Məhkəmə qərarları › İş №2-2(103)-665/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-665/2020

17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-665/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1720/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı “X4.Ltd” şirkəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “X4.Ltd” şirkəti cavabdehlər Cavabdeh1 MMC, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Şirkəti və X1 qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli e-2-2(113)-1720/2020 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı “X4.Ltd” şirkəti həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 şikayəti müdafiə etdi. Cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 259.0.12, 150.0.3 və 74.2-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, iddiaçının vəkili Nümayəndə1 xarici hüquqi şəxs tərəfindən verilən etibarnamə lazımi qaydada təsdiq olunmadığından vəkilin iddia ərizəsini imzalamaq hüququ olmamışdır. Həmçinin məhkəmə tərəfindən həmin sənədin təqdim olunması ilə bağlı vaxt verilməsinə baxmayaraq iddiaçının vəkili məhkəmə iclasında həmin etibarnaməni məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə iddia ərizəsinin baxılmamış saxlanılması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə həmin nəticəyə gələrkən prosessual normaların tələblərini pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin istinad etdiyi Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsində iki əsas nəzərdə tutulmuşdur. Birincisi – iddia ərizəsində Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblərin göstərilməməsi, ikincisi – iddia ərizəsinə Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlərin əlavə edilməməsi. Lakin hazırkı işdə birinci instansiya məhkəməsinin istinad etdiyi əsaslar mövcud deyildir. Belə ki, işin 124-127-ci vərəqələrində olan sənədlərə əsasən müəyyən olunur ki, “X4.Ltd” şirkəti tərəfindən Nümayəndə1 adına şirkətin özünə məxsus blankında tərtib olunmuş etibarnamə verilmiş, həmin etibarnamədə iddia ərizəsini imzalamaq səlahiyyəti xüsusi olaraq göstərilmiş, həmin etibarnamə Koreya Respublikası Ədliyyə Nazirliyi HONGİK Hüquq və Dövlət X3 Han tərəfindən, notariusun imzası isə Koreya Respublikası Ədliyyə Nazirliyi tərəfindən apostille təsdiq olunmuş və qeyd olunan sənədlər bir-birinə tikilmiş qaydada möhürlənmişdir. Göründüyü kimi iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilmişdir. Ona görə də, məhkəmənin iddia ərizəsinin baxılmamış saxlanılması barədə gəldiyi nəticə yanlışdır. Göstərilən halları nəzərə alaraq kollegiya hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı “X4.Ltd” şirkəti tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1720/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar