Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-672/2024 16.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X7 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinov ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 və cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-727/2024 saylı qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı "xxxx" MMC cavabdeh , Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 7.021.347,07 ABŞ dolları borcun, 400 manat mediasiya xərcinin, 6359 manat dövlət rüsumunun tutularaq, "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı bildirir ki, "xxxx" MMC ilə Cavabdeh QSC arasında 2010-2021-ci illər ərzində polad pəstahların alqı-satqısı həyata keçirilmişdir. Tərəflər arasında alqı-satqının həyata keçirilməsinə dair alqı-satqı müqavilələri və qaimə fakturalar mövcuddur. Bundan başqa, tərəflər arasında borcun müəyyən edilməsinə dair xx.xx.2020-ci il tarixli akta əsasən Cavabdeh QSC-nin "xxxx" MMC-yə borcu 7.021.347,07 ABŞ dolları müəyyən edilmişdir.
3. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddianı və iddiaçı tərəfin subyektiv hüququnu təsdiq edən heç bir sənəd, sübut məhkəməyə təqdim edilməmişdir. Tərəflər arasında iddianı təsdiq edən belə bir müqavilə yoxdur. İddiaçı tərəf xarici hüquqi şəxsdir. İddia etdiyi kimi ödənişlər xaricdən olunub və mallar da xaricdən gəlib. Bu gün sənədlərin iddiaçıdan götürülməsi, onlarda hər hansı sənədin olmaması barədə tərəfin iddiası əsassızdır. Bütün sübutları, yəni bank çıxarışlarını, malların təhvil-təslimini sübut edən gömrük bəyənnamələrini və invoysları tərəf özü öz ölkəsindən əldə edib məhkəməyə təqdim edə bilərdi. İddiaçı tərəfindən e-sistemə təqdim olunan sənədlərlə əlaqədar 2 müqavilə var. Birinci müqavilə növbəti dəfə sübut edir ki, sənədlərin saxtalaşdırılması bu şirkət tərəfindən aparılmış təkrar əməliyyatdır. İddiaçı tərəf başqa xarici şirkətlə "xxxx" MMC arasındakı müqaviləni Cavabdeh QSC-nin blankına yerləşdirərək məhkəməyə təqdim ediblər. İkinci müqavilə Cavabdeh QSC polad pəsdaha satışı ilə bağlı "xxxx" MMC arasında bağlanılan müqavilədir. Müqavilənin də mətninə diqqət yetirdikdə malların göndərilməsi və hesablaşma tarixinin xx.xx.2018-ci il tarixində bitdiyi müəyyən olunur. Həmin müqavilədə hər iki tərəfdən imzalayan şəxslər Həsənov Çingiz və Həsənov Aydın çıxış edirlər. Tərəfin özünün də məhkəməyə təqdim etdiyi çıxarışdan da görünür ki, Cavabdeh QSC-nin nümayəndəsi kimi çıxış edən Həsənov Çingiz 2022-ci ilə kimi "xxxx" MMC-nin səlahiyyətli və imza edən nümayəndəsi olmuşdur. Məhkəməyə əsas sübut kimi təqdim edilən saxta sənəd barəsində də xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə də öz növbəsində vəsatəti birinci hissəsində qeyd etdikləri sənədin sübutlar siyahısından çıxarılmasına dair öz mövqeyini bildirərək həmin hissədə vəsatətlərini təmin etmişdir. Tərəflər arasında münasibətlər olmuş, bu hökmdə də öz təsdiqini tapmışdır, sadəcə hər hansı borc məbləği olmamışdır. Ümumiyyətlə istintaq gedən dövrdə də tərəflər arasında rəsmi və qeyri-rəsmi hesablaşmalar olduğu öz təsdiqini tapır. E-sistemdə iddia müddətinin tətbiq edilməsi barədə ərizələri var, lakin həmin ərizədə iddianın qəbul edilməsi barədə heç bir müddəa qeyd edilməmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-727/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
5. İddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehlə 2016- 2021-ci illərdə aparılmış idxal-ixrac əməliyyatlarına dair Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş çıxarışlar məhkəməyə təqdim olunmuşdur. Bu sənəd tərəflər arasında alqı-satqının həyata keçirilməsini təsdiq edir. Eyni zamanda iddiaçının tələbi ilə əlaqədar müqavilələr və digər əlaqəli sənədlər Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olmuş 1(101)-1571/2022 saylı cinayət işi əlaqədar maddi sübutlar qismində götürüldüyü üçün tərəflər arasındakı əsas müqaviləni məhkəməyə şəxsən təqdim etmək mümkün olmamışdır. Daşınar əmlaklara dair qanunvericilik mütləq yazılı əqd bağlanılmasını tələb etmir və hazırki iş üzrə tərəflər arasında müqavilənin bağlanılmasını təsdiq edən digər hərəkətlər: malın göndərilməsinə dair gömrük sənədləri, yazışma və sair hallar bunu təsdiq edir. İddia tələbinin əsasını təşkil edən müqavilələr tərəflər arasında elektron qaydada bağlanılmış və onun əslinin məhkəmə tərəfindən tələb edilməsi əsassızdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
10. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
11. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 12.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
13. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 14.Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan işdə iştirak edən şəxs vəsatətdə işdə iştirak edən digər şəxsdə (hüquqi şəxsdə və ya onun adından çıxış edən şəxsdə) olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4-cü maddəsində nəzərdə tutulan hallarla bağlı bütün sənədlərin (konkret sənəd göstərilmədən) və ya məlumatların təqdim edilməsinin təmin olunmasını məhkəmədən tələb edə bilər. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir.
15. Həmin Məcəllənin 209.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.
16. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
17. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
20. Belə ki, ilk olaraq kollegiya qeyd edir ki, hazırkı mübahisənin bir tərəfi – iddiaçı Böyük Britaniya və X8 Krallığında təsis edilmiş və fəaliyyət göstərən "xxxx" MMC, digər tərəfi - cavabdeh isə Azərbaycan Respublikasının hüquqi şəxsi olan Cavabdeh QSC olduğundan mübahisə xarici elementli mübahisədir.
21. Eyni zamanda “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 15/2023 saylı Qərarındakı göstərişlər nəzərə alınaraq məhkəmə tərəfindən ilk növbədə Azərbaycan Respublikası Məhkəmələrinin hazırki mübahisəyə baxmağa səlahiyyətli olub-olmaması müəyyən edilməlidir.
22. İddiaçı tərəfindən tərəflər arasında yazılı qaydada bağlanılmış müqavilə təqdim edilməmişdir.
23. Bununla yanaşı, iddiaçı bildirir ki, tərəflər arasında alqı-satqı münasibətləri olmuş və o, satıcı qismində çıxış etmişdir. Bu isə o anlama gəlir ki, iddia icrası Azərbaycan Respublikasının ərazisində həyata keçirilmiş müqavilədən irəli gəlir. 24.Həmçinin, cavabdeh Azərbaycan Respublikasında təsis edilib və fəaliyyət göstərir.
25. Mülki Prosessual Məcəllənin 443.0-ci maddəsində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə (443.0.7).
26. Bu baxımdan, kollegiya hesab edir ki, Azərbaycan Respublikası Məhkəmələri hazırki mübahisəyə baxmağa səlahiyyətlidir.
27. Müəyyən edilməli olan digər məsələ isə xarici elementli mübahisəyə hansı hüququn tətbiq edilməli olması ilə bağlıdır.
28. Yuxarıda qeyd edildiyi kimi iddiaçı tərəfindən tərəflər arasında yazılı qaydada bağlanılmış müqavilə təqdim edilməmişdir.
29. “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunun 25.1-ci maddəsinə əsasən müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir: alqı-satqı müqaviləsində satıcının (25.1.1).
30. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur. 31.Həmin Qanunun 2.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlər nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquqi normaları təsdiqləyən sənədlər təqdim edə bilmədikdə məhkəmə Azərbaycan Respublikası qanunvericiliyini tətbiq edir. 32.Hazırki iş üzrə tərəflər isə öz tələb və etirazlarını əsaslandırmaq üçün iddiaçı Böyük Britaniya və X1rına istinad etməmişlər, iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində, cavabdeh isə iddiaya etirazda Azərbaycan Respublikasının qanunlarına istinad etmişlər.
33. Qeyd olunanları nəzərə alaraq kollegiya qeyd edir ki, hazırki mübahisə üzrə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq olunmalıdır.
34. Mübahisənin mahiyyətinə dair isə kollegiya qeyd edir ki, iddiaçı tərəflər arasında 2010-2021-ci illər ərzində polad pəstahların alqı-satqısının həyata keçirildiyinə istinad edərək hazırki iddianı irəli sürmüşdür.
35. Bu baxımdan kollegiya qeyd edir ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 598.3-cü maddəsi təşkil edir.
36. Hazırki işdə isə həmin maddənin dispozisiya şərtlərinin mövcüd olması sübut olunmur.
37. Çünki cavabdeh tərəflər arasında iddiaçının istinad etdiyi alqı-satqı münasibətlərinin olmasını təsdiq etmir və bununla bağlı hər hansı bir müqavilənin olmadığını bildirir.
38. Bu baxımdan, iddianın əsaslı hesab edilməsi üçün iddiaçı ilk olaraq sübut etməlidir ki, tərəflər arasında 2010-2021-ci illər ərzində polad pəstahların alqı-satqısına dair münasibətlər olmuşdur.
39. Bundan sonra, Mülki Məcəllənin 567-ci maddəsinin dispozisiya şərtlərinə görə iddiaçı sübut etməlidir ki, alqı-satqı müqaviləsi üzrə mallar cavabdehə təhvil verilmişdir.
40. Lakin iddiaçı tərəfindən bu halları təsdiq edən sübutlar təqdim edilməmişdir.
41. Belə ki, iddiaçı tərəfindən aşağıdakı sübutlar təqdim edilmişdir:
42. Satıcı "xxxx" Şirkəti ilə alıcı "xxxx" Şirkəti arasında bağlanmış xx.xx.2016-ci il tarixli 018 nömrəli alqı-satqı müqaviləsi. Həmin müqaviləyə əsasən satıcı alıcıya 5000 mt (+5%/-10% satıcının arzusu ilə) miqdarda fasiləsiz tökülmüş ilkin kvadrat polad pəstahları satır. Həmin müqavilənin 9-cu bəndinə əsasən bu müqavilə üzrə təmin olunan mal ünvan 1 ünvanında yerləşən Cavabdeh Şirkətlə istehsal olunub və əsli ilə Azərbaycan Respublikasındandır.
43. Satıcı Cavabdeh MMC ilə alıcı "xxxx" Şirkəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli 034 nömrəli alqı-satqı müqaviləsi. Həmin müqaviləyə əsasən satıcı alıcıya 50000 mt (+5%/-10% satıcının arzusu ilə) miqdarda fasiləsiz tökülmüş ilkin kvadrat polad pəstahları satır.
44. Göründüyü kimi, iddiaçının təqdim etdiyi xx.xx.2016-cı il tarixli müqavilə iddiaçının başqa hüquqi şəxsə satdığı mallara dair müqavilədir, xx.xx.2017-ci il tarixli müqavilə isə cavabdehin iddiaçıya satdığı mallara dair müqavilədir ki, həmin müqaviləyə əsasən iddiaçı cavabdehdən deyil, cavabdeh iddiaçıdan satdığı malların dəyərini tələb edə bilər.
45. Bundan əlavə, iddiaçının nümayəndəsinin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş Cavabdeh QSC-nin gömrük bəyannamələri əsasında rəsmiləşdirilən ixrac əməliyyatları haqqında məlumatdan görünür ki, Cavabdeh QSC xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində müxtəlif vaxtlarda "xxxx" Şirkətinə xırda çeşidli yaymalar üçün fasiləsiz tökülmüş düzbucaqlı pəstahlar satmışdır.
46. Göründüyü kimi tərəflər arasında olan alqı-satqı münasibətlərində iddiaçı satıcı qismində deyil, alıcı qismində çıxış etmişdir ki, həmin münasibətlərdə də cavabdehin iddiaçıya borcun yaranması anlaşılan deyil.
47. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)- 1571/2022 saylı hökmündən görünür ki, X9 müəssisənin baş direktoru funksiyalarını yerinə yetirməklə, həmin vəzifənin nizamnamə ilə müəyyən edilmiş vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən və qulluq mövqeyindən qulluq mənafeyinə qəsdən zidd olaraq təkrar istifadə edərək, onun tərəfindən müəssisənin aidiyyəti vəzifəli şəxslərinə verilən tapşırıqlarına əsasən 01 yanvar 2011-ci ildən 28 yanvar 2021-ci ilədək olan müddət ərzində Cavabdeh MMC-dən həmin müəssisəyə məxsus olan pul vəsaitlərini talamaq məqsədilə özü və ona yaxın digər şəxslər tərəfindən xarici ölkələrin azad iqtisadi zonlarında təsis edilən “TERA General Trading” Ltd, “Cermington Enterprises” Ltd BVİ, "xxxx" LLP, “Steel İmpex SA” və “Azerpayp” şirkətlərinə eyni malların həmin vaxt digər hüquqi və fiziki şəxslərə təqdim olunma qiymətlərindən aşağı qiymətlə satışını həyata keçirmiş və bu qiymət fərqlərindən yaranan Cavabdeh MMC-nin əldə etməli olduğu vəsaitin xüsusilə külli miqdar hesab edilən 34.942.590,62 manat məbləğində hissəsini öz qulluq mövqeyindən istifadə etməklə təkrarən mənimsəmə və israf etmə yolu ilə talamış, bununla da onun bu əməlləri müəssisənin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmaqla ağır nəticələrə səbəb olmuşdur.
48. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(103)- 661/2023 saylı qərarından görünür ki, maraqlarına toxunulan “X21 and FOUNDRY Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X14 tərəfindən verilmiş apellyasiya şikayəti, maraqlarına toxunulan şəxslər X3, X4, X5, X6 nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti, maraqlarına toxunulan hüquqi şəxs "xxxx" LLP-nin nümayəndəsi X10 tərəfindən verilmiş apellyasiya şikayəti və əlavəsi təmin edilməmişdir.
49. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(102)-2101/2023 saylı qərarından görünür ki, maraqlarına toxunan hüquqi şəxslər - “X21 and Foundry Company” MMC-nin və "xxxx" LLPnin və maraqlarına toxunan şəxslər X3, X4, X5, X6 nümayəndələri tərəfindən kassasiya şikayətləri təmin edilməmişdir.
50. Göründüyü qanuni qüvvəyə minmiş məhkəmənin hökmü ilə cavabdehin keçmiş rəhbəri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, cavabdehə məxsus pul vəsaitlərini talamaq məqsədi ilə malların dəyərindən aşağı qiymətə iddiaçıya və digər xarici hüquqi şəxslərə satmaqla mənimsəmə və israf etmə cinayət əməlini törətdiyi müəyyən olunmuşdur. Həmin hökmdə də cavabdehin alıcı qismində çıxış etməsi və satıcı kimi iddiaçıya hər hansı məbləğdə borcunun olması müəyyən edilməmişdir.
51. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli razılaşma aktının kserosurətinə dair qeyd edilir ki, iddiaçı həmin aktın kserosurətini elektron məhkəmə sisteminə daxil etsə də, cavabdeh tərəf həmin sənədin saxta olduğunu, tərəflər arasında belə bir razılaşma aktı imzalanmadığını, imza və möhürün həqiqiliyini mübahisənləndirdiyini bildirmiş, iddiaçı tərəf isə həmin sənədin əslini təqdim etməmişdir.
52. Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, həmin aktın kserosurəti mötəbər sübut kimi qəbul edilə bilməz.
53. Göründüyü kimi iddiaçı tərəflər arasında olan müqavilələrə əsasən 2010-2021-ci illər ərzində polad pəstəhların satdığını, bu barədə müqavilələr, qaimə fakturalar olduğunu və pulun ödənilmədiyini bildirsə də, tərəflər arasında bu barədə müqavilələr olmasına, malların təhvil verilməsinə və cavabdehin iddiaçı qarşısında pul öhdəliyinin olmasına dair sübut təqdim edə bilməmişdir.
54. Ona görə də, Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən iddiaçının cavabdehə qarşı irəliyi sürdüyü iddia əsassızdır və rədd edilməlidir.
55. Eyni zamanda, iddia əsassız olduğuna görə iddia müddətinin tətbiq edilməsi ilə bağlı cavabdeh tərəfindən verilmiş ərizəyə qiymət verilməsinə zərurət yoxdur.
56. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 217.4-cü maddələrindən müəyyən edilir ki, mülki prosesdə sübutetmə vəzifəsi tam olaraq tərəflərin, yəni iddiaçı və cavabdehin üzərinə düşür. Məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmənin tərəflərin əvəzinə sübut toplamaq və ondan istifadə etmək səlahiyyəti yoxdur. Bununla yanaşı, işdə iştirak edən şəxsin zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Lakin bu növ vəsatətlərin edilməsi üçün məhkəmə əmin olmalıdır ki, işdə iştirak edən şəxs sübutu özü əldə edə bilmir və tələb olunan sübut iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi üçün lazımdır. İddiaçı isə istinad etdiyi halların, yəni 2010-2021-ci illər ərzində iddiaçı tərəfindən cavabdehə polad pəstəhların satılması barədə müqavilələrin bağlanmasını təsdiq edən heç bir sübutu təqdim etməmişdir. Kollegiya istisna etmir ki, hər hansı səbəbdən yazılı müqavilələrin təqdim edilməsi qeyri-mümkün ola bilər. Lakin, xarici hüquqi şəxs olan iddiaçı həmin müqavilə münasibətlərinin mövcüd olmasına istinad edirsə, həmin münasibətlərə aid özü tərəfindən tərtib edilmiş qaimə və invoys, yaxud mənsub olduğu xarici dövlətin müvafiq qurumları tərəfindən tərtib olunmuş gömrük bəyannamələri, öz bank hesabından çıxarış, elektron yazışma və s. sənədləri təqdim etmək imkanına malikdir. İddiaçı isə heç bir sübut təqdim etmədən, məhkəmə qarşısında gömrük orqanı, bank və cinayət işində olan sənədlərin təqdim edilməsi barədə vəsatətlər vermişdir. Kollegiya izah edir ki, iddianın əsasına dair heç bir sübut təqdim edə bilməyən iddiaçı tərəfindən verilmiş həmin vəsatətlər təmin edilə bilməz. Əks halda məhkəmə tərəfin üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirmiş olur və bu da, mülki prosesin prinsipləri olan çəkişmə və tərəflərin bərabərlik prinsiplərinə ziddir.
57. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azəbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında da qeyd edilmişdir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
58. Apellyasiya icraatında təqdim edilmiş iddiaçıya məxsus bank hesabından çıxarışlar isə gecikdirilmiş sübut olduğu üçün qəbul edilə bilməz. Belə ki, iddiaçı Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə uyğun olaraq həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır. Həmin sənədlər sübut kimi qəbul edilsə belə iddianın əsaslı olması öz təsdiqini tapmır. Əksinə həmin çıxarışlardan görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına pul vəsaitləri köçürülmüşdür. Bu isə bir daha təsdiq edir ki, tərəflər arasında olan müqavilə münasibətlərində iddiaçı alıcı, cavabdeh isə satıcı qismində çıxış etmişdir. Yuxarıda qeyd edildiyi kimi belə münasibətlərdə cavabdehin iddiaçıya borcun yaranması anlaşılan deyil.
59. Sonuncu məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən yeni fakta (cavabdehin satıcı kimi də borcu yarana bilər) istinad edilməsinə dair kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 209.3 və 372.2-ci maddələrinin birgə təfsirinə görə birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara istinad edə bilməzlər. Apellyasiya icraatında isə yeni hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh tərəfindən belə əsaslandırma gətirilməmişdir. Bundan əlavə, iddiaçının nümayəndəsi tərəfindən istinad edilən həmin yeni fakt iddianın əsasına uyğun deyil.
60. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-727/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov