Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-657/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, cavabdeh “xxxx” MMC-nin vəkili və nümayəndəsi X2 iştirakı ilə iddiaçı “X4 Korporeyşn” şirkətinin borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-16/2021 nömrəli iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı “X4 Korporeyşn” şirkətinin Azərbaycan Respublikasındakı filialı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən 813.243,58 ABŞ dolları məbləğdə borcun və 30 manat məbləğdə dövlət rüsumunun tutularaq, iddiaçıya ödənilməsi barədə qənamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 19.02.2021-ci il tarixli qərardadı ilə iddiaçı, əsl iddiaçı “X4 Korporeyşn” şirkəti ilə əvəz edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 17.03.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamənin əsaslarına görə, “Məhkəmə cavabdehin 04.12.2015-ci il tarixli məktubda imzanın Tan Xingyiyə məxsus olmamasını bildirməsi ilə bağlı qeyd edir ki, 04.12.2020-ci il tarixli, 4/1011 nömrəli ekspert rəyindən görünür ki, 02.10.2017-ci il tarixli etibarnamədə Cavabdeh MMC-nin baş meneceri Tan Xingyi qrafasındakı imza və 04.12.2015-ci il tarixli ***-**-** nömrəli məktubda “X5 Manager of Petro-Hongkonq-Pirsaat Oil Limited” qrafasındakı imza - eyni şəxs tərəfindən icra olunmuşdur, bu isə bunu təsdiq edir ki, mübahisəli 04.12.2015-ci il tarixli məktubda imza Tan Xingyi tərəfindən icra edilmişdir. 30.08.2019-cu il tarixli, 20279 nömrəli məhkəmə ekspertizası rəyində 04.12.2015-ci il tarixli ***-**-** nömrəli məktubda “Tan Xingyi” yazıları qarşısında olan imza – Tan Xingyi tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması ilə bağlı məhkəmə qeyd edir ki, bir ekspert rəyində imzanın Tan Xingyiyə məxsus olmadığını, digərində isə rəsmi etibarnamədə və 04.12.2015-ci il tarixli məktunbda Tan Xingyi soyadının qarşısında imzaların eyni şəxs tərəfindən icra olunmasının göstərilməsi bir şəxsin 2 fərqli imzaların olmasına dəlalət edir. Məhkəmə ekspertə təqdim olunan Tan Xingyiyə məxsus sərbəst və eksperimental xətt nümünələrini şübhə altına almır, sadəcə olaraq hesab edir ki, 04.12.2020-ci il tarixli, 4/1011 nömrəli ekspert rəyində 04.12.2015-ci il tarixli məktubda imza Tan Xingyi tərəfindən icra edilməsi tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə bir daha qeyd edir ki, iddiaçı tərəfindən eyni məzmunlu müvafiq olaraq 03.12.2015-ci və 04.12.2015-ci il tarixli məktublar (borcun etirafı) təqdim edilmiş, məktublar müvafiq olaraq Cavabdeh MMC-nin baş menecer müavini Xiao Jiang və baş menecer Tan Xingyi tərəfindən imzalanmış və şirkətin möhürü ilə təsdiq edilmişdir. Cavabdehin nümayəndəsi təqdim olunan işlərin görülməsini əks etdirən sənədlərin və borcun etirafı məktubunu imzalayan Xiao Jiangın səlahiyyətinin olmamasını bildirsə də, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim etdiyi və Xiao Jiang tərəfindən imzalanan bütün sənədlər mötəbər sübutlardır. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi ilə bağlı qeyd etdiyi hallarla yəni, mübahisə edilən müqavilənin müddətinin 2014-cü ilin iyun ayının 5-də başa çatması, lakin, iddiaçı tərəfin 2018-ci ildə yəni, 4 ildən sonra məhkəməyə müraciət edilməklə iddia müddətinin ötürülməsi ilə razılaşmır. Belə ki, Cavabdeh MMC-nin baş menecer müavini Xiao Jiang və baş menecer Tan Xingyi tərəfindən “X6 Kompani” Şirkətinin Azərbaycandakı Nümayəndəliyinə etdikləri müraciətdə GWDC qarşısında 5381165,58 ABŞ dolları və “X4 Korporeyşn” Şirkəti (CNLC) qarşısında 813243,58 ABŞ dolları məbləğində borcunun qaldığını və Plan A üzrə onlar tərəfindən 1 milyon dollar həcmində olan borcu 2016-cı ildə ödəyəcəklərini, qalan borcu isə ildən ilə ödəməklə 5 il ərzində icra edəcəklərini (2016-c ildə 1000000, 2017-ci ildə 1200000, 2018-ci ildə 1400000, 2019-cu ildə ******* və 2020-ci ildə 1194409,16 ABŞ dollar) bildirmələri, müqavilə üzrə öhdəliklərinin icrasının 31 dekabr 2020-ci il tarixdə bitdiyini, yəni icra müddətinin axımının məhz 01 yanvar 2021-ci il tarixdən başladığını göstərir. İddiaçı isə məhkəməyə iddia ərizəsi ilə 09.10.2018-ci ildə müraciət etdiyindən görə iddia müddəti qanunvericiliyin tələblərinə əsasən ötürülməmişdir.” Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, cavabdeh tərəfindən iddiaçıya 03.12.2015-ci il tarixli 191/01-15 nömrəli və 04.12.2015-ci il tarixli 192/01-15 nömrəli məktublar göndərilməmiş, həmin məktublar “X6 Kompani” şirkətinin numayəndəliyinin rəhbəri Wu Shengə ünvanlanmışdır və iddiaçı üçün hər hansı hüquqi nəticələr yarada bilən sənəd deyil. Lakin, iddiaçı ona aid olmayan həmin məktubları əldə edib, əlində bayraq edərək, iddia qaldırmışdır. Faktiki olaraq iddiaçı cavabdeh üçün hər hansı işlər görməmiş, bütün işlər yalnız kağız üzərində görülmüşdür. Məhkəmə isə qazma işlərinin fakltiki görülməsinə dair (hansı qazma işlərinin, hansı tarixdə, hansı ərazidə, kimin tərəfindən, həmin işlərin kimin tərəfindən və hansı sənədlər üzrə qəbul edilməsinə dair) hər hansı sübüt və dəlil tələb etmədən, həmin məktubları borcun etirafı kimi qiymətləndirərək, iddia tələbini təmin etmişdir. Məktublar heç bir halda sübut kimi qəbul edilə və borcun etirafı kimi qiymətləndirilə bilməz. Tərəflər üçün yad olan ingilis dilində tərtib edilmiş həmin məktubun məzmunu anlaşılmaz və qeyri-müəyyən olmaqla, orada qeyd edilir ki, göstərilən borcun düzgünlüyü yoxlandıqdan sonra, yəni borc təsdiq edildiyi halda, onu 2 plan üzrə ödənilməsi barədə yeni təklif verilmişdir. Qeyd edilən məktubda borcun mövcud olması etiraf edilmir, sadəcə olaraq digər tərəfin göstərdiyi rəqəmlərə istinad edilərək, yeni müqavilənin bağlanması təklif olunur. Məktublarda borcun hansı əsaslar və hansı öhdəliklər üzrə yaranması barədə heç nə göstərilməmişdir. Eyni zamanda, göstərilən məbləğdə borcun hansı əsaslar üzrə yaranmasına dair məhkəməyə başqa sənədlər təqdim edilməmişdir. Əslində həmin məktubda iddiaçıya təklif olunur ki, qeyd edilən hər 2 planı müzakirə edib onların qəbul edilib-edilməməsi barədə cavab versin. Lakin iddiaçı tərəfindən heç bir cavab daxil olmamışdır. Deməli təklif qəbul edilməmişdir. Faktiki olaraq bu məktublar yeni müqavilənin bağlanması üçün oferta olmuşdur . İddiaçının hansısa yolla əldə etdiyi və məhkəməyə mötəbər sübut kimi təqdim etdiyi məktublar borcu etiraf etməsi barədə iradə ifadəsi olmamış, həmin məktubun məzmununda yeni sazişin bağlanması haqqında “X6 Kompani” şirkətinin numayəndəliyinə təklif göndərilmişdir. Necə ki, həmin təklifləri digər tərəf qəbul etməyibsə, bu məktublar cavabdeh üçün hər hansı hüquqi nəticə yarada bilməz. İddiaçıya gəldikdə isə, bu məktubların ona hec bir aidiyyəti yoxdur. Məktub ona ünvanlanmamış və ona hər hansı təklif edilməmişdır. Bundan əlavə, iddia müddətinin keçməsi ilə bağlı iddianın rədd edilməsi barədə məhkəməyə ərizə verilmişdir. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə rəsmi olaraq 04.10.2018-ci il tarixdə təqdim edilmiş, lakin həmin tarixə qədər bütün iddia müddətləri ötürülmüşdür. İddiaçının məhkəməyə təqdim etdiyi müqavilələrdən müəyyən olunur ki, tərəflər arasında müqaviləyə düzəliş edilməsi barədə 1 saylı Əlavə 20.11.2013cü il tarixdə bağlanmaqla müqavilənin müddəti bir il müəyyən edilmiş və 20.11.2014-cü ildə ona xitam verilmişdir. Nəzərə alınsa ki, müqavilələrdən irəli gələn öhdəliklər üzrə iddia müddəti qanunla 3 il müyyən edilib, deməli iddia müddətinin axımı 20.11.2014-cü il tarixdən başlamış, 3 il davam etmiş və 22.10.2017-ci ildə tamamlanmışdır. Həmçinin, iddiaçının məhkəməyə təqdim etdiyi, onunla cavabdeh arasında bağlanmış 05.06.2013-cü il tarixli PHPOL-CNLC-201301 nömrəli müqavilə cavabdehin direktoru Tan Xingyi tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. Həmin müqaviləyə düzəliş edilməsi barədə 20.11.2013-cü il tarixli 1 saylı Əlavə ümumiyyətlə cavabdeh tərəfindən imzalanmamışdır. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, ona uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdən müəyyən olunur ki, tərəflər arasında palçıq qazma və naqilli qazma işlərinin görülməsi ilə bağlı 05 iyun 2013-cü il tarixli PHPOL-CNLC-201301 saylı Qaz karotajı və standart naqilləmə karotajı üzrə xidmətlərin göstərilməsinə dair müqavilə imzalanmışdır. Müqavilənin müddəti 31.12.2013-cü ilədək qüvvədədir. 20 noyabr 2013-cü il tarixdə tərəflər arasında müqaviləyə 1 saylı düzəliş imzalanmış və düzəlişə əsasən, müqavilənin müddəti 31 dekabr 2014-cü il tarixədək uzadılmışdır. İddiaçının təqdim etdiyi 26.11.2018-ci il tarixli maliyyə arayışı və müxtəlif tarixli fakturalara görə, 05 iyun 2013-cü il tarixli PHPOL-CNLC-201301 saylı müqavilə üzrə göstərilmiş xidmətlərə görə cavabdehin əsas borcu 813.243,58 ABŞ dolları (cərimə 81.324,28) təşkil edir. 03.12.2015-ci il tarixli ***-**-** nömrəli məktubda göstərilir ki, cavabdehin baş menecerinin müavini Xiao Jiang “X6 Kompani” şirkətinin Azərbaycandakı nümayəndəliyinə müraciət edərək, GWDC qarşısında 5.381.165,58 ABŞ dolları və iddiaçı (CNLC) qarşısında 813.243,58 ABŞ dolları məbləğdə borcunun qaldığını və Plan A üzrə 1 milyon dollar həcmində olan borcu 2016-cı ildə ödəyəcəyini, qalan borcu isə ildən ilə ödəməklə 5 il ərzində icra edəcəyiini (2016-cı ildə 1.000.000, 2017-ci ildə 1.200.000, 2018-ci ildə 1.400.000, 2019-cu ildə 1.400.000 və 2020-ci ildə 1.194.409,16 ABŞ dollar) bildirmişdir. 04.12.2015-ci il tarixli ***-**-** nömrəli məktubda qeyd olunur ki, cavabdehin baş meneceri Tan Xingyi “X6 Kompani” şirkətinin Azərbaycandakı nümayəndəliyinə müraciət edərək, GWDC qarşısında 5.381.165,58 ABŞ dolları və iddiaçı (CNLC) qarşısında 813.243,58 ABŞ dolları məbləğində borcunun qaldığını və Plan A üzrə 1 milyon dollar həcmində olan borcu 2016-cı ildə ödəyəcəyini, qalan borcu isə ildən ilə ödəməklə 5 il ərzində icra edəcəyini (2016-c ildə 1.000.000, 2017-ci ildə 1.200.000, 2018-ci ildə 1.400.000, 2019-cu ildə 1.400.000 və 2020-ci ildə 1.194.409,16 ABŞ dollar) bildirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən, cavabdeh sözügedən məktublardakı imzaların həmin şəxslər (Xiao Jiang və Tan Xingyi) tərəfindən icra edilmədiyini mübahisələndirdiyindən, iş üzrə məhkəmə-xətşünaslıq eskpertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30.08.2019-cu il tarixli 20279 nömrəli ekspert rəyinə əsasən, 03.12.2015-ci il tarixli ***-**-** nömrəli məktubun kserosurətində “Xiao Jiang” yazıları qarşısında olan imza - Xiao Jiang tərəfindən icra olunmuş, 04.12.2015-ci il tarixli ***-**** nömrəli məktubda “Tan Xingyi” yazıları qarşısında olan imza – Tan Xingyi tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 138 manat təşkil edir. Həmin Mərkəzin 09.12.2019-cu il tarixli 28348 nömrəli ekspert rəyinə görə, 03.12.2015-ci il tarixli ***-**-** nömrəli məktubda “Xiao Jiang” yazıları qarşısında olan imza – Xiao Jiang tərəfindən icra olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 133 manat təşkil edir. Eyni Mərkəzin 04.12.2020-ci il tarixli 4/1011 nömrəli ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş işin 2-ci cildinin 161-ci vərəqəsində olan 02.10.2017-ci il tarixli etibarnamədə “xxxx” MMC-nin baş meneceri Tan Xingyi qrafasındakı imza və 196-cı vərəqəsində olan 04.12.2015-ci il tarixli ***-**-** nömrəli məktubda “X5 Manager of Petro – Hongkonq - Pirsaat Oil Limited” qrafasındakı imza - eyni şəxs tərəfindən icra olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 138 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir; 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; 379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.1. iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda; 379.1.2. iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda; 379.1.3. müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə; 379.1.4. fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda; 379.1.5. müvafiq münasibəti tənzimləyən qanunun və ya digər normativ hüquqi aktın qüvvəsi dayandırıldıqda; 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir; 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə iddia müddəti keçdiyi üçün iddia rədd edilməlidir. Belə ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmiş, tərəflər arasında bağlandığı irəli sürülən 05 iyun 2013-cü il tarixli PHPOL-CNLC-201301 nömrəli müqavilə 31.12.2014-cü il tarixədək qüvvədə olmuşdur. Həmin müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımı, yəni Mülki Məcəllənin 373.2-ci maddəsində təsbit olunan 3 illik müddət 01.01.2015-ci il tarixdən başlamaqla, 01.01.2018ci il tarixdə başa çatmış, iddia ərizəsi isə 09.10.2018-ci il tarixdə birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. İş üzrə Mülki Məcəllənin 379.1-ci maddəsində nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb təşkil edən hallar müəyyən edilmir. İddiaçı tərəfindən müəyyənləşdirilmiş qaydada əvvəllər iddia irəli sürülməsi, habelə cavabdehin borcu etiraf etməsini göstərən hərəkətlər də iş materialları ilə təsdiqini tapmır və bununla da iddia müddətinin axımı da kəsilməmişdir. Çünki, cavabdehin baş menecerinin müavini Xiao Jiang tərəfindən imzalandığı güman olunan 03.12.2015-ci il tarixli ***-**-** nömrəli və cavabdehin baş meneceri Tan Xingyi tərəfindən imzalandığı irəli sürülən 04.12.2015-ci il tarixli ***-**-** nömrəli məktublar cavabdeh tərəfindən bilavasitə iddiaçıya ünvanlanmadığı, məktublar digər şəxsə müraciət etdiyi üçün, “borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər” kimi qəbul edilə bilməz. Bundan əlavə, cavabdehin bütün işlərin yalnız kağız üzərində görüldüyü, faktiki olaraq iddiaçı tərəfindən heç bir qazma işlərinin görülmədiyi barədə apellyasiya şikayətinin dəlili də iş materialları ilə təkzib olunmur. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etməsi faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz olmuşdur (MPM-in 386-cı maddəsi). Bununla bağlı olaraq, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli (MPM-in 385.1.1-cü maddəsi), iş üzrə yeni qətnamə qəbul edilməli (MPM-in 384.0.2-ci maddəsi), iddia rədd edilməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir (MPM-in 119.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-16/2021 nömrəli iş üzrə 17 mart 2021ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “X4 Korporeyşn” şirkətinin cavabdeh “xxxx” MMC-yə qarşı cavabdehdən 813.243,58 ABŞ dolları məbləğdə borcun və 30 manat məbləğdə dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 409 manat məbləğdə pul “X4 Korporeyşn” şirkətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** X1, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ 013601**********3944 SWİFT BİK: CTREAZ22 hesabına köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat məbləğdə dövlət rüsumu iddiaçı “X4 Korporeyşn” şirkətindən tutularaq cavabdeh “xxxx” MMC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-657/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-657/2021
24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver