Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-656/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh MMCyə qarşı “borc” tələbinə qarşı kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi; öhdəliyin icra edilməməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Abbasova Günel Məhərrəm qızından, Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh MMC-yə qarşı “borc” tələbinə qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 19 mart 2025-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh MMC (bundan sonra – cavabdeh) arasında 07 aprel 2023-cü il tarixli 32/ASM nömrəli “Akkumulyator, qalvanik element və elektrik batareyası tullantılarının idarə edilməsi”nə dair müqavilə (bundan sonra – Müqavilə) bağlanmışdır.
2. Müqavilənin predmetini “Azneft” X1 idarəedilməsi (TİEM) və ya razılaşdırılmış digər məntəqədə yerləşdirilmiş, İddiaçı üzrə neft-qaz əməliyyatlarının aparılması üçün tələb olunmayan material qiymətlərinə aid və təkrar emala yararlı tullantı olan akkumulyator, qalvanik element və elektrik batareyaları tullantılarının ekoloji tələblərə uyğun olaraq zərərsizləşdirilməsi və emalı üçün hərrac yolu alqı-satqısı, ətraf mühitin mühafizəsi və tullantıların təkrar istifadəsi bacarığının inkişaf etdirilməsi məqsədilə qarşılıqlı faydalı əməkdaşlıq edilməsi təşkil edir (Müqavilənin 1.1-ci bəndi).
3. Müqavilənin 2.1-ci bəndinə görə, keçirilmiş hərrac nəticəsində müəyyən edilmiş müqavilənin məbləği “İcraçı” qismində cavabdeh tərəfindən “Sifarişçi” qismində iddiaçıya ödənilir.
4. Müqavilənin 2.2-ci bəndinə əsasən, plastik və polietilen tullantılarının vahidinin idarə edilməsi prosesində 1180,00 man/tn, ƏDV daxil olmaqla 1392,4 man/tn tətbiq edilməlidir.
5. Müqavilənin 2.3.-cü bəndinə görə, müqavilənin ümumi məbləği 61,2 ton akkumulyator, qalvanik element və elektrik batareyaları tullantıları nəzərə alınmaqla ƏDV daxil olmaqla 85 214,88 manat təşkil etmişdir.
6. Müqavilənin 5.1-ci bəndinə əsasən, iddiaçı tullantıları cavabdehin müəyyən etdiyi hissələrlə göndərməlidir. Tullantıların hissə-hissə təhvil-qəbul prosesi 2 nüsxədə təhvil-qəbul aktı əsasında, faktiki göndərilmiş həcm və dəyəri təsdiq edilməklə sənədləşdirilir.
7. Müqavilənin 5.3-cü bəndinə görə, cavabdeh tərəfindən tullantının dəyərinin ödənişi iddiaçı tərəfindən ona təqdim edilmiş təhvil-qəbul aktı və hesab-faktura əsasında 10 (on) bank günü ərzində köçürmə yolu ilə iddiaçının hesabına Azərbaycan manatı ilə köçürmə yolu ilə həyata keçirilir.
8. Müqavilənin 13.2-ci bəndinə əsasən, müqavilənin qüvvədə olma müddətinin başa çatmasına 1 (bir) ay qalmış tərəflərdən hər hansı biri rəsmi qaydada müqavilənin qüvvədə olma müddətinin növbəti il üçün uzadılmasına etiraz etməzsə hazırkı müqavilə növbəti 1 (bir) il üçün uzadılmış hesab ediləcəkdir.
9. Müqavilənin 13.3-cü bəndinə görə, Müqavilənin müddətinin bitməsi və ya müqaviləyə xitam verilməsi tərəflərin müqavilə üzrə yaranmış öhdəliklərinin tam icra olunmasına qədər qüvvəsini saxlamalıdır.
10. Müqavilənin 14.5-ci bəndinə əsasən, iddiaçının təqdim etdiyi və cavabdeh tərəfindən mübahisələndirilməyən hesab-fakturanı cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş əsaslar olmadan ödəməkdən imtina etdikdə, iddiaçı bu Müqaviləyə xitam verə bilər.
11. 19 may 2023-cü il tarixli təhvil-qəbul aktına əsasən, 20 449 ton həcmində, 22 may 2023-cü il tarixli akta əsasən 20 885 ton həcmində və 24 may 2023-cü il tarixli təhvil-qəbul aktına əsasən 19.815 ton həcmində akkumulyator və qalvanik element tullantısı cavabdehə təhvil verilmiş və hər iki tərəfin imzası ilə təsdiqlənmişdir.
12. 04 dekabr 2023-cü il tarixli XŞU 030790 saylı istehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasına əsasən, 61 119 ton həcmində akkumulyator və qalvanik element tullantısı cavabdehə təhvil verilmiş (qəbul edən X2anbardar) və yekun məbəğ 72 120,42 manat müəyyən edilmişdir.
13. 03 yanvar 2024-cü il tarixli EBDW498093 saylı e-qaiməyə əsasən, 61 119 ton həcmində akkumulyator və qalvanik element tullantısı satışı üzrə ƏDV daxil olmaqla 85 102,10 manat məbləğinə dair e-qaimə tərtib edilərək cavabdehə göndərilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
14. İddiaçı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, müqavilə üzrə 04 dekabr 2023-cü il tarixə yaranmış borca görə 85 102,10 (səksən beş min yüz iki manat, on qəpik) manat məbləğində pul vəsaitinin, borcun gecikdirilməsinə görə 4255,10 (dörd min iki yüz əlli beş manat, on qəpik) məbləğində pul vəsaitinin, 357,07 (üç yüz əlli yeddi manat, yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin, 300 (üç yüz) manat məbləğində hüquqi xidmət göstərilməsi üçün ödənilmiş xərcin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddiaçı iddia ərizəsini aşağıdakı şəkildə əsaslandırmışdır:
İddiaçı neft-qaz əməliyyatları prosesində formalaşan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Puta-Korgöz-Qızıldaş-Sahil yolu, 12-ci km “3” ünvanında Tullantıların idarə edilməsi mərkəzində (TİEM) idarə edilməsini təşkil etmiş, orada yerləşdirilmiş akkumulyator, qalvanik element və elektrik batareyaları tullantılarının ekoloji tələblərə uyğun idarə edilməsini təşkil etmək niyyəti ilə qeyd olunan tullantıların özgəninkiləşdirilməsi məqsədilə qapalı hərrac keçirmiş, həmin hərracda cavabdeh qalib gəlmiş. Daha sonra cavadeh tərəfindən tullantıların idarə edilməsi məqsədilə qəbul edilməsi haqqında iddiaçıya rəsmi təminat məktubu verilmiş və tərəflər arasında Müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq, iddiaçı tullantıları lazımı şəkildə cavabdehə təhvil vermiş və müvafiq aktlar imzalanmışdır. Lakin cavabdeh təhvil aldığı tullantılar üçün ödənilməli olan məbləği tam ödəməmiş, nəticədə 04 dekabr 2023-cü il tarixdən 85 102,10 manat məbləğində borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı müraciət edilsə də, cavabdeh iddiaçının xahişinə hər hansı formada cavab verməmiş, ümumiyyətlə, yaranmış borcdan heç bir ödəniş etməmişdir. Beləliklə, iddiaçının müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi şəkildə icra etməsinə baxmayaraq, cavabdeh öz öhdəliklərini lazımi şəkildə icra etməmişdir. Odur ki, İddiaçı mövcud tələblə məhkməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, borcun gecikdirilməsinə görə bir illik gecikdirmə faizi 4255,10 (dörd min iki yüz əlli beş manat on qəpik) manat təşkil edir. İddiaçının iddiasına əsasən, həmin məbləğ də iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır.
16. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. Cavabdeh etirazını işin faktiki hallarına və müqaviləyə istinad edərək əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, müqavilənin şərtlərinə əsasən, iddiaçı 61,2 ton akkumulyator, qalvanik element və elektrik batareyaları tullantılarını cavabdehə təhvil verməli, cavabdeh isə əvəzində 85 214,88 (səksən beş min iki yüz on dörd manat, səksən səkkiz qəpik) manat pul vəsaitini iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdeh və iddiaçının nümayəndələrinin, həmçinin Ə. C. Əmirov adına NQÇİ-nin SƏTƏMM və KN Departamentinin rəis müavini Z. Salmanov, "xxxx" QSC-nin Tullantı mərkəzinin rəisi O.Qəndilov və Ekologiya İdarəsinin böyük mühəndisi Z.Koroğluyevin iştirakı ilə tərtib olunmuş və imzalanmış 19 may 2023-cü il tarixli təhvil-qəbul aktına görə 20 449 ton, 22 may 2023-cü il tarixli təhvil-qəbul aktına görə 20 855 ton və 24 may 2023-cü il tarixli təhvil-qəbul aktına görə 19 815 ton akkumulyator və qalvanik element tullantısı cavabdehə təhvil verilmiş və tullantıların təhvil verilməsi prosesində tərəflərdən birinin digərinə heç bir iradı olmamışdır. Qeyd edilmiş 19 may 2023, 22 may 2023 və 24 may 2023-cü il tarixli təhvil-qəbul aktlarına görə ümumilikdə 61 119 ton akkumulyator və qalvanik element tullantısı iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş müqavilənin 2.3-cü bəndinə əsasən iddiaçı tərəfindən cavabdehə təhvil verilməli akkumulyator, qalvanik element və elektrik batareyaları tullantılarının ümumi həcmi 61,2 ton olmalı idi. Bununla da, müqavilə üzrə öhdəliklərini tam icra etməyərək həmin müqavilənin şərtlərini pozan məhz iddiaçı olmuşdur. Təqdim edilmiş təhvil-qəbul aktı və hesab-faktura əsasında 10 (on) bank günü ərzində köçürmə yolu ilə iddiaçının hesabına Azərbaycan manatı ilə köçürmə yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.7.3-cü bəndinə əsasən işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 (beş) gün müddətində elektron qaimə-faktura təqdim edilir. Qanunvericiliyin və müqavilənin tələblərinə əsasən, iddiaçı tərəfindən tullantılar cavabdehə təqdim edildiyi tarixdən 5 (beş) gün müddətində elektron qaimə-faktura cavabdehə təqdim edilməli və tullantının dəyəri elektron qaimə-faktura təqdim olunduğu tarixdən 10 (on) bank günü ərzində köçürmə yolu ilə cavabdeh tərəfindən iddiaçının bank hesabına köçürməli idi. İş materiallarına əlavə edilmiş 03 yanvar 2024-cü il tarixli, EBDW seriyalı, 498093 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, 61,119 ton təhvil verilmiş akkumulyator, qalvanik element və elektrik batareya tullantılarına görə 85 102,10 (səksən beş min yüz iki manat, on qəpik) manat məbləğdə pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya ödənilməli idi. Göründüyü kimi, iş materiallarına əlavə olunmuş sonuncu təhvil-qəbul aktı 24 may 2023cü il tarixdə tərtib olunsa da, həmin təhvil-qəbul aktları üzrə elektron qaimə-faktura iddiaçı tərəfindən həmin tarixdən 7 (yeddi) ay sonra – 03 yanvar 2024-cü il tarixdə təqdim edilmişdir. Odur ki, elektron qaimə-faktura iddiaçı tərəfindən qanunvericiliyin və müqavilənin tələblərini pozaraq verildiyindən həmin elektron qaimə-faktura etibarsızdır və həmin elektron qaimə-faktura üzrə ödəniş tələb oluna bilməz.
17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddianın təmin olunmasını, cavabdehin nümayəndəsi isə etiraza uyğuna çıxış edərək iddianın rədd olunmasını xahiş etmişdir.
18. Birinci instansiya məhkəməsinin 19 mart 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 07 aprel 2023-cü il tarixli, 32/ASM nömrəli “Akkumulyator, qalvanik element və elektrik batareyası tullantılarının idarə edilməsi”nə dair müqavilə üzrə 85 102,10 manat əsas borc məbləği, borcun ödənişinin gecikdirilməsinə görə 4255,10 manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 357,07 manat tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur.
19. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırmışdır:
Mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin (bundan sonra – MM) “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış Müqavilə üzrə iddiaçı öhdəliklərini yerinə yetirsə də, yəni təhviltəslim aktlarına əsasən akkumulyator və qalvanik element tullantısı cavabdehə təhvil verilsə də, cavabdeh öz müqavilə öhdəliklərini icra etməyərək qəbul edilən tullantıların dəyərini iddiaçıya ödəməmişdir. Cavabdehin yazılı etirazında göstərilən arqumentləri məhkəmə formal, tamamilə əsassız hesab edərək, borcun ödənişindən yayınmaq məqsədi verildiyi kimi qiymətləndirir. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya müqavilə üzrə 85 102,10 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən qeyd olunan pul məbləği tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin digər hissəsi olan əsas borcun gecikdirilməsinə görə gecikdirmə faizi olaraq hesablanmış 4255,10 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbini də məhkəmə əsaslı hesab edir. Belə ki, MM-in 445.7-ci maddəsinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 2023-cü ilin may ayında satılan tullantılar verilsə də, bu günə kimi cavabdeh tərəfindən ödənişlər edilmədiyi üçün, borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanmaqla 4255,10 manat məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 357,07 manat dövlət rüsumu və 300 manat vəkil xərci ödənildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.9-cu maddəsinə görə, işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 300 manat məbləğində vəkil xərcinin ödənilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir: iddia əsas və faiz borcu hissəsində təmin edildiyi üçün dövlət rüsumu xərcinin əvəzi olaraq ödənilmiş 357,07 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
20. Qətnamənin hüquqi əsaslandırılması zamanı məhkəmə, Mülki Məcəllənin 443.1-ci, 567-ci, 568.1-ci, 579.1-ci, Vergi Məcəlləsinin 71-1-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 09 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli və “Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarlarına istinad etmişdir.
21. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini birinci instansiya məhkəməsinə təqdim olunan yazılı etirazla eyni məzmunda əsaslandıraraq cavabdeh qeyd etmişdir ki, məhkəmə cavabdehin təqdim etdiyi sübutlara hüquqi qiymət verməmiş və təqdim etdiyi əsasları araşdırmadan yekun məhkəmə aktı qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etiraz
22. Apellyasiya şikayətinə qarşı yazılı etirazlar verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
23. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
24. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
26. Maddə 598.3. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
27. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
28. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasının Vergi Məcəlləsi
29. Maddə 71-1. Həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
36. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
37. Həmin Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. MPM-in 372.7ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər”.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
a) Ümumi məsələlər
40. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
41. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
42. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?
43. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir”.
44. İddia tələbindən görünür ki, iddiaçı cavabdehlə bağlanmış müqavilə üzrə yaranmış 85 102,10 manat məbləğində əsas borc, borcun gecikdirilməsinə görə 4255,10 manat məbləğində faiz borcu, 357,07 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi və 300 manat məbləğində hüquqi xidmət göstərilməsi üçün ödənilmiş vəsaitin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.
45. İddia tələbinin yerinə yetirilməsi üçün ilk növbədə iddiaçının müqavilə və müvafiq qanunvericiliyə uyğun olaraq qeyd olunan məbləğlərin ödənilməsini tələb etmək hüququnun olub-olmadığına hüquqi qiymət vermək zəruridir.
46. MM-in 598.3-cü maddəsinin dispozisiya şərtlərindən açıq şəkildə görünür ki, alıcı alqı-satqı müqaviləsinə əsasən aldığı əşyanın əvəzini vaxtında satıcıya ödəməlidir. Əgər alıcı ödəniş öhdəliyini icra etməsə və ya lazımınca icra etməsə, satıcı alıcıdan əşyanın əvəzini və MM-in 449-cu maddəsinə müvafiq olaraq faizlərin əvəzini ödəməyi tələb edə bilər. Eyni məzmunlu norma MM-in 600.4-cü maddəsində də öz əksini tapmışdır. Həmçinin, MPM-in 119.1 və 121.1-ci maddələri məhkəmə xərcləri və vəkilin göstərdiyi xidmətə görə xərclərin əvəzinin ödənilməsini məhkəmədən tələb etmək hüququnu iddiaçıya verir.
47. Beləliklə, iddiaçının yuxarıda qeyd olunan məbləğlərin əvəzinin ödənilməsini cavahdehdən tələb etmək hüququ olmuşdur.
b) Cavabdehin öhdəliklərini icra etməməsi
48. MM-in 600.1-ci maddəsinə əsasən, əşyaların nisyə satışında, yəni alqısatqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsi nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə etməlidir. Müqavilənin 5.3-cü bəndinə əsasən, cavabdeh iddiaçı tərəfindən təqdim olunmuş təhvilqəbul aktı və hesab faktura əsasında 10 bank günü ərzində köçürmə yolu ilə iddiaçının hesabına Azərbaycan manatı ilə həyata keçirilir.
49. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, 03 yanvar 2024-cü il tarixli EBDW498093 saylı e-qaiməyə əsasən, 61 119 ton həcmində akkumulyator və qalvanik element tullantısı satışı üzrə ƏDV daxil olmaqla 85 102,10 manat məbləğinə dair e-qaimə tərtib edilərək cavabdehə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq Qərarında lazımı qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaların öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmədiyi və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməli olduğu qeyd olunmuşdur.
50. İş materiallarında olan digər sübutlar da iddiaçı tərəfindən Müqavilə üzrə öhdəliklərin icra olunduğunu, lakin cavabdeh tərəfindən icra olunmadığını göstərir.
51. Belə ki, sübutların tədqiqi nəticəsində məhkəmə kollegiyası müəyyən etmişdir ki, təhvil-təslim aktlarına əsasən iddiaçı müqavilə üzrə akkumulyator və qalvanik element tullantısını cavabdehə təhvil versə də, cavabdeh həmin tullantıları qəbul etdikdən sonra iddiaçıya hər hansı ödənişi həyata keçirməmişdir. Belə olan halda müqavilə üzrə cavabdehin iddiaçıya 85 102,10 manat əsas bоrcu yarandığından qeyd olunan pul məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
52. Tullantının təhvil-təslim aktındakı çəkisi ilə bağlı kollegiya qeyd edir ki, iddiaçı öhdəliyinin əhəmiyyətli hissəsini yerinə yetirmiş və həmin cüzi fərq ilə bağlı cavabdeh iddiaçıya hər hansı etiraz ünvanlamamışdır.
53. Belə olduğu təqdirdə isə cavabdehin özünün təsdiq etdiyi aktı sonradan təkzib etməsi vicdanlılıq prinsipinə ziddir.
54. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır”.
55. Məhkəmə kollegiyası əsas borca yaranan faiz borcu ilə əlaqədar onu qeyd etməyi zəruri hesab edir ki, MM-in 445.7-ci maddəsinə müvafiq olaraq iddiaçının tələbi ilə öhdəliyin gecikdirilməsi hallarında gecikdirilmiş məbləğə illik beş faiz o halda əlavə edilir ki, bu Məcəllədə və ya müqavilədə hər hansı ayrı qayda nəzərdə tutulmasın. Tərəflər arasında bağlanmış Müqavilədə öhdəliyin gecikdirilməsi hallarında tətbiq olunacaq faiz dərəcəsi konkret şəkildə qeyd olunmamışdır. Belə olan halda iddiaçı MM-in 445.7-ci maddəsinə uyğun olaraq gecikdirilmiş məbləğə faizin hesablanmasını tələb etsə, məhkəmə maddənin tələblərindən çıxış edərək gecikdirilmiş məbləğə beş faizin ödənilməsini cavabdehin üzərinə öhdəlik kimi müəyyən etməlidir.
56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 2023-cü ilin may ayında satılan tullantılar verilsə də, bu günə kimi cavabdeh tərəfindən ödənişlər edilmədiyi üçün, borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanmaqla 4255,10 manat məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
57. Yekun olaraq məhkəmə xərcləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 300 manat məbləğində vəkil xərcinin ödənilməsini təsdiq edən sənədi iş materiallarına əlavə etmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. Lakin iddia əsas və faiz borcu hissəsində təmin edildiyi üçün dövlət rüsumu xərcinin əvəzi olaraq ödənilmiş 357,07 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
58. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıldır.
59. Məhkəmə kollegiyası apellyasiya şikayəti üçün ödənilən dövlət rüsumunun məbləğini cavabdehin özünə aid etməyi məqsədəuyğun sayır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə müvafiq tələbin olubolmamasına bağlı deyildir.
60. Yuxarıda qeyd olunanlara əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-897/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.