Məhkəmə qərarları › İş №2-2(103)-658/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-658/2025

24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-658/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndələri Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 912/2025 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, ümumi sahəsi 2849,60 kv.m olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021).

2. Daşınmaz Əmlakın BB seriyalı 835636 saylı İcbari Sığortası Şəhadətnaməsindən görünür ki, İddiaçı məxsus əmlak (Dost Mərkəzi) 200 manat azadolma məbləği müəyyən edilməklə, 92575 manat məbləğində sığorta edilmişdir.

3. Daşınmaz Əmlakın BB seriyalı 835635 saylı İcbari Sığortası Şahadətnaməsindən görünür ki, İddiaçı məxsus əmlak (Bazarstore) 250 manat azadolma məbləği müəyyən edilməklə, 73185 manat məbləğində sığorta edilmişdir.

4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin böyük təhqiqatçısı tərəfindən qəbul edilmiş 29 yanvar 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 23 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində ünvan 2 ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa olunmuş 21 mərtəbəli yaşayış binasında yanğın hadisəsi baş vermiş, nəticədə bu ünvanda yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinə maddi ziyan dəymişdir. Baş vermiş yanğında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Bakı Kommersiya Məhkəməsinə ünvanlanmış tikinti-texniki ekspertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, N.Hikmət küçəsində yerləşən tədqiqat obyekti ilkin vəziyyətdə saxlanılmadığından, təmir bərpa işləri aparıldığından qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması (cavablandırılması) mümkün olmamışdır.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə qarşı (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, BB seriyalı 835635 saylı daşınmaz əmlakın sığorta şəhadətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, N.Hikmət küçəsində yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış kompleksində 43, 75 və 77 saylı iaşə obyektlərinə dəymiş zərərin əvəzi kimi 74283,48 manat məbləğində nəğd pulun, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 312,85 manat məbləğində nəğd pulun, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 500 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-912/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" ASC-dən 26610 manat məbləğində pul, 169,83 manat dövlət rüsumu, ümumilikdə 26779,83 (iyirmi altı min yeddi yüz yetmiş doqquz manat səksən üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsi verilərkən ödənilmiş 143,02 (bir yüz qırx üç manat iki qəpik) manat dövlət rüsumu və 500 (beş yüz) manat hüquqi yardıma görə xərcin İddiaçı özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən ümumi sahəsi 2.849,60 kv.m olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətində olması, lift və digər şaxtaların həmin qeyri-yaşayış sahəsindən keçən hissəsinin qeyri-yaşayış sahəsinin daxilində olmaqla əmlakın tərkib hissəsi olması müəyyən edildiyindən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 dekabr 2023-cü il tarixli ekspert rəyinə əsasən qeyri-yaşayış sahəsinə tikinti üzrə dəyən 16.700 (on altı min yeddi yüz) manat, lift və digər şaxtaların yerləşdiyi sahəyə tikinti üzrə dəymiş 10.110 (on min yüz on) manat ziyanın məbləği toplanılaraq, 200 (iki yüz) manat şərtsiz azadolma məbləği həmin məbləğdən çıxılmalı və cavabdeh "xxxx" Cavabdeh ASC-dən 26.610 (iyirmi altı min altı yüz on) manat məbləğində pul, 169,83 (bir yüz altmış doqquz manat səksən üç qəpik) manat dövlət rüsumu, ümumilikdə 26.779,83 (iyirmi altı min yeddi yüz yetmiş doqquz manat səksən üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.

9. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia 14.700 (on dörd min yeddi yüz) (qeyri-yaşayış sahəsinə tikinti üzrə dəyən 16.700 manatdan 200 manat şərtsiz azadolma məbləği çıxılmaqla) manat pulun tutulmasına dair hissədə təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətlərinin dəlilləri

10. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışda lift və digər şaxtaların həmin qeyriyaşayış sahəsindən keçən hissəsinin qeyri-yaşayış sahəsinin daxilində olmasını təsdiq edən heç bir məlumat olmadığı halda lift və şaxtaların sığortalanmış obyektin daxilində olmaqla əmlakın tərkib hissəsi olması barədə nəticəyə gəlmişdir. Qeyd edilən əmlaklar sığortalanmış obyektin tərkib hissəsi olmadığından həmin əmlaklara sığorta təminatı verilməmişdir. Sığorta ödənişinin verilməsi üçün sığorta müqaviləsinin bağlanması, onun şərtlərinin, sığorta predmetinin və sığorta obyektinin müəyyən edilməsi, sığorta marağının və sığorta riskinin mövcud olması və hadisənin sığorta hadisəsi hesab edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə (bundan sonra “Məcəllə”) əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 889.1-ci maddəsinə əsasən sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir. Sığorta fəaliyyəti haqqında qanunun 1.1.13-cü maddəsinə əsasən sığorta obyekti - sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir. Mülki Məcəllənin 888.1-ci maddəsinə əsasən əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Sığorta fəaliyyəti haqqında qanun 1.1.17-ci maddəsinə əsasən sığorta predmeti – sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs, əmlak və ya haldır. Həmin Qanunun 1.1.18-ci maddəsinə əsasən sığorta riski və ya risk – sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlikdir. 1.1.19-cu maddəyə əsasən sığorta hadisəsi – icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta predmeti və sığorta riskləri isə Mülki Məcəllənin 900-cü maddəsinin tələblərinə əsasən bilavasitə sığorta müqaviləsində göstərilməlidir. Bununla yanaşı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 11 avqust 2015-ci il tarixli, Q-17 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şəhadətnaməsinin forması, onun çap olunması və doldurulması” Qaydaları 1.2-ci bəndinə əsasən daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şəhadətnaməsinin formasının üz hissəsində sığortaçı, sığortalı və sığortalanan daşınmaz əmlaka dair məlumatlar, həmçinin, daşınmaz əmlakın icbari sığortası müqaviləsinin əsas şərtlərinin qeyd olunmasını nəzərdə tutan cədvəl əks olunur. Həmin Qərarın 3.1.3.3-cü bəndinin tələblərinə əsasən daşınmaz əmlaka dair hüquqları təsdiq edən çıxarışlar, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın seriyası və nömrəsi, daşınmaz əmlakın təyinatı və dəqiq ünvanı şəhadətnamədə göstərilməlidir. Hazırkı halda isə sığorta şəhadətnaməsində daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən ümumi sahəsi 2849,60 kv.m olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində yerləşən lift və digər şaxtaların sığortalanması barədə qeyd mövcud deyil. Belə olduğu halda iddiaçının həmin lift və şaxtalara dair hər hansı bir sığorta marağının mövcud olmasından söhbət gedə bilməz, həmin lift və şaxtalar sığorta predmetinə aid olmadığından, onlara dəyən zərərlə bağlı risklər də sığortalanmamışdır və həmin zərərlə bağlı hadisə sığorta hadisəsi hesab edilmir. Bununla yanaşı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. İstinad edilən maddənin məzmunundan da müəyyən olunur ki, liftlər və şaxta yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakı hesab olunur və həmin əmlaklar yalnız binanın tərkib hissəsinin mülkiyyətçiləri tərəfindən sığortalana bilər. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, BB seriyalı 835635 saylı daşınmaz əmlakın sığorta şəhadətnaməsindən müəyyən olunur ki, lift və digər şaxtaların həmin qeyri-yaşayış sahəsindən keçən hissələri "xxxx" (Cavabdeh) ASC tərəfindən sığortalanmamışdır. Belə olduğu halda məhkəmənin gəldiyi nəticə əsaslı sayıla bilməz. MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Lakin məhkəmə işin hallarını hərtərəfli təhlil etməmiş və istinad edilən prosessual hüquq normalarının tələblərini pozmuşdur Maraqlı məsələdir ki, birinci instansiya məhkəməsi çoxmənzilli binaya aid olan «lift və digər şaxtaların yerləşdiyi sahə»ni hansı sübutlara əsasən ünvan 4 ünvanında yerləşən, **********54-05301-083005 daşınmaz əmlakın dövlət reyestr nömrəli, ********** qeydiyyat nömrəli qeyri-yaşayış sahəsinin tərkib hissəsi hesab etmişdir?

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə sistemi vasitəsi ilə iddiaçı tərəfindən etiraz daxil olmuş və apellyasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir.

12. Etiraz belə əsaslandırılmışdır: Bakı şəh, Yasamal ray, N.Hikmət küçəsində yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış kompleksində mənə məxsus olan 43;75;və 77 saylı iaişə obyektləri vardır.Cavabdehlə aramızda olan xx.xx.2023-cü il tarixli BB seriyalı 835635 say* Daşınmaz əmlakın Siğorta Şəhadətnaməsinə əsasən mənə məxsus Bakı şəh, Yasamal ray, N.Hikmət küçəsində yerləşən "RİCH’' MTK tərəfindən inşa edilmiş yaşayış kompleksində 73; 75 və 77 saylı iaişə obyektləri 173185 manat manat məbləğində siğortalanmışdır və siğortadan azadolma məbləği 250.00 (iki yüz əlli) manat razılaşdırılmışdır. Həmin ünvanda baş verən yanğın nəticəsində mənə məxsus əmlaklara ümumilikdə 74283.48 manat məbləğində maddi zərər dəymişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 23 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Yasamal rayonu. N.Hikmət küçəsi. 27 '‘A” ünvanında yerləşən "Rich” MTK tərəfindən inşa olunmuş 21 mərtəbəli yaşayış binasında xerləşən iddiaçıya məxsus sığortalanmış əmlakda yanğın hadisəsi baş vermiş, yanğın hadisəsi ilə bağlı cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 21 dekabr 2023-cü il tarixli, 3- 16-16/2-10/73 1 1 nömrəli rəyə əsasən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə tikinti üzrə dəymiş ziyan 16700 manat, lift və digər şaxtaların yerləşdiyi sahəyə tikinti üzrə dəymiş maddi ziyan 10110 manat təşkil edir. Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan rədd edilməsi, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 912/2025 xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasına iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apüllyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamsını xahiş etmişdir.

14. Cavabdehin nümayəndələri Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

17. Həmin Məcəllənin 889.1-ci maddəsinə əsasən, Sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir.

18. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

19. Həmin Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.

20. Həmin Məcəllənin 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.

21. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

24. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilən lift və digər şaxtaların yerləşdiyi sahəyə tikinti üzrə dəymiş maddi ziyan 10110 manat hissəsində yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin edilən lift və digər şaxtaların yerləşdiyi sahəyə tikinti üzrə dəymiş maddi ziyan 10110 manat hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməməlidir.

26. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçının mülkiyyətində olan daşınmaz əmlaka dair tərəflər arasında xx.xx.2023-cü il tarixdə icbari sığorta müqaviləsi bağlanmış, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində (xx.xx.2023-cü il tarixində) yanğın baş vermişdir.

27. İş materiallarına əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, ümumi sahəsi 2849,60 kv.m olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********* nömrə ilə qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021).

28. Daşınmaz Əmlakın BB seriyalı 835636 saylı İcbari Sığortası Şahadətnaməsindən görünür ki, İddiaçı məxsus ********** reyestr nömrəli əmlak (Dost Mərkəzi) 250 manat azadolma məbləği müəyyən edilməklə 92575 manat məbləğinə sığorta olunmuşdur.

29. Daşınmaz Əmlakın BB seriyalı 835635 saylı İcbari Sığortası Şahadətnaməsindən görünür ki, İddiaçı məxsus ********** reyestr nömrəli əmlak (Bazarstore) 200 manat azadolma məbləği müəyyən edilməklə, 73185 manat məbləğində sığorta edilmişdir.

30. ünvan 1 ünvanında yerləşən, hüquq subyekti İddiaçı olan qeyri-yaşayış sahəsinin texniki pasportuna əsasən, boş sahə 2829.9 kv.m, sərhədlər daxilində olan pilləkən qəfəsi 19.7 kv.m, açıq eyvan 11.6 kv.m müəyyən olumaqla ümumi sahə 2849.6 kv.m müəyyən olunmuşdur.

31. Məhkəmə kollegiyası lift və digər şaxtaların yerləşdiyi sahəyə yerli baxış keçirərək ünvan 6 ünvanında yerləşən "xxxx" MTK-ya daxil olduqdan sonra binanın 2-ci mərtəbəsində qeyriyaşayış sahəsi (DOST Mərkəzi) olduğu və onların olduğu sahənin sonunda, mətbəxin qarşısında olan təxliyə qapısından içəri daxil olduqda binanın lift şaxtasının və onun arxa hissəsində təxliyə üçün nəzərdə tutulmuş pilləkan qəfəsinin olduğu müəyyən edildi. Şaxta, lift və pilləkan qəfəsinin yerləşdiyi sahə "xxxx" MTK-nın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş plan cizgi və binanın layihələndirilməsində olan plan cizgi ilə müqayisəli təhlil edilərək, müəyyən edildi ki, mübahisəli şaxta, lift və pilləkan qəfəsinin(təxliyyə) olduğu sahənin sığorta şəhadətnaməsində qeyd olunan 2849,60 kv.m sahəyə daxil olmadığını müəyyən etdi. Həmçinin "xxxx" MTK-nın komendatı baxış zamanı müəyyən edilmiş halları təsdiq etmişdir.

32. Məhkəmə kollegiyası qeyd edir edir, iş materiallarından görünür ki, sığorta şahadətnaməsi ********** reyestr nömrəli əmlakla bağlı verilmiş verildiyindən, reyestr çıxarışı və texniki pasporta əsasən sığorta olunan sahə yalnız 2849.6 kv.m (boş sahə 2829.9, pilləkən qəfəsi 19.7, açıq eyvan 11.6) təşkil edir. Texniki pasporta əlavə edilmiş tikilinin planında ümumi sahənin 3019 kv.m olduğu, liftlərin və şaxtaların olduğu sahələrin isə sığorta olunan 2849.6 kv.m sahəyə aidiyyatı təsnifat bölməsində öz əksini tapmamışdır. Belə ki, plan çizginin təsnifat qrafasında qeyd edilmiş cəmi 19.7 kv.m olan kiçik pilləkən qəfəslərinin liftlərin və şaxtaların olduğu sahələrdə olan təxliyyə üçün nəzərdə tutulmuş ümümi pilləkən qəfəslərlərindən tam fərqli yerlərdə və binanın giriş hissələrində olduğu müəyyən edilir.

33. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş sığorta ödənişinin verilməsinə dair xx.xx.2024cü il tarixli bildirişdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, N.Hikmət küçəsində yerləşən daşınmaz əmlaka xx.xx.2023-cü il tarixində yanğın hadisəsi nəticəsində dəymiş zərərin müəyyən olunması ilə əlaqədar sözügedən əraziyə sığortaçının səlahiyyətli nümayəndəsi tərəfindən baxış keçirilmiş və əmlaka dəymiş zərər 8500 manat məbləğində müəyyən olunmuşdur. Azərbayan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən daşınmaz əmlaka dəymiş zərər 10110 manat məbləğində müəyyən olunmuşdur. Müqavilə şərtləri əsas götürülərək azadolma məbləği hesablanmış zərər məbləğindən çıxılaraq 9910 manat məbləğində sığorta ödənişi hesablanmışdır.

34. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 21 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/7311 nömrəli ekspert rəyinə əsasən , Bakı şəhəri, Yasamal rayonu, N.Hikmət küçəsi, 27 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinə tikinti üzrə dəymiş ziyan 16700 manat, lift və digər şaxtaların yerləşdiyi sahəyə tikinti üzrə dəymiş maddi ziyan 10110 manat təşkil edir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli qeyri-yaşayış sahəsinin 2849,60 kv.m iddiaçının xüsusi mülkiyyətindədir, yanğın baş vermiş sahə və digər şaxtaların yerləşdiyi sahəyə Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur.

36. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur.

37. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Konstitusiyanın qeyd olunan normalarından irəli gələn və həmin normaları inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir.

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 04 aprel 2014-cü il tarixli Konsitutsiya Məhkəməsinin qərarına əsasən, Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər.

39. Yuxarda qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinici instansiya məhkəməsinin qətnaməsi lift və digər şaxtaların yerləşdiyi sahəyə tikinti üzrə dəymiş maddi ziyanın dəyəri 10110 manat hissəsində ləğv edilməli iddia tələbi həmin hissədə təmin edilməməlidir.

40. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

41. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1, 385.1.4, 388, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-912/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni lift və digər şaxtaların yerləşdiyi sahəyə tikinti üzrə dəymiş maddi ziyanın dəyəri 10110 manat hissəsində ləğv edilsin, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 157 (yüz əlli yeddi) manat məbləğində pul “İddiaçı tutularaq "xxxx" ASC ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar