Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-655/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, iddiaçı “X3 Kompani” Şirkətinin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin cavabdehin nümayəndəsi və vəkili X1, qanuni təmsilçi Tan Xıngyının (tərcüməçi Chen Lu) iştirakları ilə, iddiaçı “X3 Kompani” Şirkətinin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2-2 (113)-82/2021 saylı qətnaməsindən (hakim E.Əliyev) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X3 Kompani” Şirkəti Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 5.381.165,58 ABŞ dolları məbləğində borcun, 3000 ABŞ dolları məbləğində hüquqşünas xərclərinin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq, “X3 Kompani” Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, 11 mart 2013-cü il tarixində "xxxx" MMC ilə “X3 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında PHPOL-201301 nömrəli qazma işlərinin görülməsi ilə bağlı müqavilə imzalanmışdır. Daha sonra 22 oktyabr 2013-cü il tarixində ikinci – PHPOL-201302 nömrəli qazma işlərinin görülməsi ilə bağlı müqavilə imzalanmışdır. Hər iki müqavilə üzrə iddiaçı tərəfindən görülmüş qazma işlərinə görə cavabdehin iddiaçıya ümumilikdə 5381165,58 ABŞ dolları məbləğində borcu yaranmışdır. Hər iki müqavilənin 10.2.2-ci maddələrində göstərilmişdir ki, icraçı sifarişçidən görülmüş işləri qəbul etmək və həmin işlərə görə ödənişlərin vaxtlı-vaxtında edilməsini tələb etmək hüququna malikdir. Cavabdehin 03.12.2015-ci il tarixli 191/01-15 nömrəli və 04.12.2015-ci il tarixli 192/01- 15 nömrəli məktublarında da iddiaçıya 5381165,58 ABŞ dolları məbləğində borcun olduğu etiraf edilmişdir. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə borcunu ödəməkdən yayınmışdır. Sonuncu dəfə 25 sentyabr 2018-ci il tarixində isə cavabdehə rəsmi pretenziya məktubu ünvanlanmış və bildirilmişdir ki, cavabdeh tərəfindən 03 oktyabr 2018-ci il tarixinədək borc tam şəkildə ödənilmədiyi təqdirdə iddiaçı tərəfindən məhkəməyə müraciət olunacaqdır. İddiaçının son xəbərdarlığına baxmayaraq, cavabdeh borcun ödənişini həyata keçirməmiş və bununla müqavilə üzrə öhdəliklərini kobud surətdə pozmuşdur. Bakı Kommersiya Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2-2 (113)-82/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nın 03.12.2015-ci il tarixli 191/01-15 nömrəli və 04.12.2015-ci il tarixli 192/01-15 nömrəli məktubları əlində bayraq edən iddiaçı, qazma işlərinin faktiki görməsinə dair məhkəməyə hər hansı başqa sübut təqdim edə bilməmiş, çünki bütün işlər yalnız kağız üzərində görmüşdür. Məhkəmə isə qazma işlərinin faktiki görülməsinə dair (hansı qazma işlərinin, hansı tarixdə, hansı ərazidə, kimin tərəfindən, həmin işlərin kimin tərəfindən və hansı sənədlər üzrə qəbul edilməsinə dair) hər hansı sübut və dəlil tələb etmədən, həmin məktubları borcun etirafı kimi qiymətləndirərək iddia tələbini təmin etmişdir. Qeyd edilən məktubda borcun mövcüd olması etiraf edilmir, sadəcə olaraq digər tərəfin göstərdiyi rəqəmlərə istinad edilərək, həmin rəqəmlər yoxlanılıb təsdiq edildiyi yeni müqavilənin bağlanması təklif olunur. Məktublarda borcun hansı əsaslar və hansı öhdəliklər üzrə yaranması barədə heç nə göstərilməmişdir. Eyni zamanda göstərilən məbləğdə borcun hansı əsaslar üzrə yaranmasına dair məhkəməyə başqa sənədlər təqdim edilməmişdir. Əslində həmin məktubda iddiaçıya təklif olunur ki, qeyd edilən hər 2 planı müzakirə edib onların gəbul edilib-edilməməsi barədə cavab versinlər. Lakin iddiaçı tərəfindən heç bir cavab daxil olmamışdır - deməli təklif gəbul edilməmişdir. Faktiki olaraq bu məktublar yeni müqavilənin bağlanması üçün oferta təklifi olmuşdur . Göründüyü kimi iddiaçının məhkəməyə sübut kimi təqdim etdiyi məktublar borcun etiraf etiraf etməsi barədə iradə ifadəsi olmamışdır, yeni sazişin bağlanması haqqında təklifdir. Necə ki, həmin təklifləri digər tərəf gəbul etməmişsə , bu məktub cavabdeh üçün hər hansı hüquqi nəticələr yarada bilməz. Cavabdeh iddia müddətinin keçməsi ilə bağlı iddianın rədd edilməsi barədə məhkəməyə ərizə verilmişdir: belə ki “X3 Kompani” Şirkətinin Azərbaycan Respublikasının Nümayəndəliyi tərəfindən iddia ərizəsi məhkəməyə rəsmi olaraq 21 yanvar 2020-ci il tarixdə təqdim edilmiş, lakin həmin tarixə qədər bütün iddia müddətləri ötürülmüşdür İddiaçının məhkəməyə təqdim etdiyi müqavilədən görünür ki, tərəflər arasında sonuncu müqavilə 22 oktyabr 2013-cü il tarixdə bağlanmış, müqavilənin müddəti bir il müyyən edilmiş və 22 oktyabr 2014-cü ildə xitam verilmişdir. Nəzərə alınsa ki, müqavilələrdən irəli gələn öhdəliklər üzrə iddia müddəti qanunla 3 il müddətində müəyyən edilib - deməli iddia müddətinin axımı 22 oktyabr 2014-cü il tarixdən başlanmış, 3 il davam etmiş və 22 oktyabr 2017-ci ildə tamamlanmışdır. Ehtimal etsək ki 04.12.2015-ci il tarixli məktubla cavabdeh şirkət tərəfindən borcun olması etiraf edilmişdir – deməli həmin tarixdə iddia müddətinin axımı kəsilərək yenidən hesablanmaya başlanmışdır. Bu zaman iddia müddətinin son tarixi 04.12. 2018-ci il tarixə təsadüf edir. İddiaçı tərəfindən isə iddia ərizəsi yalnız 21.01 2020-cı ildə təqdim etmişdir: deməli iddia müddəti ötürülmüşdür və bu əsasla rədd edilməlidir. Məhkəmənin qətnaməsindən müəyyən olunur iddiaçı “X3 Kompani” Şirkətinin Numayəndəliyinin digər iddia tələbi də - 3000 ABŞ dolları məbləğində vəkil xərclərini ödənilməsinə dair - tam həcmdə təmin edilmişdir. Lakin, vəkil xidməti üçün vəkil qurumuna 3 000 ABŞ dollar məbləğində vəsaitin ödənilıb-ödənilməməsinə dair işin materiallarında heç bir maliyyə sənədi yoxdur. Nəzərə alınmalıdır ki, hüququ xidmət haqqında müqavilə üzrə vəkil qurulmarına ödənilən pul yalnız manatla ödənilir, bu ödəmələr bankomat və köçürmə yolu həyata keçirilir. Göründüyü kimi, birinci instansiya məhhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarını kobut surətdə pozmuş, tətbiq edilməli olan hüquq normalarını tətbiq etməmişdir. Məhkəmə iclasında iştirak edən apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apelyasiya şikayəti ilə razı olmadığını bildirərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2-2 (113)-82/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. İddiaçı iş materiallarına əlavə edilmiş 11 mart 2013-cü il tarixli, PHPOL-201301 saylı və 22 oktyabr 2013-cü il tarixli PHPOL-201302 saylı podrat müqavilələri və əlavələrinə əsasən cavabdehdən həmin müqavilələr əsasında görülmüş işlərin dəyəri olaraq 5.381.165,58 ABŞ dolları məbləğində borcun tutulmasını xahiş etmişdir. 11 mart 2013-cü il tarixli, PHPOL-201301 saylı müqavilənin müddəti 31.12.2013cü ilədək və 22 oktyabr 2013-cü il tarixli PHPOL-201302 saylı müqavilənin müddəti 31.12.2014-cü ilədək müəyyən olunmuşdur. İşdəki 03.12.2015-ci il tarixli, ***-**-** nömrəli məktubun surətindən (məktubun əsli 2- 2(113)-16/2021 saylı işdə) görünür ki, Cavabdeh MMC-nin baş menecer müavini Xiao Jiang “X3 Kompani” Şirkətinin Azərbaycandakı Nümayəndəliyinə müraciət edərək, GWDC (“X3 Kompani” Şirkəti) qarşısında 5381165,58 ABŞ dolları məbləğində borcunun qaldığını etiraf etmiş və əgər qarşı tərəf razılaşarsa onlar tərəfindən 1 milyon dollar həcmində olan borcun 2016-cı ildə ödənilməsinin, qalan borcun isə 5 il ərzində (2016-cı ildə 1000000, 2017-ci ildə 1200000, 2018-ci ildə 1400000, 2019-cu ildə ******* və 2020-ci ildə 1194409,16 ABŞ dollar) öənilməsinin mümkün olduğu bildirilmişdir. Eyni məzmunlu 04.12.2015-ci il tarixli, ***-**-** nömrəli məktub Cavabdeh MMCnin baş meneceri Tan Xingyi tərəfindən də “X3 Kompani” Şirkətinin Azərbaycandakı Nümayəndəliyinə göndərilmişdir. 30.08.2019-cu il tarixli, 20279 nömrəli məhkəmə ekspertizası rəyinin surətindən (rəyin əsli 2-2(113)-16/2021 saylı işdə) görünür ki, 03.12.2015-ci il tarixli ***-**-** nömrəli məktubun kserosurətində “Xiao Jiang” yazıları qarşısında olan imza – Xiao Jiang tərəfindən icra olunmuş, 04.12.2015-ci il tarixli ***-**-** nömrəli məktubda “Tan Xingyi” yazıları qarşısında olan imza – Tan Xingyi tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 09.12.2019-cu il tarixli, 28348 nömrəli məhkəmə ekspertizası rəyinin surətindən (rəyin əsli 2-2(113)-16/2021 saylı işdə) görünür ki, 03.12.2015-ci il tarixli ***-**-** nömrəli məktubda “Xiao Jiang” yazıları qarşısında olan imza – Xiao Jiang tərəfindən icra olunmuşdur. 04.12.2020-ci il tarixli, 4/1011 nömrəli ekspert rəyinin surətindən (rəyin əsli 2- 2(113)- 16/2021 saylı işdə) görünür ki, ekspertizaya təqdim edilmiş işin 2-ci cildinin 161ci vərəqəsində olan 02.10.2017-ci il tarixli etibarnamədə Cavabdeh MMC-nin baş meneceri Tan Xingyi qrafasındakı imza və 196-cı vərəqəsində olan 04.12.2015-ci il tarixli ***-**-** nömrəli məktubda “X4 Manager of Petro- Hongkonq-Pirsaat Oil Limited” qrafasındakı imza – eyni şəxs tərəfindən icra olunmuşdur. Cavabdeh tərəfindən işə birinci instansiya qaydasında baxılarkən mübahisəyə iddia müddətinin tətbiq edilməklə baxılması barədə ərizə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh MMC-nin baş menecer müavini Xiao Jiang və baş menecer “Tan Xinqyi tərəfindən “X3 Kompani” Şirkətinin Azərbaycandakı Nümayəndəliyinə etdikləri müraciətdə GWDC (“X3 Kompani” Şirkəti) qarşısında 5381165,58 ABŞ dolları məbləğində borcun qaldığı və Plan A üzrə onlar tərəfindən 1 milyon dollar həcmində olan borcun 2016-cı ildə, qalanının hissə-hissə 2020-ci ilədək ödəniləcəyi bildirildiyindən müqavilə üzrə öhdəliklərin icrası üçün müddət 31 dekabr 2020-ci il tarixdə bitmişdir, icra müddətinin axımı məhz 01 yanvar 2021-ci il tarixdən başladığına görə iddia müddəti qanunvericiliyin tələblərinə əsasən ötürülməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə öhdəliyin icra müddətinin 31 dekabr 2020-ci il tarixdə bitdiyinə dair düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən olunmuşdur. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 377.2-ci maddəyə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1-ci maddəyə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28.11.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri - kreditora borcun etirafını nəzərdə tutan məktub formasında ifadə oluna bilər. İddiaçı tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə işlərin konkret olaraq hansı tarixdə başa çatdığını qeyd etməsə də, cavabdehin iddiaçıya ünvanlanmış məktublarından görünür ki, həmin işlər 2015-ci il tarixədək görülüb başa çatmışdır. 2015-ci ilin dekabr ayında cavabdeh tərəfindən borcun etirafı barədə iddiaçıya göndərilmiş məktubla üç illik iddia müddətinin axımı kəsilmiş, həmin tarixdə iddia müddəti yenidən başlayaraq 2018-ci ilin dekabr ayında bitmişdir. İddiaçı məhkəməyə hazırkı iddia ərizəsi ilə 21.01.2020-ci il tarixdə müraciət etməklə iddia müddətini ötürmüşdür. Öhdəliyin icra müddətinin 2020-ci ilin dekabr ayınadək uzadılmasına dair tərəflər arasında saziş və ya müqaviləyə əlavə imzalanmadığından və bu yalnız cavabdehin məktubunda irəli sürülmüş bir təklif olduğundan (təklifin iddiaçı tərəfindən qəbul edildiyinə dair işdə hər hansı sübut yoxdur) birinci instansiya məhkəməsinin tərəflər arasında bağlanmış podrat müqavilələri üzrə görülmüş işlərin dəyərinin ödənilməsi ilə bağlı cavabdehin öhdəliyinin icra müddətinin 2020-ci ilin dekabr ayınadək müəyyən edildiyinə dair iş üzrə gəldiyi nəticə düzgün deyil. İddia müddəti iddiaçı tərəfindən ötürüldüyündən iddianın təmin edilməsi barədə iş üzrə qəbul edilmiş qətnamə qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2-2 (113)-82/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh MMC-nin apelyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2-2 (113)-82/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-655/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-655/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver