Məhkəmə qərarları › İş №2-2(103)-671/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-671/2025

20.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-671/2025 20.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Rauf qızının sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2181/2025 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. "xxxx" ASC (lizinq verən qismində) ilə Cavabdeh (lizinq alan qismində) arasında bağlanmış 20 iyun 2017-ci il tarixli 210-LD/17 nömrəli lizinq müqaviləsi ilə lizinq verən ümumi məbləği 50% güzəşt tətbiq edildikdən sonra 1 ədədinin qiyməti 2590,27 manat olan 5 ədəd damazlıq heyvanı (“Simmental”) dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan (cavabdeh) isə damazlıq heyvanın ümumi məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lizinq obyektinin ümumi məbləğinin 12951,35 manat olması, həmin məbləğin 6472,9 manatının ilkin ödəniş olaraq, qalan məbləğin 2017-ci ilin İV rübündən 2020-ci ilin İİ rübünədək ödəniş qrafikinə uyğun ödənilməsi razılaşdırılmışdır. Lizinq obyekti xx.xx.2017-ci il tarixli akt əsasında cavabdeh tərəfindən təhvil alınmış, cavabdeh tərəfindən ilkin ödəniş daxil olmaqla ümumilikdə 8824,9 manat ödəniş edilmişdir;

2. "xxxx" ASC (lizinq verən qismində) ilə Cavabdeh (lizinq alan qismində) arasında bağlanmış 05 noyabr 2018-ci il tarixli 368-LD/18 nömrəli lizinq müqaviləsi ilə lizinq verən ümumi məbləği 50% güzəşt tətbiq edildikdən sonra 1 ədədinin dəyəri 2440 manat olan 4 ədəd damazlıq heyvanı (“Simmental”) dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan (cavabdeh) isə damazlıq heyvanın ümumi məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür.

3. Lizinq obyektinin ümumi məbləğinin 9760 manat olması, həmin məbləğin 4880 manatının ilkin ödəniş olaraq, qalan məbləğin 2019-cu ilin İ rübündən 2021-ci ilin İV rübünədək ödəniş qrafikinə uyğun ödənilməsi razılaşdırılmışdır. Lizinq obyekti xx.xx.2018ci il tarixli akt əsasında sağlam və boğaz halda cavabdeh tərəfindən təhvil alınmış, cavabdeh tərəfindən ilkin ödəniş daxil olmaqla ümumilikdə 4880 manat ödəniş edilmişdir;

4. Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli e- 2-2(113)-240/2021 nömrəli qiyabi qətnaməsi əsasında 20 iyun 2017-ci il tarixli 210- LD/17 nömrəli və 05 noyabr 2018-ci il tarixli 368-LD/18 nömrəli lizinq müqavilələri üzrə 4716 manat əsas borc cavabdehdən tutulmuş, həmin məbləğdən hazırkı iddia ərizəsi verilərkən 2940 manat 20 iyun 2017-ci il tarixli 210-LD/17 nömrəli lizinq müqaviləsi, 1776 manat 05 noyabr 2018-ci il tarixli 368-LD/18 nömrəli lizinq müqaviləsi üzrə borca silinərək nəzərə alınmışdır;

5. "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür. Birinci instansiya məhkəməsindəki icraat:

6. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 210- LD/17 nömrəli lizinq müqaviləsi üzrə 1186,45 manat əsas borcun, 1825,48 manat cərimə borcunun, xx.xx.2018-ci il tarixli 368-LD/18 nömrəli lizinq müqaviləsi üzrə 3104 manat əsas borcun, 4079,74 manat cərimə borcunun və 500 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddianın tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 368-LD/18 nömrəli və xx.xx.2017-ci il tarixli 210-LD/17 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) lizinq obyektlərini lizinqə götürmüşdür. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışlarının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2018-ci il tarixli 368-LD/18 nömrəli müqavilə üzrə 3104 manat gecikdirilmiş borcu və 4079,74 manat cərimə borcu, xx.xx.2017-ci il tarixli 210-LD/17 nömrəli müqavilə üzrə isə 1186,45 manat gecikdirilmiş borcu və 1825,48 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəlikləri vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Eyni zamanda hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 500 manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

8. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 465.2, 747.1-ci və s. maddələri göstərilmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2181/2025 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 20 iyun 2017-ci il tarixli 210-LD/17 nömrəli lizinq müqaviləsi üzrə 1186,45 manat, 05 noyabr 2018-ci il tarixli 368-LD/18 nömrəli lizinq müqaviləsi üzrə 3104 manat pulun cavabdehdən tutulmasını tələb etmişdir. Cavabdeh hər iki müqavilə üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Hazırkı işin müəyyən olunmuş halı ondan ibarətdir ki, cavabehin 20 iyun 2017-ci il tarixli 210-LD/17 nömrəli lizinq müqaviləsi üzrə 1186,45 manat, 05 noyabr 2018-ci il tarixli 368-LD/18 nömrəli lizinq müqaviləsi 3104 manat borcu mövcuddur. Başqa sözlə, iddiaçı həmin məbləğləri tələb etmək üçün subyektiv hüquqa malikdir, cavabdeh tərəfindən isə adıçəkilən hüquq pozulmuşdur. Məhkəmə lizinq müqaviləsinin icra müddətini – lizinq ödənişlərinin sonuncusunun ödənilmə tarixini nəzərə alaraq qeyd etmişdir ki, 20 iyun 2017-ci il tarixli 210- LD/17 nömrəli lizinq müqaviləsi üzrə lizinq ödənişinin ödənilməsini tələb etmək hüququ üçün iddia müddəti xx.xx.2020-ci il, 05 noyabr 2018-ci il tarixli 368-LD/18 nömrəli lizinq müqaviləsi üzrə lizinq ödənişinin ödənilməsini tələb etmək hüququ üçün iddia müddəti xx.xx.2021-ci il tarixdə başlamışdır. İddiaçı isə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmiş, müqavilə tələbləri üzrə üç illik iddia müddətini ötürmüşdür. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən 20 iyun 2017-ci il tarixli 210- LD/17 nömrəli və 05 noyabr 2018-ci il tarixli 368-LD/18 nömrəli lizinq müqavilələri əsas borc məbləğlərinin tələb edilməsi üzrə iddia müddəti ötürülmüş, iddia müddətinin axımının kəsilməsi və ya dayandırılması halı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbi üzrə iddia müddəti keçdiyindən, həmin tələb rədd olunmalıdır. İddiaçı həmçinin hüquqi yardımla bağlı ödənilmiş 500 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin rədd edildiyini nəzərə alaraq hesab etmişdir ki, hüquqi yardım xərci iddiaçıya aid edilməlidir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 375.2, 376, 377.2, 747.1-ci maddələrinə, L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 8 may 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.

12. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin yalnız iddia müddətinin keçməsinə əsaslanaraq qərar verməsi düzgün deyildir. İddia müddəti hüququn müdafiəsinin vaxt çərçivəsini müəyyən etsə də, bu müddətin keçməsi avtomatik olaraq borcun ödənilməli olmadığını təsdiq etmir. Xüsusilə də, cavabdehin iddia müddətinin tətbiq olunmasını tələb etməsi borcun hüquqi aspektdən tanındığı ehtimalını doğurur. Məhkəmə bu faktı nəzərə almalı və işin hallarını bütövlükdə qiymətləndirməlidir. Əks halda, yalnız formal müddəalara istinad edilərək iddianın rədd edilməsi, hüququn məqsəd və prinsipləri baxımından qeyri-adekvat nəticəyə gətirib çıxara bilər. Dövlət büdcəsindən ayrılmış vəsaitlərin geri qaytarılması məsələsinin xüsusi ictimai əhəmiyyət daşıması da nəzərə alınmalıdır. Belə hallarda, məhkəmənin işə yanaşması fərqli olmalı, iddia müddətinin tətbiqi mexaniki olaraq deyil, işin konkret halları və ədalət prinsipi çərçivəsində həyata keçirilməlidir. Dövlətin maliyyə maraqlarının qorunması hüquq siyasətinin əsas istiqamətlərindən biri olduğuna görə, cavabdehin iddia müddətinin tətbiqini tələb etməsi, lakin borcu açıq şəkildə inkar etməməsi şəraitində məhkəmənin iddianı tam araşdırmadan rədd etməsi hüquqi baxımdan əsassız hesab edilməlidir. Məhkəmənin iddia müddətini tətbiq etməsi, mülki dövriyyənin və hüquq münasibətlərinin müəyyənliyini təmin etmək məqsədini güdür. Lakin, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ödənişlərin edilməməsi hallarında, dövlət büdcəsinin vəsaitlərinin qorunması və geri alınması məqsədilə iddia müddətinin tətbiqi məsələsi hüquqi cəhətdən mübahisəlidir. Bu səbəbdən, məhkəmənin iddia müddətinə əsaslanaraq iddianı rədd etməsi, xüsusilə dövlətin hüquqlarının müdafiəsi baxımından, müvafiq hüquqi əsaslara dayanmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticə, dövlət büdcəsinin vəsaitlərinin qorunması baxımından yenidən qiymətləndirilməlidir. Cavabdeh lizinq müqaviləsi çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, lakin borclu olduğunu da inkar etməmişdir. Məhz bu amil göstərir ki, cavabdeh borcu ödəmək vəzifəsini daşıyır və bu öhdəliyin yerinə yetirilməsi hüquqi baxımdan tələb oluna bilər. Bu arqumentlərə əsasən, məhkəmə borclunun borcunu qəbul etdiyini, dövlət vəsaitlərinin qaytarılmasının ictimai əhəmiyyətini, iddia müddətinin tətbiqinə daha çevik yanaşılmasını və hüquqdan sui-istifadənin qarşısının alınmasını nəzərə alaraq iddianın təmin edilməsinə qərar verməlidir. Hüquq ədalət və məntiqə əsaslanmalı, formal müddəaların arxasında ədalətsiz nəticələrin yaranmasına yol verilməməlidir. Məhkəmənin çıxardığı qətnamə işin faktiki hallarına əsaslanmadığından və hüquqi əsaslandırma baxımından ciddi qüsurlar daşıdığından, həmin qərarın ləğv edilməsi və işə yenidən mahiyyəti üzrə baxılması zəruridir. Dövlət büdcəsinin vəsaitlərinin geri qaytarılması ilə bağlıməsələlər ümumi mülki hüquqi tələblərdən fərqlənir və bu xüsus nəzərə alınmadan qəbul edilən qərar hüququn təməl prinsipləri ilə uzlaşmır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

15. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdi.

16. Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

17. Mülki Məcəllənin: -372.1-ci, 372.2-ci, 373.2-ci, 377.2-ci, 375.2-ci və 376-cı maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir -747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

18. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

19. Mülki Prosessual Məcəllənin: -372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. -372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. -Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edildiyindən və həmin qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC ilə Cavabdeh arasında damazlıq heyvanların güzəştli qaydada verilməsi ilə bağlı 20 iyun 2017-ci il tarixli 210-LD/17 nömrəli və 05 noyabr 2018-ci il tarixli 368-LD/18 nömrəli lizinq müqavilələri bağlanmış və "xxxx" ASC həmin müqavilələr üzrə öhdəliklərini icra edərək lizinq obyekti olan damazlıq heyvanları Cavabdeh təhvil vermiş, cavabdeh isə lizinq ödənişlərini ödəniş qrafiklərinə uyğun həyata keçirməmiş və nəticədə lizinq müqavilələri üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (mübahisəli hüquq münasibətində "xxxx" ASC-nin hüquqi varisi) borcu yaranmışdır.

22. Mübahisəli lizinq müqavilələrində cavabdehin lizinq ödənişlərin gecikdirilməsinə görə dəbbə pulu ödəmək öhdəliyi nəzərdə tutulmuşdur.

23. Odur ki, iddiaçı Mülki Məcəllənin 747.1 və 462-ci maddələrinə əsasən mübahisəli müqavilələr üzrə borcun və həmin borcun ödənilməsinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

24. Digər tərəfdən iş materiallarından görünür ki, cavabdeh mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.

25. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, tərəflər arasında bağlanmış 20 iyun 2017-ci il tarixli lizinq müqaviləsi üzrə sonuncu lizinq ödənişi 2020-ci ilin -iyun aylarında, 05 noyabr 2018-ci il tarixli lizinq müqaviləsi üzrə ödəniş qrafikinə əsasən isə sonuncu lizinq ödənişi xx.xx.2021-ci il tarixdə həyata keçirilməli idi. Odur ki, Mülki Məcəllənin 377.2-ci maddəsinin tələblərinə əsasən 20 iyun 2017-ci il tarixli lizinq müqaviləsi üzrə iddia müddətinin axımı xx.xx.2020-ci il tarixdə, 05 noyabr 2018-ci il tarixli lizinq müqaviləsi üzrə isə xx.xx.2021-ci il tarixdə başladığından iddiaçı hazırkı iddianı xx.xx.2025-ci il tarixdə qaldırmaqla müqavilə tələbləri (həm əsas tələb, həm də əlavə tələb- dəbbə pulu tələbi) üzrə qanunda nəzərdə tutulmuş üç illik iddia müddətini buraxmışdır.

26. İddiaçının dövlət büdcəsindən maliyyələşən təşkilat olması və cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pulun dövlət büdcəsinə aid vəsait olması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin iddia müddətləri ilə bağlı qaydaları müəyyən edən normaları iddia müddətinin tətbiq edilməsini mülki hüquq münasibətlərinin subyektiv tərkibindən asılı etməmiş, yalnız “müddətsiz” müdafiə edilən tələblər müəyyən etmişdir və hazırki iddia tələbinin həmin tələblərə aid olduğu da müəyyən edilmir.

27. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

28. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 2181/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar