Məhkəmə qərarları › İş №2-2(103)-670/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-670/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-670/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin (bundan sonra - iddiaçı) vəkili və nümayəndəsi Vəkil iştirakı ilə iddiaçının cavabdeh “Hydroserv Caspian LTD” şirkətinə (bundan sonra - cavabdeh) qarşı pul tələbinə dair ilk iddia, cavabdehin iddiaçıya qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-208/2021 nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən 9.498,85 manat məbləğdə borcun, 109,79 manat məbləğdə cərimənin, 150 manat məbləğdə vəkil xərcinin və 30 manat məbləğdə ödənilmiş dövlət rüsumunun, cəmi 9.788,64 manat məbləğdə pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh də iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, cavabdehdən qətnamə çıxarıldığı gün Azərbaycan Respublikası manat məzənnəsi ekvivalentində daşıma nəticəsində zədələnmiş və tamamilə yararsız hala düşmüş avadanlığın yenisinin bazar qiymətini təşkil edən 9.621,30 avro, həmin avadanlığın Almaniyadan geriyə Azərbaycana qaytarılması üçün daşıma xərci olaraq ödənilmiş ƏDV daxil 540,63 manat və qarşılıqlı iddia üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 10.03.2021-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilmiş, cavabdehdən 9.498,85 manat məbləğdə əsas borcun, 109,79 manat məbləğdə dəbbə pulunun, cəmi 9.608,64 manat məbləğdə pul vəsaitinin, vəkil xərclərinin əvəzi olaraq 150 manat məbləğdə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğdə pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, qarşılıqlı iddia rədd edilmiş, qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, ilk iddia rədd edilməklə, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətində heç bir faktiki dəlil göstərilməmiş, şikayətdə işin təsviri verilərək, mülki prosessual qanunvericiliyin normaları sadalanmışdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayəti qəbul etməyib, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, baxmayaraq ki, apellyasiya şikayətində heç bir faktiki dəlilə istinad olunmamışdır, şikayətlə qətnamənin tam ləğvi xahiş olunduğundan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını bütövlükdə yoxlayır (MPM-in 372.6-cı maddəsi). Belə bir yoxlama aparıldıqda isə müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassızdır. İşin mübahisəsiz hallarına görə, tərəflər arasında bağlanmış 09 yanvar 2019-cu il tarixli 03-19İL saylı müqavilənin 1.1-ci bəndinə əsasən, müqavilənin predmeti icraçı (iddiaçı) tərəfindən sifarişçiyə (cavabdehə) onun ekspres məktublarının və yüklərinin çatdırılması üzrə xidmətlərdir. Hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilən Müqavilənin: 2.3.1-ci bəndinə görə, təyin olunmuş məntəqədən ekspres-yükü alıb və onu müqavilə tərəflərinin razılaşdırılmış vaxtda alıcıya çatdırmaq icraçının öhdəliyidir; 2.3.2-ci bəndinə əsasən, sifarişçinin ekspres-yükünün tərkibini yoxlamaq icraçının öhdəsində deyil; 3.1-ci bəndinə görə, ekspres-yük yalnız icraçının təqsirinə görə yaxud da itsə o zaman icraçı sifarişçinin qarşısında məsuliyyət daşıyır; 3.3-cü bəndinə əsasən, sığorta olunmamış ekspres-yükün zədələnməsi yaxud itməsi halında icraçı məhdud məsuliyyət daşıyır: bir qaimə üzrə ekspres-yükün hər tam və natamam kiloqramına 10 ABŞ dolları məbləğində amma 50 ABŞ dollarından az olmamaq şərtilə; 3.4-cü bəndinə görə, müqavilənin şərtlərinin icrası yaxud lazımi səviyyədə icra edilməməsi sifarişçinin yaxud ekspres-yükün alıcısının təqsirinə görə olubsa o zaman icraçı müqavilə üzrə məsuliyyətdən azad olunur; 3.7-ci bəndinə əsasən, sifarişçi hesabı müqavilənin 4-cü bəndində göstərilən vaxtda ödəmədiyi halda icraçıya hər gecikdirilmiş günə borcun 0,01% məbləğində cərimə ödəyir; 5.1-ci bəndinə görə, müqavilə 09 yanvar 2019-cu il tarixindən qüvvəyə minir və 2 il ərzində qüvvədə olur. 30 gün əvvəlcədən yazılı surətdə o biri tərəfi xəbərdarlıq etməklə tərəflərin biri müqaviləni birtərəfli qaydada ləğv etməyə hüququ var. İddiaçı tərəfindən ƏDV daxil 2.496,88 manat dəyərində xidmətin göstərilməsinə dair 10.01.2020-ci il tarixli EBAE 917590 saylı, ƏDV daxil 1.564,68 manat dəyərində xidmətin göstərilməsinə dair 06.02.2020-ci il tarixli EBAF 947066 saylı, ƏDV daxil 1.103,30 manat dəyərində xidmətin göstərilməsinə dair 04.03.2020-ci il tarixli EBAH 189727 saylı, ƏDV daxil 1.626,87 manat dəyərində xidmətin göstərilməsinə dair 06.03.2020-ci il tarixli EBAH 325140 saylı, ƏDV daxil 802,40 manat dəyərində xidmətin göstərilməsinə dair 03.04.2020-ci il tarixli EBAİ 394768 saylı, ƏDV daxil 982,94 manat dəyərində xidmətin göstərilməsinə dair 01.05.2020-ci il tarixli EBAJ 406585 saylı, ƏDV daxil 671,01 manat dəyərində xidmətin göstərilməsinə dair 01.05.2020-ci il tarixli EBAJ 422287 saylı, ƏDV daxil 260,78 manat dəyərində xidmətin göstərilməsinə dair 07.05.2020-ci il tarixli EBAJ 600442 saylı, ƏDV daxil 375,12 manat dəyərində xidmətin göstərilməsinə dair 04.06.2020-ci il tarixli EBAK 730649 saylı elektron qaimələr tərtib edilərək, elektron sistem vasitəsilə cavabdehin Azərbaycan Respublikasındakı filialına göndərilmişdir. İddiaçı tərəfindən cavabdehin Azərbaycan Respublikasındakı filialına göstərilmiş xidmətlərə görə 2.946,88 manat məbləğdə pul vəsaitinin ödənilməsi ilə bağlı 07.01.2020-ci il tarixli 31/20 saylı, 1.564,68 manat məbləğdə pul vəsaitinin ödənilməsi ilə bağlı 03.02.2020-ci il tarixli 89/20 saylı, 1.626,87 manat məbləğdə pul vəsaitinin ödənilməsi ilə bağlı 03.02.2020-ci il tarixli 121/20 saylı, 1.103,30 manat məbləğdə pul vəsaitinin ödənilməsi ilə bağlı 02.03.2020-ci il tarixli 131/20 saylı, 802,40 manat məbləğdə pul vəsaitinin ödənilməsi ilə bağlı 05.04.2020-ci il tarixli 183/20 saylı, 982,94 manat məbləğdə pul vəsaitinin ödənilməsi ilə bağlı 01.05.2020-ci il tarixli 190/20 saylı, 671,01 manat məbləğdə pul vəsaitinin ödənilməsi ilə bağlı 01.05.2020-ci il tarixli 207/20 saylı, 260,78 manat məbləğdə pul vəsaitinin ödənilməsi ilə bağlı 01.05.2020-ci il tarixli 220/20 saylı, 375,12 manat məbləğdə pul vəsaitinin ödənilməsi ilə bağlı 01.06.2020-ci il tarixli 262/20 saylı hesablar cavabdehin Azərbaycan Respublikasındakı filialına təqdim edilmişdir. Cavabdeh tərəfindən təsdiq edilmiş 12 noyabr 2020-ci il tarixli Qarşılıqlı üzləşdirmə aktına əsasən, onun iddiaçıya olan borcu ƏDV daxil 7.742,29 manat təşkil edir. Gömrük bəyannaməsinə görə, cavabdehin Azərbaycan Respublikasındakı filialı tərəfindən CALİBRATİON CONTAMİNATİON CONTROL SYSTEM-CCS2 avadanlıq kalibrasiya olunmaq üçün 17 mart 2020-ci il tarixdə Almaniya Federativ Respublikasına göndərilmişdir. X1 Worldwide şirkəti tərəfindən tərtib edilmiş yoxlamanın nəticəsinə dair arayışdan görünür ki, CCS2 məhsulu ağır zədələnmiş formada gəlmiş, lazer sensorda mövcud olan nöqsan sınaqdan keçirilən zaman aşkar olunmuşdur. 4um/6u/14um dəyərləri etibarsızdır, avadanlıq təmir oluna bilməz. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilk iddia əsaslı, qarşılıqlı iddia isə əsassızdır. İlk iddianın yükdaşıma xidmətinə görə 9.498,85 manat məbləğdə haqqın tutulması tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi ilk iddianı qismən qəbul etmiş və borcunun 7.742,29 manat məbləğdə olmasını bildirmiş, lakin borcun məhz qəbul etdiyi məbləğdə olmasını təsdiq edən hər hansı sübutu Məhkəməyə təqdim etməmiş, eləcə də hansı elektron qaimələr üzrə borcu qəbul etdiyini, hansılar üzrə qəbul etmədiyini və hansı əsasla qəbul etmədiyini dəqiqləşdirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Belə olan halda ilk iddia cavabdehdən iddiaçının xeyrinə 9.498,85 manat məbləğdə borc tutulmalıdır. Bu məbləğ cavabdeh tərəfindən apellyasiya şikayətində də mübahisə edilməmişdir. İlk iddianın əsas borcun ödənilməsinin gecikdirilməsinə görə 109,79 manat məbləğdə dəbbə pulunun ödənilməsi tələbinə gəldikdə isə, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İlk iddia üzrə cavabdehin ödənişləri gecikdirməsi müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. İlk iddia üzrə məhkəmə xərclərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, MPM-in: 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan xəzinə mədaxil orderindən görünür ki, iddiaçı vəkil yardımına görə 150 manat məbləğdə pul ödəmişdir. Eyni zamanda, ilk iddia ərizəsi verilərkən 30 manat məbləğdə dövlət rüsumu ödənilmişdir. Qarşılıqlı iddiaya münasibətdə isə məhkəmə kollegiyası bildirir ki, tələb yükdaşıma zamanı yükün zədələnməsi nəticəsində dəymiş maddi zərərin (yeni avadanlıq əldə edilməsi üçün tələb olunan məbləğ və avadanlığın Almaniya Federativ Respublikasından Azərbaycan Respublikasına daşınması xərcləri) əvəzi olaraq pulun tutulması tələbidir. Mülki Məcəllənin: 859.2-ci maddəsinə görə, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır; 859.5-ci maddəyə əsasən, daşıyıcıya qarşı bütün iddialar yük qeyd-şərtsiz qəbul edildikdən və ödənildikdən sonra ödənilir. Bu müddəa aşağıdakı hallarda tətbiq edilmir: 859.5.1. daşıyıcı qəsd və ya kobud ehtiyatsızlıq üçün məsuliyyət daşıyırsa; 859.5.2. əgər iddialar yükün zahirən görünən zədələrinə əsaslanırsa, yük alan bunları şərait nəzərə alınmaqla onun üçün mümkün və yolverilən müddət ərzində aşkar etdikdə və bu barədə daşıyıcıya zədələr aşkar edildikdən sonra dərhal, lakin çatdırılmadan ən geci səkkiz gün keçənədək bildiriş verdikdə. İşdən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən avadanlığın zədələnməsinin məhz yükdaşınması zamanı baş verməsi sübuta yetirilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, 14.2-ci maddəsinə əsasən isə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bununla yanaşı, yük qəbul edilərkən yükalan tərəfindən yükün zədəli olması ilə bağlı hər hansı qeyd-şərt verilməsi və ya yükün qəbul edildiyi vaxtdan 8 gün ərzində yükgöndərən və ya yükalan tərəfindən yükün zədələnməsi ilə bağlı yükdaşıyıcıya qarşı hər hansı bir tələb irəli sürməsi də iş materialları ilə təsdiqini tapmır. Belə olan halda, avadanlığın zədələnməsinin daşınma nəticəsində baş verməsi ehtimal edilsə, daşıyıcıya qarşı bütün iddialar Mülki Məcəllənin 859.5-ci maddəsinin tələblərinə cavab verməli idi. Qarşılıqlı iddia əsassız olduğundan, ödənilmiş dövlət rüsumu da cavabdehə aid edilməlidir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayəti işin halları və qanunvericiliklə təkzib olunur. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-208/2021 nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. “Hydroserv Caspian LTD” şirkətinin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar