Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-663/2023 20.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Elşən Cələddin oğlu Kazımov və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-559/2023 saylı, 17 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnhikasının lizinqə verilməsi barədə 03 sentyabr 2019-cu il tarixli 817-GL/19 nömrəli müqaviləyə əsasən lizinq verən ümumi məbləği 11610 manat olan və spesifikasiyada göstərilən kənd təsərrüfati texnikalarını ilkin dəyərinin 40 %-ə güzəşt edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir.
2. İddiaçı xx.xx.2019-cu il tarixli 817-GL/19 nömrəli müqaviləyə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini bildirir, müqavilə üzrə yaranmış 8 561,00 (səkkiz min beş yüz altmış bir) manat gecikdirilmiş borcu və hesablanmış 4 485,46 (dörd min dörd yüz səksən beş manat 46 qəpik) manat cərimə borcunun ödənilməli olduğunu bildirir, cavabdeh isə müqaviləyə əsasən lizinq predmetinin dəyərinin xeyli hissəsinin tərəfindən ödənilməsinə baxmayaraq ödənişlər üzrə lizinq obyektinin dəyərlərində ona qanunla nəzərdə tutulmuş qaydada güzəştlərin tətbiq edilmədiyini qeyd edir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli 817-GL/19 nömrəli müqavilə üzrə yaranmış 8561,00 manat gecikdirilmiş borcu və hesablanmış 4485,46 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 300 manat və 200 manat çəkilmiş mediasiya xərcinin, cəmi: 13.546,46 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 817-GL/19 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2019-cu il tarixli 817-GL/19 nömrəli müqavilə üzrə yaranmış 8 561,00 (səkkiz min beş yüz altmış bir) manat gecikdirilmiş borcu və hesablanmış 4 485,46 (dörd min dörd yüz səksən beş manat 46 qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.
5. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
6. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-559/2023 saylı, 17 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2 5561,00 (beş min beş yüz altmış bir) manat gecikdirilmiş əsas borc, 200 (iki yüz) manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz) manat, ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumu, ümumilikdə 6261 (altı min iki yüz altmış bir) manat məbləğində pulun tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-559/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin rədd olunması barədə yeni qətnamə qəbul edəsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin olunmasında iddiaçı ilə aralarında bağlanılmış xx.xx.2019-cu il tarixli lizinq müqaviləsinə, iddiaçı tərəfindən ona “güzəştlərin” tətbiq olunmasına, xx.xx.2018-ci il tarixli, 298 saylı akta istinad etmiş, işin hərtərəfli, tam və obyektiv araşdırılmasını, kommersiya mübahisəsi üzrə iddiaçı tərəfindən qanunun tələblərinə əməl edilib-edilməsinin, aydınlaşdırılmasını təmin etməmiş, pozulmuş məhkəmə ərazi aidiyyatına nədənsə göz yummuşdur. O şəhid ailəsi olmaqla kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkar kimi bu sahə üzrə ölkədə aparılan geniş miqyaslı islahatlardan və bu sahənin surətlə inkişafına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncam və fərmanlarından yararlanaraq iddiaçı ilə aralarında bağlanılmış müqavilələrinə əsasən kənd təsərrüfatı texnikaları tərəfindən lizinqə götürülmüşdür. Müqaviləyə əsasən lizinq predmetinin dəyərinin xeyli hissəsinin tərəfindən ödənilməsinə baxmayaraq ödənişlər üzrə lizinq obyektinin dəyərlərində ona qanunla nəzərdə tutulmuş qaydada güzəştlərin tətbiq edilməsi əvəzinə iddiaçı qanunun tələblərinə əməl etməyərək həmin lizinq obyeklərinə görə borc məbləğinin ödənilmisi üçün ona qarşı iddia qaldırmışdır. Bundan başqa iddiaçı tərəfindən yanamış mübahisə üzrə qanunla nəzərdə tutulmuş pretenziya və iddia ərizəsinə əlavə olunan sənədlər göndərməyərək prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə cavabdeh kimi onun Füzuli rayonunda qeydiyyatda olmağını da nəzərə almayaraq məhkəmə ərazi adiyyatı qaydalarına riayət olunmasını təmin etməmişdir. Cavabdeh qismində cəlb olunduğu iş üzrə məhkəməyə dəvət olunmağı barədə məlumatlı olmamışdır. Əgər bu barədə məlumatlı olmuş olsaydı qanunla ona verilmiş hüquqlardan istifadə edib zəruri sənəd və sübutlarını məhkəməyə təqdim edərdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmamışdır. Birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin təqdim olunmadığı, iddiaçı tərəfindən pretenziya qaydalarına riayət olunmadığı halda işə baxmış, məhkəmədə işitirakının təmin olunmamasından istifadə edərək iş üzrə əhəmiyyətli halların hər tərəfli, tam və obyektiv araşdırılmamışdır. Məhkəmə tərəfindən bilidirişlərinin qanunla nəzərdə tutulmuş qaydada təqdim olunmaması səbəbindən məhkəmə iclasında iştirak edə bilməmiş, qanunla ona verilmiş prosesual hüquqlarından istifadə etməkdən məhrum edilmişdir. İşdən göründüyü kimi iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş sənədlərinin təqdim edilmədiyi halda məhkəmə iddia üzrə işə baxıb yekun qərar qəbul etməklə qanunun tələblərini pozmuşdur. İddia ərizasinin mübahisənin məhkəmə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilmədən icraata qəbul edilməsi va mübahisəyə baxılaraq yekun qərar etməsi ciddi prosessual pozuntudur. Prosessual hüquq normalarının tələblərinin qeyd olunan formada pozulması həmin qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsas hesab olunmalıdır. İddiaçı tərəfindən lizinq müqaviləsi üzrə ona hər hansı güzəştlər olunmamış, yaranmış borcun səbəbləri nəzərə alınmamış, lakin sonradan ödənilmiş vəsaitlərin müqavilə üzrə öhdəliklərinin icrasının təmin olunmaması barədə gəlinmiş nəticələr qanunverciliyin tələblərinə və işin hallarına uyğun deyildir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq izahatında bildirdi ki, "xxxx" ASC("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 817-GL\19 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərtilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2019-cu il tarixli 817-GL/19 nömrəli müqavilə üzrə yaranmış 8561 manat gecikdirilmiş borcu və hesablanmış 4485,46 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Bundan başqa, tərəflər arasında mübahisə yaranacağı təqdirdə mübahisəyə Bakı Kommersiya Məhkəmsində baxıla bilməsinə dair bənd müqaviləyə əlavə edilmişdir, bu səbəbdən ərazi aidiyyətinin düzgün olduğunu hesab edir. Həmçinin, cavabdeh tərəf məhkəməyə iddia tələbi ilə müraciət etdiyi dövrdə 3000 manat ödəniş etmişdir və buna dair maliyyə arayışı təqdim etmişdir. Cavabdeh tərəf qismən ödənişlər edirdi.
11. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
13. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
14. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
15. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
17. Həmin Məcəllənin 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.
18. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
19. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
21. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
22. Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir.
23. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mübahisələndirilən-iddia tələbinin təmin edilən hissəsində əsaslıdır.
26. İşin müəyyən olunmuş halları ondan ibarətir ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında 03 sentyabr 2019-cu il tarixli 817-GL/19 nömrəli lizinq müqaviləsi bağlanmış, lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektini müqavilənin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmişdir.
27. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların dəyərindən spesifikasiyada göstərilən 19200 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır.
28. Müqavilənin 3.1-ci bəndinə əsasən texnika üzərində müstəsna mülkiyyət hüququ onun dəyəri lizinq alan tərəfindən tam ödənilənədək lizinq verənə məxsusdur. Müqavilənin 4.1-ci bəndinə əsasən lizinq alan bu müqavilənin Əlavə 2-də göstərilən ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir.
29. xx.xx.2019-cu il tarixli 817-GL/19 nömrəli lizinq müqaviləsinin 4.1-ci bəndinin ödəniş qrafikinə əsasən 2019-2022-ci illər üzrə cavabdeh tərəfindən rüblər üzrə ödənilməli məbləğlər öz əksini tapmışdır.
30. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir.
31. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli 817-GL/19 nömrəli müqaviləyə əsasən cavabdehin gecikdirilmiş əsas borcu 8561 manat, cərimə borcu 4485,46 manat cəmi 13046,46 manat təşkil edir.
32. Kollegiya qeyd edir ki, cavabdeh lizinq müqaviləsi əsasında iddiaçıdan lizinq obyekti olan avadanlıqları istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında lizinq məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh lizinq müqaviləsi əsasında iddiaçıdan kənd təsərrüfatı texnikalarını lizinqə götürməsinə dair hüququndan istifadə etmiş, lizinqə götürülmüş avadanlıqlarla bağlı ödəniş etmək öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdehdən lizinqə verilmiş avadanlıqlarla bağlı yaranmış borcu tələb etməkdə haqlıdır.
33. İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya hazırkı müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat vəsait ödənilmişdir.
34. İddiaçının istinad etdiyi hallar iş materialları ilə təsdiq olunur. Buna görə də birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, iddia tələbi əsas borcun tutulması hissəsində göstərilən ödənişlər nəzərə alınmaqla təmin edilməlidir (8561 manat – 3000 manat).
35. Dəbbə puluna münasibətdə kollegiya qeyd edir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndində öz əksini tapmışdır.
36. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
37. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
38. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qət etdilmiş cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğin azaldılaraq əsas borc məbləğinə münasibətdə 200 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir.
39. Cavabdehin məhkəmə iclasları barədə məlumatı olmamasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin qeydiyyat ünvanı (apellyasiya şikayətində qeydiyyat və faktiki ünvanı kimi göstərilmiş) olan ünvan 1ləri, həmçinin yekun məhkəmə aktı göndərilmiş, lakin həmin ünvanda yaşamaması əsası ilə geri qaytarılmışdır. Bununla yanaşı, cavabdehin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə sms bildirişlər göndərilmişdir.
40. Cavabdehin iddiaçı tərəfindən pretenziya qaydalarına riayət olunmaması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı cavabdehə 17 oktyabr 2022-ci il tarixli pretenziya məktubu ünvanlanmışdır.
41. İşə baxılması ilə əlaqədar ərazi aidiyyətinin pozulması ilə bağlı cavabdehin şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 03 sentyabr 2019-cu il tarixli 817-GL/19 nömrəli lizinq müqaviləsinin 8-ci bəndində göstərilmişdir ki, müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış bütün mübahisə və fikir ayrılıqlarının həlli 30 gün müddətində danışıqlar yolu ilə mümkün olmadıqda, tərəflər Lizinq verənin yerləşdiyi ərazi üzrə aidiyyəti məhkəməyə müraciət edə bilərlər.
42. Göründüyü kimi iddiaçı aidiyyəti üzrə müqavilədə də əks olunduğu kimi lizinq verən yerləşdiyi ərazi üzrə düzgün olaraq Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Aidiyyət qaydaları pozulmamışdır.
43. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
44. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
45. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
46. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-559/2023 saylı, 17 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Aida Hüseyn Hakimlər Məmməd Məmmədov Elşən Kazımov