Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-658/2022 28.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3060/2022 nömrəli iş üzrə 31 may 2022-ci il tarixli qərardadından iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraicət edərək, cavabdehdən 220.000 manat məbləğdə əsas borc, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən borc məbləğinə uyğun hesablanmış faiz dərəcəsi 13.174 manat, vəkilin xidmətlərinə görə 16.285 manat və ödənilmiş dövlət rüsumu 540 manat, ümumilikdə 250.000 manat tutularaq onun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Qərardadla razılaşmayan iddiaçı ondan şikayət verərək, ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə pretenziya və iddia ərizəsi müqavilədə göstərildiyi kimi ********** nömrəli VÖEN-ə sahib olan hüquqi şəxsə göndərilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2000-ci il tarixli 265 nömrəl Fərmanının 2.12-ci bəndinə əsasən, Məcəllənin 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. İddiaçı tərəfindən İN DVX X1 Sistemi vasitəsilə iddia ərizəsini və əlavə edilmiş sənədləri cavabdehə göndərmək mümkün olmamışdır. Belə ki, online kargüzarlıq vasitəsilə ********** nömrəli VÖEN-in aid olduğu hüquqi şəxsə sənəd göndərərkən “bu vergi ödəyicisinin elektron hesabı yoxdur” yazılı bildiriş gəlir. Qeyd edilən bildiriş iddia ərizəsinə əlavə edilərək Bakı Kommersiya Məhkəməsinə təqdim edilmişdir. Məsələyə aydınlıq gətirilməsi məqsədilə Dövlət Vergi Xidmətinin internet səhifəsindən ********** nömrəli VÖEN üzrə axtarış verilmiş, lakin nə cavabdeh, nə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin adı vergi ödəyicilərinin siyahısında tapılmamışdır. Daha sonra, 195 çağrı mərkəzinə zəng vuraraq ********** nömrəli VÖEN-in cavabdehə aid olub-olmaması və nə üçün həmin vergi ödəyicisinə online kargüzarlıq üzərindən sənəd göndərilməməsi ilə bağlı sual verilmişdir. 195 Çağrı Mərkəzinin operatoru bildirmişdir ki, Müdafiə Nazirliyinin VÖEN-i Dövlət Verg Xidmətinin daxili sistemində görünür və həqiqətən həmin VÖEN cavabdehə məxsusdur. Lakin, məlum olmayan səbəblərdən VÖEN digər istifadəçilər üçün bağlıdır. Bundan əlavə, iddia ərizəsinə əlavə edilən sənədlər arasında iddia ərizəsinin və əlavə edilmiş sənədlər cavabdehin internet səhifəsində olan “Elektron ünvan ” elektron poçtuna göndərilmiş, bu barədə müvafiq sübut Bakı Kommersiya Məhkəməsinə təqdim edilmişdir. Nəhayət, istər ilkin mediasiya ilə bağlı iddiaçı tərəfindən göndərilmiş təklif, istərsə də 5 nömrəli mediasiya təşkilatı tərəfindən göndərilmiş mediasiya təklifi cavabdehin poçt ünvanına çatdırılmış, lakin cavabdeh iddia ərizəsindən xəbəri olsa da, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Belə olan halda iddiaçı mövcud olan imkanlar çərçivəsində mülki prosessual qanunvericiliyin tələblərini yerinə yetirmişdir. Formal əsaslarla iddia ərizəsinin geri qaytarılması iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulan məhkəmə təminatı hüququnu pozmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. Belə ki, MPM-in: Maddə 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.4. bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; Maddə 150.2. Kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.4. kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə; Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Sadalanan normaların təhlili göstərir ki, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində, bu mümkün olmadıqda isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilməsi prosessual qanunvericiliklə imperativ qaydada tənzimlənmiş və bu qaydadan hər hansı istisna nəzərdə tutulmamışdır. Bu mənada məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmır. MPM-in: Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsinin qaytarılması ilə əlaqədar mövqeyi nəticə olaraq qanuni və əsaslıdır, şikayətin dəlilləri qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3060/2022 nömrəli iş üzrə 31 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-658/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-658/2022
28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver