Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-68/2023 11.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X4 ibarət tərkibdə, X6-Yusiflinin katibliyi, İlk iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İlk iddia üzrə İddiaçı ASC-nin cavabdeh X3 qarşı lizinq müqaviləsinin ləğvi, lizinq obyektinin geri qaytarılması, müqavilə üzrə borcun tutulmasına dair ilk iddiası, qarşılıqlı iddia üzrə X2 cavabdeh İddiaçı ASC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin qəbul etdiyi 2-2(113)-944/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə 11 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İlk iddia üzə İddiaçı ASC cavabdeh X3 qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən 9.560,97 manat əsas borcun, 2.078,56 manat faiz borcunun, 1.018,31 manat gecikdirilmiş günlərə görə cərimə borcunun, 20.065,40 manat məbləğində sığorta haqqının, ümumilikdə 32.723,24 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun V.Muradovdan tutularaq, ASC-yə ödənilməsi, tərəflər arasında bağlanmış lizinq müqaviləsinə xitam verilməsi və lizinq obyekti olan 68 baş “simmental” cinsli damazlıq heyvanın sağlam şəkildə cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında lizinq müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən 68 ədəd “simmental” cinsli damazlıq heyvan cavabdehə 37 ay müddətinə lizinqə verilmişdir. Qeyd olunan damazlıq heyvanlar 2020ci il 17 yanvar tarixli lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 306.000 manat təşkil etmişdir. Həmin məbləğin 179.120 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən cavabdeh tərəfindən 76.510 manat məbləğində ilkin ödəniş və 15.300 manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası ödənilmiş, lakin V.Muradov tərəfindən lizinq predmetinin sığorta haqqını təşkil edən və birdəfəlik qaydada ödənilməli olan 34.700,40 manat sığorta haqqından cəmi 14.635 manat ödəniş aparılmış, qalıq 20.065,40 manat ödənilməmişdir. Eyni zamanda, cavabdeh ödənişləri qrafikə əsasən həyata keçirməmişdir. Belə ki, lizinq müqaviləsinin predmetini təşkil edən damazlıq heyvanlar cavabdehə təhvil verildikdən sonra onun tərəfindən ödəniş qrafiki üzrə heç bir ödəniş həyata keçirilməmiş və nəticədə 2020-ci il 9 dekabr tarixə cavabdehin lizinq müqaviləsi üzrə 9.560,97 manat əsas borcu, 2.078,56 manat faiz borcu yaranmışdır. Qeyd olunan müqavilənin 11.3-cü bəndinə görə lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən cavabdehin 2020-ci il 9 dekabr tarixinə qədər 1.018,31 manat cərimə borcu mövcuddur. Daxili lizinq müqaviləsinin 12-ci bəndində lizinqə verilən damazlıq heyvanların sığortalanması tələbi nəzərdə tutulmuşdur. Bu bəndin tələblərinə əsasən 2020-ci il 27 fevral tarixli C-LİV-0025/20 saylı Heyvanların Sığorta Şəhadətnaməsi imzalanmışdır. Sığorta şəhadətnaməsinə əsasən sığorta predmetini təşkil edən damazlıq heyvanların sığorta məbləği 306.000 manat, sığorta haqqı isə 34.700,40 manat müəyyən edilmişdir. Lakin göstərilən sığorta haqqı məbləğinin bir hissəsi, yəni 14.635 manat məbləğində vəsait cavabdeh tərəfindən iddiaçının hesabına ödənilsə də, qalan 20.065,40 manat məbləğində sığorta haqqı cavabdeh tərəfindən ödənilməmişdir. Nəticədə həmin vəsaiti ASC sığortaçı "xxxx" ASC-yə ödəmək məcburiyyətində qalmışdır. Beləliklə, cavabdehin iddiaçı qarşısında əlavə olaraq 20.065,40 manat sığorta haqqı borcu da yaranmışdır. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə 2020-ci il 23 noyabr tarixli PLM-20/0188 nömrəli pretenziya məktubu ilə cavabdehə rəsmi müraciət olunsa da, onun tərəfindən göstərilən məbləğdən heç bir ödəniş aparılmamış, lizinq müqaviləsinin şərtlərinə əsasən ASC-nin mülkiyyətində olan 68 baş “simmental” cinsli damazlıq heyvanlarının geri qaytarılmasından imtina edilmişdir. Beləliklə, V.Muradov ASC qarşısında lizinq müqaviləsinə əsasən 2020-ci il 9 dekabr tarixə qədər 9.560,97 manat əsas borcu, 2.078,56 manat faiz borcu, 1.018,31 manat gecikdirilmiş günlərə görə cərimə borcu, o cümlədən 20.065,40 manat məbləğində sığorta haqqı borcu yaransa da, həmin ödənişləri icra etməkdən yayınır və lizinq predmeti olan damazlıq heyvanları sağlam şəkildə geri qaytarmır. Sonradan iddiaçı ASC tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edəilrək, tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən 17.955.99 AZN manat əsas borcun, 3.847,45 AZN faiz borcunun, 3.169,15 AZN manat gecikdirilmiş günlərə görə cərimə borcunun, 17.065,40 AZN məbləğində sığorta haqqının, ümumilikdə 42.037,99 və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh V.Muradovdan tutularaq ASC-yə ödənilməsi, lizinqi müqaviləsinə xitam verilməsi və lizinq obyekti olan 68 baş “simmental” cinsli damazlıq heyvanın sağlam şəkildə cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh X5 ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, lizinq müqaviləsi üzrə təhvil verilmiş 68 baş damazlıq heyvanın 40 günlük karantin müddətində saxlanması və yenilənməsinə xərclənən 30.000 AZN məbləğində vəsaitin və məhkəməyə müraciətlə bağlı ödənilən 30 manat məbləğində dövlət rüsumunun ASC-dən alınaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən ASC 68 baş “simmental” cinsli damazlıq heyvanı ona lizinqə verməyi öhdəsinə götürmüşdür. Damazlıq heyvanların lizinqə verilməsi ilə əlaqədar ASC-yə müraciət edilən zaman ASC-nin rəhbər vəzifəli şəxsi bildirmişdir ki, xaricdən gətirilib lizinqə veriləcək damazlıq heyvanlar lizinqə götürən sahibkarlara təhvil verilməzdən öncə 40 gün müddətində öz vəsaiti hesabına karantində saxlanılır. Bunun üçün xüsusi yerlər mövcuddur. 40 günlük karantin müddəti bitdikdən sonra isə həmin heyvanlar sahibkarlara təhvil verilir. Bu qayda ASC tərəfindən az sayda damazlıq heyvan lizinqə götürən bütün sahibkarlara şamil edilir. ASC-nin nümayəndəsi də təklif etmişdir ki, ferma təzə olduğuna görə və əvvəllər həmin fermada heyvan saxlanılmadığına görə xaricdən gətirilmiş və lizinqə veriləcək heyvanlar 40 gün müddətində həmin fermada karantində saxlanılsın və həmin müddətdə heyvanların yemlənməsinə sərf olunan vəsait, eyni zamanda, həmin heyvanların saxlanması üçün zəruri olan xərclər ASC tərəfindən əlavə olaraq ödəniləcəkdir. Bununla razılaşmış, lizinq müqaviləsinə əsasən ASC tərəfindən verilən 68 baş damazlıq heyvan təhvil alınmışdır. ASC ilə razılığa əsasən həmin heyvanlar 40 gün müddətində ona məxsus fermada karantində saxlanılmışdır. Karantin müddətində heyvanların saxlanmasına və yemlənməsinə görə 30.000 AZN məbləğdə vəsait xərclənmişdir. Dəfələrlə həmin məbləğin ödənilməsi ilə bağlı ASC-yə müraciət olunsa da, uzun müddət keçməsinə baxmayaraq ASC öz üzərinə götürdüyü öhdəliyi icra etmir və lizinqə verilmiş heyvanların 40 gün müddətində karantində saxlanmasına görə xərclənilən 30.000 AZN məbləğində vəsaiti bu günə kimi ödəməmişdir. Daha sonra ilkin iddia üzrə iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X5 arasında 17 yanvar 2020-ci il tarixli, KTA-DM-20/0001 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X9 Müqaviləsi”nə əsasən 17955.99 AZN (on yeddi min doqquz yüz əlli beş manat, doxsan doqquz qəpik) manat əsas borcun, 3847.45 AZN (üç min səkkiz yüz qırx yeddi manat, qırx beş qəpik) faiz borcunun, 3169.15 AZN (üç min yüz altmış doqquz manat ,on beş qəpik) gecikdirilmiş günlərə görə cərimə borcunun, 17065.40 AZN (on yeddi min altmış beş manat, qırx qəpik) məbləğində sığorta haqqının, ümumilikdə 42037,99 (qırx iki min otuz yeddi manat, doxsan doqquz qəpik) və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh X1 tutularaq İddiaçı ASC-yə ödənilməsi, tərəflər arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli, KTA-DM-20/0001 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X9 Müqaviləsi”nə xitam verilməsi və lizinq obyekti olan 68 baş Simmental cinsli damazlıq heyvanın sağlam şəkildə cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-944/2021 saylı 6 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilərək, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin ləğv edilməsi, lizinq müqaviləsi üzrə 17.955,99 manat manat əsas borc, 3.847,45 manat faiz borcu, 17.065,40 manat məbləğində sığorta haqqı, 1.795 manat gecikdirilmiş günlərə görə cərimə borcu olmaqla, cəmi 40.663,84 manatın V.Muradovdan ASC-nin xeyrinə tutulması, lizinq obyekti olan 68 baş “simmental” cinsli damazlıq heyvanın sağlam şəkildə cavabdehdən alınaraq iddiaçıya qaytarılması, ilk iddianın qalan hissədə rədd edilməsi, həmçinin qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini MM-in 385.1, 386.1, 465.2, 467, 747.1, 747-1.2, 747-1.3, 748- 1.1, 748-1.9, 748-2.1, 748-1.12.4, MPM-in 14.2, 77.1, 80, 119.1, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Həmin qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh X5 tərəfindən apellyasiya şikayəti verilərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-944/2021 saylı 2021-ci il 6 sentyabr tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddianın tam rədd edilərək, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi işə İddiaçı ASC-nin mövqeyindən yanaşaraq mübahisəyə birtərəfli qiymət vermişdir. Belə ki, xx.xx.2021-ci il tarixli vəkil sorğusuna cavab məktubu ilə İddiaçı ASC bildirdi ki, ölkə ərazisinə idxal edilən heyvanlar dövlət sərhəd baytarlıq nəzarətindən keçdikdən sonra 30 gün müddətinə karantində saxlanılması məsələsi qanunvericiliyə uyğun şəkildə təşkil edilir və X3 münasibətdə lizinqi obyekti olan damazlıq heyvanların karantində saxlanılması lizinq alana həvalə edilmişdir. Əgər ölkə ərazisinə idxal edilən heyvanların karantində saxlanması qanunvericiliyə uyğun şəkildə həyata keçirilirsə, nəyə görə lizinqi obyekti olan damazlıq heyvanların karantində saxlanılması X3 həvalə edilmişdi. Göründüyü kimi, məhkəmənin mövqeyi tamamilə əsassızdır. Bakı Kommersiya məhkəməsi əsassız və qeyri-qanuni qətnamə qəbul etmişdir. Heyvanların karantində saxlanılmasına görə sərf edilmiş 30.000 manat lizinqverən tərəfindən ödənilməlidir. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-397/2022 saylı 2022-ci il 6 aprel tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-944/2021 saylı 2021-ci il 6 sentyabr tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 747.1, 748-6.1, 748- 10.1, 748-10.4, 748-1.11, 748-1.12.4, MPM-in 14.2, 77.1, “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 19.0.8, 19.0.12, 19.0.13-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 yanvar tarixli, 19 saylı qərarı ilə təsdiq olunmuş “Heyvanların saxlanılması, yetişdirilməsi və istifadə olunması” Qaydalarının 2.9-cu bəndi ilə əsaslandırmışdır. İlk iddia üzrə cavabdeh X5 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)- 500/2022 saylı 06 sentyabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)- 397/2022 saylı 2022-ci il 6 aprel tarixli qətnaməsinin qismən – qarşılıqlı iddia tələbinin rədd edildiyi hissədə ləğv edilərək işin həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bununla bağlı hazırki işə apellyasiya qaydasında yenidən baxılması sonuncu dəfə xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış ilk iddia üzrə cavabdeh X5 məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İşdə iştirak edən şəxs hazırki işə ilk iddia üzrə cavabdehin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə hazırki işə ilk iddia üzrə cavabdeh X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı ilk iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş ilk iddia üzrə cavabdeh X2 vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – qarşılıqlı iddianın rədd edildiyi hisədə ləğv edilərək həmin hissədə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki işdə birinci instansiya məhkəməsinin qətnaməsi ilə qarşılıqlı iddianın rədd edilməsi, apellyasiya instansiyası məhkəməsi tərəfidnən də qətnamənin həmin hissədə dəyişdirilmədən saxlanılması qət edilsə də, kassasiya instansiyası məhkəməsinin mövqeyi fərqli olmuş, qətnamə həmin hissədə ləğv edilmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı qarşılıqlı iddianın rədd ediliyi hissədə yoxlanılır. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2- 2(102)-500/2022 saylı 06 sentyabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, tərəflər arasında bağlanmış 2019-cu il 6 dekabr tarixli lizinq müqaviləsinin 3.1-ci bəndində müqavilənin avans məbləği tam ödənildiyi gün qüvvəyə minməsi və əsas müqavilə bağlanandan sonra qüvvədən düşməsi müəyyən olunmuşdur. Belə olduqda, 2020-ci il 17 yanvar tarixdə əsas müqavilə bağlandıqdan sonra ilkin müqavilə qüvvədən düşməli olduğu halda, tərəflər arasında təhvil-təslim aktının hansı səbəbdən ilkin müqavilə ilə əlaqədar olaraq bağlanması, habelə ilkin müqavilədə 69 baş, əsas müqavilədə 68 baş və təhvil-təslim aktında da 69 baş damazlq heyvanların öz əksini tapması ziddiyyətli olmaqla iş üzrə tam, hərtərəfli və obyektiv nəticəyə gəlinməsi üçün aydınlaşdırılması məqsədə müvafiq olan hallardır. Qarşılıqlı iddia tələbinin əsaslı olub-olmaması ilə bağlı ədalətli və qanuni nəticəyə gəlinməsi üçün müqavilənin obyektini təşkil edən damazlıq heyvanların xarici ölkədən hansı tarixdə ölkə ərazisinə daxil olması, daxil olduğu tarixdən və yaxud tərəflər arasında ilkin müqavilə ilə təhvil-təslim aktının bağlandığı tarixlər arasında harada və hansı şəraitdə saxlanılması və bununla bağlı hansı xərclərin çəkilməsinin MPM-in 14.2, 77.1 və 77.3-cü maddələrinə uyğun olaraq aydınlaşdırılması da məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İş materiallarında olan İddiaçı ASC ilə X5 arasında 2020-ci il 17 yanvar tarixli KTA-DM-20/0001 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X9 Müqaviləsi”nə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş damazlıq heyvanları söz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Həmin müqavilənin 7.1.4-cü bəndinə əsasən lizinq “verən”in “lizinq alan”dan damazlıq heyvanların yerləşdiyi tövlənin (tikilinin) ən azı lizinq müddətinə bütün zərərdən sığortalanmasını tələb etmək, 7.1.5-ci bəndə əsasən, lizinq alan müqavilə şərtlərinə əməl etmədikdə ona lizinqə verilmiş damazlıq heyvanları balaları ilə birlikdə geri almaq, ödəniş qrafiki üzrə ödənilməli olan məbləği və damazlıq heyvanlara dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Həmin müqavilənin 8.2.1-ci bəndə əsasən “lizinq alan”ın lizinq obyektinin faktiki vəziyyətindən asılı olmayaraq, “lizinq verən” tərəfindən hesab təqdim edilmədən lizinq ödənişlərini qrafik ilə müəyyən edilmiş vaxtda və həcmdə həyata keçirmək, 8.2.2-ci bəndə əsasən lizinq alan lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində lizinq obyektinin saxlanması ilə bağlı göstərişlərdə nəzərdə tutulan bütün öhdəliklər üzrə, habelə lizinq obyektinin sağlam vəziyyətdə saxlanılması, ona baytarlıq və zootexniki xidmətlərinin keçirilməsi ilə bağlı bütün xərcləri ödəmə vəzifəsi vardır. Həmin müqavilənin 11.3-cü bəndə əsasən lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i (sıfır tam onda bir faizi) miqdarında cərimə hesablamaq hüququna malikdir. 11.4-cü bəndə əsasən Lizinq verənin mükafat məbləği lizinq obyektinin qalıq dəyərinə illik 7% nəzərdə tutulmaqla hesablanır. Həmin mükafat məbləği Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ödənilir. Həmin müqavilənin 12.1-ci bəndə əsasən Lizinq obyekti 3 il müddətinə Lizinq verən tərəfindən sığortalanır və lizinq obyektinin sığortalanması üçün Lizinq verən tərəfindən çəkilmiş bütün xərclər və sığorta haqqı Lizinq alan tərəfindən Lizinq verənə ödənilir. Lizinq müqaviləsinə əlavə №1-in təsdiqlənmiş surətindən məlum olur ki, 50.370 manat məbləğində kredit 36 ay müddətinə aylıq ödəniş, illik faiz 7% olmaqla, ASC tərəfindən V.Muradova verilmiş, qeyd olunan razılaşma hər iki tərəfin imzası ilə təsdiqlənmişdir. Lizinqi Müqaviləsi barədə 2019-cu il 6 dekabr tarixli KTA-DM-19/0004-İ saylı ilkin lizinq müqaviləsinə (bundan sonra – “İlkin müqavilə”) əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş damazlıq heyvanları öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu İlkin müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. 1.6-cı bəndə əsasən lizinq alan lizinq obyektinin dəyərindən 77.625 manat məbləğində vəsaiti avans olaraq əvvəlcədən ödəməyi öz öhdəsinə götürür. Lizinq alan lizinq müqaviləsinin bağlanmasından imtina etdiyi təqdirdə, əvvəlcədən ödənilmiş avans məbləği lizinq verən tərəfindən geri qaytarılmır. Həmin müqavilənin 1.7-ci bəndə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi lizinq predmetinə subsidiya məbləğinin verilməsindən imtina etdiyi təqdirdə, lizinq alan lizinq predmetinin tam dəyərini, hesablanmış faizlərlə birlikdə lizinq verənə ödəniş qrafiki üzrə ödəməyi öhdəsinə götürür. 4.2- ci bəndə əsasən lizinq alan lizinq müqaviləsi üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i miqdarında cərimə hesablamaq hüququna malikdir. İlkin müqaviləyə Əlavə №1-dən məlum olur ki, “simmental cinsli”, 69 baş iribuynuzlu damazlıq heyvanın V.Muradova lizinqə verilməsi barədə tərəflər razılığa gəlmişdir. İlkin müqaviləyə Əlavə №2 olan ödəniş cədvəlindən məlum olur ki, 46.575 manat məbləğində kreditin, 36 ay müddətinə, illik 7%, 1.438 manat aylıq ödəniş olmaqla, V.Muradova verilməsi barədə tərəflər razılığa gəlmişlər. İlkin müqavilənin KTA-DM-19/0004-İ-T-02 saylı lizinq obyektinin təhvil-təslim aktının təsdiqlənmiş surətindən məlum olur ki, müxtəlif birka nömrəli, 69 baş “simmental” cins iribuynuzlu damazlıq heyvanlar, V.Muradova təhvil verilmişdir. "xxxx" ASC ilə ASC arasında imzalanmış C-LİV-0025/20 nömrəli heyvanların sığortası şəhadətnaməsinin təsdiqlənmiş surətindən məlum olur ki, yuxarıda qeyd olunan 69 baş iri buynuzlu damazlıq heyvanlar, faydalanan şəxslər 60% Aqrar Kredit və İnkişaf Agentliyi, 25% V.Muradov və 15% ASC, sığorta məbləği 306.000 manat, sığorta haqqı 34.700,40 manat, sığortalı ASC olmaqla 2020-ci il 17 yanvar tarixi saat 00:00-dan 2023-cü il 16 yanvar tarixi saat 23:59-dək sığortalanmışdır. Ödəniş tapşırığından məlum olur ki, ASC tərəfindən C-LİV-0025/20 saylı sığorta şəhadətnaməsi əsasında 34.700,40 manat “Pasha İnsurance OJSC”nin bank hesabına köçürülmüşdür. 2020-ci il 23 noyabr tarixli pretenziya məktubunda V.Muradovun həmin tarixə ASC qarşısında borcunun 32.263,94 manat məbləğində olması qeyd olunmuş, 3 iş günü ərzində pozulmuş şərtlər təmin edilməyəcəyi halda qanunvericilikdə nəzərdə tutulan hərəkətlərin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. 2020-ci il 22 dekabr tarixli maliyyə arayışında qeyd olunur ki, V.Muradovun ASC qarşısında lizinq müqaviləsinə əsasən 2020-ci il 9 dekabr tarixə qədər 9.560,97 manat əsas borc, 2.078,56 manat faiz borcu. 1.018,31 manat gecikdirilmiş günlərə görə cərimə borcu, o cümlədən 20.065,40 manat məbləğində sığorta haqqı, ümumilikdə 32.723,24 manat öhdəliyi vardır. 2021-ci il 23 iyun tarixli maliyyə arayışında V.Muradovun ASC qarşısında Lizinq müqaviləsinə əsasən 2021-ci il 23 iyun tarixə qədər 17.955,99 manat əsas borc, 3.847,45 manat faiz borcu, 3.169,15 manat gecikdirilmiş günlərə görə cərimə borcu, o cümlədən 17.065,40 manat məbləğində sığorta haqqı, ümumilikdə 42.037,99 manat öhdəliyi olması qeyd olunmuşdur. V.Muradova məxsus 2019-cu il 23 iyun - 2021-ci il 23 iyun tarixlərini əhatə edən hesabdan çıxarışdan məlum olur ki, V.Muradov qeyd olunan dövrlərdə 290.130 manat öhdəliyi tam olaraq icra etmişdir. Qeyd olunan tarix aralığını əhatə edən V.Muradova məxsus ***-*******-29 saylı hesabdan çıxarışa əsasən lizinq əməliyyatları üzrə vaxtı keçmiş əsas borclar üzrə 17.955,99 manat, ***-*******-30 saylı hesabdan çıxarışa əsasən lizinq əməliyyatları üzrə vaxtı keçmiş faiz borclar üzrə cəmi 3.847,45 manat, ***- *******-32 saylı hesabdan çıxarışa əsasən lizinq əməliyyatları üzrə vaxtı keçmiş faiz borclar üzrə 3.169,15 manat, ***-*******-20 saylı hesabdan çıxarışa əsasən sığorta haqqı üzrə əlavə öhdəlik üzrə 17.065,40 manat qalıq borc qeyd olunmuşdur. X13 Firması tərəfindən ASC-yə ünvanlanan 2021-ci il 25 iyun tarixli 34/21/AE saylı xəbərdarlıq məktubunda, 68 baş damazlıq heyvanın 40 gün müddətində V.Muradova məxsus fermada karantində saxlanılmsı və yemlənməsinə görə 30.000 manat məbləğdə vəsait xərclənməsi qeyd olunmuş, həmin məbləğin V.Muradova ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. ASC-yə ünvanlanan 2021-ci il 25 iyun tarixli vəkil sorğusunda ASC tərəfindən V.Muradova lizinqə verilmiş heyvanların ölkə ərazisinə idxalına dair gömrük bəyannamələrinin müvafiq qaydada təsdiqlənmiş surətləri, lizinqə veriləcək heyvanlar ölkə ərazisinə idxal olunandan sonra karantində saxlanılması, əgər saxlanılırsa, harada saxlanılması, lizinqə veriləcək heyvanlar neçə gün karantində saxlanılması, lizinqə veriləcək heyvanların karantində saxlanma xərcinin nə qədər olması və həmin xərcin kimin tərəfindən ödənilməsi barədə məlumat tələb olunmuşdur. Qeyd olunan sorğuya cavabda ASC tərəfindən verilən 2021-ci il 12 iyul tarixli PLM-21/0239 saylı cavabda ölkə ərazisinə idxal edilən heyvanların dövlət sərhəd baytarlıq nəzarətindən keçdikdən sonra 30 gün müddətinə karantində saxlanılması məsələsinin qanunvericiliyə uyğun şəkildə təşkil edilməsi, V.Muradova münasibətdə lizinq obyekti olan damazlıq heyvanların karantində saxlanılması lizinq alana həvalə edilməsi, tərəflər arasında bağlanmış lizinqi müqaviləsinə əsasən V.Muradov lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində heyvanlara baytarlıq və zootexniki xidmətlərinin keçirilməsi ilə əlaqədar bütün xərcləri öz üzərinə götürməsi qeyd olunmuş, V.Muradova lizinqə verilmiş heyvanların ölkə ərazisinə idxalına dair gömrük bəyannamələrinin surətləri əlavə olunmuşdur. Hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün məhkəmə tərəfindən şirkətin fəaliyyəti dövründə lizinqə veriləcək heyvanların ölkə ərazisinə idxal olunandan sonra karantində saxlanılıb-saxlanılmaması, əgər saxlanılırsa harada saxlanılması, heyvanların neçə gün karantində saxlanılması, onların karantin xərcinin kim tərəfindən (lizinqə verən, yoxsa lizinq alan) ödənilməsi, həmçinin, lizinqə veriləcək heyvanların karantində saxlama müddətinin müqavilə üzrə lizinq müddətinə daxil edilibedilməməsi barədə ətraflı məlumatın verilməsi ilə bağlı İddiaçı ASC-yə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq təqdim edilmiş İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ASC fəaliyyət dövründə lizinqə veriləcək ölkə ərazisinə idxal edilən heyvanlar dövlət sərhəd baytarlıq nəzarətindən keçdikdən sonra 30 gün müddətinə karantində saxlanılması qanunvericiliyə uyğun şəkildə təşkil edilir. Qarşılıqlı iddia ərizəsindən də görünür ki, heyvanlar Vüqar Muradova məxsus təsərrüfatda karantində saxlanılmışdır. Onların karantində saxlanılma dövrü lizinq müddətinə aid edildiyindən iddia tələbi əsassız hesab edilir. Tərəflər arasında bağlanmış müqavilənin 8.2.2-ci bəndinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində lizinq alan lizinq obyektinin saxlanması ilə bağlı göstərişlərdə nəzərdə tutulan bütün öhdəliklər üzrə, habelə lizinq obyektinin sağlam vəziyyətdə saxlanılması, ona baytarlıq və zootexniki xidmətlərinin keçirilməsi ilə bağlı bütün xərcləri ödəməlidir. Həmçinin heyvanların karantində saxlanılma dövrü üçün xərclərin məhz idxalçı tərəfindən ödənilməsi barədə imperativ norma yoxdur. Məhkəmə tərəfindən nəzərə alınmalıdır ki, cins mal-qara Lizinq alanın sifarişi əsasında lizinqə verilmək məqsədilə Lizinq verən tərəfindən idxal edilmişdir. Cins mal-qaranın saxlanılması üçün Vüqar Məmmədovun təsərrüfatına Ağdam X11 Mərkəzinin əməkdaşları tərəfindən baxış keçirilmiş və heyvanların saxlanacağı ərazı qənaətbəxş hesab edilmişdir. Baytarlıq-sanitariya vəziyyəti barədə Ağdam rayon Komissiyası tərəfindən rəy verilmişdir. Rəydən aydın olur ki, Vüqar Məmmədovun sorğusu əsasında onun təsərrüfatına baxış keçirilmiş və ərazidəki zoogigiyenik şərait damazlıq heyvanların saxlanılması üçün tələb olunan normalara uyğun olmuşdur. Məktuba əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyinin Ağdam X11 Mərkəzinin 393 saylı xx.xx.2019-cu il tarixli məktubunun məzmunundan görünür ki, Vüqar Muradovun ərizəsinə əsasən cins mal-qara saxlamaq üçün mövcud şəraitə baxış keçirilmiş, müəyyən edilmişdir ki, şəxs tərəfindən uzun illərdir heyvandarlıqla məşğul olur, öz şəxsi təsərrüfatında damazlıq cins mal-qaranın inkişaf etdirilməsi, yüksək məhsuldar cins heyvanların alınması üçün müasir şəraitə uyğun yeni inşa edilmiş uzunluğu 100 metr, eni 30 metr olan bina tikdirmiş, bina suvarma sistemi ilə təmin olunmuşdur. Heyvanların saxlanması, yemləndirilməsi və suvarılması üçün hər cur şərait yaradılmışdır. Həmçinin məktuba əlavə edilmiş rəydən görünür ki, istehlakçının malik olduğu zoogigiyenik şərait damazlıq heyvan saxlanılması üçün tələb olunan normalara uyğundur. Beləliklə, qarşılıqlı iddia üzrə iddiaçı iddia edir ki, lizinq müqaviləsi bağlandıqdan sonra ona təhvil verilmiş heyvanlar 40 gün karantində saxlanıldığı dövrdə heyvanların saxlanılması üçün xərclər lizinq verən tərəfindən çəkilməli olduğu halda, onun tərəfindən çəkildiyindən heyvanların saxlanılması üçün 30.000 manat məbləğində sərf edilmiş vəsaitin əvəzi ASC-dən onun xeyrinə tutulmalıdır. Heyvanların lizinq alana 2020-ci il 17 yanvar tarixdə (lizinq müqaviləsi bağlandığı gün) təhvil verildikdən sonra 40 gün karantində saxlanıldığı işin mübahisəsiz halıdır. Lakin lizinq alan tərəfindən karantin dövründə heyvanların saxlanılmasına 30.000 manat xərc çəkilməsi barədə məhkəmə instansiyalarına hər hansı sübut təqdim edilməmişdir. Qanunvericilikdə ölkə ərazisinə xaricdən gətirilən heyvanların karantində saxlanılmalı olduğu müəyyən edilmiş heyvandarlıqla məşğul olan fiziki və hüquqi şəxslərin vəzifələrinə aid edilmişdir. Qanunda bu vəzifənin məhz mülkiyyətçiyə aid olduğunun qeyd edilməməsi belə qənaətə gəlməyə əsas verir ki, heyvanların karantin dövründə müqavilə tərəflərindən kimin vəsaiti hesabına saxlanılacağı qarşılıqlı razılıqla müəyyən olunmalıdır. Tərəflər arasında lizinq müqaviləsi bağlanarkən lizinqə verilmiş heyvanların lizinqalana məxsus ərazidə və onun vəsaiti hesabına karantində saxlanılması razılaşdırılmış, lizinq verən şifahi olaraq həmin xərclərin ödəniləcəyini öhdəsinə götürdüyünü qeyd etsə də, ASC-nin nümayəndəsi belə bir razılaşma olduğunu qəbul etmədiyindən bu halı sübut etmək vəzifəsi qarşılıqlı iddia üzrə iddiaçının üzərinə düşdüyü halda bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Beləliklə, qarşılıqlı iddianın əsaslı olduğu sübut edilmədiyindən düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən rədd olunmuşdur. Həmçinin, lizinqalan lizinqə verilmiş heyvanlara karantin müddətində çəkilmiş xərcləri o halda lizinqverəndən tələb edə bilərdi ki, heyvanlar lizinq müqaviləsi qüvvəyə minənədək ona təhvil verilmiş olsun. Lizinq müqaviləsi qüvvəyə mindikdən sonra lizinqə götürülmüş heyvanların saxlanılması ilə bağlı xərclər müqavilənin 8.2.2-ci bəndinə əsasən lizinqalana aid oduğundan (heyvanların karantində olub-olmamasından asılı olmayaraq) bu xərclərin lizinqverəndən tələb edilməsi əsassızdır. Azərbaycan Republikası Mülki Məcəllənin 748-6.1.-ci maddəsinə əsasən lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əmlakı lizinq verənə verdiyi andan lizinq müqaviləsinin müddəti başa çatanadək lizinq obyektini itirilmə (məhv olma), çatışmazlıq və ya zədələnmə risklərindən sığortalamalıdır. Həmin Məcəllənin 748-10.1.-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.4.-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Həmin Məcəllənin 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.11.1-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. Həmin Məcəllənin 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır. Hazırki işdə tərəflər arasında lizinq müqaviləsi bağlanarkən lizinqə verilmiş heyvanların lizinqalana məxsus ərazidə və onun vəsaiti hesabına karantində saxlanılması razılaşdırılsa da, qarşılıqlı iddia üzrə iddiaçı həmin saxlanma ilə bağlı bütün xərclərin lizinq verən tərəfindən ödəniləcəyinin öhdəsinə götürüldüyünü iddia edir, lakin bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 19.0.8-ci maddəsinə əsasən ərazini xaricdən keçə biləcək xəstəliklərdən qorumaq məqsədilə başqa ölkələrdən gətirilən heyvanların sağlamlığını müəyyənləşdirmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə onları təcrid olunmuş halda saxlamaq; 19.0.12ci maddəyə əsasən baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə, ətin və digər məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına və istifadəsinə yol verməmək; 19.0.13-cü maddəyə əsasən heyvanların, heyvan mənşəli məhsulların və xammalın ticarəti ilə yalnız onların sağlamlığını və baytarlıq normativlərinin tələblərinə uyğunluğunu təsdiq edən baytarlıq sənədləri olduqda məşğul olmaq heyvan yetişdirilməsi, heyvan mənşəli məhsulların və xammalın istehsalı, emalı, saxlanması, daşınması və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq (baytarlıq-sanitariya) tələbləri üzrə vəzifələrinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 19 saylı qərarı ilə təsdiq olunmuş “Heyvanların saxlanılması, yetişdirilməsi və istifadə olunması” Qaydalarının 2.9-cu bəndinə əsasən heyvanların yoluxucu xəstəliklərdən mühafizəsini təmin etməkməqsədilə yeni qəbuledilən heyvanlar iri heyvandarlıq təsərrüfatlarındatəcrid edilmiş halda karantində, vətəndaşlara məxsus olan kiçik təsərrüfatlarda isə ayrı bir yerdə 1 ay müddətində saxlanmaqla, epizootiki vəziyyətləri laboratoriya müayinələri ilə aydınlaşdırıldıqdan sonra ümumi heyvanlar qrupuna daxil edilməlidir. Göründüyü kimi, qanunvericilikdə ölkə ərazisinə xaricdən gətirilən heyvanların karantində saxlanılmalı olduğu müəyyən edilmiş heyvandarlıqla məşğul olan fiziki və hüquqi şəxslərin vəzifələrinə aid edilmişdir. Qanunda bu vəzifənin məhz mülkiyyətçiyə aid olduğunun qeyd edilməməsi belə qənaətə gəlməyə əsas verir ki, heyvanların karantin dövründə müqavilə tərəflərindən kimin vəsaiti hesabına saxlanılacağı qarşılıqlı razılıqla müəyyən olunmalıdır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, qarşılıqlı iddianın əsaslı olduğu sübut edilmədiyindən rədd olunmalıdır. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qarşılıqlı iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə düzgün olmuş, buna görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-944/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı və ilk iddia üzrə cavabdeh X5 tərəfindən ödənilmiş 15 (on beş) manat dövlət rüsumu ona aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-944/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən- qarşılıqlı iddianın rədd edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. İlk iddia üzrə cavabdeh X5 tərəfindən ödənilmiş 15 (on beş) manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-2(103)-68/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-68/2023
11.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver