Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-657/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, borc) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 18 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh2 (alıcı) arasında bağlanmış 04 avqust 2024-cü il tarixli GKM2/24-040 nömrəli “Bakı və Abşeron ərazisində şəbəkə və ya az şöbəli özünə xidmət marketlərlə məhsulların alqı-satqısı” müqaviləsinə (bundan sonra – Müqavilə) görə satıcı alıcının sifarişi əsasında adı, növü, ölçüsü, miqdarı, qiyməti və ümumi dəyəri qaimə-fakturada və ya təhvil-təslim aktında göstərilən müxtəlif növ mal və məhsulları alıcının mülkiyyətinə verməyi, alıcı isə bu müqavilə əsasında məhsulu qəbul edib dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürür.
2. Müqavilənin 2.1-ci bəndinə görə, məhsulların siyahısı, çeşidi, adı və onların qiymətləri, satıcı tərəfindən alıcıya təqdim edilən qiymətlər elektron qaimə-fakturada öz əksini tapmışdır. Həmin müqavilənin 2.6-cı bəndinə görə, alıcı məhsulları sifariş verilən gündən sonrakı 2 gün ərzində qanunvericilikdə müəyyən edilmiş qaydada, təhvil-təslim aktı ilə özünün və ya səlahiyyətli nümayəndəsinin imzası ilə qəbul edir. Sözügedən müqavilənin 2.11-ci bəndinə görə, geri qaytarılmalı olan məhsullar qanunvericiliyə uyğun olaraq məhsulların qaytarılmasına dair akt əsasında məhsulların təqdim edildiyi qiymət üzərindən geri alınacaq.
3. Eyni müqavilənin 3.1-ci bəndinə görə, satılmış məhsulun dəyəri alıcı tərəfindən satıcının hesablaşma hesabına ödənilir. Ödənilmiş pul vəsaitinin satıcının hesabına daxil olduğu gün ödəniş günü hesab olunur. Satılmış məhsulun dəyəri satıcıya vaxtında ödənilmədikdə alıcının yeni sifarişləri ödənişin tamamlanmasına qədər qəbul edilmir.
4. Satıcının möhürü və alıcının imzası ilə təsdiq olunmuş 10 oktyabr 2024-cü il tarixli qarşılıqlı üzləşmə aktına görə, 30 sentyabr 2024-cü il tarixə alıcının satıcıya borcu 125 694, 78 manat təşkil edir.
5. Satıcı tərəfindən alıcıya xx.xx.2024-cü il tarixli MT2409 11931437 nömrəli 42,5272 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2409 11931439 nömrəli 44,9816 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT24010 10120599 nömrəli 44,7102 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT24010 10249222 nömrəli 757,737 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2410 10370553 nömrəli 412,469 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2410 10755178 nömrəli 64,31 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2410 10755264 nömrəli 240,2834 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2410 10838580 nömrəli 198,7002 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2410 11176667 nömrəli 33,63 manat məbləğində, xx.xx.2024cü il tarixli MT2410 11279117 nömrəli 28,4026 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2410 11287800 nömrəli 58,3746 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2410 11430272 nömrəli 336,477 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2410 11532787 nömrəli 123,9826 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2410 11628467 nömrəli 282,2914 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2410 11975678 nömrəli 120,4308 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 12017540 nömrəli 68,735 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2409 10445967 nömrəli 232,3774 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2409 10445969 nömrəli 26,137 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2409 10445973 nömrəli 245,9828 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2409 10445975 nömrəli 182,3926 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2409 10666446 nömrəli 102,2352 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2409 10878965 nömrəli 29,5944 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2409 10969336 nömrəli 20,6618 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2409 11425939 nömrəli 33,3822 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2409 11584690 nömrəli 437,8154 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2409 11315054 nömrəli 453,2852 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 11450855 nömrəli 64,592.598 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 11450856 nömrəli 14,518.023 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 11677408 nömrəli 122,24 manat məbləğində, xx.xx.2024- cü il tarixli MT2408 11677412 nömrəli 203,7034 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 11793665 nömrəli 94,5062 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 11959692 nömrəli 37,4178 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 11991872 nömrəli 80,655.6904 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 12017535 nömrəli 401,2 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 12017537 nömrəli 97,763 manat məbləğində, xx.xx.2024cü il tarixli MT2408 10551100 nömrəli 1516,370 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 10551101 nömrəli 120,4544 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 10772237 nömrəli 97,7394 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 10962699 nömrəli 1570,8868 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 10962700 nömrəli 226,1824 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 11092904 nömrəli 4734,3606 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 11092905 nömrəli 301,5726 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 11252523 nömrəli 6851,516 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 11252525 nömrəli 2834,489 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 11252530 nömrəli 793,078 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur.
6. Alıcı tərəfindən satıcıya 25 oktyabr 2024-cü il tarixli 873986 nömrəli kassa mədaxil orderinə görə 5000 manat, 30 oktyabr 2024-cü il tarixli 873987 nömrəli kassa mədaxil orderinə görə 2500 manat, 31 oktyabr 2024-cü il tarixli 873988 nömrəli kassa mədaxil orderinə görə 4680 manat məbləğində ödəniş edilmişdir.
7. X3, X2 və X4 tərəfindən tərtib olunmuş 07 noyabr 2024-cü il tarixli akta görə cəmi 17 690 manat məbləğində əşya 04 iyun 2024-cü il tarixli, GKM2/24-040 nömrəli müqavilə üzrə borcun əvəzi olaraq iddiaçıya təhvil verilmişdir.
8. İadə satış sifarişlərindən görünür ki, alıcı tərəfindən ümumilikdə 35 407,41 manat məbləğində mal satıcıya geri qaytarılmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
9. İddiaçı MMC (iddiaçı) Cavabdeh2 (cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək 38 811,08 manat borcun və ödənilmiş 206,44 manat dövlət rüsumunun, cəmi 39 017,52 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında GKM2/24-040 nömrəli, xx.xx.2024-cü il tarixli məhsulların alqı-satqısı müqaviləsi imzalanmışdır. Qeyd olunan alqı-satqı müqaviləsinə əsasən, cavabdeh tərəfindən iddiaçıdan müxtəlif mallar alınsa da, həmin malların dəyərinin cəmi 38 811,08 manat məbləğində olan hissəsi hazırkı vaxtadək cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Göstərilən məbləğdə malların cavabdeh tərəfindən qəbul edilməsini malların təhvil-qəbul aktları da bir daha sübut edir. Qeyd olunanları tərəflər arasında imzalanmış 10 oktyabr 2024-cü il tarixli qarşılıqlı üzləşmə aktı da bir daha təsdiq edir. Ödənişin həyata keçirilməsi üçün iddiaçı tərəfindən cavabdehə elektron qaimələr də göndərilmişdir. Ödənişin edilməsi ilə bağlı dəfələrlə nümayəndə vasitəsilə cavabdehlə əlaqə saxlanılmış və həmin borc məbləğinin qısa müddətdə ödənilməsi xahiş edilmişdir. Lakin cavabdeh tərəfdən heç bir ödəniş həyata keçirilməmişdir. Daha sonra cavabdehin elektron kabinetinə 09 dekabr 2024-cü il tarixli pretenziya məktubu göndərilmiş, lakin cavabdeh həmin məktubu rəsmi şəkildə qəbul etsə də borcunu ödəməmişdir.
11. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilən borc məbləğləri ilə razı deyil və hesab edir ki, borc məbləği düzgün hesablanmamışdır. Belə ki, 04 iyun 2024-cü il tarixli müqaviləyə əsasən iddiaçının nümayəndələri tərəfindən müxtəlif vaxtlarda cavabdehin istifadəsində olan Ramana qəsəbəsində yerləşən “Əla Market”ə məhsullar təhvil verilmişdir. Müəyyən səbəblərdən cavabdeh 2024-cü ilin noyabr ayında “Əla Market”in fəaliyyəti dayandırmalı olmuşdur. 2024-cü ilin noyabr ayının 7-də İddiaçının əməkdaşları Ramana qəsəbəsində yerləşən “Əla Market”ə gəlib həmin mağazadan, cavabdehə satdıqları məhsullarından 86 763 manat dəyərində məhsulu geri götürmüşlər. Həmçinin cavabdeh iddiaçıya olan borcundan iddiaçının nümayəndəsi Taleh Sultanova 2024-cü ilin oktyabr ayında ilk dəfə 10 200 manat, daha sonra isə 2000 manat nağd şəkildə ödənişlər etmişdir. Bundan əlavə olaraq iddiaçının nümayəndələri borcun əvəzində “Əla Market”də olan bir ədəd “Airk” markalı 6 metr uzunluğunda, dəyəri 11 800 manat olan “südlük soyuducu”nu, 3 ədəd, uzunluğu 2 metr olan, cəmi dəyəri 1800 manat olan “qastronom vitrin soyuducusu”nu, 14 000 manat dəyərində, 40 metr uzunluğunda (rəfin 1 metrinin qiyməti 350 manatdır) iki tərəfli dəmir rəfi və 12 500 manat dəyərində, 50 metr uzunluqda (rəfin 1 metrinin qiyməti 250 manatdır) tək tərəfli divar rəfini götürmüşlər. Ümumilikdə isə iddiaçının nümayəndələri yaranan borcun əvəzində “Əla Market”dən dəyəri 40 100 manat olan, yuxarıda qeyd edilən əşyaları götürmüşlər. Göründüyü kimi, 30 sentyabr 2024-cü il tarixindən sonra (yəni 10 oktyabr 2024-cü il tarixli “qarşılıqlı üzləşmə aktı" tərtib edilərək 30 sentyabr 2024-cü il tarixə 125 694.78 manat borc məbləği müəyyən edildiyi vaxtdan sonra) iddiaçıya aid bank hesabına 01 oktyabr 2024cü il tarixdə 4999,99 manat, 03 oktyabr 2024-cü il tarixdə 9999,99 manat, 21 oktyabr 2024-cü il tarixdə 8000 manat olmaqla cəmi 22 999,98 manat pul vəsaiti köçürülmüş, 2024-cü ilin oktyabr ayının sonunda iddiaçının əməkdaşı Taleh Sultanova 10 200 və 2000 manat nağd şəkildə pul ödənişi olunmuş, 40 100 manat dəyərində - borcun əvəzinə götürülmüş əşyalar da nəzərə alınmaqla yekunda cəmi 75 299,98 manat məbləğində iddiaçıya ödəniş olunmuşdur. İddiaçının əməkdaşlarının mağaza bağlanan zaman mağazadan, satdıqları məhsullarından 86 763 manat dəyərində məhsulu geri götürdüyünü də nəzərə alsaq, (86 763 manat + 75 299,98 manat = 162 062,98 manat) o zaman cavabdehin hal-hazırda iddiaçıya borcunun qalmadığı müəyyən edilir. Belə olan halda iddia edilən borc məbləğlərinin qeyri-dəqiq hesablandığı aydın olur.
12. Birinci instansiya məhkəməsinin 18 aprel 2025-ci il tarixli qətnaməsi ilə cavabdehdən 38 811,08 manat məbləğində pul vəsaitinin, 206,44 manat dövlət rüsumunun, ümumilikdə 39 017,52 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul etmişdir.
13. Məhkəmə Mülki Məcəllənin 567-ci, 598.2-ci və 600.4-cü maddələrinə istinad edərək belə nəticəyə gəlmişdir ki, tərəflər arasında 04 iyun 2024-cü il tarixli, GKM2/24-040 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, 10 oktyabr 2024-cü il tarixli üzləşmə aktı ilə cavabdehin 30 sentyabr 2024-cü il tarixə olan borcunun məbləğinin 125 694,78 manat olması müəyyən edilmiş, iddiaçı tərəfindən cavabdehə 2024-cü ilin oktyabr ayı ərzində əlavə olaraq dəyəri 1393,11 manat təşkil edən mallar təhvil verilmişdir. Cavabdeh yaranmış ümumilikdə 127 087,89 manat borcunun müqabilində 22 999,98 manat nağdsız, 12 180 manat nağd olmaqla, ümumilikdə 35 179, 98 manat ödəniş etmişdir.
14. İddiaçı tərəfindən təqdim edilmiş malların geri təhvil alınması barədə aktlardan görünür ki, cavabdeh tərəfindən satın alınmış malların bir qismi, yəni 35 407,41 manat məbləğ geri qaytarılmış, cavabdeh yazılı etirazında geri qaytarılan malların dəyərinin 86 763 manat olmasını bildirsə, bu barədə hər hansı sübutu ümumiyyətlə məhkəməyə təqdim edə bilməmişdir.
15. İddiaçı tərəfindən təqdim edilmiş 07 noyabr 2024-cü il tarixli akta görə cəmi 17 690 manat məbləğində əşya 04 iyun 2024-cü il tarixli GKM2/24-040 nömrəli müqavilə üzrə borcun əvəzi olaraq iddiaçı tərəfindən təhvil alınmışdır. Cavabdeh yazılı etirazında geri təhvil alınan malların dəyərinin 40 100 manat olmasını, habelə həmin aktda göstəriləndən əlavə olaraq başqa əşyaların da götürüldüyünü göstərsə də, etirazının əsasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
Apellyasiya şikayəti və ona qarşı etiraz
16. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən qətnamə düzgün əsaslandırılmamış, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarının tətbiq edilməsində səhvlərə yol vermiş, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, eyni zamanda iddia tələblərinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallara hüquqi qiymət verilməmiş, iş üzrə bir sıra hallar aydınlaşdırılmamışdır. Əlavə olaraq qeyd etmişdir ki, “...mənimlə iddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli Müqaviləyə əsasən, iddiaçının nümayəndələri tərəfindən müxtəlif vaxtlarda mənim istifadəmdə olan Ramana qəsəbəsində yerləşən Əla Market-ə məhsullar təhvil verilmişdir. 2024-cü ilin noyabr ayının 7-sində iddiaçının əməkdaşları Ramana qəsəbəsində yerləşən Əla Market-ə gəlib həmin mağazadan mənə satdıqları məhsullarından 86 763 manat dəyərində məhsulu geri götürmüşlər. Həmçinin, cavabdeh tərəfindən iddiaçıya olan borcdan iddiaçının nümayəndəsi Taleh Sultanova 2024-cü ilin oktyabr ayında ilk dəfə 10 200 manat, daha sonra isə 2000 manat nağd şəkildə ödənişlər edilmişdir. Bundan əlavə olaraq iddiaçının nümayəndələri borcun əvəzində Əla Market-də olan bir ədəd “Airk” markalı 6 metr uzunluğunda, dəyəri 11 800 manat olan “südlük soyuducu”nu, 3 ədəd, uzunluğu 2 metr olan, cəmi dəyəri 1800 manat olan “qastronom vitrin soyuducusu”nu, 14 000 manat dəyərində 40 metr uzunluğunda (rəfin 1 metrinin qiyməti 350 manatdır) iki tərəfli dəmir rəfi və 12 500 manat dəyərində, 50 metr uzunluqda (rəfin 1 metrinin qiyməti 250 manatdır) tək tərəfli divar rəfini götürmüşlər. Ümumilikdə isə iddiaçının nümayəndələri yaranan borcun əvəzində Əla Market-dən dəyəri 40 100 manat olan, yuxarıda qeyd edilən əşyaları götürmüşlər. Göründüyü kimi, 30 sentyabr 2024-cü il tarixindən sonra iddiaçıya məxsus bank hesabına 01 oktyabr 2024-cü il tarixdə 4999,99 manat, 03 oktyabr 2024-cü il tarixdə 9999,99 manat, 21 oktyabr 2024-cü il tarixdə 8000 manat olmaqla cəmi 22 999,98 manat pul köçürülmuş, 2024-cü ilin oktyabr ayının sonunda iddiaçının əməkdaşı Taleh Sultanova 10 200 və 2000 manat nağd şəkildə pul ödənişi olunmuş, 40 100 manat dəyərində - borcun əvəzinə götürülmüş əşyalar da nəzərə alınmaqla yekunda cəmi 75 299,98 manat iddiaçıya ödəniş olunmuşdur. İddiaçının əməkdaşlarının mağaza bağlanan zaman mağazadan, cavabdehə satdıqları məhsullarından 86 763 manat dəyərində məhsulu geri götürdüyünü də nəzərə alsaq (86 763 manat + 75 299,98 manat = 162 062,98 manat), o zaman cavabdehin hal-hazırda iddiaçıya borcunun qalmadığı iddia olunmuşdur.
18. Həmçinin, cavabdehin şikayətinə əsasən, cavabdehin vəkili tərəfindən borc məbləğinin dəqiqləşdirilməsi və iddiaçı tərəfindən mağazadan götürülən əşyaların dəyərinin müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq və qiymətləndirmə ekspertizalarının təyin edilməsi barədə vəsatətlər də verilmiş, lakin vəsatətlərin heç biri təmin edilməmişdir. Göründüyü kimi, işə baxan məhkəmə tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmamışdır. Bunun nəticəsi olaraq Bakı Kommersiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 217-ci maddəsinin tələblərini pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
19. İddiaçı tərəf apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək cavabdehin apellyasiya şikayətinin tamamilə əsassız olduğunu və iddiaçının iddia tələbinin təqdim edilmiş sübutlara əsasən təsdiq olunduğunu bildirmiş, bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, e-2-2(113)-1519/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Apellyasiya baxışı, verilən izahatlar
20. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
21. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.
23. Maddə 598.2. Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
24. Maddə 598.3. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
25. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
29. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
34. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
35. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
40. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
41. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
42. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).
43. Sübutların tədqiqi nəticəsində müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış Müqaviləyə əsasən, iddiaçı cavabdehin sifarişi əsasında adı, növü, ölçüsü, miqdarı, qiyməti və ümumi dəyəri qaimə-fakturada və ya təhvil-təslim aktında göstərilən müxtəlif növ mal və məhsulları cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə bu müqavilə əsasında məhsulu qəbul edib dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndində alıcı olaraq cavabdeh tərəfindən qəbul edilmiş məhsulların əvəzinin satıcı kimi iddiaçıya ödənilməsi öhdəliyi qeyd edilmişdir.
44. Həmçinin, iddiaçı tərəfindən cavabdehə 2024-cü ilin oktyabr ayı ərzində əlavə olaraq dəyəri 1393,11 manat təşkil edən mallar təhvil verilmişdir.
45. Ümumilikdə yaranmış 127 087, 89 manat borcunun müqabilində cavabdeh 22 999, 98 manat nağdsız, 12 180 manat nağd olmaqla, ümumilikdə 35 179,98 manat ödəniş etmişdir.
46. Bundan əlavə, X3, X2 və X4 tərəfindən tərtib olunmuş 07 noyabr 2024-cü il tarixli aktdan göründüyü kimi, 17 690 manat məbləğində əşya Müqavilə üzrə borcun əvəzi olaraq iddiaçıya təhvil verilmiş. Həmçinin cavabdeh tərəfindən 35 407,41 manat məbləğində mal iddiaçıya geri qaytarılmışdır.
47. Cavabdeh apellyasiya şikayətində qaytarılan malların dəyərinin əslində 86 763 manat, müqavilə üzrə borcun əvəzi olaraq iddiaçı tərəfindən geri təhvil alınan malların dəyərinin 40 100 manat olduğunu bildirsə də, bunu təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir.
48. Cavabdehin tərəfindən məhkəmə-mühasibatlıq və qiymətləndirmə ekspertizalarının təyin edilməməsi ilə əlaqədar dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 97.1-ci maddəsi ekspertizanın təyin edilib-edilməməsini məhkəmələrin səlahiyyətinə vermişdir. Başqa sözlə desək, MPM-in 97.1-ci maddəsi xüsusi bilik tələb olunan sualları cavablandırmaq zərurəti yarandığı təqdirdə məhkəmənin ekspertiza təyin etmək səlahiyyətinin olduğunu qeyd edir. Lakin bu iş üzrə təqdim olunan mötəbər sübutların tədqiqi cavabdehin iddiaçıya müqavilə üzrə borcunun məbləğini müəyyən etməyə kifayət edir. Belə halda borcun məbləğinin ekspert tərəfindən müəyyənləşdirilməsinə ehtiyac olmadığından birinci instansiya məhkəməsi məhkəməmühasibatlıq və qiymətləndirmə ekspertizalarının təyin edilməməsində haqlı olmuş və MPM-in tələblərini pozmamışdır.
49. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, apellyasiya şikayətləri təmin olunmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıldır.
50. Kollegiya, məhkəmə xərclərinin bölüşdürülməsinə dair məhkəmənin gəldiyi nəticə ilə də razılaşır; belə ki, Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2-2(113)-1519/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.