Məhkəmə qərarları › İş №2-2(103)-67/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-67/2024

30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-67/2024 30.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı kommersiya işi Açar söz: pul tələbi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3439/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı MMC ilə Cavabdeh arasında 14 oktyabr 2020-ci il tarixli 075/2020 saylı məhsulların nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə şirkət nisyə olaraq ümumi dəyəri 6800 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satır, alıcı isə ümumi dəyəri 6800 manat məbləğində olan müxtəlif çeşidli məhsulları nisyə olaraq qəbul edir. Alıcı 6800 manat məbləğində olan borcunu 2 ay ərzində pul şəklində ödəməyi öz öhdəsinə götürür. Müqavilənin: 5-ci bəndinə əsasən alıcı satıcının hesabına ödəməli olduğu vəsaiti nəğd və ya köçürülmə formasında, yalnız satıcının səlahiyyətli nümayəndəsindən qəbz (təhsilat) almaqla ödəyir. Bu qaydanın pozulması nəticəsində yaranmış mübahisəyə görə məsuliyyəti alıcı tərəf daşıyır. Müqavilə tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

2. xx.xx.2020-ci il tarixli malların təhvil-təslim aktına əsasən İddiaçı tərəfindən Cavabdeh 6800 manat dəyərində mal təhvil verilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli mövcud borcun etiraf edilməsi haqqında mücərrəd müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci maddəsinə əsasən kreditor tərəfindən verilmiş müxtəlif çeşidli məhsullar əsasında borclunun kreditora 6800 manat məbləğində borcu yarandığı müəyyən olunmuşdur. Borclu kreditora 6800 manat borcunun olduğunu tam etiraf edir və bu müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürür. 2.1-ci maddəsinə əsasən borclu borc məbləğini bu müqavilə bağlandıqdan sonra hər ay 3400 manat olmaqla, xx.xx.2020-ci il tarixinədək tam olaraq kreditora ödəməyi öhdəsinə götürür. Müqavilə tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

3. İddiaçı MMC tərəfindən Cavabdeh borcun ödənilməsinə dair xx.xx.2023-cü il tarixli xəbərdarlıq ünvanlanaraq 6800 manat məbləğində borcun 3 iş günü ərzində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə hüquqi müdafiə vasitələrindən istifadə ediləcəyi bildirilmişdir.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyul 2024-cü il tarixli, 4/93 saylı ekspert rəyindən görünür ki, 1. Ekspertizaya təqdim edilmiş, 14 oktyabr 2020-ci il tarixli 075/2020 nömrəli Məhsulların nisyə alqı-satqısı barədə müqavilədə “Alıcı” qrafasından aşağıda yerləşən “İmza” qrafasındakı imza, 14 oktyabr 2020-ci il tarixli Mövcud borcun etirafı haqqında mücərrəd müqavilədə “Borclu” qrafasından aşağıda yerləşən “F/Ş:” qrafasındakı imza, 14 oktyabr 2020-ci il tarixli təhviltəslim aktında “Təhvil aldı: Alıcı:” qrafalarından aşağıda yerləşən “İmza” qrafasındakı imza, Cavabdeh adından İddiaçı MMC-nin prezidenti cənab Ceyhun Abbasova ünvanlanmış 14 oktyabr 2020-ci il tarixli Ərizədə “İmza:” qrafasındakı imza və “Cavabdeh” əlyazmaları - Cavabdeh tərəfindən icra olunmuşdur. 2. Ekspertizaya təqdim edilmiş, 14 oktyabr 2020-ci il tarixli 075/2020 nömrəli Məhsulların nisyə alqı-satqısı barədə müqavilədə “Alıcı” qrafasından aşağıda yerləşən “İmza” qrafasındakı imza, 14 oktyabr 2020-ci il tarixli Mövcud borcun etirafı haqqında mücərrəd müqavilədə “Borclu” qrafasından aşağıda yerləşən “F/Ş:” qrafasındakı imza, 14 oktyabr 2020-ci il tarixli təhviltəslim aktında “Təhvil aldı: Alıcı:” qrafalarından aşağıda yerləşən “İmza” qrafasındakı imza, Cavabdeh adından İddiaçı MMC-nin prezidenti cənab Ceyhun Abbasova ünvanlanmış 14 oktyabr 2020-ci il tarixli Ərizədə “İmza:” qrafasındakı imzada - imzaların qəsdən dəyişdidirlməklə icra olunmasını xarakterizə edən əlamətlər müəyyən olundu. 3. Ekspertizaya təqdim edilmiş, 14 oktyabr 2020-ci il tarixli 075/2020 nömrəli Məhsulların nisyə alqı-satqısı barədə müqavilədəki, 14 oktyabr 2020-ci il tarixli Mövcud borcun etirafı haqqında mücərrəd müqavilədəki, 14 oktyabr 2020-ci il tarixli təhvil-təslim aktındakı əlyazmalar; Cavabdeh adından İddiaçı MMC-nin prezidenti cənab Ceyhun Abbasova ünvanlanmış 14 oktyabr 2020-ci il tarixli Ərizədəki əlyazmalar (“İmza:” qrafasındakı “Cavabdeh” əlyazmalarından başqa) - Cavabdeh tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 6.800 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 100 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2020-ci il tarixli, 075/2020 saylı müqavilənin 1-ci bəndinə əsasən, İddiaçı MMC cavabdehə ümumi dəyəri 6.800 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən malların dəyərini pul şəklində 2 (iki) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 6.800 manat hissəsini bu günədək ödəməmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3439/2023 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia təmin edilərək, Cavabdeh 6800 manat əsas borc və mediasiya xərclərinin əvəzi olaraq 100 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 14 oktyabr 2020-ci il tarixli 075/2020 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək çeşidli məhsulları cavabdehə satmışdır. Cavabdeh isə təqdim olunmuş malların dəyərini ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 6800 manat məbləğində borcu yaranmışdır. xx.xx.2020-ci il tarixdə tərəflər mövcud borcun etiraf edilməsi haqqında mücərrəd müqaviləni imalamış və həmin müqaviləyə əsasən Cavabdeh müxtəlif çeşidli malların təqdim edilməsinə görə İddiaçı MMC-yə 6800 manat məbləğində borcunu olmasını etiraf etmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, cavabdehin mövcud borcun etirafı barədə mücərrəd müqaviləyə əsasən iddiaçıya 6800 manat məbləğində borcunun olmasını etiraf etsə də, sözügedən borcu ödəmək öhdəliyini həmin müqavilədə göstərilən müddətdə icra etmədiyindən iddia tələbi əsaslıdır. Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətlərinin dəlilləri

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3439/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı MMC şirkətini tanımr, həmin şirkətlə nə alqı-satqı müqaviləsi, nə borcun etirafı haqqında müqavilə bağlamamışdr, tərəflər arasında heç bir alqı-satqı əməliyyatı, razılaşması olmamışdr. Ümumiyyətlə Cavabdehla Avrora" MMC arasnda heç bir işgüzar və başqa münasibətlər mövcud olmamışdr. Cavabdeh sözügedən İddiaçı MMC-ni tanımır onlarla heç bir əməkdaşlıq etməmişdir, onlarla heç bir əməliyyat aparmamş, həmin MMC-dən heç bir mal almamış, onlarla hər hansı müqavilə bağlamamış və heç bir müqavilə, təhvil-təslim aktları imzalamamışdır. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilən və məhkəmə tərəfindən iddianın təmin edilməsinə əsas verən İddiaçı ilə Cavabdeh arasında 14 oktyabr 2020-ci il tarixli, 075/2020 saylı nisyə alqı-satqı müqaviləsi, 14 oktyabr 2020-ci il tarixli mövcud borcun etiraf edilməsi haqqnda mücərrəd müqavilə, xx.xx.2020-ci il tarixli təhviltəslim aktı Vüqar Bəşirov tərəfindən imzalanmamışdır. Həmin sənədlərdəki imzalar Cavabdeh məxsus deyildir. Cavabdeh imzası MMC tərəfindən saxtalaşdırılmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən müqavilələr və təhvil-təslim aktı saxta sənədlərdir. Həmin sənədlərdəki imzalar və əlyazmalar Cavabdeh aid deyil. Cavabdeh ********** nömrəli VÖEN-i bankdan kredit götürmək üçün 2020-ci ildə açsa da heç bir sahibkarlıq fəaliyyəti həyata keçirməmişdir, xx.xx.2021-ci il tarixindən faliyyətini dayandırmışdır. VÖEN bağlı olmuşdur. Bunu təsdiq edən Vüqar Bəşirovun vergi orqanına müvafiq ərizəsi və fiziki şəxsin fəaliyyətinin dayandırılması barədə məlumat vərəqəsi apellyasiya şikayətinə əlavə edilmişdir. İddiaçı MMC tərəfindən mallarn cavabdehə satılması barədə elektron qaimə də mövcud deyildir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

13. Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 elektron kabinet vasitəsilə ərizə göndərərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyəni bildirmiş və məhkəmə iclasını onun iştirakı olmadan keçirib apeliyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə görə Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2-ci maddəsinə görə bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

16. Qətnamə Cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

17. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3439/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

18. İşin hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 14 oktyabr 2020-ci il tarixli 075/2020 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək çeşidli məhsulları cavabdehə satmışdır. Cavabdeh isə təqdim olunmuş malların dəyərini ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 6800 manat məbləğində borcu yaranmışdır. xx.xx.2020-ci il tarixdə tərəflər mövcud borcun etiraf edilməsi haqqında mücərrəd müqaviləni imalamış və həmin müqaviləyə əsasən Cavabdeh müxtəlif çeşidli malların təqdim edilməsinə görə İddiaçı MMC-yə 6800 manat məbləğində borcunu olmasını etiraf etmişdir.

19. Belə olan halda birinci instansiya məhkəməsi cavabdehin mövcud borcun etirafı barədə mücərrəd müqaviləyə əsasən iddiaçıya 6800 manat məbləğində borcunun olmasını etiraf etsə də, sözügedən borcu ödəmək öhdəliyini həmin müqavilədə göstərilən müddətdə icra etmədiyini nəzərə alaraq düzgün hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh 6800 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməlidir.

20. Bundan əlavə, iş üzrə keçirilmiş ekspertiza rəyindən də görünür ki, ekspertizaya təqdim edilmiş, 14 oktyabr 2020-ci il tarixli 075/2020 nömrəli Məhsulların nisyə alqı-satqısı barədə müqavilədə “Alıcı” qrafasından aşağıda yerləşən “İmza” qrafasındakı imza, 14 oktyabr 2020-ci il tarixli Mövcud borcun etirafı haqqında mücərrəd müqavilədə “Borclu” qrafasından aşağıda yerləşən “F/Ş:” qrafasındakı imza, 14 oktyabr 2020-ci il tarixli təhviltəslim aktında “Təhvil aldı: Alıcı:” qrafalarından aşağıda yerləşən “İmza” qrafasındakı imza, Cavabdeh adından İddiaçı MMC-nin prezidenti cənab Ceyhun Abbasova ünvanlanmış 14 oktyabr 2020-ci il tarixli Ərizədə “İmza:” qrafasındakı imza və “Cavabdeh” əlyazmaları - Cavabdeh tərəfindən icra olunmuşdur.

21. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsilə bağlı əsas yoxdur.

22. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3439/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. 138 (bir yüz otuz səkkiz) manat ekspertiza xərci Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar