Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-655/2025 17.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbi üzrə (Açar sözlər: iddia tələbinin qanuni əsası, alqı-satqı müqaviləsi, konsessiya müqaviləsi, sübutetmə) hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi (vəkili) Vəkil4 iştirakı ilə "xxxx" MMC-nin Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 12 mart 2025-ci il tarixli qətnaməsindən "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. “X10” MMC (indiki adı "xxxx" MMC/satıcı) ilə Cavabdeh (sifarişçi) arasında 21 sentyabr 2021-ci il tarixdə NSZ-21.09.21 nömrəli müqavilə bağlanmışdır.
2. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı alıcıya razılaşdırılmış qiymətə və şərtlərə uyğun olaraq mal-materialı satır, alıcı isə həmin qiymətə uyğun mal-materialı qəbul edir və razılaşdırlmış müddətdə malın dəyərini ödəyir.
3. Sözügedən müqavilənin 2.1.1-ci bəndinə görə, satıcı müqavilənin 3.1-ci bəndində göstərilən şərtlərə uyğun olaraq ödənişi aldıqdan sonra malı təhvil verməlidir; 2.2.1-ci bəndinə əsasən, alıcı bir il ərzində ən az 15 000 ton həcmində mal almalıdır; 2.1.3-cü bəndinə görə, malı razılaşdırılmış şəhər və rayonlarda sadəcə alıcı sata bilər və 2.2.1-ci bəndindəki öhdəlik yerinə yetirildiyi halda satıcı bunu təmin edir.
4. Müqavilənin 3.1-ci bəndinə əsasən, ilk olaraq alıcı satıcının hesabına 30 000 manat məbləğində avans ödəyir, növbəti mərhələdə satıcı alıcıya 30 000 manat dəyərində malı depozit olaraq verir və bu məbləğdən artıq olan borc məbləği hər ayın sonu satıcının hesabına ödənilir.
5. Müqavilənin 31 dekabr 2022-ci il tarixədək qüvvədə olacağı razılaşdırılmışdır.
6. “X10” MMC tərəfindən “X11” MMC-nin tərtib etdiyi satış fakturalarının surətləri təqdim olunmuşdur.
7. “X13” MMC tərəfindən tərtib edilmiş 14 mart 2023-cü il tarixli aktda 13 mart 2023-cü il tarixdə arxiv otağını su basması nəticəsində şirkətin keçən illərə aid arxiv sənədlərinin tam yararsız vəziyyətə düşdüyü qeyd edilmişdir.
8. “X10” MMC tərəfindən tərtib edilmiş akta görə, Cavabdeh xx.xx.2021-xx.xx.2021-ci il tarixi üçün borcu 125 183,10 manat təşkil edir. Həmin akt Cavabdeh tərəfindən imzalanmamışdır.
9. "xxxx" MMC tərəfindən təqdim edilən satış-fakturalarının çıxarış sənədlərinin surətlərinə görə, Cavabdeh 29 dekabr 2021-ci il tarixinə 249 798,56 manat, 28 fevral 2022-ci il tarixinə 68 775,68 manat, 31 mart 2022-ci il tarixinə 101 092,32 manat, 30 iyun 2022-ci il tarixinə 175 492,29 manat borcu var. Cavabdeh həmin çıxarış sənədlərinin altında imza etmişdir.
10. “X13” MMC tərəfindən “Whatsapp” yazışmaları da təqdim edilmiş, həmin yazışmalarda Cavabdeh təsdiq etdiyi üzləşdirmə aktlarının mübadiləsi həyata keçirilmişdir.
11. Nərimanov Rayon Polis İdarəsi tərəfindən tərtib olunmuş “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 11 sentyabr 2024-cü il tarixli 948 saylı protokolda qeyd edilmişdir ki, “Cavabdeh elan edilmiş ittihamın mahiyyətinin və mənasının ona aydın olduğunu, həmin ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilmədiyini bildirmişdir. Cavabdeh ifadəsində bildirmişdir ki, sement məhsullarının satışı ilə məşğul olmaq üçün 21 sentyabr 2021-ci ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda fəaliyyət göstərən “X10” MMC-nin direktoru X9 ilə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin vaxtdan, yəni 2021-ci ilin oktyabr ayından 2022-ci ilin sentyabr ayına kimi nağd qaydada ödəniş etməklə “X10” MMC-dən sement məhsulları alıb müxtəlif şəxslərə satmışdır. “X10” MMC tərəfindən satılan sement məhsulları ilə bağlı heç bir sənədləşdirmə aparılmamış, o cümlədən qaimə faktura tərtib olunmamışdır. Alınan malın müqabilində Bakı şəhərində “X10” MMC-nin əməkdaşı İlqar Kərimova həmişə nağd qaydada ödəniş edilmişdir. Müştəri tapıb sövdələşdikdən sonra “X10” MMC-dən tələb olunan miqdarda sement məhsulu alır və malın lazımi ünvana çatdırılması üçün “X10” MMC-yə müvafiq sifariş verilirdi. Sifarişlərə uyğun olaraq “X10” MMC-dən tələb edilən miqdarda sement məhsulu Naxçıvan Muxtar Respublikasından İran İslam Respublikası vasitəsilə Biləsuvar gömrük postundan keçməklə müxtəlif rayonlarda olan müştərilərə göndərilirdi. Qazanc əldə etmək üçün alınan sement məhsulunun bir kisəsinin üzərinə 15-20 (on beş - iyirmi) qəpik əlavə etməklə satmışdır. 2022-ci ilin sentyabr ayında “X10” MMC qeyri-rəsmi olaraq sement satışı ilə məşğul ola bilmədiyi üçün daha müştərilərdən sifarişlər qəbul edilmədi. Həmin vaxtdan, yəni 2022-ci ilin sentyabr ayından sonra “X10” MMC-dən hər hansı məbləğdə sement məhsulu alınmamışdır. Materiala əlavə olunmuş “X10” MMC ilə bağlanmış 21 sentyabr 2021-ci il tarixli NSZ nömrəli müqavilə və sement məhsullarının satışı ilə bağlı tərtib olunmuş satış fakturaları mətni oxunmaqla baxışa təqdim edilmişdir. Müqavilədə ad və soyad qrafasında mövcud olan imza nümunəsi onun tərəfindən icra olunmuşdur. Lakin həmin satış fakturalarının nə vaxt və kim tərəfindən tərtib olunduğunu bilmir. Razılaşmaya görə, nəqliyyat və daşıma xərcləri “X10” MMC-yə aid olduğu üçün sifariş verilən sement məhsulları MMC-nin öz vəsaiti hesabına aidiyyəti ünvanlara göndərilirdi. Bu fakturaların heç birində imzası yoxdur. “X10” MMC-dən sifariş edilən sement məhsullarının müqabilində həmin MMC-yə nə qədər ödəniş edildiyini xatırlamır. Lakin hər həftə müəyyən məbləğlərdə ödəniş edilmişdir. İş ilə əlaqədar fiziki şəxs kimi vergi ödəyicisi qismində Dövlət Vergi Xidmətində qeydiyyatdan keçməmişdir. Çünki zavod rəsmi qaydada alqı-satqı aparmırdı. Sement məhsullarının satışından əldə edilən pul vəsaitlərini Nərimanov rayonu ərazisində “X10” MMC-nin əməkdaşları İlqar Kərimova və Səməd adlı şəxsə vermişdir. Lakin bununla bağlı heç bir sənədləşdirmə və qeydiyyat aparılmamışdır. Çünki zavoddan rəsmi qaydada mal alınmırdı. Zavodun borcu tam şəkildə ödənilmişdir, alınacaq borclar cavabdehə məxsusdur. Şirkət başqa digər satış müdirlərini də saxta ittihamlarla polisə vermişdirlər. Borcun mövcudluğu heç bir sübutla təsdiqlənmir, böhtan atılır. Ofisə verilən kirayə pulu, işçilərə verilən maaşlar, rayonlara səfərlər onun tərəfindən ödənilmişdir və bunların hamısı təxminən 20-25 min manat tutmuşdur.”.
12. Nərimanov Rayon Polis İdarəsinin 07 oktyabr 2024-cü il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarında qeyd olunmuşdur ki, “cinayət işinin başlanmasına səbəb və əsas Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunda sement istehsalı ilə məşğul olan "xxxx" MMC-nin təsisçisi və direktoru X4 etibarından sui-istifadə edərək "xxxx" MMC tərəfindən istehsal olunan sement məhsullarının Azərbaycan Respublikasının Cənub və Aran rayonlarında satışını təşkil edəcəyinə dair yalandan vəd verib aldatmaqla vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün Kamal Kərimovla 21 sentyabr 2021-ci il tarixli NSZ21.09.21 nömrəli alqı-satqı müqaviləsi bağlayaraq ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla 06 sentyabr 2022-ci ildən 05 noyabr 2022-ci il tarixədək olan müddət ərzində "xxxx" MMC-yə məxsus ümumilikdə 197 961 manat dəyərində sement məhsulunu ələ keçirərək "xxxx" MMC-yə külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi faktına dair toplanmış materiallar olmuşdur. İstintaq zamanı "xxxx" MMC zərər çəkmiş hüquqi şəxs qismində tanınmış, şahidlər dindirilmiş, məhkəməmühasibatlıq ekspertizası təyin edilərək müvafiq rəy alınmış, digər zəruri istintaq və əməliyyataxtarış tədbirləri həyata keçirilmişdir. Aparılmış istintaq zamanı təqsirləndirilən şəxs Cavabdeh tərəfindən dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə "xxxx" MMC-yə məxsus hər hansı məbləğdə pul vəsaitinin, yaxud əmlakın ələ keçirilməsini təsdiq edən kifayət qədər sübutlar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə icraata Cavabdeh əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyinə görə xitam verilmişdir.”.
13. Həmin cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 aprel 2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, “...X12 ilə “X13” MMC arasında bağlanmış 21 sentyabr 2021-ci il tarixli NSZ-21.09.21 saylı müqavilənin şərtlərinə, auditor rəyinə, auditor hesabatına və auditor rəyinin tərtibi zamanı istinad edilmiş cədvəl məlumatlarının düzgünlüyü nəzərə alındıqda X8, “X13” MMC-yə audit rəyində öz əksini tapan 197 961 manat borc məbləği düzgün hesablanmışdır. Çatışmazlıq kimi aşkar olunan material qiymətlilərin nələrdən ibarət olması məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqat obyekti hesab edilmir. “X13” MMC-də 197 961 manat pul vəsaitinin çatışmazlığının olması müəyyən edilmişdir. “X13” MMC-də pul vəsaiti çatışmazlığının əmələ gəlmə səbəbləri və dövrü, habelə həmin çatışmazlığa görə maddi məsuliyyət daşıyan şəxs müəyyən edilməsi hüquqi məsələ olduğundan cavablandırılmadı. “X13” MMC-yə əmtəə-material qiymətlilərin mədaxil və məxaricinin düzgünlüyü müəyyən edilməsi məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqat obyekti hesab edilmir. “X13” MMC-də aparılmış maliyyə-təsərrüfat əməliyyatlarının bir çoxu cədvəl məlumatlarında öz əksini tapmış və audit yoxlaması zamanı cədvəllər və qəbzlər əsaslı hesab edilmişdir”.
14. Həmin ekspert rəyində müstəqil audit tərəfindən 18 sentyabr 2023-cü il tarixdə 06 sentyabr 2022-ci ildən 05 noyabr 2022-ci il tarixədək olan dövrü əhatə edən Cavabdeh “X13” MMC-yə ödəmədiyi borcun düzgünlüyünün araşdırılmasına dair auditor rəyinə istinad edilmişdir. Auditor rəyində göstərilmişdir ki, “...yoxlama zamanı fikizi şəxs Cavabdeh 197 961 manat dəyərində əmələ gəlmiş borc aşkarlanmışdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən audit rəyi və iş materiallarında öz əksini tapan audithesabatında göstərilənlər təqdim olunmuş mühasibatlıq sənədləri ilə qarşılaşdırılmışdır. Tədqiqata təqdim olunmuş mühasibatlıq sənədlərinin düzgünlüyü nəzərə alındıqda 06 sentyabr 2022-ci ildən 05 noyabr 2022-ci il tarixədək olan müddət ərzində “X13” MMC tərəfindən Cavabdeh 198 547 manat dəyərində mal verilməsi müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən 06 sentyabr 2022-ci il tarixdə “X17” MMC-yə 586 manat məbləğində ödəniş edilmiş, bununla da audit rəyində öz əksini tapan 197 961 manat məbləğində borcun düzgün hesablandığı müəyyən edilmişdir”.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
15. "xxxx" MMC (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, tərəflər arasında bağlanmış müqaviləyə əsasən yaranmış 197 961 manat əsas, 17 025 manat faiz borcu və 505 manat dövlət rüsumu olmaqla, ümumilikdə 215 491 manatın (iki yüz on beş min dörd yüz doxsan bir manat) cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddia tələbi belə əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə və arada formalaşmış işgüzar münasibətlərin xarakterinə zidd olaraq, cavabdeh iddiaçının etibarından suiistifadə etməklə hər hansı avans ödənişi eləmədən iddiaçı tərəfindən istehsal olunan sement məhsullarının Azərbaycanın müxtəlif bölgələrində satışını təşkil edəcəyinə vədlər verərək onun külli miqdarda əmlakını ələ keçirsə də, ona təqdim olunmuş ümumilikdə 197 961 manat məbləğində sement məhsullarının dəyərini iddiaçıya ödəməmişdir. Cavabdehin hərəkətlərində dələduzluq cinayət əməlinin əlamətlərinin olduğu iddiası ilə Nərimanov Rayon Polis İdarəsində müraciət edilmiş, fakt əsasında həmin idarədə cinayət işi açılaraq araşdırmaya başlanılmış, 11 sentyabr 2024-cü il tarixli qərarla cavabdeh təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin mübahisənin mülki xarakterli olması əsas gətirilərək cinayət işinin icraatına sonradan xitam verilmişdir. Buna baxmayaraq, cinayət işinin istintaqı dövründə iş üzrə əhəmiyyət kəsb edəcək bir sıra sübuti-əhəmiyyətli faktlar araşdırma nəticəsində ortaya çıxarılmışdır. Belə ki, cavabdehin istintaqda verdiyi ifadələrlə də işin təkzibolunmaz halı kimi təsdiq olunmuşdur ki, o, 2021 və 2022-ci illər ərzində mütəmadi olaraq dövri şəkildə mənfəət əldə etmək məqsədilə iddiaçı tərəfindən istehsal olunan sement məhsullarının satışını həyata keçirmiş, sement məhsulları üzrə ölkənin müxtəlif bölgələrindəki müştərilərdən ona gələn sifarişlərə uyğun şəkildə və miqdarda sement məhsullarını iddiaçıdan əldə edərək həmin müştərilərə təqdim etməklə satışını təşkil etmişdir. Qeyd edilmişdir ki, cavabdeh sonradan məlum olduğu kimi faktiki olaraq vergi orqanında uçotda olsa da, VÖEN şəhadətnaməsini heç vaxt iddiaçıya təqdim etməmişdir. Cavabdeh ibtidai araşdırma zamanı verdiyi ifadələrdə həmçinin etiraf etmişdir ki, cinayət işi üzrə şahid qismində dindirilmiş şəxslər və istintaq materiallarında ifadəsi yer alan bir sıra digər onun müştərisi olmuş şəxsləri tanıyır, iddiaçıdan aldığı sement məhsullarını həmin şəxslərə satmışdır. Bu faktı qeyd etməkdə məqsəd ondan ibarətdir ki, iddiaçı 2023-ci ilin avqustundan bəri cavabdehdən borcun ödənilməsini tələb edərkən, cavabdeh borcun ödənişinin gecikdirilməsini həmin qeyd edilən müştərilərin ona sement məhsullarının ödənişini tam şəkildə etməməsi ilə izah etmişdir. Lakin göründüyü kimi, yuxarıda adıçəkilən bütün şəxslər Cavabdeh aldıqları sement məhsullarının əvəzində ona ödənişləri tam şəkildə elədiklərini bildirmişlər. Qeyd edilmişdir ki, cavabdeh iddiaçıdan sement məhsullarının mütəmadi olaraq əldə etdiyinin ifadəsində etiraf etsə də, istintaqa iddiaçıya ondan əldə edilmiş sement məhsullarının əvəzində mübahisə predmeti olan 197 961 manat məbləğində borcun ödənildiyini təsdiq edən hər hansı sənəd təqdim edə bilməmişdir. Qeyd edilmişdir ki, hazırkı iddia ərizəsinin qoşması şəklində iş materiallarına əlavə edilmiş, cinayət işinin istintaqı əsnasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən istintaq orqanının qərarına əsasən, istintaq materialları əsasında keçirilən AR NMR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 288 nömrəli rəyi ilə X5 “X13” MMC-yə ümumilikdə 197 961 manat məbləğində borcunun əmələ gəlmiş olduğu müəyyən edilmişdir. Belə ki, məhsulların sifarişi və təqdim edilməsi, mütəmadi olaraq yaranmış borcların üzləşdirilməsi prosesi cavabdehin müştərilərdən ona verilən sifarişlərə uyğun olaraq iddiaçı şirkətin işçisi, daxili bazar üzrə satış müdiri vəzifəsində çalışan X6 şəxsi nömrəsi vasitəsilə “Whatsapp” mesajlaşma şəbəkəsi üzərindən sifarişin həcmini bildirməsi, cavabdeh tərəfindən isə qeyd edilən məlumatlara uyğun miqdarda sement məhsulunun ona təqdim edilmək üçün yük maşınlarına yığılaraq hazır vəziyyətə gətirilməsi formasında həyata keçirilmişdir. Həmçinin, yaranmış borcların qarşılıqlı üzləşdirilməsinə dair aktlar da cavabdeh tərəfindən dövri olaraq adı və soyadı əl yazısı ilə qeyd edilməklə şəxsi imzası ilə təsdiq edilərək elə “Whatsapp” şəbəkəsindəki şəxsi ismarıc bölməsi üzərindən iddiaçı şirkətin nümayəndəsi olan Osmanov Fuada göndərilirdi. Belə ki, qeyd edilən üzləşmə aktları ardıcıllıqla 26 noyabr 2021-cı il; 15 yanvar 2022-ci il; 28 fevral 2022-ci il; 31 mart 2022-ci il və son olaraq 30 iyun 2022-ci il tarixləri etibarilə borca dair aparılmış üzləşmələrə əsasən tərəflər arasındakı qalıq borc məbləğlərini əks etdirir. Göründüyü kimi, 30 iyun 2022-ci il tarixi üçün artıq cavabdehin iddiaçıya ödənilməli qalıq borcunun məbləği 175 492,29 manata çatmışdır. Cavabdeh və iddiaçının nümayəndəsi arasında qarşılıqlı şəkildə imzalanaraq təsdiq olunmuş 06 sentyabr 2022 – 05 noyabr 2023-cü il tarixləri aralığında mövcud olan 65 ədəd satış qaimələrində əks olunmuş məlumatlardan göründüyü kimi, 30 iyun 2022-ci il tarixindən sonra tərəflər arasında əlavə alqı-satqı əməliyyatları aparılmış, cavabdehin iddiaçıya yaranmış borcu 224 787,13 manata çatmış, 2023-cü ilin avqust tarixindən bugünədək isə cavabdehin iddiaçıya 197 961 manat təşkil edən qalıq borc məbləği iddiaçıya ödənilməmişdir, ümumiyyətlə, 2023-cü ilin avqust ayından sonra tərəflər arasında heç bir işgüzar münasibətlər baş tutmamış, cavabdeh iddiaçının nümayəndələrinin zənglərinə cavab verməmişdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən hər iki müqavilə üzrə təqdim olunmuş malların dəyərinin ödənilməsinin gecikdirildiyi hər gün üçün iddiaçının borc məbləğinə illik AR Mərkəzi Bankının uçot dərəcəsinə (7.25 %) uyğun faiz hesablamaq hüququ vardır. 2023-cü ilin avqust ayından sonra cavabdeh iddiaçının nümayəndələrinin, satış müdiri X3 borcun ödənişi ilə bağlı mesajlarına və zənglərinə cavab verməmişdir və faktiki olaraq bu tarixdən etibarən cavabdeh defolta düşmüşdür. Buna görə də, 01 sentyabr 2024-cü il tarixindən etibarən hazırkı (18 noyabr 2024) tarixədək ötmüş 443 gün üçün iddiaçının cavabdehdən AR Mərkəzi Bankının illik 7.25% dərəcəsi ilə hesabladıqda ümumilikdə 17 025 manat (197 961 manat x 7.25% = 14 352 manat; 14 352/365 = 39; 39 x 433 = 17 025 manat) faiz borcunu tələb etmək hüququ vardır.
17. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuş, etirazda göstərilmişdir ki; “İddia əsassızdır və aşağıda qeyd olunanlara əsasən rədd edilməlidir: “1. İddiaçı tərəfindən ödənişlərin həyata keçirilməməsi və ya tam şəkildə həyata keçirilməməsi ilə arqument irəli sürülmüş, lakin bunu təsdiq edə biləcək hər hansı dəlil irəli sürülməmişdir. Belə ki, məhkəməyə sübut kimi təqdim edilənlərin doğruluğuna əsaslı şübhələr vardır. İlk növbədə "WhatsApp" yazışmaları haqqında qeyd etmək lazımdır ki, həmin yazışmaların heç birində cavabdehin iddiaçıya borcunun olması ilə bağlı təsdiqedici dəlil mövcud deyildir. Heç bir halda iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən Cavabdeh borcunun olması və nə qədər borcunun olması, o cümlədən hansı müddətdən borcunun yaranması göstərilir, nə də Cavabdeh tərəfindən qeyd edilənlər bu və ya digər formada təsdiq edilir. Həmçinin "WhatsApp" yazışmalarının məzmununun tam aydın olmaması görünür. Yazışmalarda hansı iradənin və hansı formada irəli sürüldüyünə dair sübut təqdim edilməmişdir. Həmçinin məlum olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən "WhatsApp" yazışmalarının sübut kimi qiymətləndirilməsi üçün həmin yazışmalarda iddiaçı və cavabdehin iradə ifadəsi əks etdirilmiş olmalıdır. Lakin təqdim edilən yazışmalarda ikinci tərəfin kim olması, iddiaçı ilə hansı formada əlaqəsi aydın deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 12 aprel 2021-ci il tarixli Qərarında göstərilir: "... Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir ve mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz...". Qərarın məzmunundan da göründüyü kimi, "danışıqların" sübut kimi qiymətləndirilməsi üçün əqdin tərəflərinin iradəsini ifadə etməlidir. Lakin təqdim edilən "WhatsApp" yazışmalarının hansı dərəcədə müqavilə tərəflərinin iradəsinin ifadəsi aydın deyildir. Həmçinin "WhatsApp" yazışmalarının müvafiq hissələri “ScreenShot” edilmiş, digər hissələri, yəni 2023-cü ildən sonrakı dövrü də məhkəməyə təqdim edilməmişdir. Mesajların ekran görüntüsü alınsa da, səs yazılarında nələrin danışıldığı da naməlumdur. Həmçinin təqdim edilən yazışmalar müvafiq aralıqlı şəkildə təqdim edilmişdir. Bu da onu göstərir ki, qarşı tərəf məhkəməni yanıltmağa çalışır. Bundan başqa, qarşı tərəfin üzləşmə aktı kimi səciyyələndirdiyi 5 sənəd məhkəməyə təqdim edilmişdir. Lakin həmin sənədlər də məhz məhkəməni yanıltmaq məqsədi daşıyır. İlk növbədə kommersiya məhkəmə icraatını əsas xarakterizə edən əlamətlərdən biri məhkəmə sənədlərinin əslinin təqdim edilməsidir. Tərəfə isə yanlız sənədlərin surətləri təqdim edilməklə kifayətlənilmişdir. Bundan başqa, təqdim edilən "üzləşdirmə akt"larında yalnız Cavabdeh imzası vardır, lakin Cavabdeh imzası ilə nəyin təsdiq edilməsi məlum deyildir. Belə ki, göründüyü kimi, müvafiq malların həcmləri göstərilmiş, bir neçə məbləğ yazılmış "Excel"dən çıxarış Cavabdeh tərəfindən imzalanmışdır. Lakin həmin imzanın nəyi təsdiq etməsi aydın deyildir. Üzləşmə aktı - iki müəssisə arasında olan müəyyən dövr üzrə hesablaşmaları əks etdirən sənəddir. Üzləşmə aktlarının hazırlanması ilə adətən mühasibatlıq bölməsinin mütəxəssisləri məşğul olur. "Üzləşmə akt" 1, 2 nüsxədə hazırlanır, müəssisələrin baş mühasibləri və rəhbərləri tərəfindən imzalanır və möhürləri ilə təsdiqlənir. Aktın bir nüsxəsi müəssisədə qalır, digər nüsxə isə debitorda (kreditorda). Üzləşmə aktında hər iki müəssisənin məlumatları eyni olmalıdır, əks halda aktda kənarlaşmalar barədə məlumat qeyd edilməlidir. "Üzləşmə akt"nın vaxtında imzalanmasına nəzarət etmək üçün aktda sənədin müəssisəyə hansı tarixədək qaytarılması tarixini qeyd etmək lazımdır. Aktda borc məbləğinin qaytarılması vaxtının da qeyd edilməsi vacibdir. Ödənişin aparılması barədə qeyd müqavilədə də qeyd edilməlidir. Əks halda, məhkəmə (iddia verilərsə) bu müddətlərin pozulmasını nəzərə almaya bilər. Təqdim edilən izahdan və anlayışdan da aydın olduğu kimi, üzləşmə aktında hər iki tərəfin imzası olması, imzanın hesablaşmanı təsdiq etməsi aydın olmalı, həmçinin tarixlər əks etdirilməlidir. Həmçinin iddiaçı tərəfindən məhkəməyə heç bir təhvil-təslim aktı, üzləşdirmə aktı kimi xarakterizə etdikləri sənədin əsli, e-qaimə və s. təqdim edilməmişdir. Bu halda hesab edilir ki, məhkəmə tərəfindən təqdim edilən sübutların həqiqiliyi yoxlanılmalıdır. Bundan başqa, 125 000 manat məbləğində akta münasibətdə isə həmin aktın da cavabdeh tərəfindən imzalanması məhkəmə tərəfindən müəyyən edilməmişdir. O cümlədən, 2021-ci ildən 2024-cü ilə qədər iddiaçı və cavabdehin müqavilədən irəli gələn fəaliyyətlərini davam etdirməklərinə baxmayaraq, həmin sübutlar məhkəməni yanıltmaq məqsədilə məhkəməyə təqdim edilməmişdir. Belə ki, Cavabdeh iddiaçıya borcu olmamış, ödənməli olan məbləğlər mütəmadi olaraq qarşı tərəfə ödənilmişdir. Məhkəməni yanıltmaq məqsədilə sənədlərin surəti təqdim edilsə də, həmin sübutlar mötəbər hesab oluna bilməz. Məhkəmə tərəfindən sənədlərin əsli tələb edilsə də, “fors-major hal” bəhanəsi ilə sənədlərin məhv olduğu irəli sürülmüşdür. Bu da iddiaçının tələbinin sübuta yetirilmədiyini bir daha göstərir. Bu baxımdan hesab edilir ki, sənədlərin əsli üzərindən ekspertiza keçirilsə idi, təqdim edilən “sübutların” saxtalığı müəyyən ediləcəkdi. Lakin qarşı tərəf yalan “fors-major hal” baş verdiyini irəli sürərək məhkəməni yanıltmışdır. Yuxarıda göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamənin qəbul edilməsi məhkəmədən xahiş edilmişdir”.
18. Birinci instansiya məhkəməsinin 12 mart 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
19. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırmışdır:
19.1. Əvvəla, hazırkı iş üzrə sübut qismində təqdim olunan sənədlər cavabdehin iddiaçıya borcunun olması nəticəsinə gəlmək üçün kifayət və mötəbər deyil və müəyyən ziddiyyətli məqamlar mövcuddur. 19.2. İddiaçı cavabdehdən 197 961 manat məbləğində əsas borcun tutulmasını xahiş edir. Cavabdehin barəsində 06 sentyabr 2022-ci ildən 05 noyabr 2022-ci il tarixədək olan müddət ərzində "xxxx" MMC-yə məxsus ümumilikdə 197 961 manat dəyərində sement məhsulunu ələ keçirməsi ilə bağlı cinayət işi başlanmış və iş üzrə icraata xitam verilmişdir. Həmin məbləğ Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 aprel 2024-cü il tarixli 288 nömrəli ekspert rəyində öz əksini tapmışdır ki, həmin rəydə də müstəqil audit rəyinə istinad olunmuşdur. Rəylərdə yoxlama zamanı fikizi şəxs Cavabdeh 197 961 manat dəyərində əmələ gəlmiş borcunun aşkarlandığı, audit rəyi və iş materiallarında öz əksini tapan audit-hesabatında göstərilənlərin təqdim olunmuş mühasibatlıq sənədləri ilə qarşılaşdırıldığı, tədqiqata təqdim olunmuş mühasibatlıq sənədlərinin düzgünlüyü nəzərə alınarsa, 06 sentyabr 2022-ci ildən 05 noyabr 2022-ci il tarixədək olan müddət ərzində “X13” MMC tərəfindən cavabdehə 198 547 manat dəyərində mal verilməsi müəyyən edilmişdir ki, cavabdeh tərəfindən 06 sentyabr 2022-ci il tarixdə “X17” MMC-yə 586 manat məbləğində ödəniş edilmiş, bununla da audit rəyində öz əksini tapan 197 961 manat məbləğində borcun qaldığı müəyyən edilmişdir. 19.3. 06 sentyabr 2022-ci ildən 05 noyabr 2022-ci il tarixədək olan müddət ərzində qeyd olunan məbləğdə sement məhsulunun cavabdehə təqdim edilməsinə dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Təqdim edilmiş satış fakturaları kserosurətdir və cavabdeh tərəfindən qəbul edilmir. Məhkəməyə sərhəddən daşınan sement məhsullarının daşınması ilə bağlı nəqliyyat yük qaimələri və s. təqdim oluna bilərdi, lakin təqdim olunmamaışdır. Tərəflər arasında münasibətlər qeyri-rəsmi olmuş, hətta ödənişlər belə nağd qaydada kimlərəsə verilmiş, bu hal uzun müddət belə də davam etmişdir. 19.4. İddiaçı tərəfindən iş materiallarına “WhatsApp” yazışmaları əlavə edilmişdir, lakin həmin yazışmalar, eləcə də aktlar iddia olunan borcun mövcudluğunu təsdiq etmir. 19.5. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
20. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385-ci, 386-cı, 442-ci, 448-ci, 567-ci maddələrinə istinad etmişdir.
21. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyi, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığı, məhkəmənin sübutları dəyərləndirərkən formal yanaşma sərgilədiyi və tərəflər arasında bağlanmış üzləşdirmə aktını, eləcə də “Whatsapp” tətbiqi üzərindən həyata keçirilmiş yazışmaları nəzərə almamaqla əsassız nəticəyə gəldiyi arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
22. Cavabdehin nümayəndəsi (vəkili) iddia ərizəsinə etirazın məzmununa bənzər məzmunlu etiraz ərizəsi təqdim edərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.
Apellyasiya baxışı, izahatlar
23. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndələri (vəkilləri) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatlarında göstərmişlər ki, iş materiallarında auditor rəyi mövcuddur, lakin birinci instansiya məhkəməsi həmin rəyi əsassız olaraq sübut qismində qəbul etməmişdir. Əgər auditor öz rəyini geri çəkməyibsə və ya həmin rəy məhkəmə qərarı ilə ləğv edilməyibsə birinci instansiya məhkəməsi tərəfindən sübut qismində qəbul edilməli idi. Bundan başqa, məhkəməyə “Whatsapp” sosial şəbəkəsi üzərindən aparılmış yazışmalar təqdim edilmişdir və həmin materiallar arasında cavabdehin imzası ilə təsdiq olunmuş müvafiq aktlar da vardır. Hansı ki, həmin materiallarda cavabdeh borcunu etiraf edir. İşin digər maraqlı tərəfi odur ki cavabdeh nə üçün həmin sənədlərə imza ataraq onları “Whatsapp” sosial şəbəkəsi üzərindən göndərdiyinin izahını verə bilmir. Tərəflər arasında aylıq dövriyyə olub, mallar təhvil verilib, üzləşmə aktları tərtib edilib. Məhz həmin üzləşmə aktları şəxsin borcu olduğunu təsdiq edir. Digər tərəfdən əgər məhkəmə audit rəyini şübhə altına alırsa, özü ekspertiza təyin etməli idi.
24. 24 iyun 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, həmçinin bildirmişdir ki, iddiaçı ilə arasında müqavilənin bağlandığını və rəsmi-işgüzar münasibətlərin olduğunu inkar etmir. Ödəniş edərək onun qarşılığında mal almışdır, iddiaçının qeyd etdiyi yazışmalarda isə borcunun olmasına dair heç bir məlumat yoxdur.
25. Suallara cavab olaraq cavabdeh bildirmişdir ki, iddiaçı ilə arasında 1 milyon manatdan artıq dövriyyə olmuş, ödənişləri İlqar Kərimov adlı şəxsə etmiş və borcu qalmamışdır. İddiaçının qeyd etdiyi 175 000 manata dair olan yazışmalardakı imza ona aid deyil, lakin digər sənədlərdəki imzalar onunkudur. İddiaçı ilə münasibətləri 2022-ci ilin noyabr ayında kəsilmişdir.
26. Həmin məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) də apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, iddiaçının nümayəndəsinin qeyd etdiyi “Whatsapp” yazışmalarında cavabehin borcunun olduğunu təsdiq edən və ya onun borcunu etiraf etdiyini sübut edən heç bir məlumat yoxdur. Ümumiyyətlə orada qeyd edilən sənədi “Üzləşmə aktı” adlandırmaq belə düzgün deyildir. Tərəflər arasında 1 milyonluq dövriyyə olmuş, iddiaçının “Üzləşmə aktı” adlandırdığı sənəddən sonra 7 ay ərzində dövriyyə davam etmişdir. Həmin müddətdə olan dövriyyəyə dair heç bir sənəd təqdim etməyiblər. Əgər cavabdehin borcu var idisə, nə üçün ona mal verməyə davam ediridlər?. “Bundan başqa təqdim edilən “üzləşdirmə akt”larında yalnız Cavabdeh imzası vardır, lakin Rzanın imzası ilə nəyi təsdiq etməsi məlum deyildir.
27. Cavabdeh və onun nümayəndəsi (vəkili) sonrakı məhkəmə iclaslarına gəlmədiklərindən (vəkil ərizələr göndərərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir) işə baxılması cavabdehin iştirakı olmadan davam etdirilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.
31. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
32. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
33. Maddə 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir.
34. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
35. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
36. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: Maddə 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;
37. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
38. Maddə 800.1. Konsessiya müqaviləsi istehsalçı və ya tacir (tapşıran) ilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) arasında elə bir ümumi razılaşmadır (birtipli müqavilədir) ki, onun əsasında konsessioner aşağıdakıları öhdəsinə götürür: tapşırandan müəyyən malları (kontrakt mallarını) vaxtaşırı satın almaq (800.1.1); bu malları öz adından və öz hesabına başqasına satmaq (800.1.2); bu zaman kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmaq. Onların barəsində tapşıran konsessionerə müstəsna satış hüququ (inhisar hüququ) verir, konsessioner isə tapşıranın mallarının onun nəzarəti altında satışına qarantiya verməlidir (800.1.3).
39. Maddə 800.2. Əgər müqavilədə ayrı şərt qoyulmayıbsa, tapşıran barəsində konsessionerin kontrakt mallarını müqavilə ərazisinin hüdudlarından kənarda və ya müqavilə müştərilərindən savayı, başqa müştərilərə satmaq hüququ yoxdur.
40. Maddə 802.1. Tapşıran ilə konsessioner arasında münasibətlər ümumi (birtipli) müqavilənin predmetidir. Birtipli müqavilədə bu Məcəllənin 800.1-ci maddəsindən irəli gələn müddəalardan əlavə, nəzərdə tutula bilər ki, konsessioner: 802.1.6. hər il tapşırandan müəyyən həcmdə və ya müəyyən miqdarda mal (kvota) qəbul etməlidir.
41. Maddə 805.1. Tapşıran birtipli müqaviləyə uyğun olaraq konsessionerin sifariş etdiyi malları ona göndərməyə borcludur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
46. Maddə 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun.
47. Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
48. Maddə 89.4. Sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir.
49. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
52. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
53. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
a) Müqavilənin statusu barədə
55. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
56. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
57. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).
58. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə iddianın qanuni əsasını müəyyən edilməsi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtləri təhlil olunmalıdır (§ 30, 31, 32, 33).
59. Bu istiqamətdə hüquqi dəyərləndirmə aparan kollegiya hesab edir ki, tərəflər 21 sentyabr 2021-ci il tarixli NSZ-21.09.21 nömrəli müqaviləni alqı-satqı müqaviləsi kimi rəsmiləşdirsələr də, mahiyyət etibarilə həmin müqavilə kommersiya konsessiya müqaviləsidir.
60. Belə ki, alqı-satqı müqaviləsi satıcının müəyyən əşyanı alıcının mülkiyyətinə verəcəyi, alıcının isə həmin əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini, yəni əşyanın qiymətini satıcıya ödəyəcəyi haqqında razılaşma olduğu halda, kommersiya konsessiyası müqaviləsi malların satın alınıb yenidən başqasına satılması (ticarət vasitəçiliyi) ilə bağlı əlaqələri qaydaya salır. Konsessionerin əsas işi ticarət-kommersiya vasitəçilik fəaliyyətidir, yəni vaxtaşırı malları satın alıb, öz adından və hesabına başqasına satmaqdan ibarətdir.1
61. Müqavilə tərəflərinin statusu, onların müqavilə münasibətinə girərkən niyyətlərinin, əldə etmək istədikləri hüquqlar və vəzifələrlə əlaqədar gözləntilərinin müəyyən edilməsi baxımından əhəmiyyətlidir.
62. Kommersiya konsessiya müqaviləsində tərəflər bir tərəfdən istehsalçı və ya tacir (tapşıran), digər tərəfdən isə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) olur (§ 38). Normanın məzmunundan da göründüyü kimi, müqavilə üzrə tərəfin konkret olaraq, məhz istehsalçı və ya tacir olması müəyyən edilməmiş, qanunverici daha genişləndirici yanaşma seçərək, ümumilikdə müqavilənin tərəfi olaraq tapşıranı göstərmişdir. Digər tərəfdən müqavilə üzrə tərəf qismində sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) çıxış edir. Müqavilənin kommersiya münasibətlərindən irəli gəldiyini və konsessionerin müstəqil fəaliyyətlə məşğul olmasını nəzərə alaraq kollegiya hesab edir ki, bu münasibətlərdə kommersiya fəaliyyəti ilə məşğul olan fərdi sahibkar da çıxış edə bilər.
63. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, iddiaçı cavabdehə müqavilə üzrə razılaşdırılmış qiymətə və şərtlərə uyğun olaraq mal-materialı satır, alıcı isə həmin qiymətə uyğun mal-materialı qəbul edir və razılaşdırlmış müddətdə malın dəyərini ödəyir, o cümlədən alıcı bir il ərzində ən az 15 000 ton həcmində mal almalıdır. Başqa sözlə, iddiaçı müvafiq malları təqdim etmiş və cavabdeh tərəfindən həmin malların satışı üzrə müvafiq dövriyyənin təmin olunması ilə bağlı göstəriş vermişdir. Tərəflərin statusu baxımından və konsessiya müqaviləsinin tələblərinə uyğun olaraq iddiaçı müqavilə üzrə tapşırandır. Digər tərəfdən bu, onlar arasında aslılıq münasibəti kimi qiymətləndirilə bilməz. Belə ki, cavabdeh müqaviləyə uyğun olaraq müstəqil fəaliyyət göstərir, öz ticarət fəaliyyətini sərbəst təşkil edir və həmin malların satışını həyata keçirilməsi ilə bağlı qərar verir (§ 2). Müqavilənin “tərəflərin rekvizitləri” hissəsində də cavabdehin həmin müqaviləni məhz öz adından imzaladığı görünür, odur ki, cavabdeh konsessiya müqaviləsi üzrə müstəqil fəaliyyət göstərən (konsessioner) şəxsdir.
64. Eyni zamanda kollegiya qeyd edir ki, bu müqavilə məzmun baxımından konsessiya müqaviləsidir. Belə ki, qanunverici konsessiya müqaviləsi ilə bağlı üç əsas meyar müəyyən etmişdir (§ 38) və tərəflər arasında bağlanmış müqavilə üzrə hər üç meyar mövcuddur.
65. Tərəflər arasında bağlanmış müqaviləyə görə, iddiaçı cavabdehin sifariş verdiyi malları ona təqdim etməyi, cavabdeh isə həmin malları satmaq barədə qarşılıqlı öhdəlik götürmüşlər. Bu baxımdan müqavilənin predmetini məhz malların satın alınıb yenidən başqasına satılması (ticarət vasitəçiliyi) təşkil edir.
66. Kollegiya onu da vurğulamağı zəruri hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq, malları razılaşdırılmış şəhər və rayonlarda sadəcə cavabdeh sata bilər, bu da öz növbəsində kommersiya konssessiya müqavilələrini ticarət vasitəçiliyi müqavilələrindən fərqləndirən ən önəmli kriteriyaya, yəni kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmaq meyarına uyğundur. Məhkəmə təcrübəsində bu meyarlar təklikdə deyil, digər meyarlarla qarşılıqlı şəkildə təhlil edilir.2
1 Ali Məhkəmə, İş № 2-2(102)-499/2023 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_499+01.11.2023.pdf ) § 20 2 Həmin Qərar, § 25
67. Nəhayət kollegiya ona da diqqət çəkir ki, bu tip müqavilələrdə konsessioner hər il tapşırandan müəyyən həcmdə və ya müəyyən miqdarda mal (kvota) qəbul etməlidir (§ 40). Tərəflər arasında bağlanmış müqavilədə də bu şərt nəzərdə tutulmuşdur – belə ki, alıcı bir il ərzində ən az 15 000 ton həcmində mal almalıdır.
68. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hallara (tərəflərin statusu, müqavilə, tərəflərin müqavilədən sonrakı davranışı) məcmu halında qiymət verərək hesab edir ki, 21 sentyabr 2021-ci il tarixli NSZ-21.09.21 nömrəli müqavilə kommersiya konsessiyası müqaviləsidir.
b) İrəli sürülən iddia tələbi ilə bağlı
69. Tərəflər arasında 21 sentyabr 2021-ci il tarixdə NSZ-21.09.21 nömrəli müqavilə bağlandığı işin mübahisələndirilməyən halıdır və belə olan halda iddiaçı malların verildiyini, cavabdeh isə həmin mallara görə ödənişlərin tam həyata keçirildiyini sübuta yetirməlidirlər.
70. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olubolmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.
71. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi (vəkili) tərəflər arasında 1 000 000 manatdan artıq dövriyyənin olduğunu bildirdiklərindən (§ 25, 26), iddiaçı müvafiq məbləğdə malların cavabdehə verilmiş olduğunu sübutetmə yükündən azad edilmiş sayılır (§ 49); çünkü bu fakt cavabdeh tərəfindən etiraf olunmuşdur.
72. İş materiallarına əlavə olunmuş müqavilə, fakturaların, həmin fakturalarla bağlı mühasibat sənədlərinin surətləri, “Whatsapp” sosial şəbəkəsi üzərindən həyata keçirilmiş yazışmalar, audit rəyi və ibtidai istintaq zamanı cavabdehin verdiyi ifadələr də iddiaçının cavabdehə mal verdiyini təsdiq edir.
73. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) cavabdehin “üzləşmə aktları”nı təsdiq etdiyini bildirsə də, onun məzmununu mübahisələndirmiş, imzanın həqiqiliyini isə təkzib etməmişdir.
74. Bununla belə, cavabdeh (nümayəndəsi) təsdiq etdiyi sənədlərdə konkret olaraq nə ilə razılaşmadığının məntiqli izahını verməmiş və sənədlərin mötəbərliliyini şübhə altına alacaq hər hansı tutarlı dəlil təqdim etməmişdir.
75. Bu baxımdan kollegiyanın qənaətinə görə, cavabdehin biri digərini təkzib edən davranışları (yazışmaların və aktların mövcudluğunu təsdiq etdiyi halda, onların məzmununu mübahisələndirməsi və s.) “estoppel” prinsipinə (§ 35) də ziddir.
76. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır”.
77. Cavabdeh, iddiaçıdan aldığı yuxarıda göstərilən sübutlarla, o cümlədən özünün etirafı ilə sübuta yetirilən malların dəyərini tam ödədiyini sübut edə bilməmiş, “ödənişləri İlqar Kərimov adlı şəxsə etdiyini və borcu qalmadığını” bildirsə də, müvafiq sübutu (həmin şəxsin kim olması, onun iddiaçı şirkətə aidiyyatı, ödənişlərin bir qismini və ya tamamını adı çəkilən şəxsə ödədiyi barədə sübutu) məhkəməyə təqdim etməmiş, məhkəmə iclasına da gəlməyərək sözügedən şəxsin şahid qismində dindirilməsi üçün təşəbbüs göstərməmişdir (buna şərait yaratmamışdır).
78. Halbuki, yuxarıda qeyd olunduğu kimi, əgər cavabdeh iddiaçıdan 1 000 000 manatdan artıq dəyərdə mal aldığını etiraf edirsə, bu halda həmin məbləğdə borcu ödəmiş olduğunu sübutetmə yükü onun üzərindədir.
79. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cinayət işinin icraatı zamanı alınmış audit və ekspert rəyləri əsas götürülməklə, 197 961 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
80. Bununla belə kollegiya, iddiaçının “17 025 manat faiz borcunun tutulması” tələbini əsaslı hesab etmir:
81. Belə ki, iddiaçı həmin tələbini Mülki Məcəllənin 449-cu maddəsinə (§ 34) istinad etməklə irəli sürmüşdür və bu baxımdan ilk növbədə həmin maddi hüquq normasının dispozisiya şərtlərinin mövcudluğu yoxlanılmalıdır.
82. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
83. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir.
84. Kollegiya hesab edir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz.
85. Məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də qiymət verərək kollegiya hesab edir ki, iddia ərizəsini verərkən ödədiyi dövlət rüsumunun 466 manat hissəsi, apellyasiya şikayəti üçün ödənilən dövlət rüsumunun 235 manat hissəsi cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
86. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1088/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı "xxxx" MMC və Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən yaranmış 197.961 (bir yüz doxsan yeddi min doqquz yüz altmış bir) manat əsas borc və dövlət rüsumunun əvəzi olaraq 466 (dörd yüz altmış altı) manat pul vəsaiti Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 235 manat (iki yüz otuz beş) manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin, qalan 20 (iyirmi) manat iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.