Məhkəmə qərarları › İş №2-2(103)-670/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-670/2022

28.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-670/2022 28.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri ərazi idarəsi və Cavabdeh3-yə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair tələblərə dair iddia ərizəsi ilə bağlı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-1895/2015 nömrəli iş üzrə 04 aprel 2022-ci il tarixli qərardadından iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, iddiaçının istifadəsində və sahibliyində olan ünvan 1 ünvanda yerləşən Bakı 49 hərbi şəhərciyinin yerləşdiyi 0,47 ha torpaq sahəsi və həmin ərazidə yerləşən inzibati binanın (2 mərtəbəli qeyri-yaşayış sahəsi) AR Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh3-yə satılaraq özgəninkiləşdirilməsinə dair xx.xx.2013-cü il tarixli 5049 nömrəli İcarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinin, həmçinin, həmin qeyri-yaşayış sahəsinin altında və ətrafında olan 0,47 ha torpaq sahəsinin xx.xx.2013-cü il tarixli 4602 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bu əmlaka dair AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən edilmiş müvafiq qeydi və qeyd əsasında verilmiş ******* nömrəli çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanda yerləşən Cavabdeh3-nin adına özəlləşdirilmiş və mülkiyyətində olan əmlakın iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərardadına əsasən ünvan 1 ünvanda yerləşən Bakı 49 hərbi şəhərciyinin yerləşdiyi 0,47 ha torpaq sahəsində Cavabdeh3 tərəfindən aparılan tikinti işləri dayandırılmış və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində Hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrində xx.xx.2013-cü il tarixli ********** nömrəli qeydiyyat nömrəsi ilə Cavabdeh3-nin adına mülkiyyət hüququ ilə qeydə alınmış torpaq sahəsinin və üzərində tikintisinə başlanmış yüksəkmərtəbəli yaşayış binasının üzərinə həbs qoyulmuş, həmin tarixdə icra vərəqəsi tərtib edilərək icra edilməsi üçün Bakı şəhəri Yasamal rayon icra şöbəsinə göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmış, qərardad xx.xx.2016-cı il tarixdə iddiaçıya rəsmi qaydada təqdim edilmişdir. Cavabdeh3 xx.xx.2022-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinə ərizə təqdim edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərardadı ləğv edilmiş, qərardadla torpaq sahəsinin və tikintisinə başlanmış yüksəkmərtəbəli yaşayış binasının üzərinə qoyulmuş həbs götürülmüşdür. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, xx.xx.2022-ci il tarixli qərardad qəbul edilərkən mübahisəli torpaq sahəsi və tikintisinə başlanmış yüksəkmərtəbəli yaşayış binasının üzərinə qoyulmuş həbsin götürülmə əsasları təsbit edilməmişdir. Həmçinin, qərardad qəbul edilərkən iddiaçı məhkəmə iclasının tarixi barədə məlumatlandırılmamış, yazılı icraat qaydasına işə baxılsa belə prosesdə hər hansı formada iştirak imkanından məhrum olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmış, qərardad xx.xx.2016-cı il tarixdə rəsmi qaydada iddiaçıya təqdim olunmuş (iş vərəqi 226), sonuncu qərardaddan şikayət verməmiş və bununla da qərardad qanuni qüvvəyə minmişdir. MPM-in: Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir; Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu; Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir; Maddə 162.1. Müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər; Maddə 162.3. İddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Göründüyü kimi, qanunverici müvəqqəti təminat tədbirlərinin yalnız cavabdehin (digər şəxslərin) hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilməsini, bunun üçün də, birincisi, müvəqqəti təminat tədbiri tətbiq edilmədən ərizəçinin hüquqlarının qorunmasının mümkün olmamasının və iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcud olmasının məhkəmə araşdırması ilə təsdiqini tapmasını, ikincisi, bu tədbirin istinad olunan məqsədlərə mütənasib olmasını və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməsini tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx.xx.2018-ci il tarixli Qərarında göstərmişdir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə iddia ərizəsi baxılmamış saxlandığı və həmin qərardad qanuni qüvvəsini aldığı üçün, müvəqqəti təminat tədbirinin saxlanılmasına artıq zərurət qalmamış, bu səbəbdən biririnci instansiya məhkəməsi qanunun birbaşa tələbini rəhbər tutaraq həmin qərardadı ləğv etməkdə haqlı olmuşdur. İddiaçı da mübahisəli müvəqqəti təminat tədbirinin saxlanılması ilə bağlı şikayətində tutarlı bir dəlilə istinad etməmişdir. Bu mənada məhkəmə kollegiyası şikayətlə razılaşmır. MPM-in: Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-1895/2015 nömrəli iş üzrə 04 aprel 2022ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar