Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-659/2023 20.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Elşən Cələddin oğlu Kazımov və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsinə əsasən pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1838/2023 saylı, 01 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında 29 oktybar 2018-ci il tarixli CPC/S-043/18 saylı alqı-satqı müqaviləsi bağlanmışdır.
2. İddiaçı müqavilənin şərtlərinə əsasən, cavabdehin malların tam dəyərini təhvil aldıqdan sonra 30 gün müddətində ödənilməsi öhdəliyini götürsə də, lakin müqavilə öhdəlikləri lazımınca icra edilmədiyini və ödənişlər vaxtında aparılmadığını bildirir. Cavabdeh isə iddiaçıya 40.250 manat miqdarında borcu olduğunu etiraf edir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh CPC/S043/18 nömrəli 29 oktyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 45.250 manat əsas borcun, 4.525 manat dəbbə pulunun, ödənilmiş 200 manat mediasiya xərcinin və 40 manat dövlət rüsumunun, ümumilikdə 50.015 manat pul vəsaitinin tutularaq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh ilə İddiaçı MMC arasında malların alqı-satqısına dair CPC/S-043/18 nömrəli 29 oktyabr 2018-ci il tarixli müqavilə və həmin müqaviləyə 29 oktyabr 2018-ci il tarixli 1 saylı əlavə saziş (X3) bağlanmışdır. xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək ona satılmış malların (qarğıdalı qlüteni, qırıntı, özək və kəpək) ümumi dəyəri 161.245,80 manat təşkil etmişdir. Müqavilənin şərtlərinə əsasən, alıcı malların tam dəyərini təhvil aldıqdan sonra 30 gün müddətində ödənilməsi barədə öhdəlik götürmüş, lakin müqavilə öhdəlikləri lazımınca icra edilməmiş və ödənişlər vaxtında aparılmamışdır. Belə ki, 161.245,80 manat ümumi borc məbləğindən sonuncu dəfə 29 noyabr 2022-ci il tarixdə 1.000 manat ödəniş olmaqla, ümumilikdə 115.995,80 manat ödəniş aparılmış, lakin qalıq borc bu vaxtadək ödənilməmişdir. Hazırda cavabdehin İddiaçı MMC-yə olan qalıq borcunun məbləği 45.250 manat təşkil edir. Alqı-satqı müqaviləsinin 9.2-ci bəndinə əsasən, alıcı malların qiymətinin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə malların ümumi dəyərinin 0,5 faizi məbləğində dəbbə pulu ödəməlidir. Həmin müqavilənin 9.3-cü bəndinə əsasən isə, cərimənin məbləği malların qiymətinin 10 faizindən artıq olmamalıdır. Odur ki, cavabdehə 4.525 manat dəbbə pulu hesablanmışdır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, bu vaxtadək borc tam şəkildə ödənilməmişdir. Mübahisənin məhkəmədənkənar həlli ilə bağlı borcun ödənilməsi barədə cavabdehə rəsmi məktubla, həmçinin Azərbaycan Respublikası MPM-in 150.2-ci maddəsinin tələblərinə əsasən elektron kargüzarlıq vasitəsilə xəbərdarlıq (pretenziya) məktubu göndərilmiş və elektron poçt ünvanına yerləşdirilmişdir. Bundan başqa, Azərbaycan Respublikası MPM-in 150.1.7-ci maddəsinə əsasən, cavabdehə mediasiya prosesində iştirak etmək üçün təklif göndərilmişdir. xx.xx.2023-cü il tarixdə tərəflərin iştirakı ilə keçirilmiş ilkin mediasiya sessiyasında mübahisənin mediasiya yolu ilə həlli barədə razılıq əldə etmək mümkün olmamışdır.
5. Cavabdeh iddiaya etirazında 40.250 manat miqdarında borcu olduğunu etiraf edərək qeyd etmişdir ki, mütəmadi olaraq iddiaçıdan mal almış və tam dəyəri ilə yanaşı, qalıq borcunu da ödəmişdir. İddiaçı ilə aralarında imzalanmış xx.xx.2023-cü il tarixli “qarşılıqlı borcların üzləşdirilməsi barədə” akta əsasən, iddiaçıya olan 161.245,80 manat borcdan cəmi 40.250 manat qalmışdır (xx.xx.2023-cü il tarixli akt əlavə olunur). İddiaçıya olan borc iddia ərizəsində göstərildiyi kimi 45.250 manat deyil, 40.250 manatdır. İddiaçıya olan borc məbləği 3 il ərzində 161.245,80 manatdan 4 dəfə azalaraq 40.250 manat olmuşdur və bir neçə ay ərzində həmin borc da bağlanacaqdır, çünki iddiaçı ilə əməkdaşlıqları davam edir. İddiaçı mediasiya təşkilatına və məhkəməyə müraciət etdikdən sonra 2 dəfə iddiaçıdan külli miqdarda mal almışdır. Növbəti aylarda hər mal alışı zamanı borc məbləği də bağlanacaqdır. İddiaçının ondan dəbbə pulu və digər məbləğdə pulları tələb etməsi, onun maddi vəziyyətinə mənfi təsir edə bilər, nəticədə onun iddiaçıdan mal almağı və borcu ödəməyi yubana bilər.
6. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh CPC/S-043/18 nömrəli 29 oktyabr 2018ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, 40.250 manat əsas borcun, 4.025 manat dəbbə pulunun, ödənilmiş 200 manat mediasiya xərcinin və 40 manat dövlət rüsumunun, ümumilikdə 44.515 manat pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1838/2023 saylı, 01 may 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 40.250 manat məbləğində əsas borc, 2000 manat məbləğində dəbbə pulu və mediasiya xərclərinin əvəzi olaraq 160 manat, dövlət rüsumunun əvəzi olaraq 22 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-1838/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin “əsas borcun tutulması hissəsində” dəyişdirilməsi və “40250” rəqəminin “39250” rəqəmi ilə əvəz edilməsi, qətnamənin qalan hissələrdə ləğv edilməsini və iddia tələbinin həmin hissələrdə təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2018-ci ildən İddiaçı MMC ilə əməkdaşlıq edir. Bu illər ərzində hər ay mütəmadi olaraq iddiaçıdan nağd ödəniş edərək mal almışdır. 2019-cu ilin sonunda Ukraynadan olan partnyora müqavilə üzrə böyük məbləğdə pul köçürtmüş, lakin mal göndərilməmişdir. Bununla bağlı Ukraynanın hüquq mühafizə orqanlarına cinayət işi başlansa da, dəyərini ödədiyi mal onlara göndərilməmişdir. Sonradan pandemiya dövrü başlamış və nəticədə iddiaçıya 161245,80 manat məbləğdə borcu yaranmışdır. Qeyd etmək istəyir ki, hər ay iddiaçıdan mal alır, aldığı malın dəyəri dərhal ödənilir və əlavə olaraq 1000 manat köhnə borcdan ödəyir. 2018-ci ildə iddiaçıdan 41915,2 manat, 2019-cu ildə 92632,20 manat məbləğində mal almış, 2020-ci ildə - 22350 manatlıq mal almış, 23275 manat ödəniş etmiş, 2021-ci ildə - 23705 manatlıq mal alıb 27705 manat ödəniş etmiş, 2022-ci ildə 86670 manatlıq mal almış əvəzində 91440 manat ödəniş etmiş, 2023-cü ilin 5 ayı ərzində isə 73500 manatlıq mal alıb əvvəlki borcu bağlamaq üçün 78500 manat ödəniş etmişdir. Göründüyü kimi, mütəmadi olaraq iddiaçıdan mal almış və bu gün də alır, malın tam dəyəri ilə yanaşı, qalıq borcunu da ödəmiş və ödəyir. İddiaçıya olan borc məbləği 3 il ərzində 161245,80 manatdan 4 dəfədən çox azalaraq 39250 manat olmuşdur və bir neçə ay ərzində həmin borc da bağlanacaqdır, çünki iddiaçı ilə əməkdaşlığı davam edir. İddiaçı mediasiya təşkilatına və məhkəməyə müraciət etdikdən sonra 2 dəfə iddiaçıdan külli miqdarda mal almış, apellyasiya mərhələsində iddiaçıya köhnə borcdan ödənişlər etmişdir. Növbəti aylarda hər mal alışı zamanı borc məbləği də bağlanacaqdır. Əlavə olaraq Məhkəmə Kollegiyasının diqqətinə çatdırmaq istəyir ki, məhkəmə qətnaməsi qəbul edildikdən sonra, əlavə olaraq iddiaçıya 1000 (min) manat borcundan ödəniş etmiş (ödəniş qəbzin surəti əlavə olunur). Beləliklə, iddiaçıya hazırda borcu 40250 manat deyil, 39250 manatdır. Beləliklə, məhkəmənin qətnaməsində göstərdiyi nəticələr işin hallarına aşağıdakılara görə uyğun gəlmir: İddiaçı ilə əməkdaşlığı 2018-ci ildən bu günə kimi uğurla davam edir, mediasiya, məhkəmə, hətta apellyasiya mərhələsində iddiaçıdan mal alınması və borcun ödənilməsi davam edir; 2023-cü ilin 5 ayı ərzində iddiaçıdan 73500 manatlıq mal alınıb 78500 manat pul ödənilib (ondan 5000 manat borcdan); Əməkdaşlıq müddətində iddiaçıya olan 161245,80 manat məbləğində borcdan 121995,80 manat qaytarılmış, nətcədə borc məbləği 4 dəfədən çox azalaraq 39250 manat olmuşdur; Məhkəmə qətnaməsi olmasa belə iddiaçı ilə davam edən əməkdaşlıq nəticəsində borc məbləği növbəti aylarda da ödənilərək, tamamılə bağlanacaqdır; məhkəmə, qətnamə ilə ondan mediasiya xərci ilə yanaşı ödənilməsi tələb olunmayan dövlət rüsumunu da tutulmuşdur; Məhkəmə tərəfindən dəbbə pulunun və əlavə xəclərin tutulması, onun iddiaçıdan mal almaq və borcu bağlamaq qabiliyyətinə mənfi təsir edəcəkdir, nəticədə iflasa uğramaq təhlükəsi vardır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
12. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq iddiaçının nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
17. Həmin Məcəllənin 598.3-cü maddəsinə görə əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
18. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
19. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
21. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
22. Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir.
23. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mübahisələndirilən-iddia tələbinin təmin edilən hissəsində əsaslıdır.
26. İşin müəyyən olunmuş halları ondan ibarətir ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında 29 oktybar 2018-ci il tarixli CPC/S-043/18 saylı alqı-satqı müqaviləsi bağlanmışdır.
27. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu Müqavilənin şərtlərinə əsasən satıcı müqavilənin əlavəsi hesab edilən ‘‘X1 (bundan sonra “Əlavə 1”) göstərilən malları (bundan sonra - Mallar) razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcıya satmağı, alıcı isə həmin malları təhvil alıb qiymətini müvafiq Əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür.
28. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satıcı tərəfindən satılacaq malların qiyməti, hesablaşma qaydası və ödəniş müddətləri alıcı ilə razılaşdırılır və bu müqavilənin müvafiq əlavələrində (və/və ya “X2”nda) müəyyən edilir. Malların qiymətlərinin sonradan artması tərəflər arasında yenidən hesablaşmaya səbəb ola bilər. Qiymət, say və konfiqurasiya dəyişikliyi yalnız tərəflər arasında qarşılıqlı razılaşma əsasında ola bilər.
29. Həmin müqavilənin 5.3.1-ci bəndinə əsasən hazırki müqavilənin şərtlərinə uyğun təchiz olunmuş malların qiymətini müqavilə ilə müəyyən olunmuş qaydada satıcıya vaxtında və tam həcmdə ödəmək və həmin malları qəbul etmək alıcının öhdəliyidir.
30. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən alıcı malların qiymətinin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə bu müqavilə üzrə nəzərdə tutulan malların ümumi dəyərinin 0,5% məbləğində dəbbə pulu ödəyəcək. 9.3-cü bəndinə əssən bu müqavilə üzrə ödəniləcək cərimələrin ümumi məbləği malların qiymətinin 10%-dən artıq olmamalıdır.
31. Həmin müqavilənin 14.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandığı və möhürləndiyi tarixdən qüvvəyə minir və bu müqavilə ilə müəyyən olunmuş hallarda ona vaxtından əvvəl xitam verilməyənədək qüvvədə qalır.
32. Müqavilə hər iki tərəfin imzası və möhür ilə təsdiq edilmişdir.
33. 29 oktyabr 2018-ci il tarixli CPC/S-043/18 saylı müqaviləyə 1 saylı əlavə olan qiymətlərin razılaşdırılma protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulan malların miqdarı və qiymətləri (Qarğıdalı qlüteni 1 kq - 1,30 manat, Qarğıdalı qırıntısı 1 kq – 0,33 manat, Qarğıdalı kəpəyi 1 kq – 0,23 manat və Qarğıdalı özəyi 1 kq – 0,60 manat (ƏDV daxil) olaraq) razılaşdırılmışdır. Malların qiymətinin 100%-i 15 gün ərzində nağd və ya nağdsız hesablaşma qaydasında satıcının müvafiq bank hesabına ödəniləcək.
34. Əlavə 1 hər iki tərəfin imzası və möhür ilə təsdiq edilmişdir.
35. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, İddiaçı MMC Cavabdeh sonuncu dəfə xx.xx.2019-cu ildə olmaqla müxtəlif vaxtlarda mallar təqdim etmiş, Cavabdeh isə həmin mallara görə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə olmaqla 2020-2022-ci illərdə müxtəlif vaxtlarda ödənişlər etmişdir. xx.xx.2022-ci il tarixə Cavabdeh borcu 45.250 manat təşkil edir.
36. İddiaçı MMC ilə Cavabdeh arasında sonuncu - xx.xx.2023-cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsi barədə aktı tərtib edilmiş və aktda Cavabdeh İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixə 40.250 manat məbləğində (6.561,70 manat ƏDV daxil) borcun olduğu qeyd olunmuşdur.
37. Akt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.
38. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi Nümayəndə2 Cavabdeh İddiaçı MMC-yə 40.250 manat məbləğində əsas borcunun olmasını faktını etiraf etmişdir. Bu fakt cavabdehin etirazında, apellyasiya şikayətində də, eləcə də tərəflərin təsdiq etdikləri xx.xx.2023-cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsi barədə aktı ilə öz təsdiqini tapır.
39. İşin qeyd edilən halları belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh dəyəri tələb edilən malları iddiaçıdan təhvil almış, üzləşmə aktı ilə təsdiq edilmiş borcun ödənilməsi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən iddianın təmin edildiyi hissədə qətnamə qanuni və əsaslı hesab edilir.
40. Dəbbə puluna münasibətdə kollegiya qeyd edir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 10.2-ci bəndində öz əksini tapmışdır.
41. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
42. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
43. Kollegiya həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq əsas borc məbləğinə münasibətdə 2000 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir.
44. Apellyasiya şikayətinin qətnamə qəbul edildikdən sonra 1000 manat ödənişin nəzərə alınması ilə bağlı dəlilinə kollegiya qeyd edir ki, qətnamə qəbul edildikdən sonra ödəniş hazırkı qətnamənin dəyişdirilməsi üçün əsas deyildir, həmin ödəniş icra mərhələsində cavabdehdən tutulması qət edilmiş borc məbləği üzrə icra hərəkətləri zamanı nəzərə alınacaq.
45. Eyni zamanda, tələb edilmədiyi halda dövlət rüsumunun ondan tutulması ilə bağlı qeyd edilməlidir ki, MPM-in 119.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
47. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz.
48. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1838/2023 saylı, 01 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aida Hüseyn Hakimlər Elşən Kazımov Məmməd Məmmədov