Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-661/2025 25.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “borcun ödənilməsi s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Açıq sözlər: alqı-satqı müqaviləsi, əldən çıxmış fayda Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Əliyevanın sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1158/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh QSC (alıcı) arasında xx.xx.2023-cü il tarixli malların alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən alıcı malları satıcıdan bu müqavilənin şərtlərinə uyğun olaraq sifariş edir, satıcı malları bu müqavilənin şərtlərinə uyğun olaraq təhvil verir, alıcı malların dəyərini satıcıya müqavilədə göstərilən qaydada ödəyəcəkdir. 6.4-cü bəndinə əsasən satıcı qiymətə dair aşağıdakı sənədləri təqdim etməyənədək alıcının ödəniş öhdəliyi olmayacaqdır: - Müqavilədə göstərilən qaydada hər tərəfin imzaladığı və təsdiq etdiyi təhvil-təslim aktı, - Elektron qaimə. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. Müqaviləyə xx.xx.2023-cü il tarixli 1 nömrəli Əlavə və xx.xx.2024-cü il tarixli 2 nömrəli Əlavə ilə tərəflər arasında malın adı, qiyməti, miqdarı razılaşdırılmışdır.
3. xx.xx.2024-cü il tarixli 2 nömrəli Əlavəyə əsasən ödəniş bank hesabına köçürmə qaydasında, müqavilə məbləğinin 30%-i avans olaraq, qalıq məbləğ mallar tam təhvil verildikdən sonra satıcının təqdim etdiyi ödəniş sənədlərinə (təhvil-təslim aktı, elektron qaimə və ehtiyac olduqda digər sənədlərə) əsasən 15 bank günü ərzində olacaqdır.
4. xx.xx.2024-cü il tarixdə Elektron ünvan 1 elektron poçt ünvanından Elektron ünvan 2 elektron poçta göndərilmiş məktubdan görünür ki, cavabdeh tərəf xx.xx.2023-cü il tarixli müqavilənin xx.xx.2024-cü il tarixində qüvvədən düşdüyünü, lakin bu tarixdən sonra da bu müqavilə üzrə müəyyən hissə məhsul təhvil verildyini, İddiaçı MMC ilə Cavabdeh QSC arasındakı müqavilə üzrə xx.xx.2024 tarixinə 1.612.201,59 manat dəyərində məhsul verildiyini, 1.120.000 manat isə avans ödənişinin olduğunu, verilmiş məhsulların qəbul edildiyini, 492.201.59 manatlıq borcun dərhal ödəniləcəyini bildirmişdir.
5. X1 iş yerindən arayışdan görünür ki, o Cavabdeh QSC-də korporativ satış mütəxəssisi vəzifəsində çalışır.
Birinci instansiya məhkəməsindəki icraat:
6. İddiaçı MMC Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 590 846,72 manat, şirkətə vurulmuş mənəvi ziyana 1.000.000 manat və ödənilmiş 1.685 manat dövlət rüsumunun, göstərilən malların satışından əldə edilməli olan 179.672 manat məbləğində qazancın, o cümlədən, ödənilməli olan cərimə məbləği 18.460 manat olmaqla, cəmi 1.790.663,72 manat pul vəsaitinin Cavabdeh QSC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh QSC ilə xx.xx.2023-cü il tarixində malların alqı-satqı müqaviləsi və xx.xx.2024-cü il tarixində Əlavə 2 bağlanmışdır. Əlavə 2 üzrə sifariş edilən mallar avqust ayından tam təhvil verilməsinə baxmayaraq (mallar təqdim edilərkən hər biri üzrə rəsmi qaydada təhvil təslim aktı hazırlanaraq cavabdehin əməkdaşı tərəfindən də qəbul edilməsinə dair imzalanmışdır) ödəniş yerinə yetirilməmişdir. Hazırda, xx.xx.2023-cü il tarixində malların alqı-satqı müqaviləsinə dair Əlavə 2 üzrə təhvil verilən mallara görə ümumilikdə ödənilməyən 590 846,72 manat məbləğində borc öhdəliyi mövcuddur. Əlavə 2-də razılaşdırılan şərtə əsasən, ödəniş bank hesabına köçürmə qaydasında 30% avans olmaqla, mallar təhvil verildikdən sonra 15 bank günü ərzində olmalı idi. Belə ki, mallar təhvil verilsə də, sonradan cavabdeh tərəfindən müqaviləyə xitam verilməsi bildirilmiş və müqaviləyə xitam verilsə belə, xitam verildiyi ana qədər yerinə yetirilmiş öhdəliyin ödənilməsindən imtina edilmişdir. Müqaviləyə xitam verildikdən sonra qarşılıqlı üzləşdirmə aktı imzalanmış, cavabdehin öz işçiləri tərəfindən borc təsdiqlənərək imzalanmış, möhürlənmişdir. Sistem üzərindən göndərilən bütün elektron qaimələr cavabdehin rəsmi şəkildə özü tərəfindən təsdiqlənmişdir. Bu formada təsdiq edilməsinə baxmayaraq cavabdeh sonradan ödəniş edilməsindən boyun qaçırmışdır. Bununla yanaşı, müqavilə xitam olunmaqla qalan malların alınmasından imtina edilərək artıq istehsalçıya sifariş edilən malların da götürülməməsinə səbəb olmuşdur. Cavabdeh, onunla arasında olan müqavilə üzrə istehsalçıya sifariş edilən malları, müqaviləni xitam edərək istehsalçıdan birbaşa satın almışdır. Cavabdehin etdiyi hərəkətin qarşılığı olaraq iddiaçının malları götürməyəcəyinə dair istehsalçı şirkətdə əsaslı şübhələr yaranmışdır, bu da öz növbəsində işgüzar etibarını zədələmişdir. Ödənişin edilməməsi səbəbindən istehsalçıya olan ödəniş də gecikməkdədir, buna görə də istehsalçı şirkət ilə arasında olan uzunmüddətli əməkdaşlıq da zərər görmüşdür. Bu zərər də öz növbəsində, şirkətə ciddi mənəvi ziyan vurulmasına səbəb olmuşdur.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1158/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 590.846 manat 72 qəpik məbləğində pul, dövlət rüsumunun əvəzi olaraq 880 manat 85 qəpik məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Nümayəndə3 Cavabdeh QSC-nin mülki prosessual qanunvericiliyin tələbi baxımından Cavabdeh QSC-nin nümayəndəsi olmaq imkanı olmadığından, məhkəmə onun vermiş olduğu izahatlara sübut kimi istinad etməmişdir. Cavabdeh tərəf iddiaya etiraz edərək, məhkəməyə təqdim edilən üzləşmə aktının əslinin olmadığı, elektron qaimələrin cavabdeh tərəfindən deyil, sistem tərəfindən təsdiq edildiyini, iddiaçı tərəfindən malların vaxtında verilmədiyini bildirərərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfindən cavabdehə ayrıayrı tarixlərdə ümumi dəyəri 2.487.180,99 manat olan elektron qaimələr göndərilimşdir. Cavabdeh tərəfindən iddiaçıya 1.323.132,36 manat məbləğində pul ödənilməsi işin mübahisələndirilməyən digər halı olmuşdur. Məhkəmə iclasında Elektron ünvan 1 ünvanının kimə aid olması soruşulmuş, cavabdeh tərəf də, X1 Cavabdeh QSCdə satış müdiri vəzifəsində işlədiyini, ancaq belə bir məktubu vermək səlahiyyətinin olmadığını bildirmişdir. X1 iş yerindən arayışdan görünür ki, o Cavabdeh QSC-də korporativ satış mütəxəssisi vəzifəsində çalışır. İddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələr bağlı hər hansı bir etirazın verilməməsi və cavabdeh tərəfin ona göndərilmiş elektron qaimələr əsasında ödəniş etməsi və xx.xx.2023-cü il tarixli müqavilənin 6.4-cü bəndində və xx.xx.2024-cü il tarixli 2 saylı Əlavədə malların təhvilinin elektron qaimə ilə rəsmiləşdirilməsi nəzərə alındığında, məhkəmə hesab edib ki, tərəflər arasında alqı-satqı münasibətləri üzrə malların təhvil verilməsi və verilmiş mallara görə pulun ödənilməsi məhz elektron qaimələr üzərindən həyata keçirilmişdir. Məhkəmə vurğulamağı zəruri hesab edib ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir. Ona görə də, Məhkəmə hesab edib ki, qeyd edilmiş dəyərdə olan mallar iddiaçı tərəfindən cavabdehə verilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin etirazı əsassızdır, elektron qaimələrdə qeyd edilmiş dəyəri 590.846,72 manat olan mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş və cavabdehin də, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır. Ona görə də, Məhkəmə hesab edib ki, 590.846,72 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia cərimə borcunun tələb edilməsi hissəsində nə alqı-satqı müqaviləsində alıcının malın dəyərini ödəməməsi ilə bağlı gecikdirilmiş gün üçün cərimənin hesablanması ilə bağlı norma, nə də müqavilədə bu barədə hər hansı bir bənd olmadığından təmi edilməmişdir. İddiaçı tərəf cavabdehin qeyd edilmiş puldan faydalanması halını sübut edə bilmədiyindən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması hisəsində iddia təmin edilməmişdir. Mənəvi ziyan məhz fiziki şəxsə xas olan bir hal olduğu üçün, hüquqi şəxsin mənəvi zərər görə bilməsi halı mümkün olmadığından mənəvi ziyanın əvəzi olaraq 1.000.000 manat məbləğində pulun tələb edilməsi hissəsində də iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən AR Mülki Məcəlləsinin 449.1, 462.1, 567, 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaiməfakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına istinad etmişdir.
11. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilmiş hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqaviləyə əlavə əsasında tərəflər arasında yeni malların satın alınmasına dair razılıq əldə olunmuşdur. Müqavilənin 2.3-cü maddəsinə əsasən, satıcı malları alıcıya təhvil verdikdən sonra 1 təqvim günü ərzində malların təhvil-təslim aktını 2 nüsxədə tərtib etməli, imzalamalı, möhürlə təsdiq etməli və aktın hər iki imzalanmış, möhürlənmiş nüsxəsini, qanunvericilikdə nəzərdə tutulmuş digər sənədləri alıcıya təqdim etməlidir. Həmçinin, müqavilənin 2.6-cı maddəsində aktın alıcı tərəfindən də möhürlənməsi, aktın bir nüsxəsinin alıcıda, digər nüsxəsinin isə satıcıda qalması tələbi müəyyən edilmişdir. Beləliklə, həm qanunvericilikdə, həm də müqavilədə malların təhvil verilməsi qaydası müəyyən edilmişdir. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş sənədlər isə nə qanunvericiliyin, nə də müqavilənin tələblərinə cavab verir. Belə ki, satıcı malları qanunvericiliyin tələbinə uyğun olaraq alıcıya təhvil verməmiş, eləcə də təqdim olunan sənədlər müqavilədə təhvil-təslim aktı ilə bağlı müəyyən edilmiş tələblərə uyğun gəlmir – yəni, üzərində “təhvil-təslim aktı” qeydi yazılmış sənədlər, səlahiyyətli şəxs tərəfindən imzalanmamış və möhürlənməmişdir. “qəbul etdi” qrafasında “murad e.” və “q. zülfi” adlı şəxslərin cavabdehə aidiyyəti və cavabdehlə əlaqəsi, həmin şəxslərin səlahiyyətli olub-olmamaları, Mülki Məcəllənin 570.1.1-ci maddəsinin tələblərinə əsasən “Alıcının göstərdiyi şəxs” hesab edilibedilməməsi məhkəmə tərəfindən araşdırılmamışdır. Cavabdehin real zərərlə bağlı dəlilləri tam və obyektiv araşdırılmamışdır. Belə ki, tərəflər arasındakı təhvil verilən malların dəyəri və eyni zamanda edilən ödənişlər məhkəmə tərəfindən əsaslı şəkildə araşdırılmadan iddiaçının mövqeyinə uyğun şəkildə təsdiq edilmişdir. Belə ki, iddiaçı ərizəsində dəfələrlə tərəflər arasındakı üzləşmə aktına istinad etsə də, həmin istinad edilən və təqdim edilən akt bir tərəfli olaraq və Direktor yerinə başqa şəxs – səlahiyyəti olmayan biri tərəfindən imzalanmışdır. Bundan əlavə, məhkəmə araşdırması zamanı hətta iddiaçıdan həmin sənədin əsli tələb edilsə belə, iddiaçı nəinki sənədin əslini, hətta onu elektron formada əldə etmə mənbəyini belə mötəbər şəkildə sübut edə bilməmişdir. Üzləşmə aktının hansı şəraitdə imzalanması və möhürlənməsi, eləcə də, iddiaçıya hansı üsulla və formada göndərilməsi və s. xüsusatlar məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçının nümayəndəsi də hər dəfə üzləşmə aktı ilə bağlı fərqli fikirlər səsləndirmişdir. Gah sənədin əslinin onlarda olduğunu və məhkəməyə gətirəcəklərini, gah sənədin email vasitəsilə onlara göndərildiyini bildirsə də qeyd etdiklərini sübuta yetirə bilməmiş, mənbəyi məlum olmayan “üzləşmə aktı”nı rəngli printerdə çap edərək və həmin kağıza öz (İddiaçının) möhürlərini vurmaqla “üzləşmə aktı”na əsl sənəd görkəminə salmağa cəhd göstərmişlər. Bütün bunlar isə təəssüf ki, işə baxan məhkəmənin nəzərindən kənarda qalmışdır. Bununla, iddia edilən tələbin əsası olaraq üzləşmə aktının sübut olaraq mötəbərliyini şübhə altına alınır. məhkəmə tərəflər arasındakı işgüzar münasibətləri və digər halları nəzərə almadan elektron-qaimələri rəhbər tutaraq iddia tələbini qismən təmin etmişdir. Təhvil-təslimlə bağlı İddiaçı tərəfindəntəqdim edilmiş üzərində Cavabdeh şirkətin möhürü olmayan skan PDF fayllarınında mötəbərliyi şübhə doğurur. Belə ki, həmin sənədləri imzalayan şəxslərin şəxsiyyəti, cavabdeh şirkətə aidiyyəti və əlaqəsi və s. mühüm məsələlərməhkəmə tərəfindən araşdırılmamışdır. Həmin sənədlərin əsli tələb edilsə də, İddiaçı tərəf onların əsllərini məhkəməyə təqdimedə bilməmişdir. Digər tərəfdən, məhkəmə tərəfindən cavabdehin ekspertiza təyin edilməsi ilə bağlı vəsatəti də təmin edilməmişdir.
13. Apelyator şikayətinin maddi və prosessual əsası kimi AR MM-in 6, 14.2, 385.1, 386.1, 404.3, 404.5, 405.1, 425.1, 441, 567, 568, 569, 570-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli, 23 fevral 2016-cı il tarixli, 20 aprel 2022-ci il tarixli, 8 yanvar 2020-ci il tarixli, 12 iyul 2016-cı il tarixli, 17 fevral 2020-ci il tarixli qərarlarına, AİHM-in bir sıra qərarlarına, MPM-in 8.2, 9.1, 9.3, 14.2, 77.1, 77.3, 82, 80, 88, 89.1, 89.2, 9.3, 217.4 və s. maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
15. Cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə etdi, şikayətin təmin edilməsini xahiş etdi. Bildirdi ki, üzləşmə aktı skan edilib, təhvil-təslim aktlarını imzalayan və elektron poçt vasitəsilə aparılan yazışmalarda iştirak edən şəxslərin buna səlahiyyəti olmayıb. Elektron qaimələr sistem tərfindən təsdiq edilmişdir. Həmin dövrdə ofisin dəyişdirilməsi səbəbilə qaimələri geri qaytarmaq mümkün olmamışdır. Sistem tərəfindən təsdiq olunan elektron qaimələr barədə mübahisə mövcuddur. Elektron qaimələrin düzəliş üçün geri qaytarılmaması mühasibatlıq bölməsinin öhdəliyində idi və bu öhdəlik icra edilməyib.
16. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz etd, şikayətin təmin edilməməsini xahiş etdi. Nümayəndə həmçinin qeyd etdi ki, cavabdehin adında elektron poçt yazışmalarında iştirak etmiş Əhmədiyyə Əsədov hazırda iddiaçının qanuni təmsilçisidir.
Tətbiq edilən hüquq:
17. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
18. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "HTM Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, "...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri:
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamədən verilmiş apellyasiya şikayətində cavabdeh qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdiyindən qətnamənin əsaslığı iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
24. Belə ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh QSC (alıcı) arasında xx.xx.2023-cü il tarixli malların alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə mallar verilmiş və cavabdeh tərəfindən təqdim edilmiş mallara görə müəyyən ödənişlər edilmişdir. Hazırda iddiaçı müqavilə üzrə təqdim edilmiş mallara görə cavabdehin borcunun ƏDV daxil 590.846,72 manat olmasını iddia edir və həmin borcun tutulmasını tələb edir.
25. Cavabdeh isə ödənilməsi tələb edilən malların ona təqdim edilmədiyini, o cümlədən, malların təqdim edilməsinə dair təhvil-təslim aktlarının səlahiyyətli şəxslər tərəfindən imzalanmadığını, üzləşmə aktındakı imza və möhürün skan olunmuş surət olduğunu, elektron elektron poçt yazışmalarında borc məbləğini etiraf edən işçinin belə bir səlahiyyətinin olmadığını əsas göstərərək iddiaya etiraz edir.
26. Göründüyü kimi hazırkı halda iddia tələbinin qanuni əsaslarını Mülki Məcəllənin 567 və 598.1-ci maddələri təşkil edir.
27. Mübahisəli müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş malların ümumi dəyəri və belə olan halda cavabdehin iddiaçıya borcunun məbləği işin mübahisəli hallarını təşkil edir.
28. Bununla bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə ayrı-ayrı tarixlərdə təqdim edilmiş mallara görə ümumi dəyəri ƏDV daxil 2.487.180,99 manat olan elektron qaimələr göndərilmiş, cavabdeh tərəfindən həmin elektron qaimələr düzəliş üçün qaytarılmamış, eləcə də vergi öhdəliyi yaradan həmin qaimələrlə bağlı iddiçıya və ya vergi orqanına hər hansı formada etiraz edilməmişdir.
29. Müqaviləyə əsasən malların təqdim edilməsinin təhvil-təslim aktları imzalamaqla rəsmiləşdirilməli olması, iddiaçının təqdim etdiyi təhvil-təslim aktlarının səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, mübahisəli müqavilə üzrə iddiaçı tərəfindən göndərilmiş elektron qaimələrə əsasən cavabdeh tərəfindən ƏDV daxil 1.323.132,36 manat məbləğində ödəniş edilmiş və dəyəri ödənilmiş malların təqdim edilməsi faktı cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Lakin cavabdeh tərəfindən mübahisələndirilməyən malların təqdim edilməsinin fərqli formada rəsmiləşdirilməsi (təhviltəslim aktlarının üzərinə möhür vurulmaqla, direktor və etibarnamə üzrə nümayəndə imzalamaqla təsdiq edilməsi və s.) təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilən hal isə ona dəlalət edir ki, tərəflər arasında malların təqdim edilməsinin elektron qaimələr göndərilməklə və təhvil-təslim aktları işçilər tərəfindən imzalanmaqla rəsmiləşdirilməsinə dair işgüzar münasibət formalaşmışdır.
30. Digər tərəfdən işin mübahisələndirilməyən hallarına əsasən cavabdeh tərəfindən iddiaçıya ƏDV daxil 1.323.132,36 manat məbləğində pul ödənilmişdir. Eyni zamanda ƏDV daxil 573.201,89 manat məbləğində mallar geri qaytarılma barədə elektron qaimələrə əsasən cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmışdır. Odur ki, adi riyazi hesablama yolu ilə cavabdehin iddiaçıya borcunun ƏDV daxil 590.846,72 (2.487.180,99- 1.323.132,36-573.201,89) manat olması barədə qənaətə gəlmək mümkündür.
31. Bununla yanaşı o da vurğulanmalıdır ki, cavabdehin iddiaçıya mübahisəli müqavilə üzrə borcunun olması faktı (daha az məbləğdə olsa belə) tərəflərin nümayəndələri arasında rəsmi e-mail yazışmasında cavabdeh tərəfindən təsdiqlənmişdir. Belə ki, cavabdeh şirkətin rəsmi elektron poçt domenində qeydiyyatdan keçmiş mailto:a.asad@universal-az.comElektron ünvan 1 (Əhmədiyyə Əsədov) elektron poçt ünvanından Elektron ünvan 2 elektron poçta göndərilmiş məktubda cavabdeh tərəf xx.xx.2023-cü il tarixli müqavilənin xx.xx.2024-cü il tarixində qüvvədən düşdüyünü, lakin bu tarixdən sonra da bu müqavilə üzrə müəyyən hissə məhsul təhvil verildyini, İddiaçı MMC ilə Cavabdeh QSC arasındakı müqavilə üzrə xx.xx.2024 tarixinə 1.612.201,59 manat dəyərində məhsul verildiyini, 1.120.000 manat isə avans ödənişinin olduğunu, verilmiş məhsulların qəbul edildiyini, 492.201.59 manat borcun dərhal ödəniləcəyini təsdiq etmişdir.
32. Belə olan halda məhkəmə kollegiyası alqı-satqı münasibətlərində kreditor olan iddiaçının borclu olan cavabdehdən təqdim edilmiş malların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 590.846,72 manat məbləğində əsas borcun tutulması hissəsində iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
33. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1158/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Cəmilə Musayeva