Məhkəmə qərarları › İş №2-2(103)-665/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-665/2021

10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-665/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilə borcunun ödənilməsi və sair tələblərə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2091/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 15.05.2018-ci il tarixli MCFE 001 nömrəli alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icra edilməsi, müqavilə üzrə 142.556 manat borcun və 50.000 manat əldən çıxmış faydanın, 30 manat məbləğdə ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 192.586 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddianı təmin tədbiri barədə ərizə də təqdim edərək, cavabdehə (VÖEN: **********) şəhadətnamə-dublikatın verilməsinin işə mahiyyəti üzrə baxılıb qurtaranadək vergi orqanına qadağan edilməsi, həmçinin, cavabdehin “xxxx” ASC-də olan manat, ABŞ dolları və Avro hesablarındakı (AZ82PAHA40060AZNHC********** saylı hesablaşma və AZ82NABZ**********000007194 saylı müxbir hesablarındakı), “xxxx” ASCnin Bakıxanov Filialında olan manat, ABŞ dolları və Avro hesablarındakı (AZ72AMRA******************** saylı hesablaşma və AZ89NABZ******************** saylı müxbir hesablarındakı) və “xxxx” QSC-də olan manat, ABŞ dolları və Avro hesablarındakı pul vəsaitlərinə iddia tələbi həcmində işə mahiyyəti üzrə baxılıb qurtaranadək həbs qoyulmaqla hər hansı formada həmin hesablardan məxaric əməliyyatlarının həyata keçirilməsinin cavadehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 07.04.2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, cavabdehin “xxxx” ASC-də olan manat hesablarındakı pul vəsaitlərinin üzərinə işçilərin əmək haqlarının verilməsi, dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) və kommunal xərcləri ilə bağlı ödənişlərin (qaz, işıq və su) aparılmasına məhdudiyyət qoyulmadan əsas borc tələbi həcmində yəni, 142.556 manat məbləğinə həbs qoyulmuşdur. Qərardadla razılaşmayan cavabdeh ondan şikayət verib, ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, 22 may 2018-ci il tarixdə 19.550 AZN, 18 iyul 2018-ci il tarixdə 17.000 AZN, 26 sentyabr 2018-ci il tarixdə 21.600 AZN, 09 oktyabr 2018-ci il tarixdə 2.000 AZN, 24 oktyabr 2018-ci il tarixdə 10.000 AZN, 28 noyabr 2018-ci il tarixdə 35.000 AZN, 11 dekabr 2018-ci il tarixdə 28.500 AZN, 12 dekabr 2018-ci il tarixdə 17.000 AZN, 19 may 2019-cu il tarixdə 10.000 AZN, 27 may 2019-cu il tarixdə 10.000 AZN, daha sonra isə təkrarən 25.06.2020-ci ildə isə 10.000 AZN olmaqla, ümumilikdə cəmi 180.650 manat ödənilmişdir. Bütün qəbzlər şikayətə əlavə edilir. Cüzi ödənişlər edildiyini göstərməklə iddiaçı qəsdən məhkəməni aldatmağa, yanıltmağa cəhd etmişdir. Hazırda cavabdehin iddiaçıya hər hansı bir borcu mövcud deyil. Bununla bağlı, iddiaçının ilkin olaraq müraciət etdiyi, işin baxılmamış saxlanıldığı məhkəmə işində də iddianı təmin tədbiri barədə ərizə ilə ilkin olaraq müraciət edilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərardadı ilə iddianı təmin etmə tədbiri barədə ərizə rədd edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 17.05.2021-ci il tarixli qərardadına əsasən şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. MPM-in 157 və 158-ci maddələrinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər və buna prosesin istənilən mərhələsində yol verilir, hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Məhkəmə kollegiyası bildirir ki, iddianın təmin edilməsi mülki iş (kommersiya mübahisəsi) üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmə tədbiri tətbiq edilərkən o mövqedən çıxış edilir ki, bu tədbirin görülməməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu tədbirin tətbiq olunması o halda realizə olunur ki, iddia ilə həmin tədbir arasında əlaqə mövcud olsun, görülən tədbir məhz iddianın təmin edilməsinə yönəlsin. İddianı təmin etmə tədbirinin görülməsi üçün ərizə ilə pozulmuş və ya mübahisəli hüququn mövcudluğunu təsdiq edən sübut məhkəməyə təqdim olunmalıdır. İddianı təminetmə tədbirinin tətbiqinin zəruriliyi üçün irəli sürülən dəlillərə qiymət verilərkən həmin dəlillərin ağlabatan olması və əsaslılığı, bu tədbir görülmədikdə ərizəçinin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı və işdə iştirak edən digər şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməsi nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14.03.2018-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Konstitusiya Məhkəməsinin həmin Qərarda əks olunan hüquqi mövqeyinə görə, “İddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar.” Cavabdehin şikayətə əlavə etdiyi ödəniş tapşırıqları, kassa məxaric orderləri və hesabdan çıxarışlarda əks olunan məbləğlərin cavabdeh tərəfindən iddiaçıya ödənildiyi göstərilmişdir. İşin bu halları 07.04.2021-ci il tarixli qərardad qəbul edilən anda birinci instansiya məhkəməsinə məlum olmasa da, sözügedən dəlillər şikayət üzrə çıxarılan 17.05.2021-ci il tarixli qərardadda da müzakirə edilməmiş və hüquqi qiymətini almamışdır. Bu mənada məhkəmə kollegiyası şikayətlə razılaşır. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvinə əsas verir. Bununla bağlı olaraq, qərardad ləğv edilməli, iş həmin məhkəməyə göndərilməli, şikayət təmin olunmalıdır (MPM-in 398.0.2-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2091/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş həmin məhkəməyə göndərilsin. Cavabdeh MMC-nin şikayəti təmin edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar