. Sığorta araşdırması nəticəsində müəyyən edilmişdir ki, 20 dekabr 2020-ci il tarixində Sumqayıt şəhəri, Bakı küçəsində D1000 mm-lik kanalizasiya kollektorunda baş vermiş qəza nəticəsində “TERM” Kompaniyasının tikililərinə zərər dəymişdir. Qeyd olunur ki, 150056 saylı, xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən “TERM” Kompaniyası istehlakçı, Cavabdeh ASC isə istehsalçı olmuşdur. İdman Kompleksinin tikililərinə 65.940 manat, universitet binasının tikililərinə 101.700 manat məbləğində zərər dəymişdir. RAZ********** saylı sığorta müqaviləsinə (şəhadətnaməsinə) və CFİ-0294/2020-AKT3454/21 sığorta aktına əsasən azadolma məbləği (940 manat) çıxıldıqdan sonra İdman Kompleksinə dəymiş zərər üzrə 65.000 manat, RAZ********** saylı sığorta müqaviləsinə (şəhadətnaməsinə) və CFİ0295/2020-AKT3457/2021 sığorta aktına əsasən azadolma məbləği (1700 manat) çıxıldıqdan sonra Universitet binasına isə dəymiş zərər üzrə 100.000 manat olmaqla ümumilikdə 165.000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-70/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, Sumqayıt şəhəri, Bakı küçəsindən keçən D1000mm kanalizasiya xətti Cavabdeh ASC-nin balansında olduğundan həmin kanalizasiya xəttinin lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək Cavabdeh ASC-nin məsuliyyət dairəsinə daxildir. “Term” idman kopmleksinin və Universitet binasının zirzəmisində subasma hadisəsi nəticəsində dəymiş ziyan məhz 20 dekabr 2020-ci il tarixində Sumqayıt şəhəri, Bakı küçəsində d1000mm-lik kanalizasiya kollektorunda baş vermiş qəza nəticəsində olmuşdur.

8. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli CFİ-0295/2020-AKT3457/21 saylı sığorta aktına əsasən Sumqayıt şəhəri, 44-cü məhəllə ünvanında yerləşən Universitet Binasına dəymiş zərər 101.700 manat, xx.xx.2021-ci il tarixli CFİ-0294/2020- AKT3454/21 saylı sığorta aktına əsasən Sumqayıt şəhəri, 44-cü məhəllə X5 dəymiş ziyanın məbləği 65.940 manat məbləğində müəyyən olunmuşdur.

9. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli **********9 nömrəli ödəniş tapırığına əsasən Azsığorta ASC tərəfindən Term Kompaniyasına 100.000 manat məbləğində, xx.xx.2021-ci il tarixli **********8 nömrəli ödəniş tapırığına əsasən Azsiğorta Asc tərəfindən Term Kompaniyasına 65.000 manat məbləğində ödəniş həyata keçirilmişdir (1-ci cild, 185,186 səh.).

10. Qeyd edilən halın araşdırılması üçün məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Eskpertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən “Term” Kompaniyasına məxsus Sumqayıt şəhəri, 44-cü məhəllə, Bakı küçəsi, 37 ünvanında yerləşən “TERM” İdman Kompleksinin və Universitet Binasının tikililərinə dəymiş zərərin ümumi dəyərinin təqribən 167.640 manat məbləğində olması müəyyən olunmuşdur.

11. Məhkəmə qeyd edilənlərə əsasən hesab etmişdir ki, ekspert rəyində qeyd edilmiş dəymiş ziyanın məbləği sığorta aktında qeyd edilmiş məbləğdən artıqdır. Belə olan halda məhkəmə hesab edir ki, "xxxx" ASC haqlı olaraq hər iki sığorta obyekti üzrə azadolma məbləğini çıxdıqdan sonra 165.000 manat məbləğində pulu “Term” Kompaniyasına ödəmişdir. Ona görə də, "xxxx" ASC-nin vermiş olduğu sığorta ödənişini sığorta hadisəsinin baş verməsində məsuliyyəti olan Cavabdeh ASC-dən tələb etməyə əsası yaranmışdır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Cavabdeh ASC-nin tələbin üçüncü şəxsə güzəşti ilə bağlı heç bir razılığı olmamışdır. Digər tərəfdən iddiaçı "xxxx" ASC-nin ilkin tələbinə qarşı məhkəməyə yazılı etiraz təqdim edildikdən sonra iddiaçı iddia tələbinin əsassız olduğunu bilərək və etirazda qeyd olunan faktlar qarşısında mötəbər sübutu olmadığından iddia tələbini dəyişdirərək məhkəmə prosesinin gedişatında ziyan dəymiş şəxslə xx.xx.2021-ci il tarixli tələbin güzəşti barədə müqavilə bağlayaraq məhkəməyə təqdim etmişdir. Bu fakt iddiaçının iddia tələbinin əsassız olduğunun ilkin göstəricisidir. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Göründüyü kimi bu maddənin tətbiq dairəsi banklara şamil edilir. Bu halda tələbin güzəşti ilə əlaqədar sığortaçının borcludan pul tələb etməsi maddənin tələblərinə ziddir. Sözügedən hadisə 20 dekabr 2020- ci ildə baş vermişdir. "xxxx" ASC ilə “TERM” kompaniyası ilə daşınmaz əmlakın icbari sığortası müqaviləsi 17 sentyabr 2020-ci il tarixində, tələbin güzəşti müqaviləsi isə xx.xx.2021-ci il tarixində bağlanmışdır. Hadisədən sonra bağlandığına görə bu əqd etibarsızdır. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Hesab edirik ki, bu müqavilə yalan əqddir və etibarsız hesab edilməlidir. Eyni zamanda müqavilə notarial qaydada təsdiqlənməmişdir. Yuxarıda sadalananlar əqdin etibarsızlığının bariz göstəricisidir.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. Normanın tələbindən göründüyü kimi iddiaçı tərəf öz tələblərini əsaslandırdığı halları sübut etməli olduğu halda, bununla bağlı məhkəməyə sübut qismində heç bir rəsmi təsdiq edici sənəd təqdim etməmişdir. Buna baxmayaraq işə məhkəmə bu fakta düzgün qiymət verməmişdir. İş materiallarından da məlum olduğu kimi tərəfimizdən keçiriləcək ekspertiza qarşısına suallar qoyulmuş və həmin suallar cavablandırılması üçün məhkəmə qərardadı ilə ekspertizaya göndərilmişdir. Lakin ekspert rəyindən də göründüyü kimi ekspert qarşısına qoyulmuş sualların hamısı cavablandırılmamışdır. Belə ki, işin obyektiv həll edilməsi üçün əsas sual olan “kanalizasiya xəttinin üzərində qaytarıcı klapanın olub-olmaması sualı” ekspert cavablandırmamışdır. Bu halda məhkəmə təkrar ekspertiza tətbiq etməli olduğu halda bunu etməmiş və cavablandırılmamış sualları əsaslandırmağa borclu olduğu halda heç bir əsas gətirmədən qətnamə çıxarmışdır. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən yarımçıq cavablandırılan ekspert rəyinə əsaslanmışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının nümayəndələri isə şikayətə etiraz edərək rədd edilməsini xahiş etmişlər.

15. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 936.1-ci maddə- subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla (936.6-Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir.) sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddə- faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddə- mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddə-delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddə-mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu 23.1-ci maddə: sığortaçının aşağıdakı hüquqları vardır: 23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək.

“Sudan istifadə Qaydaları” 2.1-ci bənd- STKM-in (su təchizatı və kanalizasiya müəssisəsi) vəzifələri aşağıdakılardır: 2.1.1. balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək; 2.1.3. fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək; 9.9-cu bənd- STKM müntəzəm olaraq öz balansında olan kanalizasiya şəbəkələrinin yoxlanılması, profilaktikası, yuyulması, təmizlənməsi və təmirini həyata keçirməlidir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

16. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

17. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-70/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

18. İşin mübahisəsiz hallarından görünür ki, “Term” Kompaniyasına məxsus Term idman kompleksi və Term Universitet binası xx.xx.2020-ci il tarixdə "xxxx" ASC tərəfindən daşınmaz əmlakın icbari sığortası növündə sığortalanmış, 20 dekabr 2020-ci il tarixində Sumqayıt şəhəri, Bakı küçəsində d1000mm-lik kanalizasiya kollektorunda baş vermiş qəza nəticəsində “Term” idman kopmleksinin və Universitet binasının zirzəmisində subasma hadisəsi baş vermiş, hadisə sığorta hadisəsi olduğundan "xxxx" ASC tərəfindən 165.000 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Hazırda həmin məbləğ subroqasiya qaydasında cavabdehdən tələb edilir.

19. Cavabdehin apellyasiya şikayətində mübahisələndirdiyi hal ondan ibarətdir ki, iddiaçı ilə “Term” Kompaniyası arasında xx.xx.2021-ci il tarixli tələbin güzəşti barədə müqavilə bağlanarkən borclunun razılığı alınmadığından, bu müqavilə sığota hadisəsi baş verdikdən sonra bağlandığından, notarial qaydada təsdiq edilmədiyindən etibarsız-yalan əqd olduğu üçün həmin əqdə əsaslanaraq irəli sürülmüş iddia təmin edilə bilməz.

20. Apellyasiya şikayətini əsassız hesab edərək məhkəmə qeyd edir ki, iddiaçı ilk iddia ərizəsində iddia tələbinin əsası kimi, tələbin güzəşti barədə müqaviləyə deyil, ziyan vurulma faktından irəli gələn subroqasiya hüququna istinad etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edilmiş, həmin ərizədə iddianın faktiki əsaslarına eyni zamanda xx.xx.2021-ci il tarixli tələbin güzəşti barədə müqavilə də əlavə edilmişdir. Sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququ qanundan (MM-nin 936.1-ci maddəsi, “İcbari sığortalar haqqında” Qanun 23.1-ci maddə) irəli gələn hüquq olduğundan hazırkı halda iddiaçının bu hüququnu həyata keçirməsi üçün sığorta ödənişi almış hüquqi şəxslə tələbin güzəşti barədə müqavilə bağlanıb bağlanmadığı əhəmiyyətli deyil. Ona görə də birinci instansiya məhkəməsi qətnamədə iddianın əsaslı olduğuna dair iş üzrə gəldiyi nəticəni əsaslandırarkən tələbin güzəşti barədə müqaviləyə istinad etməmişdir.

21. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının məhkəməyə sübut olaraq təqdim etdiyi xx.xx.2021-ci il tarixli tələbin güzəşti barədə müqavilənin etibarsız əqd hesab edilməsi üçün hər hansı əsas mövcud deyil. Belə ki, cavabdehin özünün də istinad etdiyi MM-nin 194.1-ci maddədə nəzərdə tutulmuşdur ki, tələb sahibi (kreditor) güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmadığı halda borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt etmək hüququ nəzərdə tutulmuşdur. Hazırkı halda sığorta ödənişi almış şəxsin dəymiş ziyanın əvəzini almaq hüququnu sığortaçıya güzəşt etməsi nəinki öhdliyin mahiyyətinə və qanuna ziddir, əksinə uyğundur. Bu müqavilənin sığorta hadisəsi baş verdikdən sonra deyil, əvvəl bağlanmalı olduğuna dair mülahizə isə ümumiyyətlə məntiqsizdir. Belə ki, sığorta hadisəsi baş verənədək sığortalıya zərər vurulmadığından və sığorta ödənişi ödənilmədiyindən tələb hüququ yaranmadığı üçün hüququn ötürülməsindən söhbət gedə bilməz. Qeyd edilən müqavilənin hansı nornaya əsasən notarial qaydada təsdiq edilməli olduğu barədə cavabdehin mövqeyi ümumiyyətlə əsaslandırılmamışdır.

22. Apellyasiya şikayətinin digər dəlili bundan ibarətdir ki, işdəki xx.xx.2023-cü il tarixli 10/8131 saylı ekspert rəyində məhkəmə tərəfindən qoyulmuş suallar tam cavablandırılmadığı halda məhkəmə tərəfindən təkrar ekspertiza təyin edilmişdir. MPMdə təkrar ekspertiza təyin edilməsi üçün əsaslar müəyyən edilmişdir. MPM-nin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Hazırkı halda ekspert tərəfindən məhkəmə qərardadında qoyulmuş 5-ci və 6-cı suallar cavablandırılmamış, səbəbi ilə bağlı qeyd edilmişdir ki: “Term” Kompaniyası tərəfindən əsas xəttə qoşulması barədə sənədlər iş materiallarında olmadığından, texniki şərtin tələblərinə və istismar qaydalarına uyğun olaraq kanalizasiya şəbəkəsinə qoşulubqoşulmamasına dair tədqiqat aparılmamış, “Term” Kompaniyasına məxsus kanalizasiya xətti torpaq sahəsinin altında yerləşdiyindən kanalizasiya xətti üzərində əks klapan mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Ekspert rəyi məhkəməyə daxil olduqdan sonra məhkəməyə 5-ci sualın cavablandırılması üçün zəruri olan sənədlər təqdim edilmədiyindən, 6-cı sualla bağlı isə tərəflərdən hər hansı biri yerin altından keçən kanalizasiya xəttinə ekspert tərəfindən baxış keçirilməsi üçün qazıntı işlərinin həyata keçirilməsini öz üzərinə götürmədiyindən həmin suallarla bağlı məhkəmənin təkrar ekspertiza təyin etməməsi pozuntu hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin apellyasiya şikayətində qeyd edilənlər mübahisələndirilən qətnamənin ləğv edilərək iddianın rədd edilməsi üçün əsas hesab edilmir.

23. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)- 70/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-70/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar