Məhkəmə qərarları › İş №2-2(103)-662/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-662/2022

14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-662/2022 14.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının qanuni nümayəndəsi X1 iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı müqavilə üzrə borcun və dəbbə pulunun tutulmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-1314/2022 nömrəli qətnaməsindən (hakim Zaur Pirverdiyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı kommunal xidmət haqqı qismində xx.xx.2020-ci il tarixindən, xx.xx.2021-ci il tarixinə 7286,44 manat məbləğində yaranmış borcun, 728,64 manat məbləğində dəbbə pulunun, mediasiya xərclərinə ödənilmiş 100 manatın, dövlət rüsumu üçün ödənilmiş 101,15 manatın, ümumilikdə 8216,23 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən yaşayış binasına iddiaçı tərəfindən 2011-ci ildən etibarən kommunal xidmətlər göstərilir. Xidmətlərin göstərilməsinə dair yaşayış və qeyri-yaşayış sahələrinin sahibləri ilə iddiaçı arasında xidmət müqavilələri bağlanılmış və həmin müqaviləyə əsasən ödənişlər aparılması həyata keçirilir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti və iddiaçı arasında 01 sentyabr 2015-ci il tarixli “Kommunal xidməti haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti müqavilədə nəzərdə tutulan kommunal xidmət haqlarını ödəmişdir. Daha sonra, xidmət haqqı tarifində dəyişikliklər olduğu üçün, 01 yanvar 2020-ci il tarixində "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə “Kommunal xidmət haqqında” müqavilə yenidən bağlanmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən icarəyə götürülmüş ünvan 1 ünvanda, 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinə görə kommunal xidmət haqqı ödənilsə də, təxminən fevral, mart 2020-ci il tarixlərində ödəmələrdə gecikmələr başlanmışdır. Dəfələrlə şifahi xəbərdarlıqlara baxmayaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyəti borcu qısa zamanda ödəyəcəyini söz versə də, nəticədə sentyabr 2020-ci ildən etibarən ödənişlər tam dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli 2-3(103)-132/2020 saylı qərarı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Buna baxmayaraq bank sözügedən qeyri-yaşayış sahəsində fəaliyyətdə olmaqla bərabər, həmin sahəyə müəssisə tərəfindən kommunal xidmətlər də göstərilməyə davam etdirilmişdir. “Mənzil Kommunal xidməti haqqında” müqavilənin 2.2-ci maddəsinin bəndinə əsasən, “Sifarişçi” yerinə yetirilmiş iş və xidmət haqlarını vaxtında ödəməlidir. Həmin müqavilənin 3.3-cü bəndinə uyğun olaraq, “Sifarişçi” hər ayın 01-i tarixindən gec olmayaraq, 586,69 manat məbləği “İcraçı”ya ödəyir. Müqavilənin 3.4-cü bəndinə əsasən ödəmənin hər gecikdirilən günü üçün borcun məbləğinin 0,1% miqdarında, ümumi məbləğin 10%-dən çox olmamaqla dəbbə pulu hesablana bilər. Lakin, araşdırma zamanı müəyyən olunmuşdur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən aprel 2020 – iyun 2021-ci il dövrü üçün kommunal xidmət haqqları ödənilməmiş, nəticədə iddiaçıya xx.xx.2021-ci il tarixinə 7286,44 manat məbləğində borc yaranmışdır. Bundan əlavə, müqavilə şərtlərinə uyğun olaraq 728,64 manat məbləğində dəbbə pulu hesablanmışdır. Daha sonra, xx.xx.2021-ci il tarixində, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna hesablanmış kommunal xidmət haqqının ödənilməsinə dair pretenziya məktubu göndərilmişdir, lakin pretenziya cavabsız olaraq qalmışdır. Mövcud qanunvericiliyin tələblərinə əsasən, cavabdehlə müəssisə arasında yaranan mübahisənin həlli məqsədilə mediatora müraciət olunsa da, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bununla əlaqədar olaraq 4 saylı Mediasiya təşkilatından müvafiq arayış təqdim edilmiş, eləcə də mediasiya xərclərini iddiaçının ödədiyi göstərilmişdir. Bakı Kommersiya Məhkəməsinin 05 may 2022-ci il tarixli, e-2-2(113)-1314/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022, 2-2(113)-1314/2021 qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Qətnamə üzrə guya iddianın iş üzrə cavabdeh kimi subyektiv hüququ olmayan şəxsə verilməsi göstərilmişdir. Baxmayaraq ki, proses zamanı cavabdeh “Əmanətlərin Sığortalanması Fondu”nun nümayəndəsi məhkəməyə bildirmişdir ki, Bakı Apllyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-yə “Əmanətlərin Sığortalanması Fondu” ləğvedici təyin edilmişdir. Qanun üzrə “Əmanətlərin Sığortalanması Fondu”nun cavabdeh olmasına baxmayaraq, məhkəmə tərəfindən tətbiq edilməli olan hüquq norması tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsi cavabdehin nümayəndəsi məhkəmə prosesində iştirak etmək üçün gəlsə də, onun iştirakını təmin etməmişdir. Bakı Kommersiya Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli qərarı ilə “Əmanətlərin Sığortalanması Fondu”nun "xxxx" ASC-yə ləğvedici təyin edilməsini və onun cavabdeh olmasına qanun ilə yol verildiyini görməzdən gəlmişdir. Bakı Kommersiya Məhkəməsi cavabdeh “Əmanətlərin Sığortalanması Fondu”nun ləğvedicisi təyin edildikdən sonra mövcud qanunvericiliyə əsasən bütün hüquq və vəzifələrin ona keçməsi əsası ilə məhkəmədə cavabdeh kimi də çıxış edir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2022-ci il tarixə təyin edilmiş, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının qanuni nümayəndəsi X2 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-1314/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kommunal xidməti haqqında” müqavilədə qeyd edilir ki, iddiaçı, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tapşırığı ilə ünvan 1 ünvanda yerləşən binanın 1-ci mərtəbəsində qeyri-yaşayış sahəsini və yerləşdiyi binadan istifadə ilə bağlı istismar, mənzil-kommunal xidmətlərinin həyata keçirilməsini, həyətyanı sahənin yaşıllaşdırılmasını, abad saxlanmasını, "xxxx" Açıq Səhmdar Cəmiyyəti isə yerinə yetirilmiş iş və xidmət, eləcə də istismar haqlarını vaxtında ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Kommunal xidmət haqqında” müqavilədə qeyd edilir ki, iddiaçı, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tapşırığı ilə ünvan 1 ünvanda yerləşən binanın 1-ci mərtəbəsində qeyriyaşayış sahəsinə sahə-kommunal xidmətlərin həyata keçirilməsini, həyətyanı sahənin abad saxlanmasını və s., "xxxx" Açıq Səhmdar Cəmiyyəti isə yerinə yetirilmiş iş və xidmət, eləcə də istismar haqlarını vaxtında ödəməyi öhdələrinə götürmüşlər. İddianın qanuni əsası kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 442-ci, 448.1-ci, 448.2-ci maddələrinə istinad edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlara əsasən cavabdeh Əmanətlərin Sığortalanması Fondu ilə iddiaçı arasında hər hansı öhdəlik münasibətinin mövcud olduğu müəyyən edilmədiyindən iddiaçının "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı müqavilələr üzrə yaranmış borc, o cümlədən öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu Əmanətlərin Sığortalanması Fondundan tutula bilməz. Məhkəmə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və apellyasiya şikayətini aşağıdakılara əsasən əsassız hesab edir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı onunla öhdəlik münasibətinin "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında yarandığını qəbul etsə də, hesab edir ki, bank hazırda ləğv prosesində olduğundan və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi olduğundan ləğvediciyə qarşı qaldırdığı iddia təmin edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 30 aprel tarixli qərarına əsasən "xxxx" ASC müflis elan olunmuş və Əmanətlərin Sığortalanması Fondu həmin bankların ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 60.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Eyni müddəa “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 59.5-ci maddəsində nəzərdə tutulmuşdur. İstinad edilən nromaların tələblərindən göründüyü kimi, ləğvetmə komissiyası ləğv prosesində olan bankın işlərini idarə etmək, ləğv prosesində olan bankı təmsil etmək səlahiyyətinə malik olsa da bankın öhdəliklərinə görə hər hansı məsuliyyət daşımır. Buna görə də iddiaçının Əmanətlərin Sığortalanması Fonduna qarşı yönəlmiş iddiasının rədd edilməsi barədə məhkəmənin mövqeyi qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-1314/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1314/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar