Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-672/2025 05.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinov və X2 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1318/2025 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli 127-L/13 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 3348 manat gecikdirilmiş borcun və hesablanmış 4076,35 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 manat cəmi: 7924,35 manat pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1318/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edimiş, Cavabdeh 3348 manat əsas borc, 100 manat cərimə borcu, 500 manat hüquqi yardıma görə xərc, ümumilikdə 3948 manat məbləğində pulun tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh həmin qətnamədən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1318/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 2(103)-413/2025 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş, iş həmin apellyasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1318/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1318/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmış, apellyasiya şikayəti verilərkən ödənilmiş 19,60 (on doqquz manat altmış qəpik) manat dövlət rüsumu Cavabdeh geri qaytarılması qərara alınmışdır. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-2(103)-413/2025 saylı qərardadı ilə apelyasiya şikayəti qanunvericilikdə nəzərdə tutulmuş miqdarda dövlət rüsumu ödənilmədiyinə görə qeyri-mümkün hesab edilərək Bakı Kommersiya Məhkəməsinə geri qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin 11 aprel 2025-ci il tarixli e-2-2(113)-1318/2025-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti geri qaytarılmışdır. Əslində dövlət rüsumunun ödənilməsində məhkəmənin özünün qətnamədə göstərdiyi anlaşılmamazlıq səbəb olmuşdur. (bu vaxtadək həmin anlaşılmamazlıq aradan qaldırılmamışdır). Belə ki, Bakı Kommersiya Məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsində tutulmalı dövlət rüsumunun məbləğinin 54,48 manat, qət etdi hissəsində isə 39,08 manat göstərilmişdir. Qət etdi hissəsini əsas götürərək dövlət rüsumu ödənilmişdir. Dövlət rüsumunun müəyyən edilməsi hissəsində belə məhkəmə səhv etdiyi halda, cavabdeh səhv edə bilərdi. Hal-hazırda cavabdeh müəyyən olunmuş dövlət rüsumunu ödəyərək yenidən müraciət edir. İddiaçı vəsatətə yazılı etiraz verib vəsatətin rədd edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Cavabdeh müddətin bərpa edilməsi barədə məhkəməyə ərizə təqdim etməmiş, eyni zamanda müddətin ötürülməsi barədə hər hansı üzrlü bir səbəb göstərməmişdir. Qanunvericiliyin tələblərinə müvafiq olaraq, cavabdehin apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməməsini xahiş edir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, apellyasiya şikayəti verilərkən ödənilmiş 48,60 manat dövlət rüsumunun Cavabdeh geri qaytarılması qərara alınmışdır. İddiaçı Bakı Kommersiya Məhkəməsinin sözügedən qərardadından şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1318/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş edib. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi üzərinə qoyulan bu vəzifələri düzgün yerinə yetirməmiş, qətnamənin özündə olan anlaşılmamazlıq səbəbindən apelyasiya şikayəti vermək üçün dövlət rüsumunuт düzgün ödənilməməsi səbəbindən apelyasiya şikayəti geri qaytarılmış, təkrar verilmiş apelyasiya şikayəti üzrə isə müddətin buraxılmasını üzrlü hesab etməyərək hüquqlarını təmin etməmişdir. Bu hal isə üç pilləli məhkəmə vasitəsi ilə pozulmuş hüquqlarımın müdafiəsini iddia etmək (şikayət vermək) yolu ilə aradan qaldırılmasının qarşısını almışdır. Məhkəmə qətnamədən apelyasiya şikayəti vermək üçün müddətin bərpa etməməsini tutarlı arqumentlə əsaslandırmamış, apelyasiya şikayətinin Bakı Apelyasiya Məhkəməsinə göndərməmək üçün müddəti əsassız olaraq bərpa etməmişdir. Məhkəmə nəzərə almamışdır ki apelyasiya şikayəti vaxtında verilib, lakin dövlət rüsumu az ödənildiyinə görə apelyasiya şikayəti qeyri-mümükün hesab edilb geri qaytarılmışdır. Dövlət rüsumunun az ödənilməsinə görə apelyasiya şikayətinin geri qaytarılması, o demək deyildir ki, şəxs həmin nöqsanı aradan qaldırdıqdan sonra yenidən müraciət edə bilməz. Cavabdeh hesab edir ki müddətin bərpa edilməməsində məhkəmə haqlı olmamışdır. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından göründüyü kimi cavabdeh qətnamədən apelyasiya şikayətini vaxtında vermişdir. Bakı Kommersiya Məhkəməsi isə apelyasiya şikayətinin verilməsində heç bir çatışmamazlıq görməyərək, apelyasiya şikayətini baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Kommersiya Məhkəməsi cavabdehin 19 manat dövlət rüsumu ödənilməsini belə pozuntu hesab etməmişdir. Əslində həmin vaxt məhkəmənin də mövqeyi cavabdehin mövqeyi kimi olmuşdur, əks halda apelyasiya şikayətini geri qaytarmalı idi. Cavabdeh hesab edir ki, apelyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətin bərpası üçün heç bir mane olmadığı halda, məhkəmə əsasız olaraq müddəti bərpa etməkdən imtina etmiş, bu isə özünün qətnaməsinin taleyindən narahat olmağı ilə əlaqəlidir. Belə ki məhkəmə artıq əmin idi ki dövlət rüsumunun düzgün tutulmaması hissəsində qətnamə dəyişdiriləcəkdir və bu əsasla da apelyasiya şikayətinin Bakı Apelyasiya Məhkəməsində baxılmasına hər vasitə ilə mane olmaq istəyib. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1318/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1318/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh apellyasiya şikayətini birinci dəfə prosessual müddətə riayət etməklə vermiş olsa belə, apellyasiya şikayətinin geri qaytarılması barədə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1318/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadını aldıqdan 17 gün sonra - xx.xx.2025-ci il tarixdə apellyasiya şikayətini yenidən elektron sistemə yerləşdirməklə qərardadda göstərilən nöqsanı ağlabatan müddət ərzində aradan qaldırmamış, müddətin bərpa edilməsi barədə ərizəsində isə həmin gecikdirmənin apellyasiya şikayətinin vaxtında verilməsinə maneə törədən və onun iradəsindən asılı olmayan obyektiv amillərlə bağlı olmasını əsaslandırmamışdır. Odur ki, müddətin bərpa edilməsi üçün cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 istinad etdiyi hallar apellyasiya şikayətini birinci dəfə verilməsi zamanı yol verilmiş nöqsanın aradan qaldırılmaqla apellyasiya şikayətinin ağlabatan müddət ərzində yenidən təqdim edilməsinə maneə törədən obyektiv amillər olmadığından qanunda nəzərdə tutulmuş prosessual müddətin buraxılmasının üzürlü səbəbi hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Yuxarıda sadalanan normalara və işin faktiki hallarına əsaslanaraq məhkəmə kollegiyasi belə qənaətə gəlir ki, qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasından imtina edilməsinə dair məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1318/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №2-2(103)-672/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-672/2025
05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver