Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-672/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya işi Açar söz: pulun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndələri X3 və X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı satınalma müqaviləsi üzrə ödənilmiş pulun geri qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-1080/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 40.11-ci maddəsinə uyğun olaraq 05 may 2020-ci il tarixli 04-20 nömrəli satınalma müqaviləsi bağlanmışdır.
2. İddiaçı bərk və yumşaq inventarların satın alınması üçün cavabdehin 339764,48 manat (vergi, rüsum, digər xərclər daxil) məbləğində təklifini qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların cavabdehdən qəbul edilməsini və dəyərinin ödənilməsini, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında iddiaçıya satın alınan bərk və yumşaq inventarların təhvil verilməsini, alınacaq mallar iddiaçının təklifinə və müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasını öhdələrinə götürmüşdür.
3. X4 Protokolu ilə cəmi dəyəri 339764,48 manat (51828,48 manat ƏDV daxil) olan 12 adda yeməkxana avadanlığı, 3 adda əlavə təhsilin mebelləri, 11 adda muzey-kitabxana mebelləri, 3 adda 5-ci mərtəbədə konfrans zalı üçün mebel-avadanlıq, 4 adda akt zalı və ya auditoriya üçün mebel-avadanlıq, 5 adda auditoriyalar üçün mebelavadanlıq, 4 adda foye üçün mebel-avadanlıq, 4 adda ADNSU-nun işçi kabineti üçün mebel-avadanlığın ayrı-ayrılıqda qiymətlərini, miqdarını və çeşidini razılaşdırmışlar.
4. Cavabdeh (icraçı) ümumi dəyəri 299 998,48 manat olan malların təhvil verilməsi ilə bağlı EBAM 585775 seriya və nömrəli xx.xx.2020-ci il tarixli, EBAM 723447 seriya və nömrəli xx.xx.2020-ci il tarixli, EBAM 904146 seriya və nömrəli xx.xx.2020-ci il tarixli, EBAN 421527 seriya və nömrəli xx.xx.2020-ci il tarixli, EBAN 421301 seriya və nömrəli xx.xx.2020-ci il tarixli, EBAP 256352 seriya və nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimələri, eyni zamanda 20 iyul 2020-ci il tarixli 1 nömrəli, 23 iyul 2020-ci il tarixli 2 nömrəli, 28 iyul 2020-ci il tarixli 3 nömrəli, 10 avqust 2020-ci il tarixli 4 nömrəli və 24 avqust 2020-ci il tarixli 5 nömrəli hesab-fakturaları iddiaçıya (sifarişçiyə) təqdim etmiş, hesab-fakturalara “ödənilsin” qeydi ilə iddiaçının rektoru tərəfindən dərkənar qoyulduqdan sonra bank köçürməsi yolu ilə 299998,48 manat məbləğində pul ödənilmişdir.
5. X1 sadalanan əşyalardan “Əlavə təhsilin mebelləri” və “Auditoriyalar” hissəsində qeyd olunmuş müvafiq olaraq 26 və 32 ədəd “Üç yerlik metal karkaslı, türkiyə istehsalı laminatdan, yumşaq oturacaqlı tələbə stol-skameykaları (ölçüləri: stul 55 sm*40 sm, stol 60 sm*2,43m, hündürlüyü 75 sm)” istisna olmaqla (qeyd olunan əşyadan müvafiq olaraq 73 və 52 ədəd təhvil verilməsi razılaşdırılmış, hesab-fakturalarla 47 və 20 ədədinin təhvil verildiyi əks olunmuşdur) qalan əşyaların təhvil verilməsi elektron qaimə və hesabfakturalarda əks olunmuş, təhvil verilməsi elektron qaimə və hesab-fakturalarda əks olunmayan əşyaların dəyəri isə ƏDV daxil 39766 manat (((26 ədəd x 570 manat)+(32 ədəd x590 manat))=33700 manat (malın dəyəri), 33700 x18% /100=6066 manat (ƏDV), 33700+6066)) təşkil etmişdir.
6. Müqavilədə və ona əlavə olunmuş xüsusi şərtlərdə (1 №-li əlavə) tərəflər ödəmələr barəsində razılaşdırmışlar ki, avans ödənişi tətbiq edilmir, müqavilə üzrə ödəmələr Sifarişçi (iddiaçı) tərəfindən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının (cavabdeh) təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır. Ödənişlər bank köçürməsi yolu ilə həyata keçiriləcək. Hissə-hissə ödənişə yol verilir.
7. “X6 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 30 dekabr 2021-ci il tarixli 107 nömrəli mütəxəssis rəyindən 30 sentyabr – 30 dekabr tarixlərində iddiaçının Bakı şəhəri, Azadlıq prospekti, 20 ünvanında yerləşən tədris binasında və ünvan 2s binasında olan inventarlar və təqdim olunmuş sənədlər əsasında əmtəəşünaslıq ekspertizasının keçirildiyi, müqavilə üzrə təqdim edilmiş və müqavilədə nəzərdə tutulmayan, lakin yerində aşkarlanmış inventarların faktiki dəyərinin 122 467 manat olduğu məlum olur Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 05 may 2020-ci il tarixli müqavilə üzrə artıq ödənilmiş 177 481,48 manat məbləğində pulun və 3000 manat ekspertiza xərcinin, 400 manat mediasiya xərcinin, ödənilmiş 68 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 05 may 2020-ci il tarixli 04-20 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında iddiaçıya satın alınan bərk və yumşaq inventarların təhvil verilməsini öhdəsinə götürür. Görüləcək işlər cavabdehin təklifinə və adıçəkilən müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, cavabdeh aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. Eyni zamanda sözügedən müqaviləyə görə, cavabdeh malların göndərilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları (işləri və xidmətləri) iddiaçıya müəyyənləşdirilmiş qaydada təhvil verməlidir. Lakin cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, bəzi işləri isə yerinə yetirməkdən imtina etmişdir. Cavabdeh tərəfindən yerinə yetirilmiş və yerinə yetirilməmiş işlərin həcminin, dəyərinin dəqiq hesablanaraq müəyyən edilməsi üçün iddiaçı tərəfindən “X6 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edilmişdir. Ekspertlər tərəfindən əmtəəşünaslıq ekspertizası aparılmış, tədqiqatın obyektləri isə cavabdeh tərəfindən 05 may 2020-ci il tarixli 04-20 nömrəli müqaviləyə əsasən iddiaçının Bakı şəhəri, Azadlıq prospekti, 20 ünvanında yerləşən tədris binasında və ünvan 2s binasında olan inventarlar və təqdim olunmuş sənədlər olmuşdur. Tədqiqatın nəticəsində 107 nömrəli 30 dekabr 2021-ci il tarixli mütəxəssis rəyi təqdim olmuşdur. Həmin rəyə əsasən aparılmış tədqiqatın nəticəsi ondan ibarətdir ki, 05 may 2020-ci il tarixli 04-20 nömrəli müqaviləyə əsasən inventar malları ilə təchiz olunmalı işlər qismən yerinə yetirilmiş, yəni müqavilədə nəzərdə tutulmuş inventarlar tam şəkildə alınmamış, digər formada başqa inventarlarla əvəzlənmişdir; təqdim olunmuş inventar malları 05 may 2020-ci il tarixli 04-20 nömrəli müqavilədə təsbit olunmuş şərtlərə qismən uyğundur, yəni keyfiyyət və əmtəə görünüşləri müqaviləyə tam uyğun deyil; faktiki olaraq iddiaçıya təqdim olunmuş inventarlar mallarının gətirilməsi və quraşdırılması işlərinin dəyəri 339764,48 manat təşkil etməli olduğu halda, 122467 manat təşkil edir. Lakin cavabdeh tərəfindən təqdim olunmuş hesab-fakturalara uyğun iddiaçı tərəfindən cavabdehin bank hesabına 299998,48 manat köçürülmüşdür. Bundan sonra cavabdehin nümayəndələri ilə bir neçə dəfə söhbət aparılmış, lakin heç bir nəticə əldə edilməmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1080/2023 nömrəli qətnaməsi ilə (hakim Nərmin Əhmədova) iddia tələbi rədd edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə tərəflər keçirilmiş tenderin nəticəsinə əsasən satınalma müqaviləsi bağlamış, müqavilənin ümumi qiymətini müəyyən etmiş, X1 əşyaların ayrı-ayrılıqda qiymətlərini müəyyən etmişlər. Qeyd olunan müqavilənin qiymətində dəyişiklik edilməsi ilə bağlı isə qanunvericilikdə müəyyən olunmuş qaydada tərəflərin hər hansı razılaşması olmamışdır. Belə olan halda, iddiaçının mütəxəssinin müəyyən etdiyi qiymətlər əsasında aparılmış hesablamaya istinad edərək iddia irəli sürməsi əsassızdır.
12. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçı müqavilə üzrə mallar təhvil verildikdən yalnız 1 il 6 ay sonra – 11 mart 2022-ci il tarixdə cavabdehə rəsmi bildiriş göndərək 177531,48 manat məbləğində pulun 7 gün ərzində ödənilməsini tələb etmişdir. Daha sonra eyni məzmunlu bildiriş 02 noyabr 2022-ci il tarixdə də göndərilmişdir. Hər iki məktuba cavabdeh iddiaya etirazda qeyd edilən dəlillərlə müvafiq olaraq xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə cavab vermişdir. Halbuki Mülki Məcəllənin 595.1-ci maddəsinə əsasən, alıcı alqı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1080/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq iddianın təmin edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, məhkəmə qətnamənin 28-ci abzasında Azərbaycan Respublikası MM-nin 448.3-cü bəndinə istinad edir. Halbuki, maddi normadan (Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti) və məzmunundan aydındır ki, borclu tərəf onun üzərinə düşən öhdəliyi icra etməlidir və xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkətsizliyi ucbatından öhdəliyin icra olunmamasına görə məsuliyyət daşıyır. 05 may 2020-ci il tarixli 04-20 saylı müqavilənin 5.4-cü bəndinə əsasən iddiaçının öhdəliyi müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirə salınmadan (aşkar olunan qüsurların icraçı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür”. Təqdim olunan sənədlərdən aydın olur ki, iddiaçı üzərinə düşən öhdələyi yerinə yetirmiş, ödəmələrini vaxtında icra etmişdir. Əgər, iddiaçının əməkdaşı mühasib müqavilə ilə razılaşdırılmış ödəmənin köçürülməsini icra etməsəydi, bu zaman qeyd olunan maddənin tətbiqi düzgün olardı. Öhdəliyini icra etməyən tərəf məhz Cavabdeh MMC-dir və onun əməkdaşları tərəfindən iddiaçıya təhvil verilməli olan inventar tam olaraq təqdim olunmamışdır. Məhz bu səbəbdən də indiyə kimi tərəflər arasında təhvil-təslim aparılmamış, müvafiq akt imzalanmamışdır. Amma hansısa səbəbdən, məhkəmə Azərbaycan Respublikası MM-nin 448.3-cü bəndini tətbiq etməklə cavabdeh tərəfin icra etməli olduğu, lakin lazımi qaydada icra etmədiyi öhdəliyi görməmiş, borclu qismində iddiaçı tərəfi görmüşdür. Baxmayaraq ki, iddiaçı müqavilə üzrə ödəməli olduğu məbləği tam köçürmüşdür. Həmin iddia ərizəsində mütəxəssis rəyinə istinad edərək vurğulamışdır ki, “faktiki olaraq ADNSU-ya təqdim olunmuş inventarlar mallarının gətirilməsi və quraşdırılması işlərinin dəyəri 339764,48 AZN təşkil etməli olduğu halda, 122467 AZN təşkil edir.”. Göründüyü kimi, iddiaçı cavabdeh tərəfin müqavilə ilə razılaşdırılmış inventarın bir hissəsinin verilməməsini və razılaşdırılmamış inventar ilə əvəzləşdirdiyini görüb növbəti köçürmələri yerinə yetirməkdən imtina etmişdir. Mülki Məcəllənin 575.1-ci maddədə qeyd olunur ki, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Lakin, məhkəmə bu maddələri iddiaçının əleyhinə təfsir etməklə, bir növ cavabdehi öhdəliyini icra etməməkdə müdafiə etmişdir. Məhkəmə tərəflər arasında təhvil-təslim aktının tərtib olunmaması faktını araşdırmamışdır. Baxmayaraq ki, bu tip müqavilələrdə qarşılıqlı olaraq öhdəliklərin icra edilməsi dedikdə, pulun köçürülməsi deyil, təqdim olunan malların qəbul olunaraq müvafiq aktla təsdiq olunmasıdır. Səbəb isə bundan ibarətdir ki, müqavilə şərtlərinə uyğun gəlməyənmallar əsas vəsaitə daxil oluna bilməz.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
16. Cavabdehin nümayəndələri X3 və X5 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər.
17. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 425.1-ci maddə- öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddə-əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddə-alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 578.1-ci maddə-satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. 578.2-ci maddə-əgər satıcı alıcıya alğı-satqı müqaviləsində nəzərdə tutulan miqdardan çox əşya verərsə, alıcı bu Məcəllənin 595.1-ci maddəsində nəzərdə tutulan qaydada satıcıya bu barədə bildiriş verməlidir. Satıcı alıcının bildirişini aldıqdan sonra ağlabatan müddətdə əşyaların müvafiq hissəsinə dair sərəncam verməzsə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, bütün əşyaları qəbul edə bilər. 578.3-cü maddə-alıcı alğı-satqı müqaviləsində göstərilən miqdardan çox əşyanı qəbul etdikdə, əlavə qəbul edilmiş əşyalar, əgər tərəflərin razılaşması ilə ayrı qiymət müəyyənləşdirilməyibsə, müqaviləyə uyğun qəbul edilmiş mal üçün müəyyənləşdirilmiş qiymətlə ödənilir. 580.4-cü maddəsinə əsasən- alğı-satqı müqaviləsinin çeşid haqqında şərtinə uyğun gəlməyən əşyalar o halda qəbul edilmiş sayılır ki, alıcı onları qəbul etdikdən sonra ağlabatan müddətdə satıcıya öz imtinasını bildirməsin. 595.1-ci maddə-alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. 595.2-ci maddə-bu Məcəllənin 595.1-ci maddəsində nəzərdə tutulan qaydanın yerinə yetirilmədiyi halda satıcı alıcının ona çatışmayan miqdarda əşya verilməsinə, alğı-satqı müqaviləsinin keyfiyyət və ya çeşid haqqında şərtlərinə uyğun gəlməyən əşyanın dəyişdirilməsinə, əşyanın qüsurlarının aradan qaldırılmasına, komplektinin tamamlanmasına və ya komplektsiz əşyanın komplektli əşya ilə əvəz edilməsinə, əşyanın taralaşdırılmasına və (və ya) qablaşdırılmasına və ya qeyri-münasib taranın və (və ya) qabın dəyişdirilməsinə dair tələblərini ödəməkdən o halda tamamilə və ya qismən imtina edə bilər ki, alıcının həmin qaydanı yerinə yetirməməsinin onun tələbini ödəməyin qeyrimümkünlüyünə səbəb olduğunu və ya müqavilənin pozulması haqqında vaxtında bildiriş aldığı halda çəkəcəyi xərclərə nisbətən tənasübsüz xərclər çəkdiyinə səbəb olduğunu sübuta yetirsin. 595.3-cü maddə-əgər satıcı alıcıya verilmiş əşyaların alğı-satqı müqaviləsinin şərtlərinə uyğun gəlmədiyini bilirdisə və ya bilməli idisə, bu Məcəllənin 595.1 və 595.2-ci maddələrində nəzərdə tutulan müddəalara istinad edə bilməz. 598.1-ci maddə-əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 604-cü maddə-hazırlanmalı və ya istehsal edilməli malların göndərilməsinə dair müqavilələr, əgər sifarişçi həmin malların hazırlanması və ya istehsalı üçün zəruri materialların mühüm hissəsini göndərməyi öz öhdəsinə götürürsə, habelə əgər mal göndərən tərəfin vəzifələrinin daha böyük hissəsi işlərin görülməsindən və ya başqa xidmətlərin göstərilməsindən ibarət deyildirsə, alğı-satqı müqavilələrinə bərabər tutulur. 634.2-ci maddə-malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 634.3-cü maddə-göndərilmiş malları nəqliyyat təşkilatından aldıqda alıcı (mal alan) malların nəqliyyat və müşayiət sənədlərində göstərilmiş məlumatlara uyğunluğunu yoxlamalı, habelə nəqliyyat təşkilatından bu malları nəqliyyatın fəaliyyətini tənzimləyən qanunvericilikdə nəzərdə tutulan qaydaları gözləməklə qəbul etməlidir.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu 40-2-ci maddə- (xx.xx.2018-ci ildən qüvvəyə minmiş) satınalan təşkilat satınalma müqaviləsinə uyğun olaraq və bu Qanunun 40-1.4-cü maddəsində nəzərdə tutulan son haqq-hesab aparılanadək həmin müqavilə üzrə alınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə, habelə satınalma müqaviləsində nəzərdə tutulmuş digər tələblərə və standartlara uyğunluğunu yoxlayır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
18. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
19. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1080/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında “Dövlət satınalamaları haqqında” Qanunun tələblərinə uyğun xx.xx.2020ci il tarixdə bərk və yumşaq inventarların satın alınması üçün alqı-satqı müqaviləsi bağlanmış, müqavilədə satılacaq inventarların dəyərinin ƏDV daxil 339764,48 manat olduğu nəzərdə tutulsa da, faktiki satılmış invemtarların dəyəri 299998,48 manat təşkil etmiş, inventarlar 2020-ci ilin iyul və avqust aylarında elektron qaimələr əsasında təhvil verilmiş və dəyəri ödənilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı tərəflərin izahatlarına əsasən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya müqavilədə nəzərdə tutulmayan inventarlar təqdim edilmiş, iddiaçı buna etiraz bildirmədən həmin inventarları qəbul edərək istifadə etmişdir.
21. İddiaçının sifarişi əsasında “X6 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti inventarların yenidən qiymətləndirilməsini və yoxlanışını həyata keçirmiş, tərtib etdiyi xx.xx.2021-ci il tarixli rəydən görünür ki, bəzi inventarların yerində aşkar edilmədiyi, bəzilərinin ölçülərinin sifarişə uyğun gəlmədiyi, yerində aşkar edilmiş bəzi inventarların isə müqavilədə nəzərdə tutulmadığı müəyyən edilmişdir.
22. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, iddiaçıya təyhvil verilmiş müəyyən inventarlar onun özünün sifarişi ilə dəyişdirilmişdir, bəzi inventarların ölçüsündə isə yenə də iddiaçının sifarişi əsasında dəyişiklik edilmişdir. Məhz buna görə də iddiaçının bu müddət ərzində qəbul edilmiş mallarla bağlı hər hansı iradı və pretenziyası olmamamışdır.
23. Məhkəmə kollegiyası iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Məhkəmə düzgün olaraq qeyd etmişdir ki, satılmış malların dəyəri müqavilə ilə razılaşdırılmış qiymət üzrə ödənilməli olduğundan (müqavilə azadlığı prinsipi) iddiaçının həmin malları yenidən qiymətləndirərək ödədiyi vəsaitin bir hissəsinin qaytarılmasına dair iddiasının qanuni əsası yoxdur. Bundan əlavə, MM-nin 578ci, 580-ci, 634-cü maddələrinə əsasən alqı-satqı müqaviləsi üzrə miqdar və çeşid (ölçü, model və s) haqqında şərtlərin pozulduğu halda alıcı bu halları ağlabatan müddət ərzində aşkar edərək satıcıya bu barədə bildiriş göndərməli idi. Hazırkı halda təhvil verilmiş inventarların əksər hissəsinin mebel əşyaları olması və həmin əşyaların sifarişə uyğun olmadığının yoxlanılması üçün uzun müddət tələb olunmadığı nəzərə alınarsa iddiaçının iddia etdiyi pozuntuların (miqdar, çeşid) 1 il 6 aydan sonra aşkar edilməsi MM-nin müvafiq normalarının tələbləri baxımından ağlabatan müddət hesab edilmir. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, satınalan təşkilatın ödəniş həyata keçirilənədək satın aldığı malların müqavilə şərtlərinə və digər tələblərə uyğunluğunu yoxlamaq vəzifəsi eyni zamanda “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun 40.2-ci maddəsinin tələbindən irəli gəldiyi halda iddiaçının bu vəzifəyə əməl etməməsinə görə məsuliyyət cavabdehin üzərinə qoyula bilməz.
24. İddiaçının özü tərəfindən təqdim edilmiş “X6 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəyi ilə də təsdiq edilir ki, iddiaçıya cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmayan inventarlar təqdim edilmiş, həmin inventarların dəyəri cavabdehə ödənilməmiş, o cümlədən müqavilədə nəzərdə tutulmamış inventarlarla bağlı tərəflərin bir-birinə ağlabatan müddət ərzində qarşılıqlı pretenziyaları olmamışdır. Bu da belə qənaətə gəlməyə əsas verir ki, müqavilə üzrə cavabdehin iddiaçıya təhvil verməli olan inventarların bir hissəsinin dəyişdirilməsi tərəflərin qarşılıqlı razılığı əsasında baş vermişdir.
25. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı alıcı olaraq ağlabatan müddət ərzində iddia edilən pozuntularla bağlı satıcıya pretenziya, o cümlədən qüsurlarla bağlı müqavilənin 18.1-ci bəndinə uyğun qarşı tərəfə dərhal yazılı bildiriş göndərmədiyindən 1 il 6 ay sonra bu hallara istinad etməklə ödədiyi vəsaiti geri tələb etmək hüququ istisna olunur.
26. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında təhvil-təslim aktı tərtib edilməsə də, iddiaçı tərəf özü “X6 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli rəyində sadalanmış malların təhvil verildiyini qəbul etdiyindən cavabdehin malların təhvil verildiyini (öhdəliyin icra edildiyini) sübut etmək vəzifəsi aradan qalxmış olur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Malların təqdim edilməsi təhvil-təslim aktı ilə rəsmiləşdirilməsə də, cavabdeh tərəfindən iddiaçıya elektron qaimələr göndərilmiş, iddiaçı həmin qaimələr üzrə malların təqdim edildiyinə etiraz etməmiş, həmin qaimələrə istinad etməklə ödənişlər həyata keçirmişdir. Elektron qaimələr üzrə təhvil verilmiş malların bir ildən sonra yerində aşkar edilməməsinə görə məsuliyyət isə cavabdehin üzərinə qoyula bilməz.
27. Məhkəmə eyni zamanda qeyd edir ki, satınalma müqaviləsində 339764,48 manat dəyərində mal təqdim edilməsi nəzərdə tutulduğu halda, cavabdeh tərəfindən 299998,48 manat təqdim edilməsinə məhkəmə tərəfindən hüquqi qiymət verilməməsi pozuntu hesab edilə bilməz. Belə ki, iddiaçı bu əsasla müqaviləni 2020-ci ildə ləğv edərək cavabdehin razılaşdırılmış miqdarda təqdim etmədiyi malları qəbul etməkdən imtina etmək hüququ olduğu halda müqavilə ləğv edilməmiş, mallar qəbul edilərək istifadə edilmişdir. Hazırkı mübahisə dəyəri iddiaçı tərəfindən ödənilməmiş və təhvil verilməmiş mallarla bağlı deyil, dəyəri ödənilmiş və elektron qaimələr əsasında təhvil verilmiş mallarla bağlı yarandığından bu məsələ məhkəmə baxışının predmeti olmadığı üçün birinci instansiya məhkəməsi tərəfindən hər hansı maddi və prosessual pozuntuya yol verildiyi müəyyən olunmur.
28. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 1080/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1080/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.