Məhkəmə qərarları › İş №2-2(103)-672/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-672/2020

23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-672/2020 23.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, X1 katibliyi ilə, İddiaçı Cavabdeh sığorta şirkəti ASC-yə qarşı “sığorta ödənişinin verilməsi tələbinə dair” iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(113)- 2806/2020 saylı qərardadından iddiaçı (nümayəndəsi Vəkil) tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Cavabdeh sığorta şirkəti ASC-yə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-2(113)-2806/2020 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək ləğv edilməsini və işin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iddia ərizəsinə cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat əlavə edilməməsi səbəbindən geri qaytarmışdır. Sığorta şirkəti ilə iddiaçı arasında nə qanunla, nə də ki müqavilə ilə məhkəməyə qədər nizamlanma qaydası müəyyən olunmamışdır. İddiaçının hüquqları qanunsuz məhdudlaşdırılaraq o, məhkəmə müdafiəsi hüququndan məhrum edilir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək səhhətində qrip virusuna məruz qalması ilə əlaqədar simptomlar əmələ gəldiyini güman etdiyini bildirərək, işə baxılmasını təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Nümayəndənin bununla bağlı müvafiq sübut təqdim etmədyini, digər tərəfdən mübahisəli məsələnin prosessual xarakter daşıdığını, eyni zamanda, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (“MPM”) 397.2-ci maddəsinə əsasən 20 gün ərzində şikayətə baxılmalı olduğunu nəzərə alan məhkəmə kollegiyası onun, habelə, məhkəmə iclası barədə xəbərdar edilmiş, lakin məhkəməyə gəlməyən cavabdehin (nümayəndəsinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb və prosessual qanunvericiliyin tələblərini nəzərə alıb belə hesab edir ki, iddiaçının şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi qərardadında iddia ərizəsini geri qaytararkən iki əsasa istinad etmişdir. Birincisi, iddiaçı tərəfindən məhkəməyə qədər pretenziya qaydasına riayət edilməsinə dair sənəd; ikincisi isə iddia ərizəsinin cavabdeh tərəfindən alınmasına dair sənəd - iddia ərizəsinə əlavə etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, MPM-in 150.0.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; 150.0.7-ci maddəsinə əsasən isə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd - iddia ərizəsinə əlavə edilməlidir. Birinci halda iş materialları araşdırıldıqda, iddiaçı tərəfindən MPM-in qeyd olunan 150.0.4-cü maddəsinin tələbinə uyğun olaraq, iddia ərizəsinin (və ona əlavə edilmiş sənədlərin) surətinin cavabdeh tərəfindən alınmasını təsdiq edən sənədin iddia ərizəsinə əlavə olunduğu müəyyən edilmir. İkinci halda da həmçinin, MPM-in qeyd edilən 150.0.7-ci maddəsində nəzərdə tutulan mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin də iddia ərizəsinə əlavə olunduğu görünmür. Halbuki, ən azından, Mülki Məcəllənin 933.1-ci maddəsinin tələbinə görə sığorta ödənişinin həyata keçirilməsi üçün sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi mövcud olmalıdır. İddiaçı isə sığortaçıya iddia ərizəsinə pretenziya qaydasında sığortaçıya ünvanlamalı olduğu sığorta tələbini iddia ərizəsinə əlavə etməmişdir. Beləliklə də, qeyd olunanlardan göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinin MPM-in 150.0.4-cü və 150.0.7-ci maddələri ilə müəyyən olunan qaydalarına riayət olunmamışdır. Belə olan halda, həmin Məcəllənin: 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə; 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə - hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin geri qaytarılması prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Ona görə də məhkəmə kollegiyası iddiaçının şikayətinin birinci instansiya məhkəməsi tərəfindən onun hüquqlarının qanunsuz olaraq məhdudlaşdırıldığını və məhkəmə müdafiəsi hüququndan məhrum edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-2806/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 263-264, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı (nümayəndəsinin) şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(113)-2806/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar