Məhkəmə qərarları › İş №2-2(103)-661/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-661/2024

04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-661/2024 04.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublı̇ kası Kənd Təsərrüfati Nazı̇ rlı̇ yi Yaninda Aqrar Kredı̇ t və İnkı̇ şaf Agentlı̇ yinin cavabdeh Haxtarı̇ Elnur Sabı̇ r oğluna qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-590/2024 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – iddiaçı) Cavabdeh qarşı (bundan sonra – cavabdeh) “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-cİ il tarixli 06-LA/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 773797,00 manat gecikdirilmiş borcun və hesablanmış 744571,21 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 manat, 400 manat mediasiyaya dair xərcin, cəmi: 1519268,21 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-590/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 773797 manat əsas borc, 25000 manat dəbbə pulu, 400 manat mediasiya xərci, 500 manat hüquqi yardımla bağlı xərc, ümumilikdə 798797 (yeddi yüz doxsan səkkiz min yeddi yüz doxsan yeddi) manat məbləğində pulun tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Cavabdeh Haxtarı̇ Elnur Sabı̇ r oğlunun nümayəndəsi və vəkili həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-590/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır: Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-590/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 773797 manat əsas borc, 25000 manat dəbbə pulu, 400 manat mediasiya xərci, 500 manat hüquqi yardımla bağlı xərc, ümumilikdə 798797 (yeddi yüz doxsan səkkiz min yeddi yüz doxsan yeddi) manat məbləğində pul tutularaq iddiaçıAzərbaycan RespublikasıKənd TəsərrüfatıNazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə ilə razılaşmayaraq apellyasiya şikayəti veririk. Belə ki, məhkəmə tərəfindən ilk məhkəmə iclası barədə cavabdehə hər hansı bir məlumat verilməmişdir. İkinci məhkəmə iclasının hazırlıq iclası barədə isə yalnız SMS göndərilmiş və həmin məhkəmə iclasına tərəfimdən ərizə ilə məhkəmənin hazırlıq iclasının təxirə salınması barədə vəsatət təqdim olunmuşdur. Lakin, məhkəmə vəsatətimizə baxmayaraq məhkəmə hazırlıq iclasını təxirə salmamış, iş üzrə baxış iclası təyin etmişdir və bununlada cavabdehin müdafiə hüquqları pozulmuşdur. Bundan başqa baxış iclasında üzürlü səbəbdən, həmin günüGəncə şəhərində olan məhkəmə işləri ilə əlaqədar baxış iclasında iştirak edə bilməyəcəyimiz, vəsatətlərimizin olacağı və məhkəmə baxış iclasının təxirə salınması haqqında ərizə ilə məhkəməyə müraciət edilmiş, lakin məhkəmə “baxış iclasını” təxirə salmamış və həmin günü qətnamə qəbul etmişdir. Bununlada cavabdehin müdafiə hüquqları bir daha pozulmuşdur. Bildiririk ki, iddiaçı sözügedən müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmiş, cavabdehə "xxxx" ASC-yə məxsus Xaçmaz rayonunun Hülovlü kəndi ərazisində tutumu 1500 ton olan soyuducu kamera avadanlığını saz vəziyyətdə cavabdehə verməmişdir. Belə ki, yerləşdiyi iddia edilən tutumu 1500 ton olan soyuducu kamera avadanlığı Xaçmaz rayonunun Hülovlü kəndi ərazisində mövcud deyildir. Bundan başqa soyuducu kamera avadanlığının yerləşdiyi iddia edilən yer, torpaq sahəsi xüsusi mülkiyyət hüquqi ilə başqa şəxsə məxsusdur. Nə iddiaçı, nə cavabdehə, nə də ki, "xxxx" ASC-yə məxsus deyil və məxsus da olmamışdır. Belə olan təqdirdə məhkəmə mövcud olmayan xəyali soyuducu kamerasının cavabdehə lizinqə verilməsi haqqında müqavilə üzrə hər hansı bir borc (pul) tutulması qanunsuzdur. Vəsatətlərimizdə bu mübahisəli halların aydınlaşdırılması və araşdırılması ilə bağlı olacaq idi. Lakin məhkəmə cavabdehin bütün məhkəmə müdafiəsi hüquqlarını pozduğundan qeyd edilən halların aradırılmamış, o cümlədən tərəflər arasında olan münasibətləri obyektiv qiymət verilməmişdir. Məhkəmə soyucu kameranın yerləşdiyi iddia olunan binaya və torpaq sahəsinə yerli baxış həyata keçiməmişdir. Həmçinin borc məbləğini cavabdehdən tutarkən Azərbaycan RespublikasıPrezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə” Qaydasında mövcud olan 40% güzəşt məbləğini və həmin məbləğin ümumi borcdan çıxılmalı olduğunu və real borcun hesablanması üçün məhkəmə mühasibatlıq ekspertizasının təyin ediləməsinin zəruri olduğuna əhəmiyyət verməmişdir. Bir sözlə məhkəmə tələm tələsik hazırkı qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Hazırki məhkəmə qətnaməsi işin bütün faktiki hallarını özündə əks etdirmir, maddi və prosessual hüquq normaları pozuntularla qəbul olunduğundan ləğv olunmalıdır və iddia rədd edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. İddiaçının nümayəndəsi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuş və apellyasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir.

6. Etiraz belə əsaslandırılmışdır ki, cavabdeh tərəf borcun ödənilməsindən yayındığı üçün eyni zamanda məhkəmə iclaslarında iştirak etməyərək məhkəmədə işin baxılmasını əsassız uzatmaq istəmişdir. Məhkəmə iclasının təxirə salınmasını xahiş edilsə də, bu barədə əsaslı sübut əlavə edilmədiyindən məhkəmə vəsatəti təmin etməmişdir. Həmçinin vəsatətlər cavabdehin vəkili tərəfindən verilsə də, cavabdeh özü də məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclası barədə məlumatlı olduğu halda cavabdeh tərəf əsassız iştirak etmədikləri üçün məhkəmə baxışı çəkişmə prinsipi ilə aparılmış hesab olunmalıdır. Bununla yanaşı cavabdeh tərəf lizinq obyektinin olmadığını bildirsə də, iş materiallarından görünür ki, lizinq obyekti olan soyuducu anbar cavabdehə qüsursuz şəkildə təhvil verilmişdir. Lizinq obyektinin lazımi keyfiyyətdə saxlanılması cavabdehin vəzifəsi olduğundan apellyasiya şikayətində gətirdiyi həmin dəlillər də əsassız hesab olunmalıdır. Azerbaycan Respublikası Mülki Məcəlləsinin 718-1.2 ci maddəsinə görə, lizinq alan əmlakı qəbul edərkən hər hansı bir çatışmazlıq aşkar edərsə, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir. Mülki Məcəllənin 748-7.1-ci maddəsinə görə lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Mülki Məcəlləsinin 748.9-cu maddəsinə görə, əgər lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın günahı üzündən lizinq obyektinin itirilməsi və ya lizinq obyektinin öz funksiyalarının itirməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən azad etmir. Qeyd olunan normalardan da göründüyü kimi, təhvil verilən vaxt saz vəziyyətdə olan lizinq obyektinin sonrakı istismarı zamanı meydana gələn qüsurlara görə cavabdeh məsuliyyət daşıyır. Həmçinin bu barədə həm lizinq obyekti təhvil alınanda, həm də sonrakı müddətdə cavabdeh tərəfindən Agentliyə heç bir məlumat verilməmişdir. Ona görə hesab edir ki, hazırkı dəlilin irəli sürülməsi yalnız formal verilmiş apellyasiya şikayətinin əsaslandırılmasına xidmət edir. Apellyasiya şikayətinin digər bir əsası olan məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı qeyd edirik ki, cavabdeh borcun qanunsuz və və əsassız hesablandığını iddia etsə də, bununla bağlı olaraq hər hansı bir təkzibedici sübut şikayətinə əlavə etməmişdir. Bunun əksi olaraq Cavabdeh ödəməli olduğu borcu ilə bağlı iddiaçı tərəfdən müqavilə, lizinq obyektinin təhvil qəbulu barədə akt, maliyə arayışı, ödənişlərə görə cərimənin hesablanması qrafiki, ödəniş qrafiki kimi sənədlər təqdim edilmişdir. Agentlik tərəfindən məhkəməyə təqdim edilən maliyyə arayışından da göründüyü kimi cavabdehin əsas, faiz və cərimə üzrə borcları əks olunmuş və məhkəmə tərəfindən sübut kimi qiymətləndirilmişdir. Bildirmək istəyir ki, cavabdehin mövqeyi əsassız olaraq məhkəmə prosesinin gedişini uzatmaq məqsədi daşımaqdadır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, etirazın məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

10. Həmin Məcəllənin 748-1.12, 748-1.12.4-cü maddələrinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

11. Həmin Məcəllənin 748-2.5-ci maddəsinə əsasən maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.

12. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.

13. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

14. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

18. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız cavabdeh tərəfindən verilməsini, qətnamə ilə iddianın qismən təmin edilməsini və apellyasiya şikayətinin dəlillərinin iddianın təmin edilən hissəsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

21. İşdə olan "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış "xxxx" ASC-yə məxsus soyuducu kameranın lizinqə verilməsi barədə 27 noyabr 2017-ci il tarixli 06-LA/17 nömrəli müqaviləyə əsasən lizinq verən bu müqavilənin tərkib hissəsi sayılan 1 nömrəli əlavədə göstərilən dəyəri 1.202.400 manat, tutumu 1500 ton olan soyuducu kamera üçün avadanlıqları quraşdıraraq dəyəri lizinq ödəniş qrafikində (2 nömrəli əlavə) göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafi sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 8 il müddətə lizinqə verir. Avadanlıq Xaçmaz rayonu ərazisində quraşdırılır.

22. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan avadanlığın dəyərindən 60120 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır.

23. Müqavilənin 4.1-ci bəndinə əsasən lizinq alan bu müqavilənin Əlavə 2-də göstərilən ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir.

24. Müqaviləyə əlavə edilmiş 2 nömrəli 27 noyabr 2017-ci il tarixli 06-LA/17 nömrəli lizinq müqaviləsinin 4.1-ci bəndinin ödəniş qrafikinə əsasən cavabdeh tərəfindən 2017- 2025-ci illərin aylar üzrə ödənilməli məbləğləri əksini tapmışdır.

25. "xxxx" ASC-yə məxsus Xaçmaz rayonu ərazisində quraşdırılmış tutumu 1500 ton olan soyuducu kamera avadanlığının lizinq alana təhvil verilməsi barədə 29 noyabr 2017ci il tarixli aktdan görünür ki, "xxxx" ASC-nin 5867/ü nömrəli 27 noyabr 2017-ci il tarixli əmrinin icrası olaraq Xaçmaz rayonunun Hülovlü kəndi ərazisində tutumu 1500 ton olan soyuducu kamera avadanlığı saz vəziyyətdə cavabdehə təhvil verilmişdir.

26. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2017-ci il tarixli 06-LA/17 nömrəli müqaviləyə əsasən cavabdehin gecikdirilmiş borcu 773797 manat, cərimə borcu 744571,21 manat, cəmi 1.518.368,21 manat təşkil edir.

27. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 27 noyabr 2017-ci il tarixli 06-LA/17 nömrəli lizinq müqaviləsi bağlanmış, lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektini müqavilənin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmişdir.

28. Apellyasiya şikayətində qeyd edilir ki, sözügedən müqavilədə nəzərdə tutulan Xaçmaz rayonunun Hülovlü kəndi ərazisində olduğu iddia edilən lizinq obyekti olmadığıdan, həmin obyektə dair bağlanmış, ona görə ödənişlərin edilməsini nəzərdə tutan müqavilə üzrə də öhdəliyin yerinə yetrilməməsinə görə cavabdehdən hər hansı bir pul məbləği tələb edilməsi qanunsuzdur.

29. İş materialları ilə şikayətin bu dəlili təsdiqini tapmır, əksinə inkar edilmişdir. Cavabdehin ilkin ödənişi etdikdən sonra lizinq obyektini 2017-ci ildən etibarən almaması və iddiaçıya heç bir pretenziya etməməsi, yalnız iddiaçı məhkəməyə müraciət etdikdən sonra təhvil-təslim məsələsinin mübahisələndirilməsi şikayətin bu dəlilinin əsassız olmasını göstərir.

30. Azərbaycan RespublikasıPrezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə” Qaydasının 6.1.2-ci bəndinə görə idxal edilən texnikanın gömrük dəyərinin, yerli istehsal məhsulu olan texnikanın isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir.

31. Kənd Təsərüffatı Nazirliyinin Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların siyahısına” dəyişikliklər edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərara görə 12-ci bənd əlavə edilmişdir. Həmin bəndlə də meyvə-tərəvəz və kartof üçün soyuducu anbar dəstləri, soyuducu anbar üçün texnoloji avadanlıqlar, heyvandarlıq məhsullarının saxlanması üçün avadanlıq və soyuducular güzəşt tətbiq ediləcək texnikaların siyahısına daxil edilmişdir.

32. Apellyasiya şikayətində bu iki normativ hüquqi aktın məhkəmə tərəfindən nəzərə alınmaması qeyd edilmişdir.

33. Halbuki Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə” Qaydasının 6.4-cü maddəsinə əsasən kənd təsərrüfatı istehsal vasitələrinin güzəştli şərtlərlə satışının, kreditinin və lizinqinin maliyyələşdirilməsi həmin vasitələrin təkrar satışına və lizinqə verilməsinə şamil olunmur.

34. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2017-ci il tarixli əmrindən görünür ki, mübahisə predmeti olan lizinq obyekti cavabdehə təkrar lizinqə verilmişdir. Odur ki, məhkəmə haqlı olaraq güzəştlə bağlı normativ hüquqi aktı nəzərə almamışdır.

35. Apellyasiya şikayətinin digər dəlili məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlıdır. Kollegiya qeyd edir ki, cavabdeh borcun qanunsuz və və əsassız hesablandığını iddia etsə də, borcun düzgün hesablanmaması və ya digər şübhəyə dair hər hansı bir sübut təqdim etməmişdir. Bunun əksi olaraq Cavabdeh ödəməli olduğu borcu ilə bağlı iddiaçı tərəfdən müqavilə, lizinq obyektinin təhvil qəbulu barədə akt, maliyyə arayışı, ödənişlərə görə cərimənin hesablanması qrafiki, ödəniş qrafiki kimi sənədlər təqdim edilmişdir. Agentlik tərəfindən məhkəməyə təqdim edilən maliyyə arayışından da göründüyü kimi cavabdehin əsas, faiz və cərimə üzrə borcları əks olunmuş və məhkəmə tərəfindən düzgün olaraq sübut kimi qiymətləndirilmişdir. Odur ki, ekspertiza barədə dəlil də əsassızdır.

36. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

37. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Haxtarı̇ Elnur Sabı̇ r oğlunun nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-590/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar