Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-664/2022 24.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh “X1" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-884/2022 nömrəli qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh “X1Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, maliyyə arayışının tərtib edildiyi xx.xx.2021-ci il tarixə xx.xx.2018-ci il tarixli 196-LD/18 nömrəli müqavilə üzrə 124467.95 manat gecikdirilmiş əsas borc və 53771.43 manat cərimə, xx.xx.2018-cı il tarixli 330-LD/18 nömrəli müqavilə üzrə 322936.60 manat gecikdirilmiş əsas borc və 124308.52 manat cərimə, xx.xx.2016-cı il tarixli 239-LD/16 nömrəli müqavilə üzrə 7741.81 manat gecikdirilmiş əsas borc və 5783.13 manat cərimə, xx.xx.2018-cı il tarixli 1241- GL/15 nömrəli üzrə 758 manat gecikdirilmiş əsas borc və 54.58 manat cərimə və xx.xx.2020-ci il tarixli 561-GL/19 nömrəli müqavilə üzrə 64387 manat gecikdirilmiş əsas borc və 9017.83 manat cərimə, xx.xx.2019-cu il tarixli 02-LD/19 nömrəli müqavilə üzrə 299048.00 manat gecikdirilmiş əsas borcunuz və 102274.42 manat cərimə borcu borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manat və 400 manat ödənilmiş mediasiya rüsumunun, cəmi 1.115.299,27 manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli 196-LD/18 nömrəli, xx.xx.2018-ci il tarixli 330- LD/18 nömrəli, xx.xx.2016-cı il tarixli 239- LD/16 nömrəli, xx.xx.2018-ci il tarixli 1241-GL/15 nömrəli və xx.xx.2020-ci il tarixli 561- GL/19 nömrəli müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-884/2022 nömrəli qərardadı ilə “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin qarşılıqlı iddia ərizəsi qeri qaytarılmışdır. Həmin qərardaddan “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti şikayət verərək qərardadın ləğv olunmasını, qarşılqlı iddianın icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə “X2” MMC arasında yaranmış mübahisə ilə bağlı artıq mediasiya prosesi həyata keçirilmiş və mediasiya sənədi əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia verilməsi üçün eyni tərəflər və eyni mübahisə ilə bağlı yenidən mediasiyaya müraciət edilməsi ilə bağlı məhkəmənin qənaəti əsassızdır. Məhkəmənin müqavilənin 8-ci bəndi ilə bağlı qənaətinə gəldikdə isə, bildirilir ki, həmin müqavilə ilə bağlı mübahisəyə artıq məhkəmə müstəvisində baxılır. Sözügedən müqavilə ilə bağlı artıq mübahisə məhkəmədə baxıldığı halda və tərəflərindən məhkəmədə olan işə qarşılıqlı iddia ərizəsi verildiyi halda, müqavilənin 8-ci bəndinə əsasən mübahisənin danışıqlar yolu ilə 30 gün müddətində həll edilməsinə riayət edilməsinin heç bir əsası yoxdur. Çünki mübahisə artıq məhkəmə müstəvisində araşdırılır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-884/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-884/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qarşılıqlı iddia ərizəsi məhkəməyə təqdim olunarkən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmamışdır. “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət rüsumunun hansı səbəbdən ödənilmədiyi qeyd edilməmiş, qərardadın bu hissədə ləğv edilməsi üçün əsaslar göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən, iddia ərizəsinə bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir. Həmin Məcəllənin 150.2.-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələriüzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası müəyyən edir ki, qarşılıqlı iddia ərizəsi məhkəməyə təqdim edilərkən həmin ərizənin qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə təqdim edilməsi barədə sənəd qarşılıqlı iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.6-cı maddəsinə əsasən iddia ərizəsinəmüqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 152.1.6-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrin 8-ci bəndində mübahisənin danışıqlar yolu ilə 30 gün müddətində həll edilməsi nəzərdə tutulmuş, iddia ərizəsinə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6.-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Məcəllənin 150.1.7-ci maddəsinə əsasən iddia ərizəsinə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə müəyyən etmişdir ki, qarşılıqlı iddia ərizəsinə tərəflərin ilkin mediasiya sessiyasında iştirakı təsdiq edən sənəd əlavə olunmamışdır. Şikayət ərizəsində qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.3-cü maddəsində qarşılıqlı iddianın verilməsinin iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilməli olduğu qeyd edildiyindən və MPM-də qarşılıqlı iddia vermiş şəxsin iddiaçının müəyyən vəzifələrində azad olduğuna dair istisna edici norma nəzərdə tutulmadığından (məsələn: MPM-nin 55.2ci maddəsində nəzərdə tutulur ki, müstəqil tələb irəli sürən şəxslər Məcəllənin 4.3 ‒ 4.6-cı maddələrində müəyyən edilmiş qaydalaraəməl olunması vəzifəsi istisna olmaqla, iddiaçının bütün hüquqlarından istifadə edir və onun bütün vəzifələrini daşıyırlar) birinci instansiya məhkəməsinin qarşılıqlı iddia ərizəsinin qaytarılması barədə iş üzrə gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-884/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: “X1" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-884/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-664/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-664/2022
24.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver