Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-678/2024 04.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı X4 LTD ŞTİ-nin Cavabdehnə qarşı daşıma haqqının tutulması tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4554/2023 nömrəli qiyabi qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı cavabdehə qarşı cavabdehdən 10580,00 ABŞ dolları əsas, 2000 (iki min) ABŞ dolları zərər ümumilikdə 12580,00 ABŞ dolları pulun, iş üzrə ödənilmiş 210 manat mediasiya xərcinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Sonra iddiaçı iddia tələbinin həcmini azaldaraq cavabdehdən 10580,00 ABŞ dolları pulun, iş üzrə ödənilmiş 210 manat mediasiya xərcinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4554/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdehndən 10580,00 ABŞ dolları pul, iş üzrə ödənilmiş 210 manat mediasiya xərcin tutularaq iddiaçı X4 LTD ŞTİ-yə ödənilməsi, qət edilmişdir.
4. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4554/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı X1 LTD ŞTİ ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixində daşıma müqaviləsi bağlanmışdır. Müqavilə əsasında, iddiaçı tərəfindən 2020- ci ilin aprel ayından başlayaraq, müxtəlif vaxtlarda məhsulların daşınması iddiaçıya həvalə edilmiş, məhsullar Azərbaycan Respublikasında cavabdehə təhvil verilmişdir. İddiaçı tərəfindən müxtəlif vaxtlarda həyata keçirilən çatdırılmanın əvəzi olaraq ona cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixində 22.980,00 ABŞ dolları dəyərində ödəniş edilmişdir. İşə qiyabi icraat qaydasında baxılması səbəbindən cavabdehin bir sıra hüquqları pozulmuş, bu hal cavabdehin işə öz münasibətini bildirə bilməməyinə yol açaraq iddiaçı tərəfindən istinad olunan halların məhkəmə tərəfindən ətraflı, hərtərəfli araşdırılmamasına, məhkəmənin sadəcə iddiaçının mülahizəsinə əsaslanaraq əsassız qərar qəbul etməsinə səbəb olmuşdur. tərəflər arasında bağlanmış müqavilənin tələblərinə uyğun olaraq, cavabdehə xəbərdarlıq məktubları təqdim olunmamış, iddiaçı tərəfindən cavabdehdən müqavilə üzrə öhdəliklərinə əməl olunması barədə tələb məktubları daxil olmamış, iddiaçının heç bir müraciəti barədə cavabdehin xəbəri olmamış, məsələ ilə bağlı ona heç bir məlumat verilməmişdir. Həmçinin məhkəmənin iddiaçı tərəfindən cavabdehə müqavilə şərtlərinə riayət edilməsinin vacibliyi ilə əlaqədar hər hansı bu cür xəbərdarlıqlarının göndərilibgöndərilməməsi, çatıb-çatmaması məsələsini araşdırmaması da qətnamənin əsaslılığı haqqında ciddi şübhə yaratmaqdadır. Habelə, sözügedən kredit müqaviləsi 1 aprel 2020-ci il tarixində bağlansa da, iddiaçı öhdəliyinin icrasını uzun müddət tələb etməmiş, müvafiq iddia ilə məhkəməyə yalnız 2023-cü ildə müraciət etmişdir. Bu səbəbdən, iddiaçı tərəfindən yol verilən bu cür hallar bu qədər müddət ərzində əsas borcun düzgün və ədalətli hesablanması barədə sual doğurur. Belə ki, ən əsası, cavabdeh tərəfindən borcun ödənilib-ödənilməməsi məsələsi tam araşdırılmamış, qeyd olunmuş borcun miqdarının doğruluğu və həqiqiliyi məsələsinə əhəmiyyət verilməmişdir. Bu səbəbdən, məhkəmə bu qeyri-müəyyənliyi nəzərə alaraq, iş üzrə maliyyə-mühasibatlıq ekspertizası keçirilməli olsa da, bu hala da əhəmiyyət verməmiş, iş üzrə düzgün nəticəyə gəlməmişdir. Həmçinin işin qiyabi icraat qaydasında aparılması cavabdehi bir sıra hüquqlarından, habelə özünü ifadə etməsindən və işə münasibət bildirməsindən məhrum etsə də, məhkəmə yenə bu məsələyə münasibət bildirməmiş, yekunda əsassız və qanunsuz qərar qəbul etmişdir. Qanunvericiliyin tələblərinə görə, əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir. Belə ki, hazırkı məhkəmə icraatından cavabdehin hər hansı bir yolla məlumatı olmamış, ona nə elektron vasitə ilə, nə də poçt vasitəsi ilə iclasın yeri, tarixi barədə xəbərdarlıq və ya bildiriş çatdırılmamışdır. Göründüyü kimi, məhkəmənin işdə cavabdehin iştirakını təmin etməməsi və icraatı qiyabi qaydada aparması cavabdehin hüquqlarının pozulmasına səbəb olmuş, nəticədə onun ziyanına qərar qəbul olunmasına gətirib çıxarmışdır. Göründüyü kimi məhkəmə tərəfindən ədalətli, qanuni və hərtərəfli araşdırma aparılmamış və nəticədə düzgün olmayan qərar qəbul edilməsinə səbəb olmuşdur. Məhkəmə hərtərəfli araşdırma aparmamaqla prosessual qanunvericiliyin tələblərini pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
8. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
10. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
11. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
13. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
14. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
15. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
16. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
19. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə yük daşınması müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixədək məhsulların daşınması iddiaçıya həvalə edilmiş məhsullar Azərbaycan Respublikasında cavabdehə təhvil verilmişdir. Cavabdeh tərəf apellyasiya şikayətində və apellyasiya icraatında izahatında malların təhvil alınmasını etiraf etmişdir.
20. İddiaçı tərəf malları daşımasına görə cavabdehin iddiaçıya cəmi 10580,00 ABŞ dolları məbləğində borcu qalmasını iddia etmişdir. Cavabdeh tərəf borcu mübahisələndirmişdir.
21. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış yük daşınması müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş müqavilənin və invoysun müqayisəli təhlilindən görünür ki, iddiaçı öhdəliyi yerinə yetirərək, malları təyinat yerinə daşımış, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya yük daşınması müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
22. Cavabdeh tərəf malların təyinat yerinə daşınmasını qəbul etsədə, istinad etdiyi halları, yəni borc məbləğinin yanlış hesablanması, mühasibatlıq ekspertizasına zərurətin nədən əmələ gəldiyini sübuta yetirə bilməmişdir. İddiaçı tərəf isə müqavilə, invoys, cavabdehə ünvanlanmış borc açıqlaması məktubunu məhkəməyə təqdim etmişdir. İşə qiyabi icraat qaydasında baxıldığı üçün cavabdeh sübutlarını təqdim edə bilməsə də, apellyasiya icraatı zamanı istinad etdiyi hallara dair heç bir sübut təqdim etməmişdir.
23. Apellyator qiyabi icraat qaydasında baxılması üçün əsasların olmadığını qeyd etsə də, qiyabi qətnamənin ləğv edilməsi üçün prosessual imkandan yararlanmamışdır. Bundan əlavə iş materiallarında cavabdehin ünvanına dəfələrlə bildirişlər göndərilmiş, həmçinin sms bildiriş göndərilmişdir. Digər tərəfdən apellyasiya şikayətinə əlavə edilmiş icra üzrə icraata dair bildirişlərdə qeyd olunan ünvan məhkəmə bildirişində qeyd olunan ünvanla eynidir. Beləliklə cavabdehin məhkəmə icraatından xəbərdar olması təsdiq edilir.
24. Apellyasiya şikayətinə iddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfindən ərizə əlavə edilmişdir. Bununla əlaqədar qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilən gömrük sənədindən görünür ki, cavabdehə göndərilən mal xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. İddiaçının tələb hüququ bu tarixdən yaranmışdır. 3 illik iddia müddətinin sonunun xx.xx.2023-cü il olması və xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət olunması iddiaçı tərəfindən iddia müddəti daxilində iddia verməsini təsdiq edir. Odur ki, cavabdehin ərizəsi təmin edilə bilməz. Bundan başqa qeyd edilməlidir ki, iddiaçının pretenziyadan qabaq cavabdehə borc barədə xəbərdarlıq etməsi iş materialları ilə təsdiq olunmuşdur.
25. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
26. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
27. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4554/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.