Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-663/2024 21.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1293/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, **********2 nömrəli sığorta şəhadətnaməsinin tərkib hissəsi olan 30 yanvar 2009-cu il tarixdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” Qaydalarının 6.1.2-ci maddəsinin etibarsız hesab edilməsi və cavabdehdən sığorta ödənişinə görə 1318,93 manat, hüquqi yardıma görə 200 manat və dövlət rüsumuna görə 100 manat olmaqla, ümumilikdə 1618,93 manat pulun və 868,93 manat sığorta ödənişinin gecikdirilməsinə görə xx.xx.2023-cü il tarixdən başlayaraq həmin pulun ödəniləcəyi günədək hər gecikdirilmiş gün üçün 0,1 faiz hesablanmaqla dəbbə pulunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1293/2024 saylı qərardadı ilə iddia ərizəsi İddiaçı MMC-nin Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “pulun tutulması və s.” tələbinə dair iddia ərizəsi “xx.xx.2023-cü il tarixdən başlayaraq həmin pulun ödəniləcəyi günədək hər gecikdirilmiş gün üçün 0,1 faiz hesablanmaqla dəbbə pulunun iddiaçının xeyrinə tutulması” hissəsində baxılmamış saxlanılmışdır. İddiaçı MMC həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qeyd olunan hissədə iddia tələbinin (iddianın qiymətinin) qeyri-müəyyən olduğunu qeyd etsə də, iddia ərizəsindən görünür ki, iddiaçı 868,93 manat sığorta ödənişinin gecikdirilməsinə görə xx.xx.2023-cü il tarixdən başlayaraq həmin pulun ödəniləcəyi günədək hər gecikdirilmiş gün üçün 0,1 faiz hesablanılmaqla dəbbə pulunun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Göründüyü kimi, iddia tələbində konkret hansı məbləğin neçə faizinin hansı tarixdən hansı tarixədək hesablanılaraq iddiaçıya ödənilməsi göstərilmişdir. Yəni, tələb qeyri-müəyyən deyildir. Həmin tələb təmin edildiyi halda, məhkəmə qətnaməsinin icrası zamanı dəbbə pulu mütəxəssis dəvət edilməklə və ya ekspertiza təyin edilməklə sığorta ödənişinin ödənildiyi günədək hesablanacaqdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı iddia tələbində 868,93 manat sığorta ödənişinin gecikdirilməsinə görə xx.xx.2023-cü il tarixdən başlayaraq həmin pulun ödəniləcəyi günədək hər gecikdirilmiş gün üçün 0,1 faiz hesablanmaqla dəbbə pulunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddia tələbinin cavabdehdən xx.xx.2023-cü il tarixdən başlayaraq həmin pulun ödəniləcəyi günədək hər gecikdirilmiş gün üçün 0,1 faiz hesablanmaqla dəbbə pulunun tutulması hissəsi qeyri-müəyyəndir və həmin hissədə iddianın obyekti və dolayısı ilə qiyməti müəyyən oluna bilmir. Halbuki, Mülki Prosessual Məcəllənin 149.2 və 149.2.3-cü maddələrinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 259.0 və 259.0.12-ci maddələrində isə təsbit edilmişdir ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 13-cü bəndinə əsasən, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində nəzərdə tutulmuş sənədlərin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddia ərizəsinin həmin hissədə baxılmamış saxlanılması nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətin dəlilləri isə yuxarıda qeyd olunanlara görə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1293/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Ziya Şirinov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-663/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-663/2024
21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver