Məhkəmə qərarları › İş №2-2(103)-67/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-67/2022

19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-67/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı lizinq müqaviləsi üzrə əsas borcun və faiz borcunun, öhdəliyin icrasının gecikdirilməsinə görə faizlərin tutulması, lizinq obyektinin geri qaytarılması barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 06.08.2021-ci il tarixli, e-2-2(113)-589/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə verərək 25.05.2007-ci il tarixli, 279 saylı X1 Müqaviləsi və “Öhdəliklərin verilməsi haqqında” 24.01.2014-cü il tarixli Müqavilə üzrə 1.800.000 manat əsas borcun, 1.490.781,27 manat faiz borcun, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə əsasən, borclunun pul məbləğinin ödənilməsini gecikdirməsinə görə müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş 2 il 8 ay 27 gün üçün illik 5% dərəcəsi ilə borc məbləğinə 04.05.2021-ci il tarixədək hesablanmış 246.750 manat faiz borcun, Mülki Məcəlləsinin 449.1; 449.2-ci maddələrinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz 2 il 8 ay 27 gün üçün gecikdirməklə ondan faydalanmağa görə Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsi olan illik 6,25% dərəcəsi ilə borc məbləğinə hesablanmış 308.437,50 manat faizin, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın, ümumilikdə 4.077.195,89 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, dövlət büdcəsinin vəsaiti hesabına alınmış iddiaçının mülkiyyətindəki lizinq obyekti olan 1 ədəd poliuretan aşgar qatılmış rəngli metal örtüklərinin istehsal xəttinin işlək vəziyyətdə geri alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC (əvvəlki adı «X2» QSC) ilə bağlanmış 25 may 2007-ci il tarixli 279 saylı X1 müqaviləsinə və Öhdəliklərin verilməsi haqqında 24.01.2014-cü il tarixli müqaviləyə uyğun olaraq 1 ədəd poliuretan aşgar qatılmış rəngli metal örtüklərinin istehsal xətti cavabdehə lizinqə istifadəyə verilmişdir və cavabdeh lizinq haqqını ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh lizinq haqqını ödəmir. Lizinq haqqının ödənilməsi ilə bağlı cavabdehə müvafiq pretenziya göndərilmiş, lakin cavabdeh bu pretenziyaya cavab verməmiş və borcu ödəməmişdir. Pretenziya göndərilən tarixə 25 may 2007-ci il tarixli 279 saylı “X1”müqaviləsi üzrə əsas borc ******* manat, faiz borcu 1490781,27 manat, cəmi borc 3290781,27 manat təşkil edir. Borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdeh ilə aparılan danışıqlar heç bir fayda verməmişdir. Bakı Kommersiya Məhkəməsinin 06.08.2021-ci il tarixli, e-2-2(113)-589/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 06.08.2021-ci il tarixli, e-2-2(113)-589/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" LTD MMM-ə müqavilə üzrə verilmiş lizinq avadanlıqları 25.05.2007-ci il tarixli 279 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə verilmiş lizinq avadanlıqları deyildir. "xxxx" LTD MMM ilə “”Tikinti Materialları Kombinatı” ASC arasında 24 yanvar 2014-cü il tarixli öhdəliklərin verilməsi haqqında müqavilədə öhdəliyin hansı müddətdə icra olunmalı olduğu göstərilməli idi. Lakin müqavilədən də göründüyü kimi həmin müqavilədə öhdəliyin icra müddəti göstərilməmişdir. Bundan başqa, əgər müqavilə üzrə öhdəlik 25.05.2007-ci il tarixli, 279 saylı müqavilə üzrə ötürülmüş olsa belə, həmin müqavilə üçün öhdəliyin icra müddəti 36 ay nəzərdə tutulur. Yəni müqavilə üzrə öhdəliyin icra müddəti 2010-cu ildə bitir. Həmin müqavilə üzrə də öhdəliyin icra müddəti keçmiş olur. Belə olan halda iddiaçı icra müddəti bitmiş müqavilə üzrə öhdəliyin icrasını tələb edə bilməz. Maliyyə arayışından (ödəniş qrafikindən) görünür ki, "xxxx" MMC-nin İddiaçı QSC-ə ödəniş cədvəli üzrə axırıncı ödənişi 30.12.2015-ci il tarixində 5000 AZN olmuşdur. Belə olan halda iddiaçı hüququnun pozulduğu halı müəyyənləşdirdiyi vaxtdan 3 il ərzində iddia qaldırmalı idi. Lakin İddiaçı QSC tərəfindən "xxxx" LTD MMM-ə qarşı iddia 24.11.2020-ci il tarixdə qaldırılmışdır. Məhz bu hal üzrə iddia müddəti keçdiyindən iddiaçı hər hansı öhdəliyin "xxxx" LTD MMM tərəfindən icrası tələb edilə bilməz. Məhkəmənin bu mövqeyi həm iddia müddətinin tətbiqi, həm də kredit müqavilələri üzrə mövcud məhkəmə praktikasına uyğun gəlmir. Belə ki, "xxxx" LTD MMM tərəfindən axırıncı ödəniş 2015-ci il tarixində olduğundan və bu vaxtdan etibarən ödəniş həyata keçirilmədiyindən İddiaçı QSC artıq hüququnun pozulduğunu bilirdi. Bu baxımdan iddia müddəti 2018-ci il tarixindən deyil, 2015-ci il tarixdən hesablanmalıdır. 24 yanvar 2014-cü il tarixli öhdəliklərin verilməsinə dair müqavilə "xxxx" ASC ilə "xxxx" MMC arasında imzalanmışdır. MM-nin 522-ci maddəsinə əsasən bu müqavilə İddiaçı QSC ilə "xxxx" MMC arasında bağlanmalı idi. İşə apellyasiya qaydasında baxılması sonuncu dəfə 19.01.2022-ci il tarixə təyin edilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiyinə baxmayaraq sonuncu və əvvəlki iclaslarla iştirak etməmiş, yalnız 26.11.2021-ci il tarixli məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 məhkəmə iclaslarında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 06.05.2021-ci il tarixli e-2-2(113)-589/2021 saylı qətnaməsi qismən ləğv edilməli, iddia cavabdeh "xxxx" MMC-dən iddiaçı "xxxx" QSC-nin xeyrinə lizinq müqaviləsi üzrə tələb edilən 852205,27 manat faizin, MM-nin 449.1-ci maddəsinə əsasən tələb edilən 308437,50 manat faizin tutulması, lizinq obyekti olan 1 ədəd poliuretan aşqar qatılmış rəngli metal örtüklərin istehsal xəttinin işlək vəziyyətdə geri alınaraq iddiaçıya qaytarılması hissəsində rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (sonradan adı «X2» QSC, daha sonra İddiaçı QSC olmuşdur) “LƏL” firması arasında 279 saylı 25 may 2007-ci il tarixli X1 müqaviləsi bağlanmış, müqaviləyə əsasən «əlavə 2»də qeyd edilmiş "xxxx" QSC və «X4 Parts» şirkəti arasında imzalanmış 05 mart 2007-cı il tarixli 05/a alqı-satqı müqaviləsində qeyd olunmuş, ətraflı təsviri verilmiş poliuretan aşqar qatılmış rənqli metal örtüklərinin istehsalı üzrə xətti 36 ay müddətinə lizinqə verilmişdir. “LƏL” firması ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 30 iyun 2009cu il tarixli “öhdəliklərin verilməsi haqqında” müqavilədən görünür ki, “LƏL” firması, «X2» QSC ilə bağladığı 25.05.2007-ci il tarixli 279 saylı X1 müqaviləsi üzrə bütün öhdəliklərini "xxxx" ASC-yə ötürmüşdür. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 24 yanvar 2014-cü il tarixli ”öhdəliklərin verilməsi haqqında müqavilə”dən görünür ki, "xxxx" ASC, «X2» QSC ilə bağladığı 25.05.2007-ci il tarixli 279 saylı X1 müqaviləsi üzrə bütün öhdəliklərini və hüquqlarını "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ötürmüşdür. Həmi müqavilənin 2.2-ci bəndində qeyd olunmuşdur ki, öhdəliklər üzrə ödənilməli olan qalıq lizinq haqlarının ödəniş cədvəli, bu müqavilənin 1.1-ci maddəsində qeyd olunan lizinq müqaviləsi (279 saylı 25 may 2007-ci il tarixli) üzrə yenidən hesablanaraq Tərəf-1 ilə lizinqverən ”X3”QSC arasında imzalanacaq. Müqavilə əsasında tərtib edilmiş ödəniş qrafikindən görünür ki, cavabdeh 07.08.2018-ci ilədək iddiaçıya lizinq müqaviləsi üzrə 1.800.000 lizinq ödənişi, 648576 manat lizinq mükafatı ödəməli idi. 24 yanvar 2014-cü il tarixli “Təhvil-təslim aktı”ndan görünür ki, 1 ədəd poliuretan aşqar qatılmış rəngli metal örtüklərinin istehsalı xətti tam, işlək vəziyyətdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil vermişdir. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən 2015-ci ildə cəmi 10.000 ödəniş edilmişdir. iddiaçıya olan borcu 1.800.000 manat əsas, 1.490.781,27 manat faiz, cəmi 3.290.781,27 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci, 747.1, 748-10.1-ci maddələrinə istinad edərək, işdəki sübutlarla iddianın tam əsaslı olduğuna dair nəticəyə gəlmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi lizinq müqaviləsi üzrə əsas borcun, lizinq mükafatının və pul öhdəliyinin icrasının gecikdirilməsinə MM-nin 445-i maddəsinə əsasən illik 5 faizlə faiz borcunun tutulması hissəsində əsaslıdır. Azərbaycan Respublikası 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. İşdəki sübutlarla təsdiq olunur ki, cavabdehə 24 yanvar 2014-cü il tarixli ”öhdəliklərin verilməsi haqqında müqavilə” əsasında “LƏL” firmasının 279 saylı 25 may 2007-ci il tarixli X1 müqaviləsi üzrə ola öhdəliyi ötürülmüş, öhdəliyin icra müddəti və məbləği müqaviləyə əlavə edilmiş və hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş ödəniş qrafiki ilə müəyyən edilmişdir. Cavabdehin lizinq obyektini təhvil aldığı və cəmi 10.000 manat ödəniş həyata keçirdiyi isə işi mübahisəsiz halıdır. Apellyasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, MM-nin 522.1-ci maddəsinə əsasən öhdəliyin verilməsi barədə müqavilə kreditorla bağlanmalı olduğu halda hazırkı halda “24 yanvar 2014-cü il tarixli ”öhdəliklərin verilməsi haqqında müqavilə” iddiaçı ilə bağlanmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, MM-nin 522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Hazırkı halda “24 yanvar 2014-cü il tarixli ”öhdəliklərin verilməsi haqqında müqavilə”nin bağlanmasına kreditor-lizinqverən öhdəliyi qəbul etmiş 3-cü şəxslə yeni ödəniş qrafiki tərtib etməklə razılığını ifadə etdiyindən həmin müqaviləyə məhkəmə tərəfindən MM-nin 337-ci maddəsinə əsasən (Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd) etibarsız əqd kimi hüquqi qiymət verilməsi üçün qanuni əsaslar mövcud deyil. Cavabdehin nümayəndəsi işə birinci instansiya qaydasında baxılarkən (03.08.2021-ci il tarixli məhkəmə iclasında) iddia tələbi üzrə üç illik iddia müddətini buraxıldığına istinad edərək bu əsasla iddianın rədd edilməsini xahiş etmiş, eyni əsas apellyasiya şikayətində də qeyd edilmişdir. Cavabdehin mövqeyinə görə 25 may 2007-ci il tarixdə bağlanmış lizinq müqaviləsi üzrə öhdəliyin icra müddəti 2010-cu ilin may ayında bitdiyindən, sonuncu ödəniş isə 30.12.2015-ci il tarixdə həyata keçirildiyindən, iddiaçı həmin tarixlərdən 3 il ərzində iddia qaldırmadığından 2020-ci ilin noyabr ayında hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Apellyasiya şikayətində eyni zamanda qeyd edir ki, MM-nin 551.1-ci maddəsinə əsasən lizinq müqaviləsi üzrə tələb qüvvəsini 2020-ci ilin may ayında, yəni öhdəliyin icra müddəti 2010-cu ilin may ayında başa çatdıqdan 10 il sonra tələbetmə müddəti başa çatdığından itirmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, cavabdehin bu dəlili əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən 373.2. müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Eyni zamanda MM-nin 552.1-ci maddəsində qeyd edilir ki, tələbetmə müddətinin keçməsi əsası ilə tələbi qüvvəsini itirməsi üçün müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, 25 may 2007-ci il tarixli lizinq müqaviləsi üzrə öhdəliyin icra müddəti (36 ay) yeni borclularla tərtib edilmiş ödəniş cədvəlləri əsasında tərəflərin qarşılıqlı razılığı ilə uzadılmışdır. Cavabdehlə iddiaçı arasında imzalanmış ödəniş cədvəli üzrə öhdəliyin icra müddəti 2018-ci ilin avqust ayında bitdiyindən iddiaçı 2020-ci ilin noyabr ayında iddia qaldırmaqla üç illik iddia müddətini, o cümlədən MM-nin 551-ci maddəsində nəzərdə tutulmuş tələbetmə müddətini ötürməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia cavabdehdən 1.800.000 manat lizinq ödənişi üzrə əsas borcun tutulması hissəsində əsaslı olsa da, lizinq mükafatı borcu ilə bağlı hissədə iddia qismən -yalnız 638576 manat borcun (648576-10.000 ödəniş) tutulmasına dair hissədə təmin olunmalı, 852205,27 manat faizin tutulması hissəsində isə əsassız hesab edilərək rədd olunmalıdır. MM-nin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Hazırkı halda lizinq müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən lizinqə verilmiş əmlakın qalıq dəyəri 1.800.000 manat, lizinq şirkətinin gəliri 648576, lizinq ödənişlərinin ümumi məbləği ******* manat müəyyən edildiyindən iddiaçı lizinq mükafatının üzərinə müqavilənin qüvvədə olduğu müddət üçün əlavə faizlər hesablaya bilməz. Müqavilənin 3.5-ci bəndində ödnişlərin gecikməsinə görə hər gecikdirilim gün üçün 0,05% cərimə faizi ödənişi nəzərdə tutulsa da, iddiaçı tərəfindən tələb edilən faizlərin cərimə olduğu iddia ərizəsinin məzmununda və maliyyə arayışında qeyd edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin edərkən qeyd edilə halları, maddi hüquq normalarının tələblərini nəzərə almamışdır. İddiaçı tərəfindən təqdim edilmiş 19.01.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehə pul öhdəliyinin icrası gecikdirildiyinə görə 2 il 8 ay 27 gün üçün (07.08.2018- 04.05.2021) MM-nin 445.7-ci maddəsinə əsasən illik 5 %-lə 246750 manat və pul vəsaitini qanunsuz saxlamaqla ondan faydalanmağa görə Mərkəzi Bankın uçot dərəcəsi ilə MM-nin 449-cu maddəsinə əsasən illik 6,25 faizlə 308437,50 manat faiz hesablanmışdır. Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.” Məhkəmə araşdırması zamanı cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyi öz təsdiqini tapdığından məhkəmə 246.750 manat faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair hissədə məhkəmənin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab etsə də, MM-nin 449-cu maddəsinə əsasən illik 6,25 faizlə 308437,50 manat faiz borcunun tutulması hissəsində qətnaməni əsassız hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09.07.2009cu il tarixi qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəfindən məhkəməyə cavabdehin ödənişini gecikdirdiyi pul vəsaitindən faydalandığını (gəlir götürdüyünü) təsdiq edən sübutlar təqdim edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı bu hissədə təmin etməkdə haqlı olmamışdır. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi lizinq obyektinin cavabdehdən alınaraq iddiaçıya geri qaytarılmasına dair hissədə də əsassızdır. İddiaçı qeyd edilən tələbi MM-nin 748-1.12.4-cü maddəsinə əsasən və lizinq müqaviləsinin 5.3-cü bəndinə əsasən irəli sürür. Lizinq müqaviləsinin 5.3-cü bəndinə əsasən müqavilə müddəti lizinqalanın öhdəlikləri yerinə yetirməməyinə əsasən vaxtından əvvəl bitmiş hesab olunarsa, lizinqalan lizinq obyektini 3 iş günü ərzində lizinqverənə təhvil verməyə borcludur. Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həm müqavilə şərtindən, həm də MM-nin istinad edilən normasının məzmunundan aydın olur ki, lizinq alanın lizinq ödənişlərini icra etmədiyi halda lizinq müqaviləsi lizinqalan tərəfindən vaxtından əvvəl, yəni öhdəliyin icra müddəti başa çatmadan ləğv edilərsə lizinqverən müqavilənin ləğv edildiyi vaxtadək yaranmış borcu tələb etməklə yanaşı, eyni zamanda lizinq obyektinin geri qaytarılmasını tələb etmək hüququna malik olur. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 1.6-cı bəndində qeyd edilir ki, lizinqalan bütün ödəniş və öhdəlikləri yerinə yetirdikdən lizinq obyektinə olan mülkiyyət və sərəncam hüququnu əldə edir. Yəni lizinq ödənişləri tam həyata keçirildikdən sonra lizinqverən lizinq obyekti üzərində mülkiyyət hüququnu lizinqalana ötürməyə borcludur. İddiaçı hazırkı halda lizinq müqaviləsinə vaxtından əvvəl xitam vermədiyindən və cavabdehdən lizinq müqaviləsi üzrə bütün ödənişi (öhdəliyin tam icrasını) tələb etdiyindən məhkəmə kollegiyası hesab edir ki, lizinqalanın lizinq obyektinin ona qaytarılmasını tələb etmək hüququ yoxdur. Birinci instansiya məhkəməsi iddiaçının bu tələbini təmin edərkən hər hansı qanun normasına və ya müqavilənin konkret bəndinə istinad etməmiş, müqavilə üzrə öhdəliyin cavabdeh tərəfindən icra edilməməsinin iddianın bu hissədə də təmin edilməsi üçün əsas olduğunu göstərmidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 06.05.2021-ci il tarixli e-2- 2(113)-589/2021 saylı qətnaməsi qismən ləğv edilməli, iddia cavabdeh "xxxx" MMC-dən iddiaçı "xxxx" QSC-nin xeyrinə lizinq müqaviləsi üzrə tələb edilən 852205,27 manat faizin, MM-nin 449.1-ci maddəsinə əsasən tələb edilən 308437,50 manat faizin tutulması, lizinq obyekti olan 1 ədəd poliuretan aşqar qatılmış rəngli metal örtüklərin istehsal xəttinin işlək vəziyyətdə geri alınaraq iddiaçıya qaytarılması hissəsində rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 06.05.2021-ci il tarixli e-2-2(113)-589/2021 saylı qətnaməsi qismən ləğv edilsin. İddia cavabdeh "xxxx" MMC-dən iddiaçı "xxxx" QSC-nin xeyrinə lizinq müqaviləsi üzrə tələb edilən 852205,27 manat faizin, MM-nin 449.1-ci maddəsinə əsasən tələb edilən 308437,50 manat faizin tutulması, lizinq obyekti olan 1 ədəd poliuretan aşqar qatılmış rəngli metal örtüklərin istehsal xəttinin işlək vəziyyətdə geri alınaraq iddiaçıya qaytarılması hissəsində rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar