Məhkəmə qərarları › İş №2-2(103)-661/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-661/2023

11.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-661/2023 11.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1690/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Satıcı İddiaçı ilə alıcı Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli 204/21 saylı alqısatqı müqaviləsi bağlanmışdır. Müqaviləyə görə satıcı bu müqavilənin 1.2-ci yarımbəndində göstərilən malları alıcıya satmağı, alıcı isə həmin malları almağı və onun dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6989,39 manat əsas borc, gecikdirmənin hər gününə görə borc məbləğinin 0,5 faizi həcmində hesablamaqla 11251,60 manat dəbbə pulu, 200 manat mediasiya xərci, 145,32 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 18586,31 manat məbləğində borcun ödənilməsi tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı bildirir ki, cavabdeh tərəfindən aldığı malın pulunun müqavilə tələbinə əsasən qısa müddət ərzində ödənilməsinə dair öhdəlik götürülsə də, cavabdeh malların ödənişini həyata keçirməmiş müqavilə üzrə öhdəliyini pozmuşdur. İddiaçı ilə cavabdeh arasında borcun etiraf edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli “öhdəliklərin qarşılıqlı tanınması aktı” tərtib edilmiş və cavabdeh borcu etiraf edərək, həmin akta imza etmiş, yaranmış borcun qısa müddət ərzində ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Cavabdehin xx.xx.2023-cü il tarixə olan əsas borcu ƏDV ilə birlikdə 6989,39 manat təşkil edir. Müqavilənin 3.2-ci bəndinə əsasən “Alıcı” ödənişləri malın qəbul edilməsindən sonra 15 təqvim günündən gec olmayaraq bank ödənişi və ya nağd ödəniş yolu ilə həyata həyata keçirilməlidir. Lakin, cavabdeh müqavilənin 3.2-ci bəndlərinin tələblərini pozaraq aldığı malın dəyərini bu günə kimi ödəməmiş və buna görə də cavabdehə əsas məbləğdən başqa, əsas borc ödənişini gecikdirdiyinə görə 11251,60 manat dəbbə pulu hesablanmışdır.

4. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1690/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 6989,39 (altı min doqquz yüz səksən doqquz manat otuz doqquz qəpik) manat əsas borc, 350 (üç yüz əlli) manat cərimə və ödənilmiş 200 (iki yüz) manat məbləğində dövlət rüsumu, ümumilikdə 7539,39 (yeddi min beş yüz otuz doqquz manat otuz doqquz qəpik) manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Cavabdeh MMC həmin qətnamədə apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ərizəsində əsas məbləğlə ədv məbləğini ayrı-ayrılıqda yazsa da, məhkəmə tərəfindən ümumi borca qeyri-dəqiq anlayış verilərək 6989,39 manat əsas borc kimi göstərilmişdir. Halbuki, həm iddiaçı, həm də cavabdeh ƏDV ödəyiciləridir. İddiaçıya 5.923,39 manat əsas məbləğ borcun olduğu halda məhkəmə qətnaməsində 6.989,39 manat əsas borcun olduğunu göstərmişdir. Əsas məbləğ cari hesaba ödənilərkən ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənilir ki, bu ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır. Bu halda ƏDV məbləğinin əvəzləşdirilməsi mümkün olmayaraq cavabdehin hüquqlarını pozur. Məhkəmə tərəfindən qanunun bu maddəsi yanlış tətbiq olunmuş və cavabdehin hüquqları pozulmuşdur. Alqı-satqı müqaviləsinin 6.2-ci bəndinə əsasən gecikdirmənin müddəti 15 gündən çox olduqda "Satıcı" öhdəliklərin məcburi qaydada icra barədə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi iddiaçı iyul 2022-ci il tarixli akt tərtib olunduqdan sonra 7 ay gözləmiş və cərimə məbləğini artıraraq ədalətsiz qətnamənin qəbul olunmasına nail olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz etdi.

10. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

12. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

13. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

14. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.

15. Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən Əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.

16. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.

19. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.

20. İddiaçı tərəfindən cavabdehə EBBP 875383 nömrəli xx.xx.2022-ci il tarixli 1219,60 manat, EBBQ 346893 nömrəli xx.xx.2022-ci il tarixli 609,80 manat, EBBQ 067049 nömrəli xx.xx.2022-ci il tarixli 735,19 manat, EBBK 197388 nömrəli 4594,45 manat, EBBS 509573 nömrəli xx.xx.2022-ci il tarixli 472,59 manat, EBBQ 507176 nömrəli xx.xx.2022-ci il tarixli 1837,97 manat, EBBQ 645797 nömrəli xx.xx.2022-ci il tarixli 1871,46 manat, EBBQ 507201 nömrəli xx.xx.2022-ci il tarixli 1102,78 manat, EBBQ 345861 nömrəli xx.xx.2022-ci il tarixli 2974,24 manat, EBBP 741151 nömrəli xx.xx.2022-ci il tarixli 1016,33 manat, EBBQ 215756 nömrəli xx.xx.2022-ci il tarixli 3078,95 manat məbləğində elektron qaimələr göndərilmişdir.

21. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 07 iyul 2022-ci il tarixli borcların qarşılıqlı üzləşdirilməsinə dair akta əsasən xx.xx.2022-ci il tarixə hesabların qarşılıqlı üzləşdirilməsi aparılmış və müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya 5923,21 manat əsas borcu, 1066,18 manat ƏDV borcu olmaqla, ümumilikdə 6989,39 manat borcu mövcuddur.

22. Göründüyü kimi tərəflərin bağladığı alqı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi elektron qaimələr və borcların qarşılıqlı üzləşdirilməsinə dair aktla təsdiq olunur.

23. Eyni zamanda cavabdeh də həmin halları mübahisələndirmir, lakin bildirir ki, ƏDV məbləği ondan tutulmamalıdır.

24. Həmin dəlillərə dair kollegiya qeyd edir ki, əlavə dəyər vergisi (ƏDV) istehlak vergisinin növüdür. Bu vergi məhsula və ya materiala hər bir istehsal və çatdırma (distribusiya) mərhələsində əlavə olunan bazar dəyərinə qoyulur və axırda istehlakçının üzərinə düşür. Yəni ƏDV dolayı vergi olmaqla məhsulun qiymətinə əlavə formasında çıxış edir.

25. Hazırkı halda da, təqdim edilmiş mallara görə pulun ödənilməsi öhdəliyi alıcı Cavabdeh MMC-nin üzərində olduğundan həmin pul ümumilikdə tutulmalıdır.

26. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq bağlanılmış alqı-satqı müqaviləsi üzrə satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir.

27. Ona görə də kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən satılmış əşyalara görə ödənilməyən ümumilikdə ƏDV daxil 6989,39 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.

28. Cərimə borcunun tutulması tələblərinə dair kollegiya qeyd edir ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

29. Tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndinə əsasən bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0,5 % həcmində dəbbə pulu ödəyir.

30. İşin hallarını, yəni cavabdeh tərəfindən alınan malların dəyərini, onun tərəfindən aparılmış ödənişləri, malların təhvil verilmə tarixini və iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğdə cərimə pulunu tələb etməkdə haqlıdır.

31. Cərimə məbləğinin şişirdilməsinə dair dəlillərə münasibətdə kollegiya qeyd edir ki, alqı-satqı müqaviləsinin 6.2-ci bəndinə əsasən satıcının gecikdirmə müddəti 15 gündən çox olduqda məhkəməyə müraciət etməsi onun vəzifəsi kimi deyil, hüququ kimi müəyyən edilmişdir.

32. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

33. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1690/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Məmməd Məmmədov

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar