Məhkəmə qərarları › İş №2-2(103)-667/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-667/2025

11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-667/2025 11.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), X5 və X1 ibarət tərkibdə ilə “X10 X11 X7 Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Cavabdehnə qarşı “malların təhvil verilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 05 may 2025-ci il tarixli qərardadından İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: “X10 X11 X7 Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (iddiaçı) Cavabdehnə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 1200 metr Rautherm X9 Bandı (25m) və 8000 ədəd X3 20 (500 əd.) növündə malın və ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmış, məhkəmə öz mövqeyini iddia ərizəsində iddianın qiymətinin göstərilmədiyi, bu səbəblə də ödənilməli olan dövlət rüsumunun məbləğini müəyyən etməyin mümkün olmadığı arqumentləri ilə əsaslandırmışdır. Həmin qərardaddan iddiaçının nümayəndəsinin verdiyi şikayət birinci instansiya məhkəməsinin 07 may 2025-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət aşağıda göstərildiyi kimi əsaslandırılmışdır: “...İddia ərizəsinin geri qaytarılması üçün qərardada göstərilənlər tam yanlış və iddia ərizəsinin məzmununa və həmçinin iddiada tələb olunan məbləğə görə ödənilmiş dövlət rüsumuna nisbətdə həqiqəti əks etdirmir. Belə ki, iddia ərizəsinin birinci səhifəsinin 4-6 bəndlərində qeyd aşağıdakı kimidir: Tərəflər arasında malın alqı-satqısı ilə bağlı olan müqavilənin icrası əsasında cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş EBDC seriyalı, 241486 nömrəli elektron qaimə üzrə sifariş edilmiş malın dəyəri olaraq 14 452 manat və ƏDV üzrə depozit hesabına uyğun olaraq 2601,36 manat olmaqla cəmi 17 053,36 manat pul vəsaiti köçürülmüşdür. Ödənişə qarşılıq Satıcı sifariş edilmiş 1200 metr. **********- RAUTHERM X2 (25m) və 14 348,80 manat məbləğində 8000 ədəd ********** - X3 20 (500 əd.) növlü malı Alıcıya təhvil verilməli idi. Lakin 1200 metr RAUTHERM X9 Bandı (25m) və 8000 ədəd X3 20 (500 əd.) növlü malın verilməsi təmin edilməmişdir. Göründüyü kimi iddia ərizəsinin məzmunundan cavabdeh "Konven” MMC-dən tələb olunan 1200 metr RAUTHERM X9 Bandı (25m) və 8000 ədəd X3 2 (5000 əd.) növündə mal və həmin malın faktura dəyəri olan 14 452 manat aşkar şəkildə göstərilmişdir. "Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanunun 8.1.3-cü maddəsinə əsasən 14 452 manat məbləğində iddia tələbinə görə dövlət rüsumu 133 manat 36 qəpik təşkil edir. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə elektron sistemə daxil edilmiş bank ödəniş qəzlərinə əsasən iddiaçı iddianı verilməsi üçün Bakı Kommersiya Məhkəməsinə xx.xx.2025-ci il tarixdə 100 manat, xx.xx.2025-ci il tarixdə isə 34 manat, cəmi 134 manat dövlət rüsumu ödəmişdir”. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, mübahisələndirilən qərardad ləğv olunaraq iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinin həlli üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə görə, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir. Həmin Məcəllənin 112.1.2-ci maddəsinə görə, əmlakın tələb edilməsi haqqındakı iddialarda iddianın qiyməti tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir; 112.4-cü maddəsinə görə, iddianın qiyməti iddiaçı tərəfindən göstərilir; 112.6-cı maddəsinə görə isə, iddianın qiyməti açıq-aşkar əmlakın bazar qiymətinə uyğun olmadıqda, onun dəyəri məhkəmə tərəfindən müəyyən olunur. Məcəllənin 113.1-ci maddəsinə əsasən, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Sadalanan prosessual hüquq normalarının MPM-də yer aldıqları fəslin tənzimlədiyi prosessual qaydalardan, habelə həmin normaların mənasından görünür ki, qanunvericinin iddianın qiymətinin iddia ərizəsində göstərilməli olması ilə bağlı tələbi, iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləğinin düzgün müəyyənləşdirilməsi məqsədi güdür və əgər ərizənin məzmunundan iddianın qiymətini təsbit etmək mümkündürsə, müvafiq qiymətin ərizədə ayrıca göstərilməməsi səbəbilə ərizənin geri qaytarılması həddindən artıq formal yanaşma olmaqla həmin məqsədə xidmət etmir. Xüsusilə qeyd olunmalıdır ki, əslində iddiaçı iddia ərizəsində iddianın qiymətini göstərmiş, tələbinin qiyməti 14 348,80 manat olan 8000 ədəd “X4 20 (500 əd) növlü malın və 1200 metr “X12 İzalasyon Bandı”nın (25 m) cavabdehdən alınıb ona ödənilməsi olduğunu ifadə etmiş, 1200 metr “X12 İzalasyon Bandı”nın (25 m) qiyməti isə iddia ərizəsinə əlavə olunmuş sənədlərdə öz əksini tapmışdır. Belə olan halda məhkəmədən gözlənilən, iddiaçının müəyyənləşdirdiyi qiymətə uyğun dövlət rüsumu ödənilib-ödənilmədiyini təsbit etmək, rüsum həmin məbləğə uyğun ödənilməmişdirsə iddia ərizəsini o səbəblə geri qaytarmaq, iddiaçının göstərdiyi qiymət açıq-aşkar əmlakın bazar qiymətinə uyğun olmadıqda onun dəyərini müəyyən etmək, habelə iddianın qiymətinin düzgün göstərilmədiyi ehtimalı varsa, sonradan rüsumun kəsirini iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq iddiaçıdan tutmaq ola bilərdi. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3857/2025 saylı iş üzrə 05 may 2025-ci il tarixli qərardadı ləğv olunsun və iş, iddia ərizəsi üzrə məhkəmə icraatının başlanılmasının mümkünlüyü məsələsinin həlli üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Təranə Mahmudova Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar