Məhkəmə qərarları › İş №2-2(103)-660/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-660/2023

11.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-660/2023 11.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair ilk iddia və iddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı MMC-yə qarşı “borcun tutulması” tələbinə dair qarşılıqlı iddiaya dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi ilə, Xəyal Əjdər oğlu Sarıyevdən və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1083/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı ilə cavabdeh arasında təbii qazın alqı-satqısı müqaviləsi bağlanmışdır.

2. Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixində İsmayıllı rayonu, İvanovka kəndində yerləşən İddiaçı MMC-yə məxsus çörək sexində quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, baxışın nəticəsi olaraq sayğacın korrektorun sönməsi nəticəsində arxivlərin pozulması, mexaniki hissədən keçən 38496 m3 qaz həcminin elektron hissədən qeydə alınmamasının aşkar edilməsi barədə “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” akt tərtib edilmişdir. Bundan sonra göstərilən nöqsanlarla bağlı xx.xx.2022-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydaların pozulması barədə” akt tərtib edilərək itirilmiş qazın bərpası üçün dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. Həmin akta əsasən iddiaçıya qaz həcminin 38496 m3, əmsal 1,81 qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyan kimi 29500m3 (38496x1,81=69678-3346 (göstərici fərqi)=66332m3, 66332-36832 (mexaniki göstərici)=29500m3) qaz sərfiyyatına görə 6.490 manat məbləğində borc hesablanmışdır.

“Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı MMC Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə istehlak edilmiş təbii qaza görə qanunsuz olaraq hesablanmış 6.490 manat məbləğində təbii qaz borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Eyni zamanda Cavabdeh İB ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçı MMCyə qarşı qarşılıqlı iddia qaldıraraq, 6.490 manat məbləğində borcun və ödənilmiş 84,90 manat dövlət rüsumunun tutularaq Cavabdeh xeyrinə ödənilməsi barədə qətnamə qəul edilməsini xahiş etmişdir.

5. İddiaçı bildirir ki, hesablanmış olan borcun əsassızlığı səbəbindən qeyd edilən aktın cəmiyyət tərəfindən imzalanıb möhürləməkdən imtina edilmişdir. 08 aprel 2022-ci il tarixində tərtib edilmiş SS№29/1640-00617 saylı qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktın surətindən də göründüyü kimi Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə məxsus çörək sexinin qaz xətti üzərində quraşdırılmış G250 markalı 75106559 nömrəli rotor tipli “ELSTER” qaz sayğacı 10 mart 2022-ci il tarixində xətdən çıxarılmışdır. Həmin akt əsasında sayğaca ilkin baxış zamanı daxilinin çirkli olduğu, korrektorun söndüyü, korrektorun Cavabdeh İB-nin əməkdaşları tərəfindən açıldığı, yapışqan plombun normal olduğu, ehtiyat batareyanın quraşdırıldığı, korrektorun 16 noyabr 2021-ci il tarixində söndüyü, batareyanın yoxlanıldığı, gərginliyin 0V olduğu, korrektorun sönməsi nəticəsində arxivlərin pozulduğu, mexaniki hissədən keçən 38.496 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığı qeyd olunmuşdur. Bundan sonra 30 iyun 2022-ci il tarixində Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə “Uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamə” göndərilmişdir. Həmin tələbnaməyə əsasən 25 may 2022-ci il tarixli ******* saylı akt əsas götürülməklə respublikada qüvvədə olan standartın tələblərinə əsasən istehlakçılara təhvil verilən qazın həcmi standart şəraitdə 1,01325 bar və temperatur 293,15 (20C) ilə hesablanmalı olduğu bildirilmiş, turbin və rotor tipli sayğaclar vasitəsilə ölçmələrin aparılması metodikasına uyğun olaraq mexaniki hissədən keçən qaz həcminin 38.496 m3, əmsal 1,81 qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanan məbləğin ödənilməsi tələb olunmuşdur. Hesablama isə aşağıdakı qaydada aparılmışdır: 1. 38.496 m3 * 1,81 = 69.678 m3 2. 69.678 m3 – 3.346 m3 (göstərici fərqi) = 66.332 m3 3. 66.332 m3 – 36.832 m3 = 29.500 m3. Məhz bundan sonra hesablanaraq tapılmış 29.500 m3 hazırda qüvvədə olan 0,22 manat tarifə vurularaq 2022-ci ilin may ayı üçün 6.490 manat qaz sərfiyyatı borcu hesablanmışdır. Lakin 3.346 m3-luq göstərici fərqinin necə yaranmasının izahı tələbnamədə verilməmişdir. Həmin fərqlə müəyyən edilmiş rəqəmin nəyin əsasında formalaşması onlar üçün də qeyri-müəyyəndir. İstinad edilən aktda da qeyd edildiyi kimi cəmiyyətə aid sayğac 10 mart 2022-ci il tarixində çıxarılmış, həmin aktda korrektorun 16 noyabr 2021-ci il tarixində söndüyü qeyd olunmuşdur. Məhz bundan sonra tam 3 ay müddətində - 2021-ci ilin dekabr, 2022-ci ilin yanvar ayı və 2022-ci ilin fevral ayı üçün təbii qaz sərfiyyatı aparılmış, həmin aylar üzrə mexaniki sayğac üzrə hesablanan məbləğ cəmiyyət tərəfindən Cavabdeh İB-nin hesabına köçürülmüşdür. Mexaniki sayğacla üç ay üzrə aparılan hesablamalar nəticəsində sərf edilən təbii qazın həcmi ilə həmin qaza görə ödənilən pul vəsaiti daha əvvəlki dövrlərdə elektron sayğac göstəriciləri əsasında sərf edilən təbii qazın həcmi ilə uyğun gəlmir. Bu isə Cavabdeh İB tərəfindən 30 iyun 2022-ci il tarixində Cəmiyyətə göndərilən tələbnamə əsasında hesablanması aparılan təbii qaz sərfiyyatı ilə üst-üstə düşmür. Belə ki, abonentin illər üzrə (2021-2022-ci illər) saldosuna nəzər yetirildiyində görünür ki, hesablanmış olan 6.490 manat məbləğində qaz borcunun heç bir iqtisadi və hüquqi əsası yoxdur.

6. Cavabdeh iddiaya etiraz edir və qarşılıqlı iddia irəli sürərək bildirir ki, tərəflər arasında bağlanılmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” müqavilənin 2.3.5-ci bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”na 2 saylı əlavə olan “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3-cü bəndində, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməsi, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması, “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsi cavabdehin müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh onunla bağlanılmış müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1083/2023saylı qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, ilk Cavabdeh İB tərəfindən ilk İddiaçı MMC-yə hesablanmış 2.635,2 manat məbləğində borcun silinməsi, qalan hissədə ilk iddianın rədd edilməsi, ilk Cavabdeh İB-dən çəkilmiş mediasiya xərclərinin əvəzi olaraq 40 manat məbləğində pul vəsaitinin tutularaq ilk İddiaçı MMC-yə ödənilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, qarşılıqlı cavabdeh İddiaçı MMC-dən 3.854,80 məbləğində borc və 50 manat dövlət rüsumunun tutularaq qarşılıqlı iddiaçı Cavabdeh İB-yə ödənilməsi, qalan hissədə qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.

8. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin tamamilə ləğv edərək ilk iddia üzrə iddia tələbinin tam şəkildə təmin edilməsi, qarşılıqlı iddia üzrə iddia tələbinin isə rədd edilməsini xahiş etmişdir.

9. Cavabdeh İB də apellyasiya şikayəti verərək, həmin qətnamənin ilk iddianın qismən təmin, qarşılıqlı iddianın isə qismən rədd edilməsi hissəsində ləğv edilməsi, ilk iddia tələbinin təmin olunan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayətlərində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iddiaçı və cavabdehin nümayəndə və vəkilləri təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə isə etiraz etdilər.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 2.11-1-ci bəndinə görə qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

14. Həmin Qaydaların 2.11-2-ci bəndinə görə qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

15. Həmin Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

16. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə görə yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır.

17. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

18. Həmin Qanunun 13.1-ci maddəsinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır.

19. Həmin Qanunun 13.2-ci maddəsinə görə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

20. Həmin Qanunun 13.3-cü maddəsinə görə yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.

21. Həmin Qanunun 17.1-ci maddəsinə görə yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır.

22. Həmin qanunun 20.1-ci maddəsinə görə yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir.

23. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

24. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

25. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.

26. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, hər iki iddia qismən təmin edilməlidir.

29. Belə ki, cavabdeh tərəfindən iddiaçıdan tələb edilən 6.490 manat borcun hesablanmasına əsas olan akt və həmin aktın tərtib edilməsinə əsas olmuş yoxlama qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır.

30. Belə olan halda isə həmin yoxlama nəticəsində hesablanan itirilmiş qazın dəyəri iddiaçıdan tələb oluna bilməz. Çünki istinad olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

31. Bundan əlavə, kollegiya qeyd edir ki, həmin aktda qeyd olunan faktların (sayğacın mexaniki hissəsindən keçən 29500 m3 qaz həcminin elektron hissədə qeydə alınmaması) faktiki mövcud olması qəbul edilsə belə, iddiaçıdan qeydə alınmayan qazın dəyəri tələb oluna bilməz.

32. Belə ki, cavabdehin qeyd etdiyi sayğacdakı nasazlıqların iddiaçının hərəkətləri nəticəsində baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Belə olan halda isə qəbul edilməlidir ki, qazın dəyəri səhv hesablanmışdır.

33. Eyni zamanda, iş materiallarından müəyyən edilir ki, həmin yoxlama keçirilənədək iddiaçıya təqdim olunmuş bütün hesab-fakturalar üzrə ödənişlər edilmişdir.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.2-ci bəndində isə təsbit olunmuşdur ki, istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

35. Bununla yanaşı, məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil təbii qazın istehlakına görə onların Cavabdeh İB-yə 2500 manat borcu olduğunu və həmin məbləği ödəmək istədiklərini bildirdi.

36. İddiaçının nümayəndəsi tərəfindən borcun qismən etiraf edildiyini və Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilk və qarşılıqlı iddiaya aid hissədə qismən dəyişdirilməli, İddiaçı MMC-dən Cavabdeh İB-nin hesabına 2500 manat tutulmalı, qalan 3990 manat borc məbləği isə Cavabdeh İB tərəfindən silinməlidir (6490 – 2500 = 3990).

37. Həmçinin iddiaların qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1083/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh tərəfindən İddiaçı MMC-yə hesablanmış 3990 manat borc məbləği **********00011 saylı abonent hesabından silinsin. İddiaçı MMC-dən Cavabdeh İB-nin hesabına 2500 manat məbləğində pul vəsaiti tutulsun. Ödənilmiş dövlət rüsumları müvafiq olaraq tərəflərin özlərinə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Xəyal Sarıyev

Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar